Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-41/2023 24.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası X1 (sədrlik edən), Bəşirov Kamil Sücəddin oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə Səmədov Alim Nadir oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin şöbə prokuroru, ədliyyə müşaviri X7, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi- Şirvan Regional Vəkil Bürosunun vəkili X12 iştirakı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 isə CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinmələrinə dair Ağcabədi Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağcabədi Rayon Məhkəməsinin (hakim R.M.Nuriyev) 04 oktyabr 2022-ci il tarixli, 1(017)110/2022 saylı hökmü ilə xx.xx.1993-cü ildə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun 07 fevral 2022-ci il tarixdən 09 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzanın əvvəlinin 26 may 2022-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları Hökmə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 05 fevral 2022-ci il tarixdə saat 02 radələrində X13 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində olan dama, həmçinin həyətdəki saxlanc yeri hesab edilən yardımçı tikiliyə qanunsuz daxil olaraq həyətdən və saxlanc yerlərindən iyirmi ədəd 20 manat dəyərində avtomobil təmir açarını, bir ədəd 100 manat dəyərində VAZ-21011 markalı avtomobilə məxsus çarxı (kardanı), 100 manat dəyərində VAZ-21011 markalı avtomobilə məxsus ön baraban dəstini, bir ədəd 60 manat dəyərində VAZ-21011 markalı avtomobilə məxsus körpü oxunu (diferin palosunu), 40 manat dəyərində VAZ-21011 markalı avtomobilə məxsus bir dəst ön yayları, bir ədədi 30 manat olan, cəmi 60 manat dəyərində iki ədəd VAZ-21011 markalı avtomobilə maxsus karbüratorun üst qapaqlarını, bir ədəd 50 manat dəyərində primusu, bir ədədi 24 manat olan, cəmi 48 manat dəyərində 3 metr uzunluğunda 50 mm ölçüdə iki ədəd borunu, bir ədəd 120 manat dəyərində 8 metr uzunluqda 2 mm qalınlıqda künclük dəmiri (dəmir tiri), bir ədəd 40 manat dəyərində bir tərəfi balta, digər tərəfi isə kuvalt kimi istifadə olunan aləti, bir ədədi 150 manat olan, cəmi 300 manat dəyərində iki ədəd avtomobil qaldırıcısını, bir ədəd 50 manat dəyərində avtomobil maqintofonunu, bir ədədi 25 manat olan, cəmi 50 manat dəyərində iki ədəd avtomobil maqintofon kalonkasını, bir ədəd 80 manat dəyərində VAZ-21011 markalı avtomobilə məxsus səsboğucunu, 40 manat dəyərində 11-22 ölçüdə patron açarlar dəstini gizli olaraq talamaqla oğurlayaraq zərərçəkmiş şəxs Əli İsmayılova ümumilikdə 1158 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən 27 fevral 2022-ci il tarixdə saat 19 radələrində X6 məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsindəki taxta qapısının kilidini qıraraq saxlanc yerinə qanunsuz daxil olub oradan bir ədəd 250 manat dəyərində mis səhəngi, bir ədədi 150 manat olan, cəmi 450 manat dəyərində üç ədəd iri aliminium məclis qazanlarını, bir ədədi 80 manat olan, cəmi 240 manat dəyərində üç ədəd iri aliminium su bidonunu və bir ədədi 130 manat olan, cəmi 260 manat dəyərində iki ədəd 5 metr uzunluqda 150 mm ölçülü boruları gizli olaraq talamaqla oğurlayaraq zərərçəkmiş şəxs Gülbadə Həsəsnovaya ümumilikdə 1200 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən 20 mart 2022-ci il tarixdə saat 03 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Ağcabədi şəhəri, S.Hüseynov küçəsində yerləşən qəbirstanlıqdan, X16 mərhum oğlu Azər Axundovun məzarının ətrafına çəkilmiş 10 metr uzunluqda dəmir barmaqlıqların üzərindəki bir ədədi 8 manat olan, 120 ədəd gül formalı alüminium fiqurları gizli olaraq talamaqla oğurlayaraq zərərçəkmiş şəxs Oruc Axundova ümumilikdə 960 manat məbləğində maddi ziyan vurmuşdur. Apellyasiya şikayətinin dəlilləri Təqsirləndirilən şəxs X20 barəsində olan Ağcabədi Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli hökmündən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verərək barəsində olan hökmə yenidən baxılmasını kollegiyadan xahiş etmişdir. Prosessual məsələlər Apellyasiya baxəşında Təqsirləndirilən şəxs1 şikayətini müdafiə edərək göstərdi ki, törətdiyi oğurluq əməllərini tamamilə etiraf edir, əvvəldən də səmimi ifadələr verməklə etirafedici ifadələr vermişdir. Lakin məhkəmə onun səmimi peşmançılığını, ziyanı qismən ödəməsini nəzərə almamışdır. O, təyin edilmiş cəzanın ağır olmasından narazıdır və ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmasını məhkəmə kollegiyasından xahiş edir. Təqsirləndirilən şəxsin müdafiəçisi Emil Quliyev müdafiə etdiyi şəxsin apellyasiya şikayəti üzrə dəlillərini nəzərə almaqla ona təyin edilmiş cəzanın daha yüngül cəza növü ilə əvəz edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışında dövlət ittihamçısı İlqar Əsədov təqsirləndirilən şəxsin apellyasiya şikayətinə qarşı etiraz edərək göstərdi ki, Təqsirləndirilən şəxs1 əməli istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən düzgün tövsif edilmiş, habelə ona törətdiyi cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun cəza növü təyin edilmişdir. Məhkəmə düzgün olaraq nəzərə almışdır ki, Təqsirləndirilən şəxs1 əvvəllər də talama cinayətləri törətmiş, əvvəllər ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, lakin o, əvvəlki cəzanın çəkilməsindən nəticə çıxarmamışdır. Hətta, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının bir hissəsi azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Buna görə də məhkəmə haqlı olaraq ona azadlıqdan məhrumetmə növündə cəza təyin etmişdir. Odur ki, hesab edir ki, təqsirləndirilən şəxsin apellyasiya şikayəti əsassızdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmadan, Ağcabədi Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli hökmünün isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin müəyyən edilmiş halları əsasında nəzərdən keçirərək, habelə cinayət prosesinin tərflərini dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, istər müddafiə, istərsə də ittiham tərəfi əməlin hüquqi tövsifini mübahisələndirməmişdir. Müdafiə tərəfi həm apellyasiya şikayətində, həm də apellyasiya baxışında təqsirləndirilən şəxsə təyin edilmiş cəza məsələsini mübahisələndirmiş, hesab etmişdir ki, məhkəmə təqsirləndirilən şəxs barəsində işin hallarını, o cümlədən onun səmimi peşmançılığını, habelə dəymiş ziyanı qismən ödəməsini kifayət qədər nəzərə almadan ona ağır cəza növü tətbiq etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətində mübahisələndirilməsə də, CPM-in 397ci maddəsində nəzərdə tutulan vəzifəsindən, yəni apellyasiya şikayətinin və ya protestinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin cinayət və cinayətprosessual qanunvericiliyin tətbiqinin düzgünlüyünü yoxlamaq vəzifəsindən irəli gələrək hər bir halda tövsifin düzgünlüyünü araşdırmışdır. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 05 fevral 2022-ci il tarixdə X8 Ağcabədi şəhərində yerləşən evinin həyətyanı sahəsinə daxil olmaqla ona məxsus 1158 manat, 27 fevral 2022-ci il tarixdə X5 həmin şəhərdə yerləşən evinin həyətyanı sahəsinə daxil olmaqla ona məxsus 1200 manat dəyərində əmlakını təkbaşına, həmçinin 20 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olmaqla X16 mərhum oğlu Azər Axundovun məzarı ətrafına çəkilmiş alüminium hasarın fiqurlarını talamaqla ona 960 manat maddi zyan vurmaqla təkrar talama əməlləri törətmişdir. Təqsirləndirilən şəxs1 sadalanan əməlləri məhkəmə tərfindən düzgün olaraq CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmiş və onun barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilmişdir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan əməlləri özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslər Əli İsmayılovun, Gülbadə Həsənovanın və Oruc Axundovun, habelə talanmış əmlakları onların oğurlanmış əmlak olduğunu bilmədən əldə etmiş X14, digər şahidlər X17, X9, X18, X10 və X2 ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Sübut dedikdə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) başa düşülür (CPM-in 124.1-ci madd.). Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir (CPM-in 139.0 və 139.0.1-ci maddələri). Sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər (CPM-in 125-ci madd.). CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-in 145.1 və 145.2-ci maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 qeyd edilən cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən yuxarıda sadalanan sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də, işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək, məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, məhkəmə tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, məhkəmə təqsirləndirilən şəxsin əməlinin tövsifi ilə bağlı hissədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.2-ci maddələrində ədalətli cəzanın meyarları göstərilmiş, qeyd edilmişdir ki, cəza təyin edilərkən məhkəmə tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, xüsusən, cəzanın sosial ədaləti bərpa etməli olması, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alması məqsədini daşıması nəzərə alınır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən CM-in 59-u maddəsinə əsaslanaraq cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini (59.1.14), hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (59.2) cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, eyni zamanda cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 01 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının icrası dövründə cəzanın çəkilməsindən boyun qaçırdığına görə cəzasının çəkilməmiş qalan 01 il 04 ay 14 gün hissəsi Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 08 ay 07 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Salyan Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.20221ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixli qərar ilə təyin edilən azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi azaldılmış və cəzadan dərhal azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 əvvəllər törətdiyi cinayətə görə ona təyin edilmiş daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzasından nəticə çıxarmamış, növbəti cinayətlərdən çəkinməyərək yenidən eyni qəbildən olan cinayətlər törətmişdir. Kollegiyanın qənaətinə göğrə bu hallar onun şəxsiyyətinin ictimai təhlükəliliyinin azalmadığına, əksinə daha da artdığına dəlalət edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli qərarında isə Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. CM-in 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs1 maddi ziyanı qismən və könüllü olaraq ödədiyini iddia etsə də, iş materiallarından görünür ki, o, zərərçəkmiş şəxslər Əli İsmayılova vurduğu 1158 manat, Gülbadə Həsənovaya vurduğu 1200 manat maddi zərəri ödəməmiş, həmin zərərçəkmişlər məhkəmə iclasında təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bildirib ona qanuni cəza təyin edilməsini xahiş etmişlər. X19 isə mərhum oğlunun məzarı ətrafından oğurlanan əşyalara görə şikayətçi olmasa da, bu onunla əlaqədar olmuşdur ki, oğurlanan həmin əşyalar polis tərəfindən cinayət törətmiş şəxslər tutularkən onlardan aşkar edilmişş, götürülmüş və qanuni sahibinə qaytarılmışdır. Kollegiyanın qənaətinə görə belə hal ziyanın könüllü olaraq ödənilməsi hesab edilə bilməz. CM-in 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirkar Təqsirləndirilən şəxs1 onun törətdiyi cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, habelə onun şəxsiyyətinə uyğun cəza təyin etmişdir. Kollegiyanın qənaətinə görə təyin edilmiş cəza CM-in 6.1 və 41.2-ci maddələri ilə təsbit edilmiş cəzanın ədalətliliyi və məqsədləri barədə tələblərə cavab verir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Ağcabədi Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 1(017)110/2022 saylı hökmü apellyasiya şikayətinə əsasən Təqsirləndirilən şəxs1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 1(017)110/2022 saylı hökmü həmin apellyasiya şikayətinə əsasən Təqsirləndirilən şəxs1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elçin Xasməmmədov Hakimlər Kamil Bəşirov İlkin Abdullayev
Məhkəmə qərarları › İş №1(106)-41/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-41/2023
24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver