Məhkəmə qərarları › İş №1(106)-467/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-467/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-467/2023 19.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər: Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi, Şirvan Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 may 2023-cü il tarixli, 1(099)-395/2023 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 may 2023-cü il tarixli, 1(099)-395/2023 nömrəli hökmü (hakimləri X7 (sədrlik edən), X8 və X3 ibarət tərkibdə) ilə xx xxxxxx 1970-ci il tarixdə Qazı-Məmməd (indiki Hacıqabul) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində, həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin başlanğıcının 05 yanvar 2023-cü il tarixdən hesab edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyşdirilmədən saxlanılması, ona Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi, ərazi narkoloji kabinetdə qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdar təşkil edən ümumi çəkisi-7,493 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini ayrı-ayrılıqda təmiz çəkiləri 0,495 qr, 0,441 qr, 0,362 qr, 0,365 qr, 0,588 qr, 0,457 qr, 0,220 qr, 0,474 qr, 0,306 qr, 0,435 qr, 0,470 qr, 0,288 qr, 0,405 qr, 0,482 qr, 0,359 qr, 0,423 qr, 0,568 qr, 0,355 qr olmaqla 18 ədəd bükümdə qablaşdırılmış halda əynində olan göy rəngli şalvarın sağ yan cibində daşıyaraq saxlamış, 05 yanvar 2023-cü il tarixdə saat 07 radələrində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, M.Müşfiq küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 05 yanvar 2023-cü il tarixdə saat 00:20-də polis əməkdaşları evinə basqın edilib üzərindən 7 qram kakos qoyaraq onu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham etmişlər. Onun xəstəliyini, himayəsində azyaşlı uşaq olmasını, birinci dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını nəzərə alıb işə yenidən baxılmasını xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya instansiyası məhkəməsində dövlət itihamını müdafiə edən Azərbaycan Respublikası Baş Prokurorluğunun X4 üzrə idarənin prokuroru Dövlət ittihamçısı2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, məhkum olunmuş şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunduğunu, onun tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəli xarakteri və dərəcəsi nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu bildirərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının xx.xx.2023-cu il tarixli məhkəmə baxışı iclasında iştirak edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək, keçirləcək növbəti məhkəmə baxışı iclasında onun iştirakı olmadan, müdafiəçisi Ulduzə Əhmədovanının iştirakı ilə məhkəmə baxışı iclasının keçirilməsini və apellyasiya şikayətinin təmin olunmasını, aşkar olunmuş 18 bükümdə olan narkotik vasitə heroinin 2 bükümünün ona məxsus olmasını, qalan bükümlərdən xəbəri olmamasını nəzərə almağı məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X6 apellyasiya şikayətinin dəlillərini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış etmiş və müdafiəçi əlavə olaraq bildirdi ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisidir, bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini və Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməklə ona maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin olunmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin, həmçinin müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə işin faktiki hallarının, yəni həmin cinayət əməlləri üzrə sübut edilməli olan və məhkəmənin hökmünün qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların düzgün qiymətləndirlməməsinə dair məsələlərin mübahisələndilməsini nəzərə alıb, Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi düzgün tövsif olunub-olunmamasına, onun əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif olunması üçün əsasların olub-olmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kоllegiyаsı məhkəmə istintаqı аpаrmаdan cinаyət işinin mаteriаllаrını və apellyasiya şikayətinin dəlillərini аrаşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesаb edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıхararkən ittiham tərəfin təqdim еtdiyi və məhkəmə istintaqında təqdiq оlunmuş sübutlаrа, yəni təqsirləndirilən şəхsin özünün qismən etirafedici ifadələri ilə yanaşı, şаhidlər Şahid1, Şahid2 məhkəmə istintaqında verdikləri ifadələri, şəxsi axtarış və götürmə barədə 05 yanvar 2023- cü il tarixli protokol, məhkəmə-kimyəvi ekspertizasının 05 yanvar 2023-cü il tarixli 18/06 nömrəli rəyi, ambulator məcburi narkoloji tibbi yoxlama rəyi və işdə оlаn istintаq və məhkəmə hərəkətlərinə dаir digər sənədlərlə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxsin apellyasiya şikayətinin və müdafiə tərəfinin çıxışlarının Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmaması və üzərində aşkar olunmuş narkotik vasitə heroinin cəmi iki bükümünün ona məxsus olmasını, qalan bükümlər onun üzərinə polis əməkdaşları tərəfindən qoyulmasına dair dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər iş üzrə müəyyən olunmuş aşağıda qeyd olunanlarla təkzib olunan, iş üzrə müəyyən olunmuş faktiki hallara uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən dəlillər olmaqla apellyasiya şikayətinin təmin olunaraq məhkum olunmuş şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif olunması üçün qanuni əsas kimi qəbul oluna bilməz. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması ilə bağlı məlumat Hacıqabul RPŞ-yə daxil olmuşdur. Bununla bağlı Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul olunmuş və şöbənin cinayət axtarışı bölməsində əməliyyat qrupu yaradılmış və həmin gün Hüseynov X1 şəhəri M.Müşviq küçəsinə saxlanılıb polis şöbəsinə dəvət etmişlər. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə barədə 05 yanvar 2023- cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarının sağ yan cibindən içərisində 18 ədəd bükümdə narkotik vasitə heroin olan 1 ədəd büküm aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 05 yanvar 2023-cü il tarixli 18/06 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs üzərindən…» sözləri yazılmış kağız paketdəki ağ kağız kəsiyinə bükülmüş 18 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,495 qram, 0,441 qram, 0,362 qram, 0,365 qram, 0,588 qram, 0,457 qram, 0,220 qram, 0,474 qram, 0,306 qram, 0,435 qram, 0,470 qram, 0,288 qram, 0,405 qram, 0,482 qram, 0,359 qram, 0,423 qram, 0,568 qram, 0,355 qram, ümumi çəkisi 7,493 qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə heroindir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı «Heroin» olan maddə narkotik vasitədir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət Prosessual Məcəlləsinin 143-146cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Məhkəmə kollegiyası aşkar olunmuş narkotik vasitənin küllü miqdarda və 18 ədəd ayrıayrı bükümlərdə olasını Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edilən hallar kimi qiymətləndirərək hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hеsаb еdir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs müdafiə hüquqları tam həcmdə təmin еdilmiş və məhkəmə baхışı zamanı hər hansı kоbud prоsеssual qanun pоzuntusuna yоl vеrilməmişdir. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəzaya gəldikdə isə məhkəmə kollegiyası bununla bağlı aşağdakıları qeyd edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Hüseynov X1 Rayon Məhkəməsinin 23 iyun 2009-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum olunmuşdur. Sonuncu dəfə o, Rusiya Federasiyası Moskva vilayəti Domadedova şəhər Məhkəməsinin 07 iyun 2012-ci il tarixli hökmünə əsasən RF Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin 3-cü hissəsinin “Q” bəndi və Cinayət Məcəlləsinin 228-ci maddəsinin 1-ci hissəsilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi tətbiq edilməklə 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs barəsində olan Rusiya Federasiyası Moskva vilayəti Domadedova şəhər Məhkəməsinin 07 iyun 2012-ci il tarixli hökmü Azərbaycan Respublikasında tanınmadığından və o, qeyd edilən hökm üzrə təyin edilmiş cəzanı Rusiya Federasiyasında çəkdiyindən hazırda məhkumluğu olmayan şəxs kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqslrli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzasi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində bir nəfər yetkinlik yaşına çatmayan qızının olmasını cəzasını yüngülləşdirən hal kimi və cəzasını ağırlaşdıran halın olmadığını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin olunarkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, təyin olunmuş cəzanın оnun islah olunmasına təsiri və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilərək məhkum olunmuş şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif olunması, habelə məhkum olunmuş şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının azadılması üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 may 2023cü il tarixli, 1(099)-395/2023 nömrəli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 may 2023-cü il tarixli, 1(099)-395/2023 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Məhəmməd Bağırov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar