Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-45/2025 05.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Yevlax şəhər vəkil bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxs X1 iştirakı ilə. xx.xx.1984-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ş, barəsində həbs qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs2 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2024-cü il tarixli 1(099)-190/2024 saylı hökmündən Təqsirləndirilən şəxs2 Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə viedeokonfrans əlaqə sistemindən istifadə edilməklə baxaraq, cinayət kollegiyası qərar verdi. İ.İŞİN HALLARİ: İşin faktiki hallarına əsasən birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticəyə görə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, daşımış və salxamışlar. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Hacı” adlı şəxs ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, İran İslam Respublikası vətəndaşı “Hacı” adlı şəxsin verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 29.462,32 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana (bundan sonra – qurudulmuş marixuana) əldə etmiş, aralarında olan cinayətkar sövdələşməyə əsasən satıb əldə olunacaq pulu bölmək məqsədi ilə Təqsirləndirilən şəxs1 əldə etdikləri qurudulmuş marixuananın 7,99 qram hissəsini ayırıb 01 ədəd bükümdə olmaqla üzərində, qurudulmuş marixuananın 9,33 qram hissəsini ayırıb Təqsirləndirilən şəxs2 vermiş, əldə etdikləri narkotik vasitələrin qalan hissəsini Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz” markalı, **-BU-*** qeydiyyat nişanlı avtomobilin yük yerinə qoymaqla orada saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 29 mart 2023-cü il tarixdə saat 03:40-da Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində, DaşburunHoradiz avtomobil yolunda saxlanılaraq Beyləqan RPŞ-nin inzibati binasına gətirilmiş, 29 mart 2023-cü il tarixdə saat 05:40-dan etibarən üzərlərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki gödəkçənin sol yan cibindən 01 ədəd sellefon bükümdə 7,99 qram çəkidə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 əynindəki gödəkçənin sol yan cibindən 01 ədəd sellefon bükümdə 9,33 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirinin davamı olaraq 29 mart 2023-cü il tarixdə saat 07:50-dən etibarən Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz” markalı, **-BU-*** qeydiyyat nişanlı avtomibilə baxış keçirilən zaman avtomobilin yük hissəsindən 01 ədəd sintetik kisənin içərisində 15 ədəd sellefon torbada, ayrı-ayrılıqda təmiz çəkiləri- 995 qram, 945 qram, 955 qram, 890 qram, 975 qram, 435 qram, 525 qram, 505 qram, 540 qram, 545 qram, 2430 qram, 2045 qram, 2085 qram, 2180 qram və 560 qram olmaqla ümumilikdə külli miqdarda 16.610 qram çəkidə və 01 ədəd sintetik kisənin içərisində 13 ədəd sellefon torbada, ayrı-ayrılıqda təmiz çəkiləri 1020 qram, 940 qram, 890 qram, 1090 qram, 1110 qram, 950 qram, 1060 qram, 950 qram, 1025 qram, 930 qram, 1050 qram, 845 qram və 975 qram olmaqla ümumilikdə külli miqdarda 12.835 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür Məhkəmənin ittiham hökmünə əsasən Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 29 mart 2023-cü il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Həmin hökmlə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 29 mart 2023-cü il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. İİ.APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Müdafiəçi3 apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmənin gəldiyi nəticələr işin faktiki halları ilə uyğun gəlmir və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halları subuta yetirilməmişdir. Belə ki, Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində olan tibbi kitabçaların surətləri məhkəməyə daxil olmuş və baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 barəsində olan 3321/2023 nömrəli tibbi kitabçasının surətindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş, müayinə zamanı alt çənə sümüyünün sol şaxəsində yerdəyişən sınıq (rentgeneloji) müşahidə edilmişdir. O, “sol çənə sümüyünün sol şaxəsinin yerdəyişən sınığı” diaqnozu ilə xx.xx.2023-xx.xx.2023-cü il tarixdə Penitensiar Xidmətin müalicə müəssisəsində müayinə və müalicədə olmuşdur. Həbs olunan zaman xəsarət aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 barəsində olan 3322/2023 nömrəli tibbi kitabçasının surətindən görünür ki, bədəni üzərində çapıqlar qeyd olunmuş, həbs olunarkən zədə almadığını bildirmişdir. Müdafiə etdiyi şəxs barəsində edilmiş qanunazidd hərəkətlər, habelə sübutların qeyri-qanuni əsaslarla əldə edilməsi birmənalı qaydada müdafiə etdiyi şəxs barəsində ciddi qanunsuzluqların edildiyini ortaya qoyur. Təqsirləndirilən şəxs2 təqsirsizdir, onun sürücülük etməsi heç bir halda təqsirli olmasına dəlalət etmir, ona görə də barəsində olan hallar tam təfsilatı ilə araşdırılmalı və obyektiv qərar qəbul edilməlidir. Təqsirləndirilən şəxs2 ifadəsində bildirmişdir ki, sürücü olaraq əşyanı götürməyə gəlib, narkotik vasitəyə görə getməyib, o heç bir narkotik vasitəni götürməyib. Onun həmin ittiham üzrə təqsirsizliliyinə dair əsalı şübhələr mövcud olmuşdur. Qeyd olunanalara əsasən apellyasiya şikayətinin təmin edilməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(099)-190/2024 saylı hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs2 bəraət verilməsi xahiş olunmuşdur. İİİ.PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında dövlət ittihamçısı X4 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzanın ağırlaşdırıcı və yüngülləşdirici halların nəzərə alındığını, ona qanuni və ədalətli cəza təyin edildiyini qeyd etməklə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(099)-190/2024 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi3 verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini və ona bəraət verilməsini xahiş etmişdir. İV.HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə Cinayət-Prosessual Məcəlləsin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi Apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətinin dəlillərinin prosessual dəyərləndirilməsindən göründüyü kimi, müdafiə tərəfi məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını və işin əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edərək, tələbini Cinayət- Prosessual Məcəlləsinin 399.1.2. və 401-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılmaması, onların düzgün qiymətləndirilməməsi, məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması kimi məsələlər mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla hər bir apellyasiya dəlili üzrə ayrı-ayrılıqda araşdırma aparmışdır. İttiham hökmü üzrə müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilibyetirilməməsi ilə əlaqədar, birinci instansiya məhkəməsi tərəfindən toplanmış sübutların yoxlanılması və qiymətləndirlməsinin qanunauyğunluğu apellyasiya baxışında yoxlanılmış, şikayətlərin dəlillərinin həmin sübutlarla tam təkzib olunması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 qismən məhkəmə istintaqı ilə keçirilən məhkəmə iclasında birinci instansiya məhkəməsində verdiyi ifadəyə uyğun ifadə vermiş, lakin onun dəlilləri aşağıda qeyd olunan sübutlarla təkzib olunmuşdur. -İbtidai istintaqda Təqsirləndirilən şəxs2 şübhəli şəxs və təqsirləndirilən şəxs qismində ifadə verərkən bildirmişdir ki, “...Narkotik vasitə qurudulmuş marixuanadan mütəmadi olaraq istifadə edir. Sonuncu dəfə qurudulmuş marixuanını Yevlax şəhəri ərazisində tanımadığı şəxsdən alıb istifadə etmək məqsədi ilə gödəkçəsinin cibinə qoymuşdur. 28 mart 2023-cü il tarixdə Yevlax şəhərində olan zaman Qəhrəman ilə görüşəndə sonuncu bildirmişdir ki, tanışı İran İslam Respublikası vətəndaşı Hacı adlı şəxs Beyləqan rayonu ərazisinə narkotik vasitə göndərəcəkdir. Onunla birlikdə gedib qeyd olunan narkotik vasitələri götürüb sonradan müxtəlif ünvanlara yerləşdirəcəkləri halda 2000 manat məbləğində pul verəcəyini söyləmişdir. Qəhrəmanın təklifi ilə razılaşmış və birlikdə Beyləqan rayonu istiqamətində hərəkət etmişlər. Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində olan zaman avtomobili yolun kənarında saxlatmışdır. Qəhrəman yol kənarından narkotik vasitə olan torbaları götürəcəyini söyləmişdir. Avtomobildən düşüb 02 ədəd narıncı rəngli kisəni yol kənarından götürüb avtomobilin yük hissəsinə qoymuşdur. Avtomobilə oturub cəld şəkildə sürməyini söyləyən zaman mülki geyimli şəxslər yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. Həmin şəxslər xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlarla birlikdə Beyləqan RPŞ-yə gedəcəklərini söyləmişlər. Onlar da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişlər. Sonra polis əməkdaşları onlarla birlikdə avtomobilə əyləşib özləri ilə birlikdə Beyləqan şəhərində yerləşən Beyləqan RPŞ-nin inzibati binasınına aparmışlar....Həmin bağlamaların olduqları iki ədəd narıncı rəngli polietilen kisə polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür...” -Təqsirləndirilən şəxs2 istintaqın sonrakı mərhələsində ifadə verməkdən imtina etmiş, həmçinin birinci instansiya məhkəməsində və apellyasiya baxşında eyni məzmunda ifadə verərək bildirmişdir ki, “Taksi fəaliyyəti ilə məşğul olmuş, Təqsirləndirilən şəxs1 əvvəldən tanımışdır. Qəhrəman ona zəng edib Beyləqan rayonuna gedib oradan da Bakıya aparılacaq qadın və yük olduğunu deyib, maşın lazım olduğunu bildirmiş, onunla 200 manata razılaşmış, o da taksi sürücüsü olduğu üçün Qəhrəmanla razılaşmışdır. 26 mart 2023-cü il tarixdə sinif yoldaşından maşını götürüb günorta saatlarında Qəhrəmanla birlikdə Beyləqan rayonuna getmişlər. Lakin Qəhrəmanın deməsinə görə həmin şəxs çıxmayıb, buna görə də geri qayıtmışlar. Bundan iki gün sonra axşam saat 18 radələrində yenidən Qəhrəmanla birlikdə Beyləqan rayonuna getmişlər. Mil qəsəbəsinə çatdıqda Qəhrəman yolun kənarında saxlamağı ondan xahiş etmiş, o da maşını saxlamış, Qəhrəman da maşından düşüb telefonla danışmağa başlamışdır. Buna görə də o, maşının oturacağını açıb sükan arxasında mürgüləmiş və yuxuya getmişdir. Müəyyən qədər vaxt keçdikdən sonra ayılmış və Qəhərman ondan sürməsini istəmişdir. O, maşını sürüb hərəkət etmək istəyərkən polis əməkdaşları ona saxla işarəsi vermişlər və o, maşını saxlamışdır. Bundan sonra polis əməkdaşları onları polis şöbəsinə aparmışlar. Üzərilərinə baxış keçirilərkən üzərindən qurudulmuş marixuana çıxmışdır. Həmin marixuananı o, Yevlax şəhərindən almışdır. Maşına baxış keçirilərkən də yük yerindən içində narkotik olan kisələr aşkar edilmişdir. Lakin həmin kisədə olan narkotik maddədən məlumatı olmamışdır. İstintaqda bu barədə etirafedici ifadı verməsinin səbəbi polis əməkdaşlarının ona hədəqorxu gəlmələri olmuşdur. İstintaq təcridxanasına müayinə zamanı qorxub ona işgəncə verilməsini, bədənində xəsarətlərin olmasını deməmişdir. Apellyasiya baxışında Təqsirləndirilən şəxs1 bildirmişdir ki, narkotiki “Hacı” adlı İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlayarkən sonuncu narkotik vasitə götürməyi ona demişdir. Narkotiki deyilən yerə qoyduqdan sonra pulu onun kartına köçürəcəkdilər. Bu barədə taksi sürücüsü Təqsirləndirilən şəxs2 heç bir söz deməmişdir. Ona bildirmişdir ki, qadın var, onu götürüb Bakı şəhərinə gedəcəklər. Hadisə yerinə çatdıqdan sonra o, avtomobildən düşmüş, Təqsirləndirilən şəxs2 avtomobildə qalmışdır. Narkotiki maşının yük yerinə qoyanda Ramil maşında yatmış vəziyyətdə olmuşdur. Yük yerini bağlayan zaman səsə Təqsirləndirilən şəxs2 oyanmış, onlar hərəkət etmək istəyərkən polis əməkdaşları maşını saxlamışlar. Onlar Bakı şəhərinə aparıldıqdan sonra onu məcbur etmişlər ki, Təqsirləndirilən şəxs2 narkotik vasitədən məlumatlı olması ilə bağlı ifadə versin. Bununla əlaqədar olaraq onun vurub çənəsini sındırmışlar. Ona görə də məcbur olub, ibtidai istintaqda narkotik vasitənin olduğu yerdən götürülüb daşınmasında Təqsirləndirilən şəxs2 əvvəlcədən məlumatı olmasını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrinin həmin hissə ilə bağlı qeyd olunmuşdur ki, “... Təqsirləndirilən şəxs2 ilə eyni rayondandır və asudə vaxtlarında görüşürlər. Təqsirləndirilən şəxs2 özünə məxsus “Mercedes Benz” markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Təxminən 2 ay öncə “İnstagram” sosial şəbəkəsində bir nəfər İran İslam Respublikası vətəndaşı özünə yazıb ümumi tanışlıq yaratmışdır. Həmin şəxs özünü Hacı adı ilə təqdim etmişdir. Bundan sonra danışıq əsnasında “Hacı” ona ölkə ərazisinə narkotik vasitələr göndərdiyini və həmin narkotik vasitələri Beyləqan rayonundan götürüb onun bildirdiyi yerə qoyacağı halda narkotik vasitələrin hər kiloqramına görə 400 manat məbləğində pul verəcəyini söyləmişdir. O da Hacının təklifi ilə razılaşıb qeyd olunan yerə gedib narkotik vasitələri götürəcəyini söyləmişdir. Bu barədə tanışı Təqsirləndirilən şəxs2 məlumat vermişdir. Ramilə idarə etdiyi avtomobil ilə qeyd olunan ünvana gedib narkotik vasitələri götürüb sonradan müxtəlif ünvanlara qoyacaqları halda ona 2000 manat məbləğində pul verəcəyini söyləmişdir. 28 mart 2023-cü il tarixdə Hacı onunla “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlayıb malın bu gün axşam saatlarında Beyləqan rayonu ərazisinə atılacağını söyləyib həmin ünvana gedib narkotik vasitələri götürməyini söyləmişdir. Elə həmin an Ramilə məlumat vermiş, Ramil də təklifi ilə razılaşmış və birlikdə Beyləqan rayonu istiqamətində hərəkət etmişlər. Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində olan zaman avtomobili yolun kənarında saxlatmış, Ramilə yol kənarından narkotik vasitə olan torbaları götürəcəyini söyləmişdir. Avtomobildən düşüb 02 ədəd narıncı rəngli kisəni yol kənarından götürüb avtomobilin yük hissəsinə qoymuş, həmin yükün üzərindən götürdüyü bir ədəd sellofan bükümdə olan qurudulmuş marixuananı isə gödəkçəsinin cibinə qoymuşdur. Avtomobilə oturub Ramilə cəld şəkildə sürməyini söyləyən zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər.” -Məhkəmə istintaqında şahid kimi dindirilən polis əməkdaşları Şahid1 və Şahid2 ittihamda göstərilən hallara uyğun ifadələr vermişlər. - “Şəxsi axtarış və götürmə aparılması” haqqında 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 əynindəki gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə qurulmuş marixuanaya bənzər maddə, Təqsirləndirilən şəxs2 əynindəki gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər maddə qablaşdırılmaqla götürülmüşdür - “Baxış və götürmə aparılması” haqqında 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz” markalı, **-BU-*** qeydiyyat nişanlı avtomobilin yük yerindən 01 ədəd narıncı rəngli kisədə 15 ədəd sellefon bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, 01 ədəd narıncı rəngli kisədə 13 ədəd sellefon bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. - Məhkəmə-bioloji ekspertizasının 29 mart 2023-cü il tarixli, 17/289 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş bir ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlə,” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd sellefon bükümdə, təmiz çəkisi - 7,99 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd sellefon bükümdə, təmiz çəkisi - 9,33 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim etdikləri... on beş ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə” sözləri, adlar və imzalar yazılmış sintetik kisənin içərisindəki 15 (on beş) ədəd sellefon torbalarda, ayrı-ayrılıqda təmiz çəkiləri – 995 qram, 945 qram, 955 qram, 890 qram, 975 qram, 435 qram, 525 qram, 505 qram, 540 qram, 545 qram, 2430 qram, 2045 qram, 2085 qram, 2180 qram və 560 qram, ümumi çəkiləri - 16.610 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim etdikləri.. on üç ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə” sözləri, adlar və imzalar yazılmış sintetik kisənin içərisindəki 13 (on üç) ədəd sellefon torbalarda, ayrı-ayrılıqda təmiz çəkiləri - 1020 qram, 940 qram, 890 qram, 1090 qram, 1110 qram, 950 qram, 1060 qram, 950 qram, 1025 qram, 930 qram, 1050 qram, 845 qram və 975 qram, ümumi çəkiləri - 12835 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilən 02 ədəd sellefon bükümlərdə və ümumilikdə 28 ədəd sellefon torbalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 427/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilərkən, hakim qarşısında təqsirsiz olmaları ilə bağlı, eləcə də pis rəftarla bağlı məhkəməyə heç bir məlumat verməmişlər, özlərini təqsirli bilmişlər. - Beyləqan Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 5(020)-14/2023 saylı qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir - Ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 1753 nömrəli rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. -Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində olan tibbi kitabçaların surətlərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 barəsində olan 3321/2023 nömrəli tibbi kitabçasının surətindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş, müayinə zamanı alt çənə sümüyünün sol şaxəsində yerdəyişən sınıq (rentgeneloji) müşahidə edilmişdir. O, “sol çənə sümüyünün sol şaxəsinin yerdəyişən sınığı” diaqnozu ilə xx.xx.2023 - xx.xx.2023-cü il tarixdə Penitensiar Xidmətin müalicə müəssisəsində müayinə və müalicədə olmuşdur. Həbs olunan zaman xəsarət aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 barəsində olan 3322/2023 nömrəli tibbi kitabçasının surətindən görünür ki, bədəni üzərində köhnə çapıqlar qeyd olunmuş, həbs olunarkən zədə almadığını bildirmişdir. - “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 20 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı İstintaq Təcridxanasına daxil olarkən tibbi müayinə zamanı xəsarətlərin aşkar edilməsi barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin məlumatı əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində ilkin yoxlama aparılmış, nəticədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən döyülmələri barədə göstərdikləri dəlillər təsdiq olunmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Apellyasiya baxışının qismən məhkəmə istintaqı zamanı ilə müəyyən olunmuşdur ki, müdafiə tərəfi iki halı mübahisələndirir: 1.Təqsirləndirilən şəxsin döyülməsi və nəticədə etirafedici ifadələr verməsi; 2.Təqsirləndirilən şəxsin narkotik vasitə marixuana olan kisələrdən məlumatlı olmaması. Hər iki dəlilə münasibətdə kollegiya qeyd edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında polis əməkdaşları tərəfindən döyülməsini bildirsə də, bu vəziyyəti təsdiq edən, yaxud etirafedici ifadələrin mötəbərliyini şübhə altına alan hal müəyyən olunmur. Belə ki, Təqsirləndirilən şəxs1 çənə sümünüyün sınması faktı təsdiq olunur, lakin bu halın Təqsirləndirilən şəxs2 xeyrinə hər hansı əlaqəsi müəyyən olunmur. Təqsirləndirilən şəxs2 barəsində olan tibbi kitabçadan göründüyü kimi, təcridaxanada tibbi müayinə zamanı onun bədəni üzərində hər hansı xəsarət izi aşkar olunmamışdır. Bu hala əsasən onun döyülməsi, fiziki ağrılara mərus qalmasını təsdiq edən digər mötəbər sübut müəyyən olunmur. Belə olan halda bu qənaət yaranır ki, ona xəsarət yetirilmədiyi halda, ibtidai istintaqda etirafedici ifadələr verməsinin başqa məcburedici əsası da yoxdur. Bundan başqa ona kənar təsir var idisə, ibtidai istintaqın sonrakı mərhələsində ifadə verməkdən imtina etmişdir. Yəni onun üçün hüquqi cəhətdən tam şərait olmuşdur ki, pis rəftarla bağlı hüquq mühafizə orqanlarına məlumat versin. Lakin onun məhkəməyədək icraat dövründə belə bununla bağlı heç bir hərəkəti olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 etiraf edir ki, marixuana istifadəçisidir. Onun üzərindən aşkar olunmuş qurudulmuş marixuananı inkar etmir və Yevlax şəhərindən əldə etməsini bildirir. Lakin məhkəmə biloloji ekspertizanın rəyi ilə təsdiq olunur ki, həmin qurudulmuş marixuana ilə avtomobilin yük yedindən aşkar olunmuş qurudulmuş marixuananın kimyəvi tərkibi eynidir. Bu vəziyyət Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş marixuana ilə bildirdiklərini təkzib etməklə yanaşı kisələrdə olan marixanadan götürüb üzərlərində saxlamaları barədə etirafedici ifadəni təsdiq edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə apellyasiya müraciəti ilə əlaqədar təhlil olunub mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmiş yuxarıda qeyd olunan ittihamın qiymətləndirilməsi üçün kifayət qədər toplanmış sübutların məcmusu ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 hərəkətlərində CM-in 234.4.1. və 234.4.3-cü maddələrinin tərkib hissəsi mövcud olmuşdur. Məhkəmə Kollegiyası onun özünü təqsirli bilməməsi barədə ifadəsini toplanmış sübutlarla qarşılıqlı təhlil etmiş, lakin işin halları ilə göstərdiyi xüsusatlar tam təkzib olunduğu və toplanmış sübutların mötəbırliyini şübhə altına alan hal müəyyən olunmadığı üçün, onun ittihamı qəbul etməməsi ilə bağlı dəlilləri özünü müdafiə kimi xarakterizə olunmalı və əsassız hesab olunaraq sübut kimi qəbul olunmamalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarında tövsiyyə olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Pis rəftarla əlaqədar Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 etirafedici ifadə verməsinin səbəbini məhkəmə istintaqında döyülməsi ilə izah etsə də, həmin etitrafedici ifadələri şübhə altına alan hal müəyyən olunmur. Belə ki, CPM-in 21.3-cü maddəsi təqsirləndirilən şəxsin təqsirsizliyini sübut etməyə borclu olmadığını müəyyən etmiş olsa da, CPM-in 125.8-ci maddəsi sübutların yolverilməzliyinin, yəni həmin Məcəllənin 125.2-ci maddəsində göstərilən qanunsuz əsaslarla əldə olunmasının sübut edilməsini mübahisə edən tərəfin üzərinə qoyur. Beləliklə təqsirləndirilən şəxsin pis rəftarla bağlı ifadəsi digər hallarla təsdiq olunmadığı üçün sübut kimi rədd olunmalı, özünü müdafiə kimi qiymətləndirilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “Narkotik vasitələrin, psixotrop 3 maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun 1.0.10-cu maddəsinin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Ali Məhkəmənin Plenumunun Qərarında göstərilənlər nəzərə alınmaqla saxlanılma və daşınma ilə bağlı təqsirləndirilən şəxsin ilkin ifadələrinin sübut kimi mötəbərliyini şübhə altına alan hal müəyyən olunmadığı üçün, həmin ifadələr, şəxsi axtarış barədə protokol, şəxsi axtarış və götürmə ilə bağlı kompakt diskdə olan videogörüntüdən aydın olur ki, Təqsirləndirilən şəxs2 narkotik vasitənin daşınmasına yönəlmiş hərəkətləri narkotik vasitənin saxlanılması və daşınması kimi qiymətləndirməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Beləliklə kollegiyanın hüquqi təhlilinə əsasən, müdafiə tərəfinin qeyd etdikləri işin faktiki hallarına uyğun deyil, digər sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur, birinci instansiya məhkəməsində toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmış, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmişdir. Bununla da cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət təqibi üzrə toplanmış sübutlar kifayətdir ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Yekun olaraq, məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi qiymətləndirilərək birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsin əməli düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. CPM-in 397.2-ci mаddəsinə əsasən birinci instаnsiyа məhkəməsi tərəfindən cinаyət qаnununа və bu Məcəllənin nоrmаlаrınа riаyət edilməsi аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən аpellyаsiyа şikаyətinin və аpellyаsiyа prоtestinin dəlillərindən аsılı оlmаyаrаq yоxlаnılır. Qeyd olunan prosessual tələbə uyğun olaraq cinayət qanunverciliyinin maddi və prosessual normalarının qanunauyğunluğu, habelə təyin olunan cəzanın ədalətliliyi cəzanın məqsədlərinə mütənasibliyi yoxlanılmışdır. Nəzərə alınmalıdır ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi hallarla, o cümlədən təqsirləndirilən şəxsin şəxsiyyəti törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi (cinayətin obyektinin əhalinin sağlamlığının qorunmasını qoruyan ictimai müasibətlərə qəsdin olması) cəzanın məhkumun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin qeyd olunan normalarının və ədalət prinsipinin (CM maddə 8) tələblərinə cavab verən azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, X1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(099)-190/2024 saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRAR VERDİ: Müdafiəçi3 apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs2 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(099)-190/2024 saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar elan olunduğu andan, X3 və Təqsirləndirilən şəxs2 rəsmi olaraq aldığı tarixdən Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-45/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-45/2025
05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver