Məhkəmə qərarları › İş №1(106)-438/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-438/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-438/2023 27.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər: Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən, məruzəçi hakim), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X9 və X5, təqsirləndirilən şəxs X10 və onun müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məhkum edilməsi barədə Lənkəran Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 1(049)-30/2023 nömrəli hökmündən təqsirləndirilən şəxs X10, onun müdafiəçisi Müdafiəçi və xüsusi ittihamçı X6 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3), ilkin məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 1(049)-30/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim X14) 18 iyun 1970-ci il tarixdə Lənkəran şəhərində doğulmuş,Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilməsi və mənəvi zərərlə bağlı iddianın baxılmamış saxlanılması barədə yekun qərar qəbul edilmişdir. X6 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Lənkəran rayon məhkəməsinə müraciət edərək X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini və mənəvi zərərə görə 10.000 manat pulun tutulmasını xahiş etmişdir. Lənkəran rayon məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 1(049)-30/2023 nömrəli hökmündən görünür ki, verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsinə görə xüsusi ittihamçı X2 Çingiz Hamlet oğlu ilə 13 may 2021-ci il tarixdə ünvan 3 ünvanda görüşməklə məhkəmə prosesi ilə bağlı olaraq məhkəmədə vəkil olaraq təmsil etməsi və hüquqlarının müdafiə etməsi barədə danışıq aparmışlar. Aparılmış danışıq əsasında Çingiz Babayev həmin işə görə onu məhkəmədə təmsil etmək üçün 3000 manat pul ödəməli olduğunu bildirmişdir. Həmin vaxt onun qardaşı Şahid3 Çingiz Babayevə 2000 manatı nağd sayıb vermiş, Çingiz Babayev isə yerdə qalan 1000 manatı isə 10 gün müddətində ona çatdırmayacağı təqdirdə məhkəmə proseslərində iştirak etməyəcəyini bildirmişdir. Razılaşmadan və qardaşı X16 2000 manat pulu nağd şəkildə verməsindən sonra Çingiz Babayevlə birlikdə Lənkəran rayon vəkil bürosuna gedib büronun rəhbəri Faiq Atakişiyevin yanında müqavilə bağlamış və həmin vaxt Çingiz Babayev ona hesab nömrəsi verərək 210 manat pulu həmin bank hesabına ödəməli olduğunu demişdir. O, 210 manat pulu MİLLİÖN ödəniş sistemi vasitəsilə həmin hesaba ödəyib ödəniş qəbzini Çingiz Babayevə vermişdir. Çingiz Babayevdən müqavilənin bir surətinin ona verilməsini istədikdə isə Çingiz Babayev müqavilənin surətini verməkdən imtina etmiş və qəbzlərin və müqavilənin yalnız onda qalmalı olduğunu bildirmişdir. 10 gün sonra Bakı şəhərində həyat yoldaşı X3 Babayevə 800 manat pulu vermişdir. Çingiz Babayev birinci instansiya məhkəməsində onun vəkili ola-ola etdiyi məhkəmə çıxışlarında və proseslə bağlı qarşı tərəfə verdiyi suallardan və ümumiyyətlə vəkil kimi davranışından hiss olunmuşdur ki, Çingiz Babayev dolayısı ilə onu deyil, qarşı tərəfi müdafiə edir. Həmin müddət ərzində də məhkəmə işi ilə əlaqədar olaraq Çingiz Babayevdən nəsə soruşanda və işin gedişatı ilə bağlı olaraq sual verdikdə isə kobud və qeyri əxlaqi sözlərdən istifadə etməklə onun işinə qarışmamağını tələb etmişdir. Vəkillik fəaliyyətindən narazı olduğunu Çingiz Babayev bildirəndə isə sonuncu ailə üzvlərinin yanında onu təhqir etməyə başlamış, həmin vaxt ondan şikayət edəcəyini bildirəndə isə “mən vəkil adamam kim cürət edib mənim barəmdə olan şikayəti araşdıra bilər” deyib heç kimdən və heç nədən qorxmadığını demişdir. Xüsusi ittihamçı barəsində çıxarılmış qətnamədən narazı olduğundan və məhkəmənin hakiminin qeyri-obyektiv araşdırma aparması barədə məhkəmə hüquq şurasına şikayət etmək üçün getdiyindən Çingiz Babayevə zəng vurub məhkəmə qətnaməsinin nəticə hissəsinin xüsusi ittihamçıya göndərilməsini xahiş etmiş və Çingiz Babayev həmin vaxt xüsusi ittihamçının barəsində “Ay tərbiyyəsiz..., Ay dələduz... Sən kimsən ki mən sənə nəsə göndərim. Bundan başqa, Çingiz Babayev həmin danışıq zamanı hazırki ərizəyə yaza bilmədiyi təhqiramiz ifadələr işlətmişdir. Xüsusi ittihamçının özünü və yaxın qohumlarını söyüb qurtarandan sonra vəfat etmiş atasını da təhqir edəndən sonra əlaqəni kəsmişdir. Həmin gün yəni, xx.xx.2022-ci il tarixdə xüsusi ittihamçının qardaşı oğlu və əri evdə olmuş, Çingiz Babayevin bu təhqirlərini onlar da eşitmişlər, yoldaşı telefonu ondan alıb Çingiz Babayevə iradını bildirdikdə isə Çingiz Babayev yoldaşının da ünvanına nalayiq ifadələr işlətməklə təhqir və təhdid etməyə başlamışdır. Bundan sonra xüsusi ittihamçı xx.xx.2022-ci il tarixdə Çingiz Babayevin barəsində Vəkillər Kollegiyasının sədrinin qəbulunda olmuş və Çingiz Babayevin qanunsuz hərəkətləri ilə bağlı etdiyi şikayət əsasında onun barəsində tədbir görülməsini xahiş etmiş, şikayəti Kollegiyanın İntizam Komissiyasına göndərilmişdir. Bundan sonra X17 şəhəri, Taryel Abdullayev küçəsi ev 2-də yaşayan xüsusi ittihamçının qardaşı Şahid3 evinə gedərək “Ağzımdan lazımsız sözlər çıxıb, İlhamə gəlsin ondan üzr istiyəcəm”. Qardaşı Zamiq bu barədə ona bildirəndən sonra o, Çingiz Babayevin səmimi olmadığını bildiyi üçün buna etiraz etmiş, lakin qardaşının sözü yerə düşməsin deyə xx.xx.2022-ci il tarixdə Lənkərana qardaşının evinə getmişdir. Həmin vaxt qardaşı X21 zəng etmiş və sonuncu saat 19:00 radələrində Zamiqin evinə gəlmişdir. Çingiz Babayev evə girər-girməz onu qardaşının ailəsinin və evdə olan qonaqların yanında nalayiq ifadələrlə təhqir etməyə başlamış, Çingiz həmin vaxt ucadan danışdığı üçün qonşular və məhəllədəki sakinlər də onun sözlərinə şahid olmuşlar. O, Çingizə verdiyi pulu geri qaytarmasını tələb edəndə, sonuncu bildirmişdir ki, “Sizin başınız xarabdı?, siz mənə pulu sənədlə vermisiz bəyəm mənə nəsə sübut edə bilərsiz. Get istədiyin şəxsə və yerə şikayət elə, heç kim mənə heç nə edə bilməz”. Cingiz Babayevin bu sözlərindən sonra onun səhhəti pisləşdiyindən evdən çıxıb həyətə düşmüş, həyətdə olanda da Çingiz ərinin və mərhum atasının ünvanına dilə gətirə bilmədiyi təhqirlər səsləndirməyə başlamışdır. Bundan sonra o, Cingiz Babayevin barəsində müxtəlif orqanlara şikayətlər etmiş, lakin şikayətilərinə baxılmamış, ona xüsusi ittiham qaydasında şikayət etməyi məsləhət görmüşlər. Çingiz Babayevin təhqiramiz məlumatları yayması onda əsəbi vəziyyət və sters yaratdığından ağır mənəvi sarsıntı keçirmişdir. Buna görə mənəvi zərəri də ödəməlidir. Məhkəmənin qeyd olunan hökmündən narazı qalan təqsirləndirilən şəxs X10, onun müdafiəçisi Müdafiəçi və xüsusi ittihamçı X6 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. 21 iyun 2023-cü il tarixdə ilkin məhkəmə baxışı iclası zamanı təqsirləndirilən şəxs X10 məhkəməyə vəsatətlə müraciət edərək, verilmiş apellyasiya şikayətlərinin hərəkətsiz saxlanılmasını, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokollarına verilmiş qeydlərə baxılması üçün iş materiallarının həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Şivan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2023-cü il tarixli, 1(106)438/2023 nömrəli qərarı ilə təqsirləndirilən şəxs X10 tərəfindən verilmiş vəsatət təmin olunaraq, verilmiş apellyasiya şikayətləri hərəkətsiz saxlanılmış, təqsirləndirilən şəxs X10 tərəfindən məhkəmə iclas protokollarına verilmiş qeydlərə baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(049)-30/2023 nömrəli qərarı ilə Lənkəran Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 1(049)-30/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məhkum edilmiş X7 barəsində olan iş üzrə məhkəmə iclas protokoluna verdiyi qeydlər əsassız olduğu üçün qəbul edilməmişdir. Apellyasiya şikayətləri üzrə ilkin dinləmələr keçirilərkən aydın olmuşdur ki, iş üzrə məhkəmə icraatının audioyazısının aparılmasına dair CD diski iş materiallarında yoxdur. 31 iyul 2023-cü il tarixdə keçirilmiş ilkin məhkəmə baxışı iclasında X10 məhkəməyə vəsatətlə müraciət edərək, məhkəmə iclas protokollarına verilmiş qeydlərin əsassız olaraq birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmədiyini, qeyd olunan xüsusatların məhkəmə baxışı zamanı həyata keçdiyini və həmin halların məhkəmə iclasının audioyazısı ilə yoxlanılmasının zəruri olduğunu bildirib, hazırki iş üzrə birinci instansiya məhkəmə baxışı iclasının audioyazısının iş materiallarına əlavə edilməsi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.6.4-cü maddəsinə əsasən cinayət işi materiallarının Lənkəran Rayon Məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2023-cü il tarixli, 1(106)- 438/2023 nömrəli qərarı ilə, təqsirləndirilən şəxs X10 tərəfindən verilmiş vəsatət təmin olunaraq, iş materialları Lənkəran Rayon Məhkəməsinə qaytarılmış və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.6.4-cü maddəsində nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün 10 (on) gün müddət təyin edilmişdir. 27 sentyabr 2023-cü il tarixdə keçirilmiş ilkin baxış iclası zamanı cinayət işinin materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə icraatın audioyazısının aparılması haqqında disk işə əlavə edilməmişdir. Qeyd edilmişdir ki, məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək məqsədi ilə məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması üçün zəruri avadanlıqlar Lənkəran Rayon Məhkəməsinin inzibati binasına gətirilsə də, həmin avadanlıqlar tam şəkildə quraşdırılmadığından və Elektron Məhkəmə İnformasiya Sistemində inteqrasiya edilmədiyindən məhkəmə iclaslarının audioyazısını qeydə almaq mümkün olmamışdır. İlkin baxış iclası zamanı təqsirləndirilən şəxs X10 bildirdi ki, birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarında müdafiəçisi ilə birlikdə dəfələrlə məhkəmə iclaslarının audioyazısının aparılmasını tələb etmələrinə baxmayaraq işə baxan hakim bunun üçün texniki imkanların olmadığını bildirmiş, eləcə də müdafiə tərəfinə məhkəmə iclaslarının audioyazısının aparılmasına mane olmuş, sonda isə onun tərəfindən haqlı olaraq verilmiş qeydləri əsassız hesab etmişdir. Belə olan halda onun barəsində olan iş üzrə şikayətlərin hərtərəfli, tam və obyektiv araşdırılması mümkün olmayacaqdır. Odur ki, apellyasiya şikayətlərinin məhkəmə baxışına təyin edilməsinin qeyri-mümkün olduğunu bildirib, ilkin baxışın nəticələri üzrə qanuni qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İlkin baxış iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi hüquqlarını müdafiə etdiyi X1 fikirləri təsdiq edərək, ilkin baxışın nəticələri üzrə qanuni qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmənin ilkin baxış iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş xüsusi ittihamçı X6 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası xüsusi ittihamçı X4 iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını ilkin baxış mərhələsinin məqsədləri baxımından nəzərdən keçirərək, həmçinin müdafiə tərəflərini dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayətlərinə baxılmasına xitam verilməklə Lənkəran Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 1(049)-30/2023 nömrəli hökmü ləğv edilməli və cinayət işi birinci instansiya məhkəməsinə məhkəmə baxışı mərhələsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət-Prosessual Məcəlləsi) 391.2.5-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə birinci instansiya məhkəməsində icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol verilib-verilmədiyini araşdırmalıdır. İlkin baxış iclasında təqsirləndirilən şəxs X10 və onun hüquqlarını müdafiə edən vəkil Müdafiəçi xüsusi olaraq vurğulamışlar ki, hazırki iş üzrə məhkəmə iclas protokoluna verilmiş qeydlərin həqiqəti əks etdirməsinə baxmayaraq, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə əsassız olaraq protokola verilən qeydlər qəbul edilməmişdir. Yuxarıda qeyd edildiyi kimi, iş materialları öyrənilərkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsindəki icraatın audioyazısı aparılmamış və bununla bağlı hər hansı disk işə əlavə olunmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 391.6.4-cü maddəsinə görə cinayət işində məhkəmə iclasının protokolu və məhkəmə iclasının audioyazısı olmadıqda apellyasiya instansiyası məhkəməsi həmin nöqsanın aradan qaldırılması üçün cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2023-cü il tarixli qərarı ilə Cinayət-Prosessual Məcəlləsinin 391.6.4-cü maddəsində nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün 10 (on) gün müddət müəyyən edilməklə xüsusi ittiham qaydasında şikayət üzrə iş materialları Lənkəran Rayon Məhkəməsinə qaytarılmışdır. Lakin Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubu ilə xüsusi ittiham qaydasında şikayət üzrə iş materialları Cinayət-Prosessual Məcəlləsinin 391.6.4-cü maddəsində nəzərdə tutulmuş tələb yerinə yetirilmədən Şirvan Apellyasiya Məhkəməsinə geri qaytarılmış və səbəb kimi audioyazısının aparılması üçün zəruri avadanlıqların tam şəkildə quraşdırılmamasını və Elektron Məhkəmə İnformasiya Sistemində inteqrasiya edilmədiyindən məhkəmə iclaslarının audioyazısını qeydə almaq mümkün olmamasını göstərilmişdir. Birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarının audioyazısı olmadığından ümumiyyətlə birinci instansiya məhkəmə iclas protokoluna verilmiş qeydlərin əsaslı olub olmaması və keçirilmiş məhkəmə iclasında verilmiş ifadələrin təhrif edilibedilməməsi müəyyən etmək mümkün olmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 51.6-cı maddəsinə əsasən prosessual hərəkətin aparılması zamanı texniki vasitələrdən istifadə olunmaqla audio və başqa yazılar, foto, video, kino və digər çəkilişlər həyata keçirilirsə, prosessual hərəkəti aparan şəxs hərəkəti başlamazdan əvvəl bütün iştirakçıları bu barədə xəbərdar edir. Texniki vasitələrdən istifadə olunması prosessual hərəkətin aparılması haqqında protokolda qeyd olunur, yazı və ya çəkiliş isə möhürlənir və müvafiq protokolun əlavəsi kimi cinayət təqibi üzrə icraatın materialları ilə birlikdə saxlanılır. Prosessual hərəkətin gedişinə dair audio və başqa yazılar, foto, video, kino və ya digər çəkilişlər başqa prosessual hərəkətin aparılması zamanı dinlənildikdə və ya baxıldıqda, bu barədə qeyd axırıncı prosessual hərəkətin aparılması haqqında protokolda göstərilməlidir. Həmin Məcəllənin 51.6-1-ci maddəsinə görə isə məhkəmə iclasında sədrlik edən iclasların fasiləsiz audioyazısının aparılmasını təmin edir, cinayət prosesinin tərəflərini və cinayət prosesində iştirak edən digər şəxsləri audioyazının aparılması barədə xəbərdar edir. Məhkəmə iclasının protokolu məhkəmə iclasının audioyazısına uyğun tərtib edilir və audioyazı barədə məlumat məhkəmə iclasının protokolunda göstərilməklə elektron və ya digər məlumat daşıyıcılarında ona əlavə olunur. Məhkəmə iclasının protokolu və audioyazısı arasında ziddiyyət olduğu halda, məhkəmə iclasının audioyazısına üstünlük verilir. Göründüyü kimi, cinayət-prosessual qanunvericilik məhkəmə icraatının audioyazısının aprılmasını imperativ qayda kimi müəyyən etmiş, lakin birinci instansiya məhkəməsi qeyd olunan prosessual qaydaya əməl etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, audioyazı məhkəmə iclas protokolunun tərkib hissəsidir və cinayət işinin materiallarına əlavə olunmalıdır. Audioyazının olmaması isə protokolun tərkib hissəsinin olmamasıdır. Cinayət-prosessual qanunvericilik göstərilən pozuntunu kobud prosessual pozuntu kimi nəzərdə tutmuşdur. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 391.8-ci maddəsinə əsasən cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraat materiallarında və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarında məhkəmə iclasının protokolu və məhkəmə iclasının audioyazısının olmaması bu Məcəllənin müddəalarının kobud pozuntusu hesab edilir və belə olan halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Beləliklə, birinci instansiya məhkəməsi məhkəmə icraatının audioyazısını aparmamaqla kobud prosessual pozuntuya yol vermiş, bunun nəticəsində də həmin məhkəmədə məhkəmə iclas protokoluna verilmiş qeydlərin əsaslı olub olmaması və keçirilmiş məhkəmə iclasında verilmiş ifadələrin təhrif edilməsi barədə irəli sürülən iddiaların əsaslı olub-olmamasını müəyyən etmək mümkün olmamışdır və bu əsasa görə də Cinayət-Prosessual Məcəlləsinin 391.9-cu maddəsinə əsasən hökm ləğv edilməklə cinayət işi birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 391.9-cu maddəsinə əsasən bu Məcəllənin 391.8 və 391.8-1-ci maddəsində nəzərdə tutulmuş hallarda apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə: 391.9.1. məhkəmə baxışının nəticələri üzrə çıxarılmış birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edir; 391.9.2. cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialları birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərir. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda qeyd edilən imperativ normalaraına istinad etməklə hesab edir ki, apellyasiya şikayətlərinə baxılmasına xitam verilməli, birinci instansiya məhkəməsinin hökmü ləğv edilməli və cinayət işi yuxarıda təsvir olunan pozuntunun aradan qaldırılması üçün birinci instansiya məhkəməsinin məhkəmə baxışı mərhələsinə qaytarılmalıdır. Eyni zamanda kollegiya qeyd edir ki, işə birinci instansiya məhkəməsində təkrar baxılarkən qeyd olunan prosessual nöqsanlar nəzərə alınmalı və qanuni və əsaslı məhkəmə qərarının qəbul edilməsi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391, 407, 410 və 412 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətlərinə baxılmasına xitam verilsin. X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məhkum edilməsi barədə Lənkəran Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 1(049)-30/2023 nömrəli hökmü ləğv edilsin və cinayət işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinə məhkəmə baxışı mərhələsinə qaytarılsın. Qərardan elan olunduğu gündən Cinayət-Prosessual Məcəlləsi 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhəmməd Bağırov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar