Məhkəmə qərarları › İş №1(106)-490/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-490/2023

24.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-490/2023 24.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə, Quliyev Orxan Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X5 şöbəsinin prokuroru, X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-300/2023 saylı, 26 may 2023-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 Arzuman oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i : Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-300/2023 saylı, 26 may 2023-cü il tarixli hökmü (sədrlik edən hakim X9, hakimlər X10 və X4 ibarət tərkibdə) ilə xx xxxxxx 1983-cü ildə Ağcabədi rayonu, Hindarx qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan,2-ci qrup əlil,fərdi əməklə məşğul olan, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 7 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəzaçəkmə müddətinin əvvəli 14 noyabr 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən külli miqdarda, yəni 415,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroini” istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə edib 1 ədəd poletilentorbada əynindəki boz qara rəngli gödəkcənin sol iç cibində daşıyaraq saxlamışdır. 14 noyabr 2022-ci il tarixdə Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamasında və satışı ilə məşğul olmasında şübhəli bilinərək Ağcabədi rayonu, Hindarx qəsəbəsindən Şərəfxanlı kəndi istiqamətində gedən yolun kənarında saxlanılaraq Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi rayon PŞ-nin inzibati binasına gətirilmişdir. Həmin gün saat 21:35-dən başlayaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz qara rəngli gödəkcənin sol iç cibində qəsdən tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə edib daşıyaraq üzərində saxladığı 1 ədəd polietilen torbada təmiz çəkisi 415,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan “heroin” aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-300/2023 saylı, 26 may 2023-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 Arzuman oğlu apellyasiya şikayəti verərək müdafiəçisi olduğu Təqsirləndirilən şəxs barəsində olan hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müdafiəçisi olduğu Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü təqsirli bilməmiş, onun üzərində narkotik vasitə olmadığını, iranlının ona zəng etdiyini, narkotik vasitə ilə bağlı söhbət olsa da iranlının ona narkotik vasitə göndərmədiyini göstərmişdir.Video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs könüllü surətdə polis şöbəsinə gedir.Heç bir müqavimət göstmir. Hesab edir ki, üzərində narkotik vasitə olsaydı Təqsirləndirilən şəxs ən azı hadisə yerindən qaçmağa cəhd göstərərdi.İranlı Baba adlı şəxslə söhbət zamanı narkotik maddənin yeri, vaxtı və hara qoyulacağı barədə söhbət getmir.Birdən birə təqsirləndirilən şəxsin üzərindən 415 qram narkotik vasitə aşkar olunması müdafiə tərəfində əsaslı şübhə yaradır və müdafiə tərəfi hesab edir ki, Təqsirləndirilən şəxs bu cinayəti törətməyibdir, onun barəsində bəraət hökmü çıxarılmalıdır. Proses iştirakçılarının çıxışları: Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs müdafiəçisi X1 Məmmədovun müdafiəçisinin verdiyi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindlən verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.Anar Məmmədov apellyasiya məhkəməsində çıxışında göstərdi ki, taksi sürücüsü işləyərkən Eldəniz adlı şəxslə tanış olmuş, Eldənizin ona pul borcu olmuşdur. Onunla iran nömrəsi ilə danışan Eldəniz olmuşdur.Onunla narkotik vasitənin göndərilməsi, satışı ilə məşğul olmaları ilə bağlı telefon danışıqları aparmaqda məqsədi göndərilən narkotik vasitəni almaq, sonra iranlıya atmaq, pulunu verməmək olmuşdur. Lakin narkotik vasitənin satışı ilə bağlı telefon danışıqları aparsa da narkotik vasitəni götürməmişdir. Apellyasiya məhkəməsində çıxışında dövlət ittihamçısı X7 apellyasiya şikayətinin təmin olunmamasını, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-300/2023 saylı, 26 may 2023-cü il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən aslı olmayaraq yoxlanılır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək və dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi, hökmün dəyişdirilməməsi barədə rəyini dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-300/2023 saylı, 26 may 2023-cü il tarixli hökmü dəyişdirilməməlidir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu onun özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ifadəsi, Təqsirləndirilən şəxs ilə iranlı Baba adlı şəxs arasında aparılan telefon danışıqları və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə, müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2.1-ci maddəsinə görə şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri cinayət prosesində sübut kimi qəbul olunur. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Apellyasiya şikayətində cinayət qanununun normalarına istinad edilsə də, bu normaların müddəaları göstərilsə də məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 Arzuman oğlu apellyasiya şikayətində Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuşdur. Şikayətdə göstərilən hallarda Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması üçün əsas vermir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi onun özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ifadəsi,Təqsirləndirilən şəxs ilə iranlı Baba adlı şəxs arasında aparılan telefon danışıqları və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8-ci maddəsinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-300/2023 saylı, 26 may 2023-cü il tarixli hökmündən aydın olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini,təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddələrinin sanksiyasında məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Buna görə də Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini əsaslı və qanuni hesab edərək, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və apellyasiya şikayətini təmin edib, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması üçün əsaslar görmür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 Arzuman oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)- 300/2023 saylı, 26 may 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1-ci və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası Q ə r a r a a l d ı : Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 Arzuman oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-300/2023 saylı, 26 may 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Elşad Əliyev Hakimlər: Məhəmməd Bağırov İsmayıl Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar