Məhkəmə qərarları › İş №1(106)-479/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-479/2024

10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-479/2024 10.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X6, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun vəkili X4 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 mart 2024-cü il tarixli 1(099)-50/2024 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 mart 2024-cü il tarixli 1(099)-50/2024 saylı hökmü ilə (sədrlik edən hakim Nahid Hüseynov) xx.xx.1988-ci ildə Əli-Bayramlı (hazırda Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri Energetik küçəsi, ev 09, mənzil 22-də qeydiyyatda olmaqla, Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsi, ev 44/11-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının başlanğıcı 16 yanvar 2023-cü il tarixdən hesablanmaqla 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 1224,220 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini (bundan sonra - heroin) istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən əldə edib 1220,0 qramını daşımaqla yaşadığı evdə, 4,220 qramını üzərində daşımaqla saxlamış, 16 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Şirvan Şəhər Polis Şöbəsinin (bundan sonra- Şirvan ŞPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində o, Şirvan şəhəri H.Əliyev prospektində saxlanılaraq Şirvan ŞPŞ-nin inzibati binasına gətirilmiş, həmin tarixdə saat 17-də üzərində axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümün içərisində təmiz çəkisi 4,220 qram və həmin tarixdə saat 20:15-də Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin həyətində yerləşən hamam otağının sol künc hissəsində olan qırmızı rəngli plastik su qabının arxasından bir ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli torbanın içərisində təmiz çəkisi 1220,0 qram kustar üsulla hazırlanmış eyni tərkibli heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apelyasiya şikayətində göstərmişdir ki, o əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi ilə razılaşmır. Onun tərəfindən narkotik vasitənin satışı ilə bağlı işdə heç bir şahid ifadəsi yaxud başqa bir sübut olmamışdır. Ona görə də hesab edir ki, onun əməlinin tövsifi həmin maddədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə dəyişdirilməklə ona həmin maddə ilə cəza təyin edilməlidir. Dövlət ittihamçısı apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin istintaq zamanı və birinci instansiya məhkəməsində düzgün tövsif edildiyini və əməlinin sübuta yetirildiyini göstərərək apellyasiya şikayətinin təmin edilməməsini, Təqsirləndirilən şəxs barəsində olan hökmün dəyişdirilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs vəkili Xeyransa Babayeva apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək çıxışında apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanının və məhkəmənin Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif etmələri düzgün olmuşdur. Onun qeyd edilən cinayəti törətməsi birinci instansiya məhkəməsinin istintaqı zamanı özünün qismən etirafedici ifadəsi ilə, şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri və aşağıda sadalanan digər sübutlar əsasında sübuta yetirilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayının sonlarında instagram vasitəsi ilə iranlı bir şəxslə tanış olmuş, belə ki, iranlı şəxs ona dostluq göndərmiş, o, isə qəbul etmişdir. Həmin şəxs ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşmuş, o, isə narkotik vasitə istifadə etmədiyini bildirmişdir. İranlı şəxs onun üçün “kuryer” kimi işləməyi təklif etmiş, o, razılaşmışdır. Üç dəfə iranlı şəxs üçün kuryerlik etmiş, onun göndərdiyi narkotik vasitələri götürüb iranlı şəxsin dediyi müxtəlif yerlərə qoymuşdur. Lakin saxlanılarkən üzərində heç bir narkotik olmamışdır. İfadəsində narkotik vasitələri götürdüyü yerlər yazılsa da həmin yerlərdə olmamışdır. Polis əməkdaşları 16 yanvar 2023- cü il tarixdə Şirvan şəhərində 03 nömrəli sərnişindaşıma marşurutunda olarkən Şahid1 adlı polis əməkdaşı onu saxlayıb marşurutdan düşürmüş, polis maşınına əyləşdirərək polis şöbəsinə aparmışlar və onu ikinci mərtəbəyə qaldırmışlar. Polis şöbəsində əməliyyatçı Şahid1 öz telefonunda iranlı şəxsin yazdıqlarını ona göstərib həmin şəxslə işlədiyini bildirmiş, buna görə də üzərinə və evinə narkotik vasitə qoymaqları ilə bağlı Şahid1 təklifi ilə razılaşmışdır. Belə ki, müdafiəçisi Kənan Abdurəhmanovun gözləri qarşısında iki dəfə telefon vasitəsi ilə çəkliş etmişlər. Həmin vaxt da üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları ondan qabaq evinə getmiş, sonra isə onu evə axtarışa aparmışlar. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, daimi yaşadığı yer Şirvan şəhəri olsa da Bakı şəhərində də kirayədə yaşamış, restoranda adminstrator vəzifəsində işləmişdir. Heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. 2022-ci ilin may ayından- iranlı şəxsi tanıdıqdan sonra narkotik vasitələrin dövriyyəsi ilə əlaqəsi olmuşdur. İranlı şəxs ona ilk növbədə dostluq təklifi göndərmiş, daha sonra isə kuryerlik etmək barədə təklif göndərilmiş, o, da pula ehtiyacı olduğundan razılaşmışdır. İranlı şəxs birinci dəfə ona bir bağlama- məsələn 50 qram, 20 qram narkotik göndərcəyini, dediyi yerdən götürüb onu müəyyən yerə qoymağı və qarşılığında pul almağı təklif etmişdir. Adətən narkotik vasitələri Bakı şəhərində müəyyən yerlərdən götürmüş, iranlı ilə mesajlaşma ilə əlaqə saxlamışdır. İranlı şəxs adının Bəhmən olduğunu bildirmiş, onunla görüntülü danışığı da olmuşdur. Bəhmən ona çox təkliflər etmiş, lakin maddi sıxıntıdan dolayı onunla üç dəfə razılaşmışdır. Belə ki, narkotikin hər qramına görə 1,5 manat pul almışdır. Birinci dəfə 60 qram, ikinci dəfə 70 qram, üçüncü dəfə 100 qram narkotiki Bəhmənin dediyi yerdən götürüb onun bildirdiyi yerə qoymuş, buna görə də cəza çəkməyə hazırdır. Daşıdığı narkotik vasitələrə görə ona pulu da kuryer vasitəsi ilə göndərmiş, belə ki, tanımadığı şəxs pulu müəyyən yerə qoyduqdan sonra o, da həmin yerdən pulu götürmüşdür. Birinci dəfə daşıdığı narkotikə görə pulu Bayıl qəsəbəsi, ikinci dəfəsinə görə Bravo marektin yanından, üçüncü dəfəsini isə Masazır dairəsindən götürmüşdür. Birinci və ikinci dəfə narkotiki Xətai metrostansiyasının ətrafından, üçüncünü isə Masazır dairəsindən 600 metr yuxarıdan götürmüşdür. Lakin hazırkı cinayət işi üzrə ittiham aktında yazılan narkotik vasitələr onda olmamışdır. Üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, narkotik vasitəni şəxsən təqdim etmişdir. Həmin vaxt polis əməkdaşlarının dediyi formada ifadə vermişdir. Evində axtarış keçirilərkən də narkotik vasitəni özü təqdim etmişdir. Saxlanılarkən üzərində mobil telefon olmamışdır, belə ki, telefonunu dekabr ayının 29-da satmışdır. Alimentə görə Şirvan Şəhər Məhkəməsi tərəfindən 15 gün inzibati həbs edilmiş, 14 yanvarda həbsdən çıxmış, 16 yanvarda isə polislər onu saxlamışlar. Polis əməkdaşları tərəfindən ona təsir edilməsi barədə heç bir orqana müraciət etməmişdir. Bədəni üzərində heç bir xəsarəti olmamışdır. Polis əməkdaşları tərəfindən saat 13 radələrində, Şirvan ŞPŞyə yaxın ərazidə saxlanılmışdır. Polis əməkdaşları etirafedici ifadə verməsi üçün ona fiziki zor da tətbiq etmişlər. İfadələrində nə yazıldığı ona aydın olmuş, ifadələrini könüllü imzalamışdır. Təcridxanaya daxil olarkən bədəni üzərində hər hansı xəsarət olmamış, tutulduğu vaxtdan məhkəmə baxışınadək hər hansı orqana şikayət etməmişdir. Məhkəmə baxışında dediklərini yalnız öz ifadəsi ilə sübut edir və başqa sübutu yoxdur. Barəsində qətimkan tədbiri seçilməsi üçün hakim qarşısına çıxarılarkən Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması barədə hakimə hər hansı söz deməmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı son sözündə ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddə ilə cəza təyin edilməsi ilə razı olmadığını, Ali Məhkəmənin narkotik vasitələrlə bağlı Plenum qərarında göstərilən tövsiyyələrini, şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində onun narkotik satışı ilə məşğul olması barədə əməliyyat məlumatının olmamasını bildirmələrini, üzərində hər hansı tərəzinin olmamasını nəzərə alaraq onun əməlinin Azərbaycan Respublikası CM-in Azərbaycan CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsini və ona CM-in müvafiq maddələrinin tələblərinə uyğun cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 16 yanvar 2023-cü il tarixdə üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən və evinə videoçəkiliş ilə baxış keçirilərkən şifahi və həmin tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində yazılı qaydada verdiyi izahatı, müvafiq olaraq 17 və 18 yanvar 2023-cü il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, 16 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Şirvan şəhəri H.Əliyev prospektində olduğu zaman bir neçə şəxs ona yaxınlaşıb özlərini təqdim etmişlər və polis əməkdaşları olmasını bildirmiş və onu ŞPŞ-yə dəvət etmişlər, o, da razılaşmış və getmişdir. ŞPŞ-də olarkən otaqların birində saat 17-də videoçəkiliş vasitəsilə üzərində axtarış aparılmağa başlanılmış, axtarış zamanı üzərində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş və həmin bükümün içərisində heroin olmasını söyləmişdir. Bundan sonra həmin tarixdə saat 19:45 radələrində polis əməkdaşları və vəkillə birlikdə ünvan 2 ünvanın qarşısına gəlmişlər, saat 20:15-də yaşadığı həmin ünvanda yerləşən fərdi yaşayış evinə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, baxış zamanı yaşadığı evin həyətində yerləşən hamam otağının sol küncündə olan plastik su qabının arxasında gizlətdiyi bir ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli torbanı götürüb polis əməkdaşlarına təqdim etmiş, torba açılıb içərisinə baxış keçirildikdə içərisində heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən və yaşadığı evdən aşkar olunmuş heroini İran İslam Respublikasının vətəndaşı olan Bəhmən adlı şəxsdən sosial şəbəkə vasitəsilə əldə etmiş, Bəhmən adlı şəxslə 2022ci ilin sentyabr ayının sonlarında “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olmuşdur. Belə ki, “İnstaqram” sosial şəbəkəsində qeydiyyatdan keçdiyi “Hidayat.Yahyayev” adlı səhifəyə 2022-ci ilin sentyabr ayının sonlarında “Kola...Var...Patı...Var” adlı səhfidən tanışlıq mesajı gəlmiş, həmin səhifənin istifadəçisi ilə danışdıqda ona İran İslam Respublikasının vətəndaşı olmasını, adının da Bəhmən olmasını söyləyib ondan narkotik vasitə istifadəçisi olub-olmadığını soruşmuş, o da istifadə etmədiyini söyləmiş, daha sonra həmin şəxs həmin səhifə ilə onun qeydiyyatdan keçdiyi səhifəyə mesaj yazaraq ona iş təklif etmiş, həmin şəxsin söylədiyi yerdən narkotik vasitəni götürüb başqa bir yerə qoymağını, bundan sonra həmin şəxsə məlumat verməyini, həmin şəxsin də alıcıya məlumat verəcəyini söyləyib, ona narkotik vasitələrin çatdırılması işini təklif etmiş və ona hər çatdırdığı narkotik vasitənin qramına görə 1 manat 50 qəpik pul ödəyəcəyini söyləmişdir. O, da maddi vəziyyətinin yaxşı olmaması və pula ehtiyacının olması səbəbindən razılaşmışdır. Bundan sonra Bəhmən kimi özünü ona təqdim edən şəxs ondan mobil nömrəsini “WhatsApp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamaqları üçün istəmiş, o da Bəhmən adlı şəxsə istifadəsində olan mobil nömrəni vermişdir. Bəhmən adlı şəxs onunla xarici operatora məxsus mobil nömrə ilə “Whatsap” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamış, ondan şəxsiyyət vəsiqəsinin şəklini çəkib Bəhmən adlı şəxsə atmağını söyləmiş, o, da şəxsiyyət vəsiqəsinin şəkilini çəkib Bəhmən adlı şəxsə göndərmişdir. Bundan sonra, Bəhmən adlı şəxs narkotik vasitəni qoyulacağı yerin ünvanını və fotoşəkilini ona göndərəcəyini, onun da həmin narkotik vasitəni oradan götürüb özünə müvafiq yerə qoymağını və ünvanını söyləməklə fotoşəkilini çəkib Bəhmən adlı şəxsə göndərəcəyini, bundan sonra da Bəhmən adlı şəxsin ona ödəməli olduğu pulun sellofan paketdə qoyulacağı ünvanı və fotoşəkilini ona göndərəciyini bildirmişdir. O, da Bəhmən adlı şəxslə 3 dəfə narkotik vasitə çatdırmağına razılaşmışdır. 1-ci dəfə xx.xx.2022-ci il tarixdə Bəhmən adlı şəxs ona “Whatsap” sosial şəbəkə vasitəsilə Bakı şəhəri Bayıl qəsəbəsində olan “20-ci sahə” adlı yerdə yerləşən “Elay” şadlıq sarayının arxa tərəfindən 60 qram narkotik vasitəni götürməyini söyləyib narkotik vasitənin olduğu yerin fotoşəkilini göndərmiş, o da həmin tarixdə həmin yerdən bir ədəd qara sellofan torbada narkotik vasitəni götürüb Bakı şəhəri Yeni Ramana qəsəbəsində yolun kənarında olan ağacların birinin yanına qoymuş, sonra ünvanı Bəhmənə söyləməklə fotoşəkilini göndərmişdir. Biraz sonra Bəhmən ona Bakı şəhəri Xətai rayonunda olan magistral yolun kənarından pulu götürməyini söyləyib, pulun olduğu yerin fotoşəkilini ona göndərmişdir. O, da həmin yerdən gedib 90 manat məbləğində pulu götürmüşdür. 2-ci dəfə xx.xx.2022-ci il tarixdə Bəhmən onunla əlaqə saxlamış və Bakı şəhəri Yeni Ramana qəsəbəsində yerləşən zibil qutusundan 70 qram narkotik vasitə heroini götürməyini söyləyib narkotik vasitənin olduğu yerin fotoşəkilini ona göndərmişdir. O da həmin tarixdə həmin yerdən bir ədəd qara sellofan torbada olan narkotik vasitəni oradan götürmüşdür. Həmin narkotik vasitəni Yeni Ramana qəsəbəsində olan ağaclıq yerdə ağacların birinin kənarına qoyub bu barədə Bəhmənə söyləmiş və həmin yerin fotoşəkilini Bəhmənə göndərmişdir. Biraz sonra Bəhmən ona pulunu Bakı şəhəri Xətai metrostansiyasının ətrafında olan yerdən götürməyini söyləyib həmin yerin fotoşəkilini ona göndərmişdir. O, da oraya sellofan paketdə qoyulmuş 105 manat pulu götürmüşdür. 3-cü dəfə xx.xx.2022-ci il tarixdə Bəhmən onunla əlaqə saxlayıb 100 qram narkotik vasitə heroini Bakı şəhəri Badamdar qəsəbəsi ərazisində yerləşən Muxtarov küçəsi ilə Badamdar küçəsinin kəsişməsində olan şam ağacının yanında götürməyini söyləyib həmin yerin fotoşəkilini ona göndərmiş, o da həmin tarixdə həmin yerdən bir ədəd qara sellofan bükümdə narkotik vasitəni oradan götürüb Bakı şəhəri Masazır qəsəbəsi dairəsi ətrafında yerləşən hasarın yanına qoymuş, bu barədə Bəhmənə bildirib həmin yerin fotoşəkilini Bəhmənə göndərmişdir. Biraz sonra Bəhmən ona pulunu Xırdalan dairəsi ətrafında olan yerdən götürməyini söyləyib həmin yerin fotoşəkilini ona göndərmişdir. O da həmin yerdən sellofan paketə qoyulmuş 150 manat pulu götürmüşdür. Bundan sonra Bəhmənə razılaşmalarına əsasən işi qurtarmağını söyləmiş, Bəhmən isə onunla razılaşmayaraq davam etməyini, artıq bu işlə məşğul olmağını, onun şəxsiyyət vəsiqəsinin surətinin Bəhməndə olmasını söyləyib onu müəyyən vasitələrlə hədələmişdir. O da qorxduğu üçün razılaşmışdır. 4-cü dəfə xx.xx.2022-ci il tarxidə Bəhmən onunla əlaqə saxlayıb Bakı-Sumqayıt magistral yolunun kənarında olan ağacın altına 1220 qram narkotik vasitə heroin qoyulmasını söyləyib həmin yerin fotoşəkilini ona göndərmiş, o da həmin yerdən bir ədəd qara sellofan torbada narkotik vasitəni oradan götürmüş və bundan sonra Bəhmənin onu hədələdiyi üçün Bəhməni cəzalandırmaq qərarına gəlmiş, bu səbəbdən telefonunu söndürüb həmin yolda kənara atmış, sonra Şirvan şəhərində yaşadığı ünvana gəlmiş və həmin narkotik vasitəni yaşadığı evin həyətində yerləşən hamam otağının içərisində gizlədib saxlamışdır. O, Bəhməni əvvəllər tanımamış, Bəhmənlə 2022-ci ilin sentyabr ayının sonlarında “İnstaqram” sosial şəbəkəsi vasitəsilə tanış olmuşdur. O, Bəhmənin kimliyini, harada yaşamasını dəqiq bilməmiş, Bəhmən adlı şəxs ona adının Bəhmən olmasını və İran İslam Respublikası ərazisində yaşamasını bildirmişdir. O, Bəhmənlə yalnız “Whatsap” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamış, həmçinin Bəhmən də onunla eyni cür əlaqə saxlamışdır. O, Bəhmənlə istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə “Whatsap” sosial şəbəkə vasitəsilə əlaqə saxlamış, Bəhmənin isə onunla əlaqə saxladığı mobil nömrəni xatırlamamış, həmin mobil nömrə telefonunda olmuş, telefonunu da sonuncu dəfə Bəhmənin söyləməsi ilə narkotik vasitəni götürdükdən sonra söndürüb kənara atdığından bu barədə heç nə söyləyə bilməmiş, lakin həmin mobil nömrə xarici operatora məxsus mobil nömrə olmuşdur. Onun istifadə etdiyi və kənara atdığı mobil telefon “RedMİ A6” markalı mobil telefon olmuşdur. O, narkotik vasitədən istifadə etməmiş, etmir, narkotik vasitələrin satışı ilə də məşğul olmamışdır. O, maddi imkanı zəif olduğundan və pula ehtiyacı olması səbəbindən həmin işi 3 dəfə görməyi şərti ilə razılaşmış, o, yalnız Bəhmənin ona söylədiyi kimi narkotik vasitəni bir yerdən götürüb digər yerə qoymağına, yəni çatdırmağına razılaşmış və həmin cür də etmiş, sonra da pulunu almışdır. 3-cü dəfə Bəhmən ona 100 qram narkotik vasitəni götürməyini söylədikdə, o, həmin narkotik vasitəni götürdükdən sonra həmin narkotik vasitədən bir hissə ayırıb özü üçün gələcəkdə qəmli olacağı halda istifadə etmək üçün sellofan bükümdə saxlamış, polis əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə də saxlanılan zaman həmin narkotik vasitəni istifadə etmək məqsədilə üzərində götürmüşdür. Yaşadığı evdən isə aşkar olunmuş narkotik vasitəni Bəhmənin onu hədələdiyi üçün Bəhməni cəzalandırmaq məqsədilə götürdükdən sonra Bəhmənə verməmək məqsədilə yaşadığı evə gətirib qoymuş, həmin narkotik vasitəni bu səbəblə yaşadığı evdə gizlədib saxlamış, həmin narkotik vasitəni yaşadığı evdə saxlamaqda hər hansı bir məqsədi olmamışdır. Onun şəxsiyyət vəsiqəsinin surətinin Bəhməndə olmasından və Bəhmənin hər hansı bir üsulla onu cəzalandıracağından qorxduğu üçün həmin narkotik vasitəni yaşadığı evdə saxlamış, polis əməkdaşlarına da həmin narkotik vasitəni həbs olunmaqdan qorxduğu üçün könüllü gələrək təhvil verməmişdir. "cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:40-da şübhəli şəxs qismində tutulmuşdur. "Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 16 yanvar 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş "DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümün içərisində heroin olduğunu bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kütləni Əli və Bəhmən adlı İran İslam Respublikası vətəndaşlarından oktyabr ayının əvvəllərində aldığını və öz istifadəsi üçün üzərində daşıyaraq saxladığını bildirmişdir. Ona qarşı hər hansı polis əməkdaşı tərəfindən fiziki və psixi təsir edilmədiyini, heroinin ona məxsus olduğunu qeyd etmişdir. Yaşadığı ünvanda da narkotik vasitə olduğunu və evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. "baxış keçirilməsi və götürmə aparılması” haqqında 16 yanvar 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş "DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış aparılan evin həyətində yerləşən hamam otağının sol künc hissəsində olan qırmızı rəngli plastik su qabının arxasından üzəri yapışqan lentlə bağlanmış bir ədəd qara rəngli torba aşkar olunmuş, həmin torbanın içərisinə baxış keçirildikdə içərisində qəhvəyi rəngli, spesifik qoxulu heroinə bənzər maddənin olması müəyyən olunmuş və həmin kütlə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı o, aşkar edilmiş heroin, ona aid olduğunu, İran vətəndaşından aldığını, belə ki, həmin şəxs üçün "kuryer” işlədiyini, lakin sonuncu dəfə ondan heroin aldıqdan sonra nömrələrini "bloka” atdığını və heroini də heç bir məqsədi olmadan özündə saxladığını bildirmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 17 yanvar 2023-cü il tarixli, 18/55 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi-4,220 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində "...Təqsirləndirilən şəxs yaşadığı...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada təmiz çəkisi-1220,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərindən və evindən götürülmüş ümumi təmiz çəkisi-1224,220 qram olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. "cinayət işi üzrə əməlin tövsüf edilməsi haqqında” 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1 -1 -ci maddəsi ilə istintaq edilən cinayət işi həmin Məcəllənin in 234.4.3-cü maddəsinə tövsif edilmişdir. "təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il traixli, 4(032)-39/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və evinə baxış zamanı aşkar edilmiş və ekspert tədqiqatından sonra qalıq çəkisi 1224,020 qram olan heroin iş üzrə maddi sübut kimi tanınmış, Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilməsi qərara alınmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il traixli, 5(032)-47/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında Şirvan ŞPŞ-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. X5 tibbi yoxlamanın 07 aprel 2023-cü il tarixli, 1975 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixiatriya ekspertizasının 11 mart 2023-cü il tarixli, 692 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxsi təsvir edilən hadisəni törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Birinci instansiya məhkəməsi araşdırılmış yuxarıda sadalanan sübutların məcmusuna əsaslanıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmiş olması barədə düzgün nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətinin əsas dəlili işdə Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə saxlamasının hər hansı sübutunun olmamasıdır. Lakin Təqsirləndirilən şəxs evinin hamam otağından aşkar edilmiş narkotik vasitə heoinin çəksi 1220 qram olmaqla miqdarı küllü miqdardan dəfələrlə çox olmuş, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində həmin narkotik vasitənin İrandan Bəhmən adlı şəxs tərəfindən göndərilmiş olmasını, həmin şəxs tərəfindən əvvəllər də ona deyilən yerlərə çatdırılması üçün müxtəlif növ narkotik vasitələr göndərilməsi, lazımı yerə çatdırılmış narkotik vasitənin çəkisindən asılı olaraq ona pul verildiyini, bu qaydada narkotik vasitə daşınmasının azı 3 dəfə baş verdiyini göstərmişdir ki, bu hallar hazırkı işdəki maddi sübutlarla birlikdə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsinin sübutudur. İşdə Təqsirləndirilən şəxs istintaq zamanı etirafedici ifadəsini fiziki təzyiq altında vermiş olması barədə ifadəsini təkzib edən sübut da vardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olarkən bədəni üzərinə xəsarətlərin olub-olmamasının müəyyən edilməsi üçün sorğu verilmiş və ƏN PX-nin Bakı İstintaq Təcridxanasının Tibbi-sanitar hissəsinin rəisi tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli məktubundan və məktuba əlavə edilmiş 1273/2023 nömrəli "Məhkumun tibbi kitabçası”nın surətindən görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2023-cü il tarixdə (saxlandıqdan 3 gün sonra) PX-nin 03 saylı istintaq təcridxanasına daxil olmuş, tibbi müayinədən keçirilmiş, bədən səthində hər hansı xəsarət aşkar edilməmiş, saxlanılan zaman zədə almadığını bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 33-cdinə əsasən Hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə kollegiyası müəyyən edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində olan ittihamın həll edilməsi zamanı onun məhkəmədə verdiyi ifadəsi ilə müqayisədə istintaq zamanı verdiyi ifadəsini əsas götürməsini qeyd edilən Plenum qərarına uyğun olaraq əsaslandırmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində hökmün ləğvinin və dəyişdirilməsinin əsası kimi göstərilmiş dəlillər əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilməsi də işn hallarına, onun şəxsiyyətinə, əməln ictimai təhlükəliliyinə, xarakterinə uyğun olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 45-ci bəndində qeyd edlir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikasının CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilməsi qeyd edilən Plenum qərarının tövsiyyələrinə uyğun olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «cəzanın anlayışı və məqsədi» adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməməsi barədə qərar qəbul edə bilər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmamaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxsin izahatını, dövlət ittihamçısının rəyini, müdafiəçinin çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 mart 2024-cü il tarixli 1(099)-50/2024 saylı hökmü dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1-ci, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü ilə məhkum edilməsi barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 mart 2024-cü il tarixli 1(099)-50/2024 saylı hökmü, həmin hökmdən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar dəyişdirilməsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar