Məhkəmə qərarları › İş №1(106)-38/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-38/2024

09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-38/2024 09.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər: Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı4, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 126.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 1(099)-518/2023 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 1(099)-518/2023 nömrəli hökmü (hakimlər- X6 (sədrlik edən), X7 və X3 ibarət tərkibdə) ilə xx xxx 1984-cü il tarixdə Cəlilabad rayonu, Ağdaş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, əvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Ağdaş kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 06 (alt) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi, və onun məhkəmə iclas zalında həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 17 fevral 2023-cü il tarixdən hesablanması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, 16 fevral 2023-cü il tarixdə, saat 12 radələrində Cəlilabad rayonu, Ağdaş kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətində qaynı Zərərçəkmiş şəxs ilə sonuncunun atası Şahid1 onun ünvanına nalayiq ifadələr işlətməsi ilə bağlı şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı təsərrüfat işlərini görmək məqsədi ilə üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını çıxarıb Zərərçəkmiş şəxs yaxın qohumları yəni, atası Şahid1, anası Şahid2 və bacısı Şahid3 onun bu hərəkətlərindən psixoloji sarsıntı keçirərək mənəvi əzab çəkmələrinə məhəl qoymayaraq xüsusi amansızlıqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən bir dəfə vuraraq sonuncuya qarının ön divarında qarın boşluğuna keçən və qara ciyəri zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 1(099)-518/2023 nömrəli hökmünün ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instnasiya məhkəməsi iş üzrə hərtərəfli araşdırma aparmamış, iş üzrə bütün şahidlər dindirilməməmiş, barəsində qanunsuz hökm çıxarmışdır. Odur ki, apellyasiya şikayəti üzrə məhkəmə istintaqı aparılmaqla və bütün şahidlər dindirilməklə yekun qərar qəbul edilməlidir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı X4 bildirdi ki, apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının məhkum olunmuş şəxsə verilmiş ittihamın düzgün olmaması barədə dəlilləri əsassızdır. Hesab edir ki, məhkum olunmuş şəxsin əməli Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Birinci instansiya məhkəməsi məhkum olunmuş şəxsə cəza təyin edərkən onların şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyini, təyin olunmuş cəzanın onun ailə vəziyyətinə təsirini, habelə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən xüsusui amansızlıqla ağır zərər vurmalarını kifayət qədər nəzərə alaraq qanuni və ədalətli cəza təyin etmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin hökmünün apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasından videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmə iclasına qoşulan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərini müdafiə edib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 1(099)-518/2023 nömrəli hökmünün dəyişdirilməsini, hadisə zamanı Zərərçəkmiş şəxs əlində balta ilə Təqsirləndirilən şəxs üzərinə hücum etməsi, Təqsirləndirilən şəxs isə həmin zaman özündə olan bıçağı nümayiş etdirərək Zərərçəkmiş şəxs qorxutmaq istəməsi, bu vaxt bıçağın təsadüfən zərərçəkmiş şəxsə dəyməsini, o cümlədən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ağır xəsarət yetirmək niyyətinin olmamasını nəzərə alıb Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsindən həmin Məcəllənin 130 və ya 131ci maddəsinə tövsif edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmə iclasına qoşulan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və müdafiəçinin çıxışı nəzəra alnmaqla barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərində barəsində ədalətli hökmünün çıxarılması, Müdafiəçi isə məhkəmə baxışında məhkum edilmiş şəxsin hadisə zamanı ehtiyatsızlıqdan və ya zəruri müdafiə həddini aşmaqla zərərçəkmiş şəxsə xəsarət yetirdiyi, bu səbəbdən Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 130 və ya 131-ci maddələrinə tövsif edilməsinə dair məsələlər mübahisələndirildiyindən ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsifinə, əməlinin tövsif edilməsi üçün əsasların olub-olmamasına, daha sonra isə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, maddi sübut və ekspert rəyləri ilə yanaşı iş üzrə toplanmış təkzibedilməz sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməllərinə aidiyyatı və təqsirli olmasının tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını apellyasiya şikayətlərinin dəlilləri ilə müqayisəli şəkildə araşdırıb, məhkum olunmuş şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələrini, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 1(099)-518/2023 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası müdafiəçinin məhkəmə baxışı iclasında mübahislənidiriyi və yuxarıda qeyd edilən dəlilləri əsasında Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 130 və ya 131-ci maddələrinə tövsif edilməsinə dair tələblərə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, apellyasiya instansiya məhkməsində aparılan məhkəmə istintaqı zamanı dindirilmiş məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində bildiridi ki, həyat yoldaşı Şahid3 dayısı Mehmanın qızıdır. Arzu ilə rəsmi qaydada ayrılmasalar da, faktiki olaraq ayrı yaşamışlar. 2023-cü ilin fevral ayının 15-də axşam vaxtı Arzu ona zəng edərək sabah onlara, əşyalarını götürməyə gələcəyini bildirmiş, o isə etiraz edərək gəlməməsini dedimişdir. Buna baxmayaraq səhəri gün Arzu onun yaşadığı evə gəlmiş və qayıtmayacağını, atası Mehmanın onun qayıtmasına pis baxdığını demişdir. Buna görə də o, uşaqların paltarlarını gətirməsi üçün qayınanasına zəng etmiş, həmin vaxt telefonu qayınatası Mehman açaraq onu təhqir etmiş və gəlib öldürəcəyi ilə hədələmişdir. Bundan sonra o, sahə rəisinə və 102 xidmətinə zəng edərək qayınatası Mehmanın onu öldürməklə hədələməsi və onlara gəlməsi barədə məlumat vermiş, lakin ona bildirmişlər ki, həyat yoldaşından boşanması ilə bağlı iş məhkəmədə araşdırılır, məhkəməyə müraciət etmək lazımdır. Həmin vaxt o, qonşuda digər bir usta ilə bərabər tikinti işlərini görmüşlər. Dayısı Mehmanın onlara gəlib anası ilə yenə mübahisə edəcəyini düşünüb yenidən sahə müvəkkilinə zəng vurmuş, lakin sonuncu telefona cavab verməmişdir. Bundan bir az sonra qayınatası Mehman, qayınanası Kiçikxanım və qaynı Nizaminin onların həyətinə gəldiyini görmüşdür. O, yaşadığı həyətə keçməmiş, təxminən on dəqiqə gözləmiş, lakin onların getmədiyini, Mehmanın anası ilə mübahisə edib həyətlərində səs-küy saldığını görüb qonşunun həyətindən öz həyətlərinə keçmişdir. Həyətə daxil olan zaman Mehman əlində almaturla üstünə gəlmiş, lakin həyətdə olan şəxslər Mehmanı tutub saxlamılar. Həyətlərində olan zaman qaynı Nizami ilə danışmış və belə razılaşmışlar ki, o, Mehmanın hərəkətlərinə fikir verməsin, ona cavab qaytarmasın, Nizami isə atası Mehmanı sakitləşdirib aparsın. Nizami ilə razılaşdıqdan sonra Mehman onun vəfat etmiş atasının ünvanına nalayiq söyüşlər söydüyünə görə o, cibində olan bıçağı çıxarıb Mehmanı qorxutmaq məqsədi ilə nümayiş etdirmiş və Mehmanın söyüşlərinə eynilə cavab qaytarmışdır. Həmin vaxt Nizami əlinə balta götürüb onun üstünə gəlmiş, lakin əmisi oğlu və qonşusu Nizami tutmuşlar. O, həyətdən çıxmaq istəyərkən birdən Nizami böyür tərəfdən onu tutmuş, o, əlində olan bıçağı fırlatmış və bu vaxt Nizami yerə yıxılmışdır. Nizami yerə yıxılandan sonra bilmişdir ki, bıçaq Nizaminin qarın nahiyəsinə dəyib. Əslində isə onun Nizamini bıçaqla vurmaq və ona xəsarət yetirmək niyyəti olmamışdır. Həmin vaxt Nizaminin anası, atası və bacısı orda olmuş, nə baş verdiyini görmüşlər. Daha sonra əmisi oğlu Nizamini xəstəxanaya aparmış, o isə 102 xidmətinə zəng vurub məlumat vermişdir. Bundan sonra polis əməkdaşlar gəlib onu bölməyə aparmışlar. Hadisə özünü müdafiə etdiyindən, ehtiyyatsızlıqdan törədilmişdir, əməlindən peşmandır. Məhkəmə kollegiyasının iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Şahid4 məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ifadəsinə uyğun ifadə verərək bildirdi ki, hadisə zamanı Mehman onların həyətinə gəlib armaturla onun qarın nahiyəsinə vurmuş və səs-küy salaraq Samirin gəlməsini tələb etmişdir. Hadisə zamanı digər oğlunun həyat yoldaşı da orada olmuşdur. Mehmangil həyətlərinə gələn vaxt oğlu Samir qonşuda təmir işləri ilə məşğul olmuşdur. Samir onun və Mehmanın səsini eşidib həyətə gəlmiş və həyətə daxil olan zaman Mehman armaturla Samirin üstünə hücum etmiş, Samir isə əlində olan bıçağı yelləyərək ona yaxın gəlməmələrini tələb etmişdir. Qonşuları və qohumları həyətdə olduqlarından Mehmanı tutub saxlamışlar. Bu zaman Mehmanın oğlu Nizami əlində olan balta ilə Samirin üstünə hücum edəndə Samirin əlindəki bıçaq təsadüfən Nizaminin qarnına dəymişdir. Şahid4 verilən suallara cavab olaraq bildirmişdir ki, Mehmangil həyətə daxil olanda əllərində heç nə olmamışdır. Nizami əlində olan baltanı onların həyətindən götürmüş, Mehman isə armaturu gödəkçəsinin altından çıxarmışdır. Həyətdə olan qonşular Nizaminin balta ilə Samirə nəsə etməsinə imkan verməmişlər. Samir bıçağı özünü müdafiə etmək üçün sağa-sola yelləyirdi. Hadisə zamanı qonşulardan Əfsus, Saməddin, Zahid, gəlini Mədinə və yadında qalmayan digər şəxslər həyətlərinə gəlməklə Nizami və Mehmanın hərəkətlərinin şahidi olmuşlar. Mehman Samiri söydüyü üçün Samir də ona cavab qaytarmış, bu səbəbdən də Nizami balta ilə Samirə hücum etmişdir. Məhkəmə kollegiyasının iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Samir bacısı Arzunun həyat yoldaşı olmaqla yanaşı həm də bibisi oğludur. Samirlə Arzunun arasında narazılıq olduğundan, bacısı Arzu uşaqlarını da götürüb onlara gəlmişdir. Buna baxmayaraq Samirlə aralarında düşmənçilik olmamış, hətta münasibətləri çox yaxşı olmuşdur. Hadisə günü X11n onları çağırdığını və ora getmək lazım olduğunu dediyindən, o da Samirgilin həyətinə atası və anası ilə birlikdə getmişdir. Həyətə girəndə orada kənar şəxs olmamış, yalnız Samirin anası olmuşdur. X11 axtardığından səs-küy salmış, buna görə də qonşular həmin həyətə yığışmışlar. Qonşular həyətə gəldikdən sonra Samir də gəlmişdir. O, Samirlə razılaşmışdır ki, atasını sakitləşdirəcək, o isə həyətdən çıxıb getsin. Atası biraz əsəbi adamdır, Samirə qarşı nalayiq ifadələr işlətmiş, Samir də ona cavab qaytarmışdır. Həmin vaxt o, Samirə yaxınlaşarkən Samir onu bıçaqla vurub xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, onun hadisə yerinə getməkdə məqsədi barışıq və ailənin dağılmasının qarşısını almaq olmuşdur. Atası əsəbi olduğu üçün həyətə qışqıra-qışqıra girmiş və Samirin harda olduğunu onu Samirin çağırdığını qışqıraraq söyləmişdir. Samir onlardan 10-15 dəqiqə sonra həyətlərinə gəlmişdir. Hadisə zamanı atasının əlində hansısa əşyanın, o cümlədən armatur olmasını görməmiş, özünün əlində isə heç bir şey olmamışdır. Samirlə aralarında olan əvvəlki münasibətlərinə görə inanmır ki, Samir onu bilərəkdən bıçaqla vursun. Lakin hadisə günü baş verən vəziyyətə görə Samirin onu bilərəkdən qəsdən vurub-vurmaması barədə bir söz deyə bilmir. Samirlə atası söyüşlərə keçirdilər və artıq bir birinin ünvanına nalayiq söyüşlər işlədirdilər. Samirə yaxınlaşmaqda məqsədi, aralarında olan razılaşmanı xatırlatmaq, söyüşlərini dayandırmaq və həyətdən çıxıb oradan uzaqlaşmasını demək olmuşdur. Samirin bıçağı çıxarmasını görməmiş sadəcə 1 metr qalmış Samirin əlində bıçaq olduğunu görmüşdür. Hadisə baş verən vaxtı onun əlində balta olmamış, eləcə də Samirin üzərinə hücum etməmişdir. Hazırda Samirlə barışmışlar ona qarşı qərəzi, şikayəti yoxdur. Məhkəmə kollegiyasının iclasında dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun qaynıdır. Samirlə həyat yoldaşı Arzunun arasında narazılıq olduğuna görə Arzu uşaqlarını da götürüb ata evinə getmişdir. Hadisə günü gəlinləri Arzu onlara gəldiyi üçün narazılıq olmuş, sonradan Arzunun atası Mehman, qardaşı Nizami və anası Kiçikxanım da birlikdə onların həyətinə gəlmişlər. Mehman həyətdə olan zaman səs-küy salıb Samirin gəlməsini tələb etmişdir. Bundan sonra qarışıqlıq yaranmış küçədən qonum-qonşular da səsküyə həyətə gəlmişlər. Qonşular həyətə gələndən sonra Samir də gəlmiş və həmin vax Mehman Samirin ünvanına nalayiq sözlər işlətmiş və əlində olan armaturla Samiri hədələmiş, lakin qonşular Mehmanı tutub saxlamışlar. O, Nizaminin Samir tərəfə getməsini görsə də həmin vaxt Nizaminin əlində balta olduğunu görməmişdir. Samir bıçağı çıxaranda görməmişdir. Samir özünü Nizami və onun atası Mehmandan qorumuşdur. Eləcə də Samirin Nizamini bıçaqla vurduğunu görməmiş, Nizami yerə yıxılandan sonra bilmişdir ki, Samir Nizamini bıçaqla vurub. Şahid5 verilən suallara cavab olaraq bildirmişdir ki, Samir həyətə gəlməzdən əvvəl Nizami atasını sakitləşdirmişdir. Samir həyətə gələndən sonra Mehmanın ünvanına nalayiq ifadələr işlətdiyinə görə Nizami də Samirin üstünə hücum etmişdir. Apellyasiya instansiya məhkməsi istintaq zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Şahid9 ifadəsində bildirdi ki, hadisə günü o, Samirlə bir yerdə sonuncunun evinin yaxınlığında tikinti işləri görmüşlər. Samir yoldaşının onlarda olduğunu bildirmək üçün qayınanasına zəng etmiş, lakin telefonu Mehman açmış və onlar mübahisə etmişlər. Hətta Samir hər hansı bir hadisənin olmaması üçün sahə rəisinə zəng etmiş, lakin sahə rəisi telefona cavab vermədiyinə görə Samir 102 xidmətinə zəng edib məlumat vermişdir. O, Samirə evə getməməsini, söz-söhbət olacağını demiş, lakin Samir razılaşmayaraq Mehmanın anasına nəsə edəcəyindən ehtiyat etdiyini bildirib evlərinə tərəf getmişdir. Bundan təxminən 10-15 dəqiqə sonra o da Samirgilə getmişdir. Həyətdə olan zaman Nizami ilə Samir danışıb razılaşmışlar ki, ortalığı sakitləşdirmək üçün Samir oradan gedəcək, Nizami də atasını aparacaq, daha sonra oturub özləri söhbət edəcəklər. Bu zaman Mehman Samirin və mərhum atasının ünvanına nalayiq ifadələr işlətmiş, Samir də bunu eşidib Mehmana eyni qaydada cavab qaytarmışdır. Bundan sonra Mehmanın əlində kağıza bükülü olan, sonradan armatur olmasını bildiyi alətlə Samirin üzərinə hücum etmək istəmiş, lakin orada olan şəxslər Mehmanı tutub saxlamışlar. Həmin vaxt Nizaminin əlində balta olmamışdır. O, Baltanı bir az kənarda olan təndir olduğu yerdə görmüşdür. Nizami ilə Samir üz-üzə sərbəst dayanıb söhbət edərkən kimsə onlara mane olmamışdır. Söhbət əsnasında onlardan hər hansı biri digərini vurmaq istəməmişdir. Lakin hesab edir ki, Samir Nizaminin atası Mehmanın ünvanına söyüş söyəndən sonra Nizami Samiri vurmaq istəmişdir. Nizami təndirxana tərəfə getməmiş, orada olan baltanı götürməmişdir. Samir Nizamini bıçaqla vurandan sonra sonuncu yerə yıxılmışdır. O, Nizamini yerdən qaldıran zaman həmin yerdə və ətrafında balta olmamışdır. Apellyasiya instansiya məhkməsi istintaq zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Şahid10 və Şahid8 da hadisənin baş vermə məqamı ilə bağlı Şahid9 ifadəsinə uyğun ifadə verərək hadisə zamanı Nizaminin əlində balta olmadığını, Samirin üzərinə balta ilə hücum etməsini görmədiklərini bildirdilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq sübut növü kimi qəbul edib, həmin ifadələri iş materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlarla əlaqəli surətdə təhlil edərək qeyd edir ki, birinci və apellyasiya instansiya məhkəməsində aparılan məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin ümumi məzmunundan da görünür ki, hadisə baş verən zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs həyat və sağlamlığına qarşı hər hansı bir qəsdi, eləcə də əlində kəsici alət və ya balta ilə təqsirləndirilən şəxsin üzərinə hücum etməsi sübuta yetirilmir. Məhkəmə eyni zamanda məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya instansiya məhkəməsində aparılan qismən məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs əlində balta olmaqla onun üstünə hücum etməsi, əlində bıçağı fırlayan zaman Zərərçəkmiş şəxs necə dəyməsini bilməməsi, Nizamini bıçaqla vurmaq məqsədinin olmaması barədə, o cümlədən Samir Əliyevin anası Şahid4 Zərərçəkmiş şəxs əlində balta olmaqla Samirin üzərinə hücum etməsi barədə verdiyi ifadələrini obyektiv həqiqət kimi qəbul etmir, onların bu ifadələrini müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törədilən cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi zamanı müdafiə tərəfinin Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 130 və 131-ci maddələrinə tövsif edilməsi ilə bağlı dəlilləri işin faktiki hallarına uyğun deyil və müdafiə tərəfinin qeyd edilən dəlilləri birinci və apellyasiya instansiya məhkəmələri zamanı dindirilimiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, xx.xx.2023-cü il tarixli götürmə aparılması haqqında protokol, xx.xx.2023-cü il tarixli baxış aparılması haqqında protokol, Cəlilabad RPŞ-nin Göytəpə PB-nin məsul növbətçisi Fəqan Rəhmanlı tərəfindən həmin PB-nin rəisi Asif İmanova ünvanladığı xx.xx.2023-cü il tarixli raport, məhkəmə tibbi ekspertizasının 17 fevral 2023-cü il tarixli, 90 saylı rəyi və iş materiallarında olan digər sənədlərlə təkzib olunur. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına və apellyasiya şikayətinin dəlillərinə tətbiq edilməli qanun normalarının tələbləri baxımından qiymət verərək hesab edir ki, cinayət hadisəsi baş vermişdir və Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinin tərkib əlaməti vardır. Yəni Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən bir dəfə vurması, sonuncuya qarının ön divarında qarın boşluğuna keçən və qara ciyəri zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara ilə müşayət olunan və insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməsi, eləcə də Təqsirləndirilən şəxs həmin xəsarəti Zərərçəkmiş şəxs yaxın qohumları, yəni atası Şahid1, anası Şahid2 və bacısı Şahid3 aşkar gördüyü şəraitdə, həmin şəxslərə xüsusi əzab və iztirab verəcəyini dərk edib buna şüurlu surətdə yol verməklə törətdiyi əməl xüsusi amansızlıqla törədilən cinayətin əlamətlərinə uyğundur. İş materialları tədqiq edilərkən, eləcə də apellyasiya instansiyası məhkəmə baxışı zamanı iş üzrə cinayət təqibini istisna edən, eləcə də həmin əməlin Cinayət Məcəlləsinin 130 və ya 131-ci maddələrinə tövsif olunmasını zəruri edən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməli həm ibtidai istintaq orqanı, həm də birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə kollegiyasının mövqeyinə görə, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi ilə bağlı birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və iş materiallarında olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxslərin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində cəza təyini zamanı onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun könüllü gəlib təqsirini boynuna almasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və dəymiş ziyanı ödəməsini Cinayət Məcəlləsinin 59.1.10, 59.1.12 və 59.1.13-cü maddələrinə, himayəsində iki azyaşlı uşağının olmasını isə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halın olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyinetmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının tövsiyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış, birinci və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclaslarında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin və müdafiə tərəfinin çıxışlarının dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin hökmünün ləğv, yaxud dəyişdirilərək əməlin tövsif edilməsi, o cümlədən ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Ona görə də məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 1(099)- 518/2023 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 1(099)-518/2023 nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Məhəmməd Bağırov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar