Məhkəmə qərarları › İş №1(106)-386/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-386/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-386/2024 01.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi ilə, hakimlər – Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Cinayət Məcəlləsi) 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2023-cü il tarixli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunmasına dair vəsatətinin təmin edilməməsi barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 1(099)-319/2023 nömrəli qərarından məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs trəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında ilkin məhkəmə baxışını keçirərək, m ü ə y y ə n e t d i: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 1(099)-319/2023 nömrəli hökmü (hakimlər: X4 (sədrlik edən), X5 və X1 ibarət tərkibdə) ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının başlanğıcının həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan- 19 noyabr 2022-ci il tarixdən hesablanması, barəsində olan həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə ona narkomaniyadan məcburi müalicənin təyin edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutun taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürdüyü üçün onun bərpa edilməsi barədə birinci instansiya məhkəməsinə vəsatət vermişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Təqsirləndirilən şəxs həmin qərardan apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və həmin məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 1(099)-319/2023 nömrəli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2023-cü il tarixli hökmü ona rəsmi qaydada təqdim olunmamışdır. Hökm icraya yönəldikdən sonra 01 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinin ərizəsi ilə müraciət etdiyindən 2023-cü ilin dekabr ayında sözügedən hökmün ona təqdim olunmasına nail olmuşdur. Bu səbəbdən də apellyasiya şikayəti verilməsi müddətini buraxmışdır. Buraxılmış müddətin bərpa olunması üçün birinci instansiya məhkəməsinə vəsatətlə müraciət etsə də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2023-cü il qərarı ilə həmin vəsatəti təmin edilməmişdir. Məhkəmə 25 dekabr 2023-cü il tarixli məhkəmə aktında yanlışlığa yol verərək, qərarın təsviri əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs barəsində olan hökmün surətinin 16 may 2023-cü il tarixdə P.T.Hüseynov şəxsən imzalanaraq təhvil aldığını qeyd etmiş, bununla da hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunmasına dair vəsatətinin təmin edilməməsi barədə qərarın əsassız olmasını özü sübut etmişdir. Məhkəmə kollegiyasının iclasında: Məhkumun müdafiəçisi X6 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilən məzmunda çıxış etdi və apelyasiya şikayətinin dəlillərini əsaslandıraraq qeyd etdi ki, birinci instansiya məhkəməsinin qərarı ədalətsizdir, işin faktiki hallarına uyğun deyildir. Odur ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2023cü il tarixli qərarının ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini və müddətin üzürlü hesab edilərək bərpa edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan və videokonfrans əlaqə sistemindən istifadə etməklə məhkəmə kollegiyasının iclasına qoşulan məhkum Təqsirləndirilən şəxs bildirdi ki, onun məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2023-cü il tarixli hökmü ona verilməmişdir. Hökm icraya yönəldikdən sonra 1 saylı cəzaçəkmə müəssisəsinin rəisinə ərizə ilə müraciət etdikdən sonra 2023-cü ilin dekabr ayında hökmü ala bilmişdir. 2 dekabr 2023-cü il tarixdə həmin hökmdən apellyasiya şikayəti və müddətin bərpasına dair vəsatət vermişdir. Odur ki, qərardan verdiyi apellyasiya şikayətinin təmin edilməsini, hökmdən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etdi. Dövlət ittihamçısı R.Almazov apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin hökmünün vaxtında məhkuma təqdim edildiyini, hökmün çıxarıldığı tarixdən uzun müddət vaxt keçdiyini, məhkumun bu müddəti buraxmasını üzrlü hesab etmək üçün heç bir sübutun mövcud olmadığını göstərərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını, məhkumun apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini tətbiq edilməli cinayətprosessual hüquq normaları ilə müqayisəli şəkildə təhlil edib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatətin rədd edilməsi barədə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan qərarından görünür ki, həmin məhkəmə apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir tutarlı sübutun olmaması əsası ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 1(099)- 319/2023 nömrəli hökmündən məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə vəsatətinin təmin olunmaması qənaətinə gəlinmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan nəticəsini qanuni və əsaslı hesab edir və apellyasiya şikayətinin dəlilləri ilə bağlı cinayətprosessual qanunvericiliyi nəzəriyyəsində prosessual müddətlər, prosessual müddətin ötürülməsi nəticələri barədə anlayışlara isnad etməyi zəruri sayır. Belə ki, cinayət-prosessual qanunvericiliyinə görə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin müddətdə cinayət prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətləri etməkdən çəkinməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 384.1-ci maddəsinə əsasən, ittiham və ya bəraət hökmündən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. 384.2-ci maddəsinə əsasən, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Qanun normalarının məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verilməsi müddəti hökmün elan olunduğu vaxtdan hesablanır. Qanunverici yalnız həbsdə olan məhkumun müəyyən məhrumiyyətlərə məruz qalmasını istisna hal kimi nəzərə alaraq apellyasiya şikayəti verilməsi müddətini hökm elan olunduğu vaxtdan deyil, həbsdə olan şəxslər üçün hökmün surətinin alındığı vaxtdan hesablanmasını müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 202.1-202.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı bu Məcəllə ilə müəyyən olunmuş müddətlər saatlar, günlər, aylar və illərlə hesablanır. Cinayət mühakimə icraatı zamanı müddətlər hesablanarkən müddətin başlandığı saat və gün hesaba alınmır. Cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. 203.1 və 203.3-cü maddələrinə görə, cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. 391.3.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərar qəbul edə bilər. İş materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 1(099)-319/2023 nömrəli hökmü elan olunarkən Təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə məhkəmə iclasında iştirak etmişlər, hökmdən apellyasiya şikayəti verilmə müddəti və qaydası onlara izah olunmuşdur. Həmçinin iş materiallarında olan məhkəmə qəbzindən görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2023cü il tarixli, 1(099)-319/2023 nömrəli hökmü 16 may 2023-cü il tarixdə məhkum Təqsirləndirilən şəxs qəbzə imza etdirilməklə təqdim olunmuşdur. Göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs hökmün surəti 16 may 2023-cü il tarixdə təqdim edildiyindən ona münasibətdə prosessual müddətin axımı 16 may 2023-cü il tarixdən başlamış və 05 iyun 2023-cü il tarixdə başa çatmışdır. Məhkum Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatəti isə 1 saylı Cəzaçəkmə Müəssisəsinin 04 dekabr 2023-cü il tarixli məktubu ilə 18 dekabr 2023-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. Bununla da, məhkum tərəfindən hökmdən apelyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətdən 6 aydan artıq vaxt keçmiş, nəticədə isə qanunvericilikdə nəzərdə tutulan müddət üzrlü səbəblər olmadan dəfələrlə ötürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs məhkəmə prosesi zamanı bütün hüquqları, hökm elan edildikdən sonra apellyasiya şikayəti verilməsi qaydası və müddəti ona izah edilmiş, eyni zamanda, məhkuma təqdim olunan hökmdə də bu barədə göstərilmiş, lakin qanunvericilikdə müəyyən edilmiş müddətdə məhkum apellyasiya şikayəti verməklə hökmü mübahisələndirməmişdir. Məhkəmə iclasında da məhkumun müdafiəçisi iştirak etmiş, məhkumun hüquqlarını müdafiə etmiş və apellyasiya şikayəti verilməsi qaydası və müddəti müdafiəçiyə də izah edilmişdir. Bununla yanaşı, məhkum edilmiş şəxs apellyasiya şikayətinin dəlillərinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli qərarında həmin məhkəmə hökmünün 28 aprel 2023-cü il tarixdə onun tərəfindən deyil P.T.Hüseynov tərəfində təhvil alındığını qeyd olunsa da, iş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2024-cü il tarixli “anlaşılmamazığın aradan qaldırılması” barədə qərarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 1 (099)-319/2023 nömrəli qərarın birinci vərəqin təsviri əsaslandırıcı hissəsində üçüncü abzasında yol verilmiş anlaşılmazlıq məzmununda qeyd edilmiş “Ədliyyə Nazirliyi PX-nin Bakı istintaq təcridxanasına göndərilmiş və məhkum P.T.Hüseynov hökmün surətini 16 may 2023-cü tarixdə şəxsən almışdır” sözləri müvafiq qaydada “Təqsirləndirilən şəxs” sözləri ilə əvəz edilməklə aradan qaldırılmışdır. Bundan başqa, iş materialları ilə də müəyyən edilir ki, məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verə bilməsinə mane ola biləcək hər hansı bir hal mövcud olmamış və bu halların mövcudluğu barədə iş materiallarında heç bir sübut yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs hökm icraya yönəldikdən sonra 1 saylı cəzaçəkmə müəssisəsinin rəisinə ərizə ilə müraciət etdikdən sonra 2023-cü ilin dekabr ayında hökmü ala bildiyini qeyd etsə də bu hal da iş materialları ilə öz təsdiqini tapmamışdır. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2023-cü il tarixli hökmündən qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti vermək hüququ və imkanı olsa da, o, bu hüquqlarından istifadə etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hökmdən apelyasiya şikayəti vermə müddətinin (20 gün) buraxılmasına gətirib çıxaran üzrlü səbəblərin təsdiq olunması üçün məhkum edilmiş şəxsin istinad etdiyi dəlillər əsaslı və ağlabatan deyil. Məhkəmə kollegiyası iş materiallarını hərtərəfli, tam və obyektiv olaraq araşdıraraq, məhkumun apellyasiya şikayəti ilə əlaqədar dəlillərini, eləcə də, bu dəlillərə etiraz edən dövlət ittihamçısının rəyini dinləyərək, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilmə müddətinin üzrsüz səbəbdən ötürülməsinə dair düzgün nəticəyə gəlmiş və buraxılmış apelyasiya şikayəti vermə müddətini bərpa etməməkdə haqlı olmuşdur. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz, ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 202, 203, 384.1-384.2 və 391-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin təmin edilməməsi haqqında qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (məhkum Təqsirləndirilən şəxs münasibətdə isə qərarın surəti ona verildiyi) gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Hakimlər İsmayıl Əhmədov Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar