Məhkəmə qərarları › İş №1(106)-5/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-5/2023

08.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-5/2023 08.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər: Əliyev Elşad İbiş oğlu (sədrlik edən, məruzəçi hakim), Bağırov Məhəmməd Ənvər oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X27, dövlət ittihamçısı X17, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X8 iştirakları ilə, X14, X28 və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 144.3-cü maddəsi və X2 CM-nin 32.5,144.3-cü maddəsi ilə məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-130/2016 saylı, 29 fevral 2016-cı il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X9 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-130/2016 saylı, 29 fevral 2016-cı il tarixli hökmü ilə (hakimlər: A.Hacıyev (sədrlik edən), C.Nəbiyev və M.Abdullayev) 06 sentyabr 1994-cü ildə Ağcabədi rayonunun Şənlik kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ağcabədi rayonunun Şənlik kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-nin 144.3-cü maddəsi ilə təqsirli bilinib, 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 06 dekabr 2015ci il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunan hökmlə həmçinin X14, X28 və X6 CM-nin 144.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuşlar. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-130/2016 saylı, 29 fevral 2016-cı il tarixli hökmündən məhkum edilmiş şəxs X2 müdafiəçisi X18, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi X9, məhkum edilmiş şəxs X28, onun müdafiəçisi X19 və məhkum edilmiş şəxs X14 ayrı-ayrılıqda apellyasiya şikayəti, Dövlət ittihamçısı isə apellyasiya protesti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-336/2016 saylı, 01 noyabr 2016-cı il tarixli qərarı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2016cı il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, məhkum edilmiş şəxs X2 müdafiəçisi X18, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X9, məhkum edilmiş şəxs X28 və müdafiəçisi X19 və məhkum edilmiş şəxs X14 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2016-cı il tarixli hökmünü apellyasiya şikayətlərinə əsasən ləğv olunması, CM-nin 72.2-ci maddəsinə və CM-nin 144-cü maddəsinin “Qeyd”inə əsasən, X14, X28, Təqsirləndirilən şəxs və X2 cinayət məsuliyyətindən azad olunması, X14, X28 və Təqsirləndirilən şəxs CM-nin 144.3cü maddəsi ilə, X2 32.5,144.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraata xitam verilməsi, X14, X28, Təqsirləndirilən şəxs və X2 barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilərək onların dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-582/2017 №-li, 26 aprel 2017-ci il tarixli qərarı ilə, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin olunaraq CM-nin 144.3-cü maddəsi ilə cinayət işi üzrə icraata xitam verilmiş X14, X28, Təqsirləndirilən şəxs və CM-nin 32.5,144.3-cü maddəsi ilə cinayət işi üzrə icraata xitam verilmiş X6 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 noyabr 2016-cı il tarixli qərarı ləğv edilmiş və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılmasının təyin edilməsi qərar alınmışdır. Apellyasiya məhkəmə baxışı iclasının yeri və vaxt barədə dəfələrlə məlumat verilmiş məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasına gəlmədiyindən və məhkəməyə gəlməkdən boyun qaçırdığından, onun olduğu yer məlum olmadığından Şirvan Apellyasiya Məhkəməsinin 20 noyabr 2017-il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək, onun barəsində həbs qətimkan tədbiri seçilmiş və qərar icra edilənə kimi iş üzrə icraat dayandırılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 yanvar 2018-ci il tarixli qərarı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2016-cı il tarixli, 1(089)- 130/2016 nömrəli hökmündən məhkum edilmiş şəxs X2 müdafiəçisi X18, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X9, məhkum edilmiş şəxs X28 və müdafiəçisi X19 və məhkum edilmiş şəxs X14 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən 1(106)-16/2018 nömrəli cinayət işi üzrə icraat məhkum edilmiş şəxslər X14, X28 və X3 münasibətdə təzələnmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2016-cı il tarixli, 1(089)- 130/2016 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X9 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən 1(106)-16/2018 nömrəli cinayət işindən Təqsirləndirilən şəxs münasibətdə cinayət işi ayrıca icraata ayrılaraq onun məhkəmə iclasında iştirakı təmin edilənədək icraatın dayandırılmış saxlanılması qərara alınmışdır. Təqsirləndirilən şəxs 04 oktyabr 2023-cü il tarixdə könüllü olaraq Ağcabədi RPŞ-yə gələrək özünü təqdim etdiyindən cinayət təqibi üzrə icraat təzələnmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmü ilə X14, X28, Təqsirləndirilən şəxs CM-nin 144.3-cü maddəsi və X6 CM-nin 32.5,144.3-cü maddəsi ilə məhkum edilmişdir ona görə ki, X1 rayonunun Şənlik kənd sakini--05 dekabr 2001-ci il təvəllüdlü X10 ilə evlənmək məqsədi ilə onu oğurlamaq qərarına gəlmiş və bu oğurluğu birgə həyata keçirməklə ona yardımçı olmaları üçün 12 oktyabr 2015-ci il tarixdə müraciət etdiyi bacısının əri X28, tanışları X6 ilə Rasta Səfərovanı təhsil aldığı orta məktəbdən çıxarkən tutub zor gücünə avtomaşına qoyub kənar yerə aparmaq barədə sövdələşib razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, daha sonra bu adam oğurluğunda nəqliyyat vasitəsindən istifadə etmək üçün Bəhruz Abdullayev öz qohumu Təqsirləndirilən şəxs müraciət edərək onu Rasta Səfərovanın birgə oğurlayıb istifadəsində olan avtomobildə aparmağı təklif etmiş və axırıncı bu təkliflə razılaşıb Sadiq Fərzəliyev, Samir Kazımov və Bəhruz Abdullayevdən ibarət təşkil olunmuş qrupa daxil olaraq onlarla qabaqcadan əlbir olmuş və bundan sonra, aralarında müəyyən etdikləri vəzifə bölgüsünə əsasən, 13 oktyabr 2015-ci il tarixdə saat 12 radələrində X31 Kazımovla birlikdə Natiq Əhmədovun idarə etdiyi, Bəhruz Abdullayevin məsləhəti ilə əvvəlcədən dövlət qeydiyyat nişanı üzərindən çıxarılmış "Daevoo Nexia" markalı 90 KE-475 qeydiyyat nişanlı avtomobillə Rasta Səfərovanın təhsil aldığı Ağcabədi rayonunun Şənlik kənd tam orta məktəbinin yaxınlığına gələrək onun çıxıb yaşadığı evə getməsini gözləmiş, Bəhruz Abdullayev isə həmin vaxt Rasta Səfərovanın məktəbdən çıxıb yaşadığı evlərinə getməsini izləyib oğurlamasına münasib şərait olması barədə axırıncılara məlumat vermək üçün qeyd olunan məktəbin qarşısında mövqe tutub gözləmiş və saat 13 radələrində Rasta Səfərovanın şagirdlərlə birlikdə məktəbdən çıxıb piyada evlərinə getməsini görüb, şərtləşdiklərinə uyğun əvvəlcə bu barədə mobil telefonundan Sadiq Fərzəliyevin mobil nömrəsinə zəng edib məlumat vermiş, daha sonra əlini yuxarı qaldırmaqla kənardan axırıncı ilə Samir Kazımov və Təqsirləndirilən şəxs hərəkətə keçmələri üçün işarə verib yolun əks tərəfinə keçmiş, bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi "Daevoo Nexia" markalı 90 KE-475 qeydiyyat nişanlı avtomobili Rasta Səfərovanın hərəkət istiqamətində yüksək sürətlə idarə edib qarşısında saxlamış, X26 Kazımov avtomobildən düşüb Rasta Səfərovanın qollarından tutaraq ona həyat və sağlamlığı ücün təhlükəli olmayan fiziki zor tətbiq edərək, sağ kürəyində və sağ bazusunda qançırlarla müşayiət edilən, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək onu sürüyüb avtomobilin arxa oturacağının ayaq altı hissəsinə uzadıb, Rasta Səfərovanın onlara 13 yaşlı və orta məktəbin 9-cu sinif şagirdi olmasını bildirib onu buraxmalarını xahiş etməsinə baxmayaraq, axırıncının iradəsinə zidd olaraq onu həmin avtomobildə daimi yaşadığı yerdən qanunsuz olaraq Ağdam rayonunun Əfətli kəndində yaşayan Sadiq Fərzəliyevin qohumu X12 fərdi yaşayış evinə gətirib, orada yerləşdirmiş və bununla da X14, X28 və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrupda 05 dekabr 2001-ci il təvəllüdlü, yəni yetkinlik yaşına çatmayan X5 oğurlamış, X6 isə qabaqcadan əlbir olduğu X15, X28 və Təqsirləndirilən şəxs ibarət bir qrup üzvləri tərəfindən 05 dekabr 2001-ci il təvəllüdlü, yəni yetkinlik yaşına çatmayan X5 oğurlamasına məsləhətlər vermək və maneələri aradan qaldırmaqla köməkçilik etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X9 apellyasiya şikayətləri verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2016-cı il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsini, barəsində CM-nin 70-ci maddəsini tətbiq edərək ona təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər.Təqsirləndirilən şəxs və müdafiəçisi İntiqam Hüseynov apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cinayət əməlinin törədilməsində rolunu, zərərçəkmiş şəxsin onunla barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində azyaşlı uşaqlarının olmasını və müsbət xarakterizə olunması kimi yüngülləşdirici hallar nəzərə almamışdır. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya instansiyası məhkəməsində dövlət itihamını müdafiə edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru X17 təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-130/2016 saylı, 29 fevral 2016-cı il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özü və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək şikayətinin təmin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs göstərdi ki, sürücü kimi bu cinayət əməlini törətməkdə iştirak etmiş, əməlindən olduqca peşmandır. Himayəsində 4 azyaşlı uşaqları vardır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs onunla barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin istintaqdan qaçmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli qərarı ilə barəsində olan cinayət işinə xitam verildiyindən və həbsdən azad olunduğundan işləmək üçün Rusiya Federasiyasına getmişdir. Barəsində axtarış elan olunmasından məlumatı olmamışdır. Rusiya Federasiyasında olduğu zaman 17 may 2018-ci il tarixdə həbs olunmuş, 13 mart 2019-cu il tarixdən həbsdə saxlanılsa da Azərbaycandan onun ekstradisiyası olunması üçün gələn olmadığından 9 ay 26 gün həbsdə qaldıqdan sonra həbsdən azad olunmuşdur. Azərbaycana qayıtdıqdan sonra barəsində axtarış işi olduğunu bilib özü könüllü Ağcabədi RPŞ-yə gedərək təslim olmuşdur. Ona görə də barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X20 müdafiəçisi olduğu şəxs və onun müdafiəçisi İntiqam Hüseynov tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi.Göstərdi ki, Təqsirləndirilən şəxs bu cinayət əməlini törətməsində rolu sürücü kimi iştirak etməsidir. Bundan başqa Şirvan Apellyasiya Məhkəməsinin 16 fevral 2018-ci il tarixli qərarı ilə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxsla birlikdə cinayət törətmiş və ondan daha ağır cəzaya məhkum edilmiş şəxslərin barəsində M-nin 62-ci maddəsi tətbiq edilərək həmin şəxslərə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsini, əgər bu mümkün olmazsa ən azından onunda barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsini və 2 ilə yaxın həbsdə qaldığını nəzərə alaraq cəzadan azad olunmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi İntiqam Hüseynov apellyasiya şikayətinin dəlillərində işin faktiki halları və əməlin hüquqi tövsifinə aid məsələlər mübahisələndirildiyindən CPM-nin 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılmasına dair tələblərinə müvafiq olaraq, ilk növbədə apellyasiya şikayətlərinin dəlillərinə uyğun olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, məhkum olunmuş şəxslərin törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X9 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin olunaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)- 130/2016 saylı, 29 fevral 2016-cı il tarixli apellyasiya şikayətlərinə əsasən dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni Təqsirləndirilən şəxs və digər təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi və şahid ifadələri, məhkəmə-psixoloji və məhkəmə-psixiatrik ekspertizalarının rəylərinə və işdə olan istintaq və məhkəmə hərəkətlərinə dair digər sənədlərlə Təqsirləndirilən şəxs CM-nin 144.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin apellyasiya şikayətinin və məhkum olunmuş şəxslərin birinci instansiya məhkəmə iclasında ifadələrinin zərərçəkmiş şəxsin yetkinlik yaşına çatmayan olmasını bilməmələri barədə dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər konkret hüquqi əsası olmayan və iş üzrə müəyyən edilmiş faktki hallara uyğun olmayan mülahizə xarakterli dəlillər olmaqla aşağlıda qeyd olunanlarla tam təkzib olunur. Belə ki, məhkum olunmuş şəxslərin özlərınin birinci instansiya məhkəmə istintaqında verdikləri ifadələrindən görünür ki, onlar zərərçəkmiş Rasta Səfərovanın orta məktəbdən dərsdən çıxarkən oğurlamağı razılaşmışlar və onun 9 və ya 10-cu sinif şagirdi olmasını güman etmişlər, yəni onun orta məktəb şagirdi olduğunu bilmişlər. Bundan başqa, təqsirləndirilən şəxs Sadiq Fərzəliyev göstərmişdir ki, bu hadisədən 5-6 ay əvvəl Rasta Səfərovanın anası onların evlənməsinə etirazını qızının evlənmək yaşında olmadığı ilə izah etmişdir. Məhkəmə iclsında şahid qismində dindirilən Sadiq Fərzəliyevin valideynləri də Rasta Səfərovanın yetkinlik yaşına çatmadığı üçün evlənməsinə razılıq verilmədiyini oğlu Sadiqə bildirmələrini göstərmişlər. Bundan başqa, zərərçəkmiş şəxs Rasta Səfərova məhkəmə iclasında göstərmişdir ki, təqsirləndirilən şəxslər onu avtomobildə apararkən onlara 13 yaşı olmasını bildirmiş, bundan başqa onlar onun məktəbli çantasında mobil telefon olmasını yoxlayarkən çıxarıb baxdıqları 9-cu sinifə aid dərsliklərdən də bunu bilmişlər. Digər tərəfdən, təqsirləndirilən şəxslərdən Bəhruz Abdullayevin zərərçəkmişlə qonşu olması, hətta buna görə onu görüb tanıyacağından ehtiyat etdiyi üçün bu oğurluqda öz avtomobilindən istifadə etmədiyi və Rasta Səfərovanın orta məktəbdə oxuduğunu bilməsi onu göstərir ki, o, zərərçəkmişin yetkinlik yaşına çatmadığı barədə kifayət qədər məlumatlı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsin yetkinlik yaşına çatmayan şəxs olmasını bilməmələri barədə göstərdiklərinə həqiqətə uyğun olmayan ifadələr kimi qəbul etməsi barədə qənaətini qanuni və əsaslı sayır. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməli CM-nin 144.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin məhkum edilmiş şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında Təqsirləndirilən şəxs müdafiə hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxslərə təyin olunmuş cəza məsələsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə təqsirləndirilən şəxs X7 cəzasını yüngülləşdirən halları müəyyən edilməməsini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs, X16 və X2 hər birinin himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin onlarla barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzalarını yüngülləşdirən hallar kimi, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq X11 CM-nin 144.3-cü maddəsi ilə 12 (on iki) il 6(altı) ay müddətinə, X21 CM-nin 144.3-cü maddəsi ilə 11 (on bir) il müddətinə, X3 CM-nin 32.5,144.3-cü maddəsi ilə 11 (on bir) il müddətinə, Təqsirləndirilən şəxs 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxslərin şəxsiyyətini xarakterizə edən və cəzanı yüngülləşdirən halları tam araşdırmamış, təyin edilmiş cəzanın onların islah olunmalarına təsirini və CM-nin 59-cu maddəsində göstərilən və göstərilməyən cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almamışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİ İdarəsinin məlumatından (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan, arayış və xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində azyaşlı uşaqları vardır, yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş və apellyasiya məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X13 Təqsirləndirilən şəxs və onun ailəsi ilə barışmış, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə barışıq əldə etməsini CM-nin 59.1.12-ci, himayəsində azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü, həmçinin əvvəllər məhkumluğunun olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. CM-in 59.2-ci maddəsinə görə isə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1— 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarın 4-cü bəndinə görə Cinayət Məcəlləsinin 59-cu maddəsində cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların yüngülləşdirici hallar kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. İş materiallarından görünür ki, CM-in 61-ci maddəsinə əsasən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət hüquq nəzəriyyəsinə görə cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki. onlar: əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül sayılan cəza növünü seçməyə; qanunda nəzərdə tutulan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi); şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-nin 70-ci maddəsi) hüquq verir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 59-cu maddəsinin tələbləri baxımından işdə cəzanı yüngülləşdirən halların dairəsini tam müəyyən edərək, həmin halların məcmuyu baxımından məhkum olunmuş şəxsə daha yüngül cəza təyin edilməsinin mümkün olubolmamasını müzakirə etməmiş və bunun da nəticəsi olaraq məhkum olunmuş şəxslərə təyin edilmiş cəzanın müddəti onların şəxsiyyəti və işdə cəzanı yüngülləşdirən hallara uyğun olmayan açıq-aydın ədalətsiz və ağır cəza olmuşdur. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən yuxarıda qeyd olunan normalarından göründüyü kimi, məhkəmələr cəza təyin edərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin etməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olsun. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiya məhkəmə baxışında müəyyən edilmiş yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu, həmçinin əməllərində cəzanı ağırlaşdıran halların olmamasını cinayətin məqsədi və motivi, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onların davranışı ilə bağlı, habelə cinayətin və onun özünün ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirir. Cinayət işinin materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 16 fevral 2018-ci il tarixli 1(106)-16/2018 saylı qərarından görünür ki, qeyd olunan qərarla hazır ki, iş üzrə Namin Əhmədovla birgə cinayət əməlini törətmiş X7 barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona CM-nin 144.3-cü maddəsi ilə 5 il 6 ay müddətinə, X16 barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ona CM-in 144.3-cü maddəsi ilə 4 il müddətinə, X2 barəsində CM-in 62-ci maddəsi tətbiq olunmaqla ona CM-nin 32.5,144.3-cü maddəsi ilə 4 il müddəinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin qərardan protest verilməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara tətbiq olunmalı qanun normalarına uyğun qiymət verib, məhkum olunmuş şəxsə cəza təyini məsələsini müzakirə edib, birinci instansiya məhkəməsinin iş materialları və apellyasiya instansiyası məhkəməsində araşdırmalar zamanı müəyyən olunmuş yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmuyunu və həmçinin əməllərində cəzanın ağırlaşdıran halların olmamasını müstəsna hallar kimi qəbul olunaraq barəsində CM-in 62-ci maddəsinin tətbiq olunmaqla məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 144.3-cü maddəsinin sanksiyasında müəyyən olunmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən az cəza, yəni CM-nin 144.3-cü maddəsi ilə 4 (dörd) il azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını cəzanın məqsədi və cəza təyin edilmənin ümumi əsaslarını müəyyən edən CM-in 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğun sayır. Belə ki, CM-in 62-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 oktyabr 2023-cü il tarixdə könüllü Ağcabədi RPŞ-yə gələrək özünü təslim etmiş, Ağcabədi RPŞ tərəfindən saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X9 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin olunmalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-130/2016 saylı, 29 fevral 2016-cı il tarixli hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilməli, Təqsirləndirilən şəxs barəsində CM-nin 62ci maddəsi tətbiq edilməklə CM-nin 144.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 6 dekabr 2015-ci il tarixdən 01 noyabr 2016-cı il tarixədək olan 10 (on) ay 25 (iyirmi beş) gün, Rusiya Federasiyasında həbsdə saxlanıldığı 17 may 2018ci ildən 13 mart 2019-cu il tarixədək olan 09 (doqquz) ay 26 (iyirmi altı) gün, ümumilikdə həbsdə qaldığı 01 (bir) il 08 (səkkiz) ay 21 (iyirmi bir) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 09 (doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 04 oktyabr 2023-cü il tarixdən hesablanmalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)- 130/2016 saylı, 29 fevral 2016-cı il tarixli apellyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, CPM-in 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Qeyd olunanlara əsasən və CPM-in 397 398.1.4, 399.1.5, 404, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ:

1. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-130/2016 saylı, 29 fevral 2016-cı il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X9 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin olunsun.

2. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-130/2016 saylı, 29 fevral 2016-cı il tarixli hökmü Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilsin.

3. Təqsirləndirilən şəxs barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə CMnin 144.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin və CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 06 dekabr 2015-ci il tarixdən 01 noyabr 2016-cı il tarixədək olan 10 (on) ay 25 (iyirmi beş) gün, Rusiya Federasiyasında həbsdə saxlanıldığı 17 may 2018-ci ildən 13 mart 2019-cu il tarixədək olan 09 (doqquz) ay 26 (iyirmi altı) gün, ümumilikdə həbsdə qaldığı 01 (bir) il 08 (səkkiz) ay 21 (iyirmi bir) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 09 (doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 04 oktyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-130/2016 saylı, 29 fevral 2016-cı il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar