Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-516/2022 20.06.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası - hakimlər Cəfərov Rafiq Musa oğlu (sədrlik edən), Əliyev Elşad İbiş oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə, Səmədov Alim Nadir oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya İnstansiyası Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X3 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Kürdəmir Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 1(041)33/2022 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Kürdəmir Rayon Məhkəməsinin (hakim Müseyib Bayramov) 14 aprel 2022-ci il tarixli, 1(041)33/2022 saylı hökmü ilə xx.xx.1969-cu ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir şəhəri, X4 küçəsi, 1 saylı evdə qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 13 yanvar 2022-ci il tarixdən hesablanmaqla, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Kürdəmir rayon poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınması müəyyən edilmiş, iş üzrə maddi sübutun taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan olunan narkotik vasitələr siyahısı”na daxil edilmiş, şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi – 0,714 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, 13 yanvar 2022-ci il tarixdə saat 17:00 radələrində Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Kürdəmir rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsinin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı, əynində olan göy rəngli cins şalvarın qabaq sağ kiçik iç cibindən 02 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,268 qram və 0,446 qram olmaqla, ümumi təmiz çəkisi 0,714 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri Müdafiəçi apellyasiya şikayətində barəsində olan Kürdəmir Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 1(041)33/2022 saylı hökmünün dəyişdirilib, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanın daha yüngül cəza ilə, yəni azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, «Təqsirləndirilən şəxs həm ibtidai istintaq orqanına, həm də məhkəməyə verdiyi ifadəsində əməlini etiraf edərək səmimi peşmançılığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkumluğu yoxdur, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Himayəsində beş azyaşlı uşağı vardır. Ona təyin edilmiş cəzanın ağırlığı ailə üzvlərinin də həyat şəraitinə mənfi təsir göstərir. Birinci instansiya məhkəməsi qeyd olunan hallara formal yanaşaraq Təqsirləndirilən şəxs 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza verməklə Azərbaycan Respublikası CM-in 41-ci maddəsində göstərilmiş məqsədlərə nail olması qənaətinə gəlmişdir. Halbuki, hazırkı iş üzrə təyin edilmiş cəza nə sosial ədalətin bərpası, nə də məhkumun islah edilməsi üçün heç də təsirli vasitə hesab edilə bilməz. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi himayəsində beş azyaşlı uşağın olmasını, ilk dəfə cinayət törətməsini, cinayət əməlini etiraf etməsini və səmimi peşman olmağını nəzərə almış, həmin halları açmadan ötəri olaraq vurğulamışdır. Lakin birinci instansiya məhkəməsi cəzanı yüngülləşdirən halların məcmusuna, təyin edilmiş cəzanın Təqsirləndirilən şəxs və onun ailəsinin gələcək həyatına, psixoloji durumuna vura biləcək mənfi təsirlərini nəzərə almamışdır». Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı X3 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edərək, onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətinin təmin olunmadan, Kürdəmir Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən Təqsirləndirilən şəxs özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, tədqiq olunmuş ekspert rəyləri, maddi sübut, videoçəkiliş və işdə olan istintaq hərəkətlərinə dair digər sənədlərlə onun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin hökmü cəza təyini hissəsində dəyişdirilməlidir. Apellyasiya şikayətinin dəlillərində işin faktiki halları və əməlin hüquqi tövsifi mübahisələndirilməsə də, Azərbaycan Respublikası CPM-in 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılmasına dair tələblərinə müvafiq olaraq ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, məhkum edilmiş şəxsin törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə görə, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məcəllənin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; hakim qanunu və vicdanını rəhbər tutaraq, sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən yuxarıda sadalanan sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2 və 3-cü hissələrində isə qeyd edilir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə,o narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də, işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək, məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. İşə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Beləliklə, cinayət hadisəsi baş vermişdir və birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməllərinə öz hökmündə hüquqi qiymət verərək, onu haqlı olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olubolmaması məsələsini müzakirə edərək, apellyasiya şikayətinin Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın ağır olmasından və ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməli olmasından ibarət dəlillərini qismən əsaslı sayır və bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məcəllənin 58.3-cü maddəsinə görə isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 4-cü bəndinə görə CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində beş azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə almış, cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs vərəm xəstəsi olmaqla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs xəstəliyinin də Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınması məqsədəmüvafiqdir. Həmin normaya görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi cəza təyini zamanı Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının orta həddində (1 il 6 ay) cəza təyin etmiş və bu həddə cəza təyin olunmasının zəruriliyini hökmdə əsaslandırmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi cəza təyini zamanı Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması kimi şəxsiyyətini səciyyələndirən halı da nəzərdən qaçırmışdır. Yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları nəzərə alıb məhkəmə kollegiyası hesab edir ki, CM-in 234.1-ci maddəsi ilə təyin olunmuş cəza- himayəsində beş azyaşlı uşağı olan, vərəm xəstəsi, əvvəllər məhkum olunmamış Təqsirləndirilən şəxs üçün ağırdır. Ədalətli cəza təyin edilməsi, hər şeydən əvvəl, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motivi, üsulu, cinayətin törədilmə şəraiti və sair kompeks halında qiymətləndirilməlidir. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi, hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə təyin etdiyi cəza ilə cəzanın məqsədinə nail olunacağını məhkəmə hökmündə əsaslandırmamış, yalnız formal surətdə CM-in müvafiq maddələrini sadalamaqla kifayətlənmiş və məhkum edilmiş şəxsin islah olunması üçün ağır cəza təyin etmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin ən mühüm prinsiplərindən biri də CM-in 9-cu maddəsində təsbit olunmuş humanizm prinsipidir. Humanizm prinsipi cinayətkara mərhəmətli münasibət bəslənməsini, onun barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Bu baxımdan məhkəmə kollegiyası humanistlik göstərərək, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə təyin olunmuş 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasını 6 ay həddinədək azaltmaqla cəzanın məqsədinə nail olunacağı qərarına gəlir və bu müddət ərzində onun islah olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası CPM-in 398.1.4-cü maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar çıxara bilər. Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məcəllənin 405.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək, təyin edilmiş cəzanı yüngülləşdirdikdə, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Kürdəmir Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 1(041)33/2022 saylı hökmü apellyasiya şikayətinə əsasən Təqsirləndirilən şəxs cəza təyini hissəsində dəyişdirilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 397-399, 405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Kürdəmir Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 1(041)33/2022 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 1(041)33/2022 saylı hökmü həmin apellyasiya şikayətinə əsasən Təqsirləndirilən şəxs cəza təyini hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 6 (altı) ay həddinədək azaldılsın. Hökm apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Rafiq Cəfərov Hakimlər Elşad Əliyev İlkin Abdullayev
Məhkəmə qərarları › İş №1(106)-516/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-516/2022
20.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver