Məhkəmə qərarları › İş №1(106)-517/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-517/2023

02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-517/2023 02.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası - hakimlər Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya İnstansiyası Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, Dövlət ittihamçısı2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 may 2023-cü il tarixli, 1(099)-375/2023 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 may 2023-cü il tarixli, 1(099)-375/2023 nömrəli hökmü (hakimləri X5 (sədrlik edən), X4 və X2 ibarət tərkibdə) ilə xx xxxxxx 1986-cı ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Cəlilabad şəhəri, N.Nərimanov küçəsi, ev 18-də qeydiyyatda olmaqla, həbs olunana qədər Cəlilabad şəhəri, V.Mürsəlov küçəsi, 56 nömrəli evdə yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəsisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəlinin 28 dekabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəza çəkdiyi müddətdə ona narkomaniyadan məcburi müalicə təyin edilməsi, ərazi narkoloji kabinetdə qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı məqsədi ilə 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,345 qram, 1,893 qram və 0,068 qram olmaqla ümumi təmiz çəkisi 2,306 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroini və 10 ədəd üzərində “F/M40” sözləri yazılmış ümumi miqdarı 0,4 qram narkotik vasitə olan metadon həblərini qanunsuz olaraq əldə edib saxlayaraq daşımış, 28 dekabr 2022-ci il tarixdə, saat 13 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhəri, V.Mürsəlov küçəsində piyada gedərkən şübhəli şəxs kimi Cəlilabad rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibində 1 ədəd bükümdə, ümumi təmiz çəkisi 0,345 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan şəxsi istehlak miqdarından artıq miqdarda heroin aşkar olunaraq götürülmüş, həmin gün saat 15 radələrində əməliyyat-axtarış tədbirinin davamı olaraq Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs razılığı ilə yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə sonuncunun iştirakı ilə baxış keçirilən zaman evin birinci mərtəbəsində yerləşən yataq otağındakı yataq dəstinin altında olan ağ rəngli qabın içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 1,893 qram və 0,068 qram olmaqla ümumi təmiz çəkisi 1,961 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan şəxsi istehlak miqdarından artıq miqdarda heroin və 10 ədəd üzərində “F/M40” sözləri yazılmış ümumi miqdarı 0,4 qram şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan metadon həbləri aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 may 2023-cü il tarixli, 1(099)-375/2023 saylı hökmünü dəyişdirərək, onun narkoman olmadığını, azyaşlı övladlarını və xəstə qardaşını nəzərə alaraq, Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi maddənin sanksiyasında olan aşağı həddən də az cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məkəmə onun təqsirini sübuta yetirərən zaman dəlillərin olmadığı halda ibtidai istintaqın saxtakarlıqla aparılmasına məhəl qoymadan ona haqsız olaraq ağır cəza təyin cəza təyin etmişdir. Onun birinci məhkumluğudur və narkomaniya xəstəliyindən əziyyət çəkmir. Onun qanindan aniliz götürürülmədən barəsində məcburi müalicə təyin edilmişdir. Ondan başqa ailəsinə qazanc gətirən yoxdur. Himayəsində iki azyaşlı övladı, ağır serroz xəstəliyindən əziyyət çəkən qardaşı və onun köməyinə ehtiyacı olan anası. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya instansiyası məhkəməsində dövlət itihamçısı Dövlət ittihamçısı2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu və Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edildiyini, birinci instansiya nəhkəməsi tərəfindən məhkum olunmuş şəxsə cəza təyin edilərkən onun şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanın ailəsinə təsiri, habelə narkotik vasitənin miqdarı kifayət qədər nəzərə alınaraq qanuni və ədalətli cəza təyin edildiyini, hökmün ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını bildirərək, həmin hökmün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 may 2023-cü il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddəyə Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İsitntaq Təcridxanasında həbsdə saxlanılan və videokonfrans əlaqə sistemindən istifadə etməklə məhkəmə iclasına qoşulan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 çıxışı ilə razı olduğunu bildirib, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsin apellyasiya şikayətinin və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarında əməlin hüquqi tövsifi mübahisələndirilməsə də, Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq, ilk növbədə məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına, daha sonra isə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 may 2023-cü il tarixli hökmü dəyişdirilməməlidir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə isitntaqı zamanı veridiyi qismən etirafedici ifadəsi, şahidlər Şahid1, Şahid4 və Şahid5 ifadələri, məhkəmə kimyəvi ekspertizasının 29 dekabr 2022-ci il tarixli 19/1311 saylı rəyi, xx.xx.2023-cü il tarixli 641 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyi, xx.xx.2023-cü il tarixli 86 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın nəticəsi, 28 dekabr 2022-ci il tarixli videoçəkilişlə aparılan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, 28 dekabr 2022-ci il tarixli videoçəkilişlə aparılan “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokol, maddi sübut və işin digər halları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Buna görə də məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırkı qərarda təkrar sadalamağa zərurət görmür. Məhkum edilmiş şəxs apellyasiya şikayətinin dəlillərinidə narkomaniya xəstəliyindən əziyyət çəkməməsi, barəsində əsassız yerə məcburi müalicənin təyin edilməsini, eləcə də məhkəmə baxışı zamanı narkotik vasitələrin satışı ilə məşğul olmamasını qeyd etsə də, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 86 saylı narkoloji ekspertizanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Həmçinin o, birinci instansiya məhkəməsi zamanı özünü Cinayət Mcəlləsini 234.1-ci maddəsi ilə təqsirli bilərək uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etdiyini qeyd etmişdir. Məhkəmə kolleyiası hesab edir ki, qeyd olunan ifadə və məcburi-narkoloji tibbi yoxlama rəyinə əsasən göstərilən hissədə apellyasiya şikayətinin dəlilləri əsassızdır və Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə ehtiacı vardır. Cinayət Prosessual Məcəlləsinin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan sübutlara tətbiq olunmalı qanun normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi, həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Apellyasiya instansiya məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və 12 may 2023-cü il tarixli hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında Lənkəran Ağır Cinayətlər Məhkəməsi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş əməlinin əsaslı olması ilə bağlı gəldiyi nəticə qanunun tələblərinə uyğundur, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, İsmayılov X3 rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, bundan başqa Qaradağ RPŞ-nin tərəfindən CM-in 221-ci maddəsi ilə material açılmış, xx.xx.2021-ci ildə Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmiş, hazırda məhkumluğu yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərində mübahisələndirilən cəza məsələsi ilə bağlı aşağıdakıları qeyd edir. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun himayəsində bir azyaşlı uşağının olması, yaşayış yerindən müsbət xarakterizə olmasını cəzasını yüngülləşdirən hallar kimi və əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi 6 (altı) il müddətə müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəuyğun saymışdır. Apellyasiya şikayəti və məhkəmə baxışı zamanı müdafiə tərəfinin çıxışlarının dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58, 59 və 61-ci maddələrini rəhbər tutmuş, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddini təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün saymış və bununla da məhkəmə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən qanunun tələbinə uyğun olaraq işin hallarını düzgün qiymətləndirmiş, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulan aşağı dəddə yaxın azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin aşağı endirilməsi və ya maddənin sanksiyasında nəzərədə tutulan digər yüngül cəza ilə əvəz edilməsi, məhkum olunduğu maddəyə Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsi və ya onun şərti məhkum edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə Cinayət Məcəlləsinin 41ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyini məsələsinin həlli zamanı sonuncunun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almaqla əsaslı olaraq onun cəmiyyətdən təcrid olunmaqla islah olunmasını mümükün saymış və Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutlmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə yaxın cəza təyin etməklə cəzanın ümumi məqsədinə xidmət edən qanuni və ədalətli cəza təyin etmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 may 2023-cü il tarixli 1(099)-375/2023 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Məhəmməd Bağırov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar