Məhkəmə qərarları › İş №1(106)-525/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-525/2022

06.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-525/2022 06.06.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası - hakimlər Cəfərov Rafiq Musa oğlu (sədrlik edən), Əliyev Elşad İbiş oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə, Səmədov Alim Nadir oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya İnstansiyası Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X9, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Saatlı rayon Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə məhkum olunmasına dair Saatlı Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 1(055)21/2022 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X7 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin (hakim X4) 18 aprel 2022-ci il tarixli, 1(055)21/2022 saylı hökmü ilə xx.xx.1986-cı ildə Saatlı rayonunun Xanlarkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Saatlı rayonunun Çolpı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; təyin edilmiş cəza müddəti ərzində üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuş; cəzaçəkməsinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılması və iş üzrə maddi sübut olan iki baş iribuynuzlu heyvanların sahibi X6 qaytarılmasının nəzərə alınması hökm edilmiş; hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. İşin halları Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, 15 noyabr 2021-ci il tarixdə saat 21 radələrində Saatlı rayonu Orta Muğan kəndi ərazisindəki qəbiristanlığın yanından keçən su kanalının kənarında Saatlı rayonu Mircəlalkənd kəndində yaşayan X5 əmlakını tamah niyyəti ilə əvəzsiz götürməkdən ötrü sonuncuya məxsus iki baş, yerli cinsli, dişi, 9-10 yaşlı, diri çəkiləri 320 kq, bir başının dəyəri 1500 manat olan iribuynuzlu heyvanları gizli olaraq talayaraq, zərərçəkmiş Rövşən İsmayılova ümumilikdə 3000 manat məbləğdə maddi ziyan vurmuş, yəni qanunsuz olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri X1 apellyasiya şikayətində Saatlı Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 1(055)21/2022 saylı hökmünün dəyişdirilib, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzasının aşağı həddində cəza təyin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, «məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini səmimi etiraf edib peşman olmasını, əvvəllər məhkum olunmamasını, fərdi əməklə məşğul olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını yetərincə nəzərə almamışdır». Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X7 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Dövlət ittihamçısı X9 məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X7 tərəfindən birgə verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə tövsif edərək, onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətinin təmin olunmadan, Saatlı Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış zərərçəkmiş şəxs X8 üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və müdafiəçinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərində işin faktiki halları və əməlin hüquqi tövsifi mübahisələndirilməsə də, Azərbaycan Respublikası CPM-in 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılmasına dair tələblərinə müvafiq olaraq ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, məhkum edilmiş şəxsin törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər sənədlərlə onun Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsi, təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə görə, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; hakim qanunu və vicdanını rəhbər tutaraq, sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən yuxarıda sadalanan sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də, işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək, məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Beləliklə, cinayət hadisəsi baş vermişdir və birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlinə öz hökmündə hüquqi qiymət verərək, onu haqlı olaraq Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə almış, CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Birinci instansiya məhkəməsi cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsinin sanksiyasında 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, eləcə də, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məhkəmə kollegiyası qanuni və ədalətli hesab edir. Məhkəmə kollegiyası həmin cəzanın təyin olunmasını humanizm və ədalət prinsiplərinə cavab verdiyini hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan daha yüngül cəzanın təyin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınması baxımından qanuni və ədalətli olmuşdur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyinetmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının tövsiyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq, qanuni və ədalətli nəticə çıxarılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X7 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilmədən, Saatlı Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 1(055)21/2022 saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə məhkum olunmasına dair Saatlı Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 1(055)21/2022 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X7 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 1(055)21/2022 saylı hökmü həmin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Rafiq Cəfərov Hakimlər Elşad Əliyev İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar