Məhkəmə qərarları › İş №1(106)-451/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-451/2024

11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-451/2024 11.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi) Əliyev Elşad İbiş oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi Üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X6, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 1(099)-79/2024 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 1(099)-79/2024 saylı hökmü ilə (sədrlik edən hakim Nahid Hüseynov) xx.xx.1988-ci ildə Türkmənistan Respublikası Aşqabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Masallı rayon Gəyəçöl kəndində qeydiyyatda olan, Suraxanı rayonu Binə qəsəbəsi, Südçülük sovxozunda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 22 mart 2023-cü ildən hesablanmaqla ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Meysəməli” adlı şəxslə cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikası ərazisində satışının həyata keçirilməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etdiyi razılığa əsasən İİR vətəndaşı “Meysəməli” adlı şəxs tərəfindən istintaqa dəqiq məlum olmayan tarixdə Yardımlı rayonu Şəfəqli kəndi ərazisindən yolun kənarında olan bulağın yaxınlığındakı kolluqda gizlədilmiş külli miqdarda, yəni 4040 qram narkotik vasitə qurudulmuş marixuana barədə sonuncu tərəfindən “WhatsApp” mobil tətbiq proqramı vasitəsilə ona məlumat verildikdən sonra 22 mart 2023-cü il tarixdə, saat 01:20 radələrində idarə etdiyi “Chevrolet Cruse” markalı ** FK *** dövlət qeydiyyat nişanlı avtomobillə Yardımlı rayonu, Şəfəqli kəndinə gələrək, həmin kənd ərazisində yerləşən yolun kənarındakı kolluqda gizlədilmiş 1 ədəd qara rəngli kisə torbanın içində olan 4 ədəd şəffaf sellofana bükülmüş olan külli miqdarda marixuananı qanunsuz olaraq əldə edib qeyd edilən avtomobilin arxa yük yerinə qoyub satış məqsədilə daşıyaraq Masallı rayonu istiqamətində hərəkət edərkən onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla cinayət törətməsi barədə məlumat almış Yardımlı RPŞ-nin əməkdaşları tərəfindən həmin tarixdə saat 04:45 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı-Yardımlı avtomobil yolunun 19-cu km-də saxlanılmış, avtomobilə baxış keçirilən zaman avtomobilin yük yerindən 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1030 qram, 1000 qram, 1005 qram, 1005 qram olmaqla ümumilikdə 4040 qram çəkidə külli miqdarda qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs vəkili apellyasiya şikayətində göstərmişdir ki, Təqsirləndirilən şəxs nə istintaq zamanı nə də məhkəmədə özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilməmişdir. O ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, sərhəd pozmamış, 200 qram nəşə götürmək üçün Yardımlı rayonuna getmişdir. Buna görə özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. O bir müddətdir ki, narkotik vasitə qəbul edir. Həmişə narkotik vasitə aldığı şəxsə zəng edib 200 qram marixuana istədiyini bildirmişdir. O da Yardımlı rayonu ərazisinə narkotik vasitə qoyacağını bildirmişdir. Ona görə Yardımlıya getmiş, ona deyilən yerdə maşını saxlamış, orada olan torbanın böyük olduğunbu görüb ona aid olmadığını fikirləşib götürməmişdir. İfadəsində yazılıb ki, guya 1500 manat müqabilində narkotik vasitəni götürmüş, maşını isə saxlamamışdır. Lakin bu yalandır, həmin vaxt polis əməkdaşları yolda ona saxla işarəsi vermiş, o da maşını saxlamışdır. Təqsirləndirilən şəxs barəsində çıxarılmış hökm ədalətsiz omuşdur. Belə ki, onun barəsində olan cinayət işi obyektiv araşdırılmamışdır. Məhkəmə ittihamın mövqeyinə uyğun olan sübutları qəbul edib digər sübutları qəbul etməməsinin səbəbini əsaslandırmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə daşıması işdə olan mövcud sübutlarla təkzib edilir. Bundan başqa onun öz istifadəsi üçün narkotik vasitə əldə etməsi barədə yazışmalar onun telefonundsa olmuş, yazışmalar onun xeyrinə olduğundan müstəntiq tərəfindən silinmişdir. Ekspert rəyində Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunması baxımından onun həmin narkotik vasitəsini özünün istifadəsi üçün əldə etməsi daha inandırıcıdır. Müdafiəçi qeyd edilənlərə istinad edərək Təqsirləndirilən şəxs barəsində olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(099)-79/2024 saylı hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə dəyişməklə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin birinci instansiya məhkəməsində sübuta yetirildiyini göstərərək Təqsirləndirilən şəxs barəsində olan hökmün dəyişdirilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs vəkili çıxışlarında apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif etməklə ona cəza təyin edilməsini xahiş etmişdir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası müəyyən edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan əməli törətməsi barədə hökmü çıxarakən aşağıdakı sübutlara istinad etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, sərhəd pozmamış, 200 qram çəkidə “nəşə” götürmək üçün Yardımlı rayonuna getmiş, buna görə özünü Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə təqsirli bilir. Belə ki, Novruz bayramı vaxtı Masallı rayonuna gedərkən yolda əvvəllər narkotik aldığı şəxsə zəng edib 200 qram marixuana istədiyini bildirmişdir. Belə ki, o bir müddətdir ki, narkotik istifadəçisidir. Həmin şəxs isə Yardımlı rayonuna narkotik vasitə qoyacağını bildirmişdir. Həyatı boyu Yardımlı rayonunda olmamış, Bakı şəhərində yaşamışdır. Buna görə də Yardımlı rayonuna getmiş, narkotik istədiyi şəxsin dediyi yerdə maşını saxlamış və orada olan torbanın böyük olduğunu görüb, ona aid olmadığını fikirləşib götürməmişdir. İfadəsində yazılıb ki, guya 1500 manat müqabilində narkotik vasitəni götürmüş, maşını isə saxlamamışdır. Lakin bu yalandır, həmin vaxt polis əməkdaşları yolda ona saxla işarəsi vermiş, o, da maşını saxlamışdır. Polislər ondan içki içib-içmədiyini soruşmuş, o, isə narkotik vasitə qəbul etdiyini bildirdiyindən polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Orada isə özlərindən ifadə yazmışlar. Ona qarşı qanunsuz hərəkətlər edildiyindən həmin ifadələri imzalamışdır. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişir ki, Masallı rayonu Gəyəçöl kəndində saxlanılmış, həmin vaxt maşınında narkotik vasitə aşkarlanmamışdır.Onu saxladıqları yerdə 4-5 ədəd polis maşını olmuşdur. Sonra onu Yardımlı rayonuna gətirmişlər. Onun avtomobilinə baxış isə Yardımlı postunda baxış keçirilmiş, həmin vaxt avtomobilində 700-800 qram çəkidə marixuana olmuşdur. Həmin marixuananı isə Yardımlı rayonu, Avaş kəndindən 22 mart 2023-cü il tarixdə, saat 23 radələrində götürmüşdür və həmin yerə idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobili ilə getmişdir. Həmin yerə Bakı şəhərindən çıxıb gəlmişdir. Həmin kənddə narkotik vasitə olmasını telefonda danışdığı şəxs ona demişdir. Lakin həmin şəxsi görməmiş, tanımamışdır. Telefonda danışdığı şəxsin adı “Meysəməli” olmuşdur. Lakin həmin şəxsin haralı olduğunu soruşmamışdır. Ondan 200 qram marixuana istəmiş, lakin çox olduğunu görüb bir bükümünü götürmüş, lakin həmin bükümdə 700-800 qram olmuşdur. Həmin bükümü götürdükdən sonra həmin şəxsə zəng edib 200 qram marixuana istədiyi halda həmin yerdə çox marixuana olmasını bildirmiş, bir bükümünü götürmüş, qalanına əl vurmadığını bildirmişdir. Həmin şəxs də bildirmişdir ki, narkotik vasitədən öz payını götürsün, qalanını da onun istədiyi yerə qoysun. Həmin şəxsdən də öz istifadəsi üçün marixuana istəmişdir. O, isə etiraz etmiş, "mal daşıyan” olmadığını bildirmiş, onunla razılaşmamışdır. Lakin maşınında olan 700 qram marixuananı həmin yerdən götürmüşdür. Belə ki, oradan bir bağlamanı götürüb maşınına qoymuş, qalanı isə orada qalmışdır. Həmin şəxsin iranlı olub-olmadığını bilməmiş, həmin şəxs azərbaycan dilində danışmışdır. Həmin şəxslə “İnstagram” sosial şəbəkəsində tanış olmuş, narkotik vasitə - marixuana qəbul etdiyindən ondan narkotik istəmişdir. Müstəntiqə verdiyi ifadəsini oxumuş, lakin həmin ifadəni təsdiq etmir, belə ki, onda ifadəsində yazılan miqdarda marixuana olmayıb, yolun kənarında olan torbadakı narkotiki götürməmişdir. İlk dəfə polis ona saxla işarəsi verdikdə saxlamamış, sürüb getmiş, polislər isə Masallı rayonu, Gəyəçöl kəndinədək onu təqib etmişlər və həmin yerdə onu saxlamışlar, həmin vaxt da narkotik çəkdiyini bildirmişdir. “Meysəməli” adlı şəxslə saxlanılmamışdan 3-4 ay əvvəl tanış olmuş, ondan 4- 5 dəfə müxtəlif Bakı şəhərinin yerlərində narkotik almış, lakin onunla görüşməmişdir. Narkotik vasitənin pulunu isə “M10” deyilən ödəniş vasitəsi ilə mağazalardakı aparatlardan ödəmişdir. Avaş kəndində bir neçə bükümdə narkotik vasitə görmüş, lakin bir bükümünü götürmüşdür. Avtomobilini Masallı rayonundan, Yardımlı rayonuna gətirərkən maşınına 4 bükümdə qurudulmuş marixuananı qoymuşlar. Onun bədəni üzərində xəsarətlər olmuş, lakin polis əməkdaşları tərəfindən döyülməsi barədə heç nə deməmişdir. Əvvəlki ifadəsində isə hansı səbəbdən polis əməkdaşları tərəfindən fiziki təzyiq edilmədiyini deməsinin səbəbini bilmir. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı videoçəkiliş aparılmaqla 22 mart 2023-cü il tarixdə üzərinə şəxsi axtarış keçirilərkən və avtomobilinə baxış keçirilərkən şifahi və həmin tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində verdiyi izahatı, 23 mart 2023-cü il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə göstərmişdir ki, təxminən 01 il bundan əvvəl “İnstagram” sosial şəbəkəsində “Meysəməli” adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, “Meysəməli” ona istifadəsində olan 077 *** ** ** mobil nömrəsini vermiş, o da “Meysəməli”yə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini vermişdir. Onlar tanış olduqdan sonra bir neçə dəfə yazışmışlar. Sosial şəbəkədə yazışdıqları zaman “Meysəməli” ona Yardımlı rayonu ərazisində narkotik vasitələr olduğunu və həmin narkotik vasitələri əldə edərək Bakı şəhərinə aparmasını təklif etmiş, lakin o, tutulmaqdan qorxduğu üçün onun təklifi ilə razılaşmamışdır. Sonuncu dəfə 3 ay bundan əvvəl “Meysəməli” ona zəng etməyini mütəmadiləşdirmiş və hər dəfəsində də ona Yardımlı rayonuna narkotik vasitə göndərmək istədiyini bildirmiş, o, da yaşayış səviyyəsinin aşağı olduğunu, həmçinin özünün də narkotik vasitəyə ehtiyacı olduğunu nəzərə alıb, sonuncu dəfə onunla razılaşmışdır. Bundan sonra onlar “WhatsApp” proqramı vasitəsilə danışmış və “Meysəməli” Yardımlı rayonu ərazisinə narkotik vasitə göndərdiyini bildirərək, “WhatsApp” proqramı vasitəsilə həmin yerin ünvanını ona göndərmiş, o, da 22 mart 2023cü il tarixdə gecə saatlarında təxminən 3-4 ay bundan əvvəl Bakı şəhərində kreditə aldığı “Chevrolet cruse” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobili özü idarə edərək Meysəməlinin Yardımlı rayonu ərazisində narkotik vasitə göndərdiyi ünvana getmiş, həmin ünvana çatdıqdan sonra onunla yenidən əlaqə saxlayaraq narkotik vasitəni hara qoyduğunu dəqiqləşdirmiş, “Meysəməli” narkotik vasitənin Yardımlı rayonu, Şəfəqli kəndi ərazisində yerləşən yolun solundakı şəhid bulağının yaxınlığında 1 ədəd qara rəngli sellofan torbada qoyulduğunu demiş, o, narkotik vasitəni taparaq avtomobilin arxa yük yerinə qoymuş və Masallı rayonu istiqamətində hərəkət etməyə başlamışdır. Yardımlı rayonunun çıxışına çatdıqda, orada xidmət aparan polis əməkdaşları onun idarə etdiyi avtomobilə saxla işarəsi vermişlər, o, da avtomobili saxlamış, polis əməkdaşları özlərini təqdim etdikdən sonra avtomobilin yük yerini açmasını bildirmişlər. Lakin o, avtomobilin yük yerini açmaqdan imtina edərək avtomobili hərəkətə gətirərək Masallı rayonu istiqamətində hərəkət etməyə başlamış, polis əməkdaşları da xidməti avtomobilləri ilə onun arxasınca hərəkət etmişlər. Polislərdən yayınmaq məqsədilə Masallı rayonu, Gəyəçöl kəndi istiqamətinə hərəkət etmiş, lakin idarəetməni itirdiyi üçün avtomobil yolun kənarında olan arxa düşmüş, o, avtomobili işlək halda qoyub avtomobildən düşərək qaçmaq istərkən polis əməkdaşları onu saxlamışlar. Sonra onu idarə etdiyi avtomobil ilə Masallı-Yardımlı yolunun 19-cu kilometrliyinə Yardımlı rayon ərazisinə polislərin yanından qaçdığı yerə gətirmişlər və orada vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış aparılmış, axtarış zamanı üzərindən üstündə ***-***-**-** mobil nömrə olan “Redmi” markalı mobil telefon aşkar edilmiş, avtomobilə baxış zamanı isə avtomobilin yük yerindən içərisində qurudulmuş marixuana olan sellofan torba aşkar edilmışdir. O, polis əməkdaşlarına avtomobilinin yük yerində aşkar edilmiş içərisində narkotik vasitə olan sellofan torbanın ona məxsus olduğunu, Yardımlı rayon ərazisindən əldə etdiyi narkotik vasitələri Bakı şəhəri ərazisində “Meysəməli”nin deyəcəyi yerə qoyacağını, bunun müqabilində İran İslam Respublikasının vətəndaşı “Meyəsəməli” adlı şəxsin ona kart vasitəsilə 1500 manat pul çatdıracağını demişdir. Cinayət işi materiallarında olan ilkin araşdırma materiallarından, yəni; Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun mütəmadi olaraq İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə əldə etdiyi külli miqdarda narkotik vasitələrin daşınması ilə məşğul olmasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 21 mart 2023-cü il tarixli raport, "Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi və narkotik vasitəni daşıdığı avtomobilə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitəni daşıdığı avtomobilə baxış keçirilərkən narkotik vasitəni könüllü olaraq təqdim etdiyi, hər hansı hala etiraz etmədiyi və polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilmədiyini göstərməsi müəyyən edilir. İşdə olan, "cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 22 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 04:45-də şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan, "Baxış, şəxsi axtarış və götürmə haqqında” 22 mart 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş "DVD” diskdən görünür ki, şəxsi axtarışş zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd "REDMİ” markalı mobil telefon aşkarlanmış, hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Sonuncunun idarə etdiyi "Chevrolet Cruse” markalı avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin arxa yük yerindən bir ədəd kisəni təqdim edib içərisində narkotik maddə olduğunu bildirmiş, həmin kisəyə baxış keçirilərkən içində 4 ədəd üzəri yapışqan lentlə bağlanmış, hər birinin üzərində "B B” hərfləri yazılmış kağız parçaları olan bükümlərdə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan, məhkəmə bioloji ekspertizasının 22 mart 2023-cü il tarixli, 19/327 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "Şübhəli şəxs X2 və imzalar olan bir ədəd qara rəngli bağlamadakı 4 ədəd bükülülərdə ayrı- ayrılıqda təmiz çəkiləri: - 1030,0 qr; -1000,0 qr: -1005,0 qr: -1005,0 qr: ümumi təmiz çəkisi: - 4040,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, xarici görünüşlərinə və bioloji tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. İşdə olan, "təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 23 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İşdə olan, "Telefona baxış keçirilməsi” haqqında 23 mart 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi "Redmi” markalı mobil telefonda olan "Dostum Ali” adı ilə qeyd edilən ***-***-**-** saylı mobil nömrənin "Meysəməli” adlı İİR vətəndaşı olan şəxsin istifadəsində olmasını, həmin nömrənin WhatsApp proqramı vasitəsi ilə iranlı şəxslə əlaqə saxladığını, avtomobilindən aşkar edilmiş narkotik vasitənin əldə edilməsində həmin nömrə ilə əlaqə saxladığını bildirmişdir. İşdə olan, "maddi sübut kimi tanıma” haqqında 25 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş məhkəmə-bioloji ekspertizasının tədqiqatına- 0,4 qram sərf edildikdən sonra qalıq çəkisi -4039,6 qram olan qurudulmuş marixuana maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Yardımlı RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. Yardımlı Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 5(038)-14/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat axtarış tədbirinin keçirilməsinə dair DİN-nin Yardımlı RPŞ-nin əməliyyat müəvəkkili Şahid1 21 mart 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. İşdə olan, Məhkəmə-narkoloji ekspertizasının 24 aprel 2023-cü il tarixli, 463 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, "maddi sübut kimi tanıma” haqqında 29 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş "Redmi” markalı mobil telefon maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Yardımlı RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 1406 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırki psixi müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Birinci instansiya məhkəməsi araşdırılmış yuxarıda sadalanan sübutların məcmusuna əsaslanıb, bu nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətmişdir. Məhkəmə kollegiyası müəyyən edir ki, Təqsirləndirilən şəxs vəkili apellyasiya şikayətində Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə dəyişdirilməli olduğunu hesab etmişdir. Müdafiəçi bu zaman Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə istinad etmişdir. Məhkəmə kollegiyası müəyyən edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi ilə razılaşarkən Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini əsas götürmüşdür. Həmin ifadədə Təqsirləndirilən şəxs narkotik vasitənin çox hissəsini 1500 manat müqabilində iranlı Meysəməlinin sonradan deyəcəyi, Bakı şəhərində olan yerə çatdırmasını vəd etdiyini göstərir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, onun istintaqda verdiyi ifadəsi işdə olan digər sübutlara uyğun gəlir və həmin sübutlarla o cümlədən maddi sübut, ekspert rəyi, şahid kimi ifadə vermiş polis əməkdaşlarının ifadələri ilə tamamlanır. Məhkəmə kollegiyası qeyd edilən nəticə ilə razılaşır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 33-cü bəndində göstərilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə kollegiyası müəyyən edir ki, birinci instansiya məhkəməsi nə üçün Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini yox, istintaq zamanı verdiyi ifadəsinə üstünlük verməsini əsaslandırmışdır. Belə ki, onun məhkəmədə verdiyi ifadəsi işdə olan digər sübutlarla təkzib edildiyi halda istintaq zamanı verdiyi ifadələri işdə olan digər sübutlara uyğun gəlir və tamamlanır. Apellyasiya şikayətində Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi və narkotik istifadəçisi olması barədə ekspert rəyi olduğu halda bu halın onun narkotik vasitəni doğurdan da oz istifadəsi üçün əldə etməsini təstiq etyməsi barədə göstərilənlərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik istifadəçisi olması heç bir halda ondan aşkar olunan narkotik vasitənin yalnız öz istifadəsi üçün əldə etdiyini göstərən sübut kimi qəbul edilə bilməz. Onun həmin narkotik vasitəni götürmək üçün Yardımlı rauyonuna getməsi öz tələbatını ödəməsi ilə yanaşı narkotik vasitənin müəyyən hissəsinin satış üçün nəzərdə tutulmasını tamamilə mümkün edir. Əvvəla bu ondan aşkar edilən narkotik vasitənin miqdarından görünür. Digər tərəfdən Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində də iranlı Meysəməlinin təklifi ilə razılaşmasının həm özünün narkotikə olan təlkəbatını ödəmək məqsədindən, həm də 1500 manat qazanmaq üçün narkotik vasitənin əsas hissəsini iranlının deyəcəyi yerə qoymaq mülahizəsindən irəli gəldiyini göstərmişdir. Beləliklə Təqsirləndirilən şəxs maşınından aşkar edilmiş narkotik vasitənin satış məqsədi ilə saxlanıb daşınması birinci instansiya məhkəməsində öz təstiqini tapmışdır. Cinayətin tövsifi törədilmiş konkret ictimai təhlükəli əməlin əlamətlərinin Cinayət Məcəlləsində abstrakt şəkildə təsvir edilmiş oxşar əməllərin əlamətləri ilə müqayisə edilib şəxsin Məcəllədə göstərilmiş əməllərdən hansını törətmiş olmasının müəyyən edilməsindən ibarətdir. Yalnız o tövsüf düzgün olacaq ki, törədilmiş əməlin bütün əlamətləri Məcəllədən ona uyğun olduğu hesab edilərək seçilmiş maddədə göstərilmiş əlamətlərlə tam üst-üstə düşmüş olsun. Təqsirləndirilən şəxs əməlinin tövsüfünə bu qaydada yanaşılanda onun əməlinin əlamətlərinin tam şəkildə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində təsvir edilmiş əməlin əlamətləri ilə üst-üstə düşdüyü görünür. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilməsi də onun şəxsiyyətinə, əməlin ictimai təhlükəliliyinə, xarakterinə, ailə vəziyyətinə uyğun olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 45-ci bəndində qeyd edlir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilməsi qeyd edilən Plenum qərarının tövsiyyələrinə uyğun olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «cəzanın anlayışı və məqsədi» adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edə bilər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmamaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxsin izahatını, dövlət ittihamçısının rəyini, müdafiəçinin çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(099)-79/2024 saylı hökmü dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1-ci, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 1(099)-79/2024 saylı hökmü, həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar