Məhkəmə qərarları › İş №1(106)-41/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-41/2025

28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-41/2025 28.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Əliyev Elşad İbiş oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi Bəhram oğlunun iştirakı ilə. xx xxxxxx 1996-cı ildə İmişli rayonu, Cavadxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, İmişli rayonu, Cavadxanlı kəndində qeydiyyatda olmaqla İmişli şəhəri, Heydər Əliyev prospekti, bina 146, ev 4-də yaşamış, 19 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlrə Məhkəməsinin 25 iyul 2024-cü il tarixli 1(099)-612/2024 saylı hökmündən məhkum edilmiş şəxs Nürəddin Abbaslının müdafiəçisi Müdafiəçi Bəhram oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, cinayət kollegiyası MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 1(099)-612/2024 nömrəli hökmü ilə (hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkib) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 19 yanvar 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin ittiham hökmünə əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən külli miqdarda-3,040 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 19 yanvar 2024-cü il taarixdə saat 17:15 radələrində İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində İmişli şəhəri, Q.İsmayılzadə küçəsində saxlanılaraq İmişli Rayon Polis Şöbəsinin inzibati binasına gətirildikdən sonra saat 17:45-dən saat 18:10-dək üzərində şəxsi axtarış aparılarkən əynindəki cins şalvarın sağ yan cibindəki yaşıl rəngli alışqanın yandırıcı yuvahissəsinin içərisindən 1 (bir) ədəd, əynindəki gödəkçənin sol yan cibindən isə 2 (iki) ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,819 qram, 0,952 qram və 1,269 qram olmaqla, külli miqdarda-3,040 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(099)-612/2021 saylı hökmü məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması, cinayət qanunu normasının düzgün tətbiq edilməməsinə görə qanunsuz və əsassız olduğundan dəyişdirilməlidir. Törədilmiş cinayət hadisəsinə hüquqi qiymət verilməsi cinayətin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı obyektiv, hərtərəfli və qərəzsiz araşdırılmasından asılıdır. Cinayət əməlinin düzgün tövsif edilməsi, habelə təqsirləndirilən şəxsin niyyətinin və məqsədinin müəyyən edilməsi törədilmiş cinayətin obyektiv, hərtərəfli və qərəzsiz araşdırılması üçün vacib şərtdir. Hazırkı cinayət işi üzrə obyektiv araşdırılma aparılmamış və təqsirləndirilən şəxsin əməli həm ibtidai istintaq, həm də məhkəmə tərəfindən düzgün tövsif edilməmiş və məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdir. X4 məhkəmə istintaqında ona elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) törətməkdə təqsirli bilmiş, lakin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama) cinayət əməlini törətmədiyini göstərmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən onun əməlini əynindəki cins şalvarın sağ yan cibindəki yaşıl rəngli alışqanın yandırıcı yuva hissəsinin içərisində olan bir büküm narkotikin çəkisinə uyğun tövsif edilməsini və ona adekvat ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyyası hökmdə “ ...işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Nurəddin Abbasimin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı (???) və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, Nurəddin Abbasimin üzərinə şəxsi axtarış və götürmə aparılması barədə protokol, digər istintaq hərəkətləri protokolları, məhkəmə-fiziki kimyəvi ekspertizasının rəyləri və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroinin qalığı ilə tam sübut edilir” deyə qeyd etməklə təqsirləndirilən şəxsin ifadəsini özünü müdafiə xarakteri daşıdığından həmin hissədə qeyri-obyektiv ifadə kimi qiymətləndirmiş və sübut kimi qəbul etməmişdir. Məhkəmənin ittihamın əsası kimi istinad etdiyi dəlillər kimi qiymətləndirdiyi məhkəmə iclasında tədqiq edilmiş digər sübutlar- təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs kimi vermiş olduğu qismən etirafedici və şahidlərin isə təsdiqedici ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, maddi sübutlar, ekspertiza rəyləri və digər sənədlər təqsirləndirilən şəxslərin satış məqsədi olmadan külli miqdarda narkotik vasitələri əldə etmə və ya saxlama cinayətini törətməsini təsdiq etmir. təqsirləndirilən şəxsin əynindəki gödəkçənin sol yan cibindən “aşkar olunan” isə 2 (iki) ədəd polietilen kəsiyi bükümündə ayrı- ayrılıqda təmiz çəkiləri 0,952 qram və 1,269 qram olan narkotik vasitə heroinə görə ona ittiham verilməsi qanunsuz və əsassızdır. Məhkəmədən Elvin, Toğrul, Rəcəb adlı polis əməkdaşlarının məhkəməyə dəvət olunub, şahid qismində dindirilmələri, maddi sübutların (təqsirləndirilən şəxsin əynindəki gödəkçənin sol yan cibindən “aşkar olunan” 2 (iki) ədəd polietilen kəsiyi bükümündə narkotik vasitə olan heroinin) məhkəməyə təqdim edilməsi və məhkəmədə tədqiq olunması, bundan asılı olaraq məhkmə-trasoloyi ekspertizanın keçirilməsi barədə vəsatətlərin hazırlanıb məhkəməninin müzakirəsinə verilməsi barədə şifahi vəsatət vermiş, lakin təmin olunmamışdır. Təqsirləndirilən şəxs əməlində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama cinayətinin tərkib əlaməti olmadığından və bu hal heç bir mötəbər sübutla təsdiq edilmədiyindən onun əməli CM-nin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir Apellyasiya şikayətində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(099)-612/2024 saylı hökmünün dəyişdirilməsi, onun əməlinin CM-nin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza verilməsi barədə hökm qəbul edilməsi xahiş olunmuşdur. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında Dövlət ittihamçısı2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin edildiyini qeyd etməklə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2024-cü il tarixli 1(099)-612/2024 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında məhkum edilmiş şəxsin Müdafiəçi Bəhram oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(099)-612/2024 saylı hökmünün dəyişdirilməsi, onun əməlinin CM-nin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza verilməsi barədə hökm qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs müdafiəçisinin çıxışı ilə razı olduğunu bildirib, apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətində məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əmələ münasibətdə təqsirinin sübuta yetirilməsi kimi məsələlər mübahisələndirildiyi üçün məhkəmə həmin dəlillərlə bağlı aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs özünün hədə qorxuya, təzyiqə məruz qalması səbəbi ilə cinayəti etiraf etməsini, narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulmasını bildirməsi halları üzrə birinci instansiya məhkəməsinin istintaqı üzrə toplanmış sübutların hərtərəfli yoxlanılması və qiymətləndirilməsi tam həyata keçirildiyinə görə, cinayət kollegiyası apellyasiya baxışı iclasının məhkəmə istintaqı olmadan keçirilməsini prosessual qanunvericiliyə uyğun hesab etmişdir. Məhz bu nöqteyi nəzərdən birinci instansiya məhkəməsinin topladığı, yoxladığı və qiymətləndirdiyi sübutlar apellyasiya müraciətinin dəlillərinə görə bir daha nəzərdən keçirilməlidir. Birinci instansiyanın məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisi olduğu üçün özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək demişdir ki, taksi fəaliyyəti ilə məşğul olur, 19 yanvar 2024-cü il tarixdə saat 16-17 radələrində sərnişin aparıb avtomobilini saxlamış, sərnişini düşürüb qayıdandan sonra əməliyyat qrupu yaxınlaşıb ona əl-qol atıb avtomobilə mindirmişlər. Polis əməkdaşları ondan üstündə narkotik vasitə olub-olmadığını soruşmuşlar, o da polis əməkdaşlarına cavab olaraq üstündə narkotik vasitə olduğunu, alışqanının içində istifadəsi üçün saxladığını demişdir. Daha sonra onu polis şöbəsinə aparmışlar, polis şöbəsində üzərinə baxış keçiriləndə ciblərini boşaltmışdır. Sonra gödəkçəsinin sol cibindən iki ədəd bükümü çıxarıb stolun üstünə qoymuşlar. Həmin narkotik vasitələr özünə məxsus deyildir. Polis şöbəsində polis əməkdaşları nə demişlərsə onlarla razılaşmışdır. Həmin iki bükümün ona heç bir aidiyyəti olmamışdır. Polis şöbəsində onu döymüşlər, ancaq heç bir xəsarəti olmamışdır. İstintaq Təcridxanasına qəbul olunarkən üzərində heç bir xəsarət aşkarlanmamış, adına açılmış tibbi kitabçada xəsarəti olmadığı yazılmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, özünə məxsus olan narkotik vasitənin çəkisini dəqiq deyə bilməmiş, haradasa narkotik vasitənin çəkisi 0.01- 0.02 qram olmuşdur. Narkotik vasitəni alan zaman hardasa 0.05 qram olmuş, istifadəsindən sonra narkotik vasitənin çəkisi 0.01-0.02 qram qalmışdır. Bükümü alışqanın içinə qoymuşdur. Onda 0.08 qram çəkidə narkotik vasitə olmamışdır. Üzərinə narkotik vasitə qoyan polis əməkdaşını görməmişdir. Onu saxlayan zaman Elvin, Toğrul, Rəcəb və Mirşəfən adlı polis əməkdaşları olmuşlar. Özünə məxsus olan narkotik vasitəni etiraf edir, ancaq digər iki büküm özünə məxsus deyildir. Üzərindən aşkar olunmuş narkotik vasitə heroinlərin eyni tərkibli olmasının ekspert rəyində göstərilməsinin səbəbini bilməmişdir. Şahid2 düz deyir, polislər onu saxlayan zaman qaçmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ilkin izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və qeyd etmişdir ki, narkotik vasitə olan heroindən istifadə edir. Rayon ərazisində özünə məxsus olan «Kia Rio» markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Narkotik vasitəni həmişə tanımadığı şəxslərdən əldə edir. 19 yanvar 2024-cü il tarixdə saat 16 radələrində avtomobili İmişli şəhəri, H.Əliyev prospektində yerləşən yaşadığı binanın qarşısında saxlamışdır. Həmin vaxt avtomobilin salonunu təmizləyərkən sol arxa tərəfdə olan ayaqaltının alt hissəsindən 03 ədəd şəffaf bükümlərdə narkotik vasitə olan heroin tapmışdır. Bundan sonra həmin narkotik vasitə olan heroin kütləsinin birini şəxsi istifadəsi üçün cibində olan göy rəngli alışqanın üst tərəfini çıxarıb həmin hissəyə yerləşdirmiş, alışqanı isə əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Digər 02 ədəd, içərisində narkotik vasitə -heroin olan bükülüləri isə əynində olan gödəkçəsinin sol yan cibinə qoymuşdur. 19 yanvar 2024-cü il tarixdə saat 17-18 radələrində idarə etdiyi «KİA Rio» markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə İmişli şəhəri, Q.İsmayılzadə küçəsi ilə N.Nərimanov küçəsinin kəsişməsinin yaxınlığında saxlayaraq əvvəlcədən tanımadığı adını bilmədiyi şəxsi taksi kimi ünvanına düşürmüşdür. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşmış, onu İmişli Rayon Polis Şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş və birlikdə polis şöbəsinə getmişlər. Orada xidməti otaqların birində qanunla qorunan hüquqlarını müdafiə etməsi üçün İmişli şəhər hüquq bürosundan vəkil Məmməd Süleymanov dəvət edilmişdir. Üzərində qanunla qadağan olunmuş maddə və ya predmetin olub-olmaması soruşulmuş, həmin vaxt əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı alışqanı çıxarıb içərisində olan 01 ədəd şəffaf rəngli selofana bükülmüş narkotik vasitə olan heroini təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilmiş və əynində olan gödəkçəsinin sol yan cibindən 02 ədəd şəffaf rəngdə selofana bükülmüş narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Daha sonra polis əməkdaşları üzərindən aşkar edilərək götürülmüş 03 ədəd içərisində narkotik vasitə heroin olan şəffaf selofan bükümləri qablaşdırıb üzərinə möhür vurmuşlar. Şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş, əlavə və düzəlişlər olmadığı üçün imzalamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2 və Quliyev X2 Abbaslının ibtiadi istintaqda göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişlər. Şahid ifadələrindən başqa birinci instasiya məhkəməsinin isitintaqı zamanı aşağıdakı sübutlar da tədqiq edilmişdir: -Şəxsi axtarış və götürmə aparılması haqqında 19 yanvar 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış aparılan zaman üzərində alışqanın içərisində 01 (bir) ədəd şəffaf rəngdə sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtraış davam etdirilmiş, axtarış zamanı onun əyninə geyinmiş olduğu gödəkçənin sol yan cibindən 02 (iki) ədəd şəffaf rəngdə sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Daha sonra axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinə bənzər kütlələr ekspertizaya göndərilməsi üçün 01 (bir) ədəd zərfə qoyularaq götürülmüşdür.(i.v.26-27) -Məhkəmə fiziki-kimyəvi ekspertizasının 20 yanvar 2024-cü il tarixli, 18/87 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən... » sözləri yazılmış və imzalar olan kağız paketdəki 3 ədəd polietilen kəsiyi bükümündə ayrıayrılıqda təmiz çəkiləri 0,819 qram, 1,269 qram, 0,952 qram, ümumi çəkisi 3,040 qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotk vasitə heroindir.(i.v.37-40) -Ambulator məcburi-narkoloji tibbi yoxlama barədə 03 may 2024-cü il tarixli, 2928 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanser qeydiyyata alınması məsləhət görülür. (i.v.177-178) Göründüyü kimi, müdafiə tərəfinin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünə məxsus olan bükümü alışqanın içinə qoyması, digər iki bükümün özünə məxsus olmaması, onu saxlayan zaman Elvin, Toğrul, Rəcəb və Mirşəfən adlı polis əməkdaşlarının olmaları, polis şöbəsində onu döymələri ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Həmin dəlillər heç bir sübutla təsdiq olunmur, işin hallarına uyğun gəlmir, istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər toplanmış sübutlarla tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir, ona görə məhkum edilmiş şəxsin qeyd etdiklərini özünü müdafiə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 226-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3- cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən «Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür». Qanunun qeyd olunan normasına əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 ədəd bükümdə cəmi çəkisi -3,040 qram heroin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş yuxarıda qeyd olunan sübutlara təsdiq olunmasına baxmayaraq, müdafiə tərəfi onların qəbul olunmasının yolverilməzliyini iddia etsə də, bunu hər hansı bir halla əsaslandıra bilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 401.1. və 401.1.1-ci maddələrinə müvafiq olaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi yalnız məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir. İstinad olunmuş Məcəllənin 401.1-ci maddəsinə görə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi yalnız aşağıdakılara təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir: -401.1.1. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə; -401.1.2. ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə; -401.1.3. cəza tədbirinin müəyyən edilməsinə; 401.1.4. tibbi və ya tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə; 401.1.5. hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə. Həmin Məcəllənin 401.2-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan hesab edilir: 401.2.1. məhkəmənin hökm və ya qərarında əks etdirilmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmədikdə; 401.2.2. birinci instansiya məhkəməsi onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almadıqda; 401.2.3. birinci instansiya məhkəməsi öz hökm və ya qərarında bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərmədikdə həmin məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyətə malik olan ziddiyyətli sübutlar olduqda; 401.2.4. birinci instansiya məhkəməsinin hökm və ya qərarında şərh edilmiş hallarla, onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda. Qeyd olunan prosessual pozuntular mövcud olduqda Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmiş olur. Məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apelyasiya instansiyasında aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, eyni zamanda, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, müraciətin mübahisələndirilən dəlilləri baxımından Cinayət Prosessual Məcəllənin 401.1.2-ci maddəsinə təsir edən prosessual pozuntu aşkar olunmamışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlrə Məhkəməsinin 25 iyul 2024-cü il tarixli 1(099)-612/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlrə Məhkəməsinin 25 iyul 2024-cü il tarixli 1(099)-612/2024 saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar