Məhkəmə qərarları › İş №1(106)-53/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-53/2025

08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-53/2025 08.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Əliyev Elşad İbiş oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, müdafiəçi- Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə. xx xxxxxxx 2008-ci il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, məktəbli, subay, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, E.İbrahimov küçəsi, ev 6-da qeydiyyatda olmaqla yaşamış, 09 yanvar 2024-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, İmişli Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 4(036)- 2/2024 nömrəli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilərək dərhal həbsdən azad edilmiş, barəsində 4 (dörd) ay müddətinə, yəni 09 may 2024-cü il tarixədək “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 may 2024-cü il tarixli, 1(099)-495/2024 nömrəli qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin(bundan sonra Cinayət Məcəlləsi) 29, 120.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2024-cü il tarixli 1(099)-495/2024 saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası qərar verdi. İ.İŞİN HALLARİ: İşin faktiki hallarına əsasən birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticəyə görə, Təqsirləndirilən şəxs 06 yanvar 2024-cü il tarixdə, saat 12 radələrində İmişli şəhəri, M.Əsədov küçəsi, 3 ünvanında yerləşən İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı Heydər Əliyev adına parkda Zərərçəkmiş şəxs onu nalayiq ifadələrlə təhqir etdiyinə görə 08 yanvar 2024-cü il tarixdə, saat 21 radələrində yaşadığı İmişli şəhəri, E.İbrahimov küçəsi, 6 saylı evdə “Whatsapp Messenger” ani mesajlaşma tətbiqində ***- ***-**-** saylı mobil nömrə ilə qeydiyyata alınan hesabından Zərərçəkmiş şəxs tanışı Şahid3 ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyata alınan hesabına Zərərçəkmiş şəxs bıçaqla vuracağı, əks halda özünü təhqir olunmuş hesab edəcəyi məzmununda səsli ismarıc göndərmiş, Şahid3 isə öz növbəsində həmin səsli ismarıcı Zərərçəkmiş şəxs ***- ***-**-** saylı mobil nömrə ilə qeydiyyata alınan “Whatsapp Messenger” hesabına göndərdikdən sonra sonuncu bundan qəzəblənərək “Whatsapp Messenger” vasitəsilə onun hesabına nalayiq ifadələrdən ibarət səsli və yazılı ismarıclar göndərməklə təhqir etdiyinə görə o, qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək cinayətkar niyyətini həyata keçirmək üçün həmin tarixdə yaşadığı evin mətbəxindən bir ədəd mətbəx bıçağını götürüb Zərərçəkmiş şəxsla görüşə gedərkən İmişli şəhəri, A.Məmmədov küçəsində 15 nömrəli evin yaxınlığında Zərərçəkmiş şəxsla qarşılaşmış və aralarında yaranan əlbəyaxa mübahisə zamanı şalvarının arxa cibindən yerə düşən bıçağı götürərək sonuncunun yaxın adamları olan Şahid1 və Şahid2 gözləri qarşısında, onlara xüsusi əzab və iztirab verdiyini dərk etməklə və bunu arzulamaqla qəsdən öldürmək məqsədilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə bıçaqla qəsdən çoxsaylı zərbələr vurmağa başlamış, zərərçəkmiş Zərərçəkmiş şəxs həyatının təhlükədə olduğunu görüb xilas olmaq üçün qaçaraq uzaqlaşmaq istəyərkən, o, cinayətkar niyyətini başa çatdırmaq məqsədilə Zərərçəkmiş şəxs arxasınca qaçmaqla onu təqib edərək aldığı bıçaq zərbələrinin təsirindən müvazinətini itirib yerə yıxılan Zərərçəkmiş şəxs çatmış, yerdə uzanıqlı vəziyyətdə olan sonuncunun onu öldürməməsi barədə aman diləyən yalvarışlarına məhəl qoymayaraq xüsusi əzab və iztirab verdiyini dərk etməklə və bunu arzulamaqla, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək əlindəki bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yenidən qəsdən çoxsaylı zərbələr vuraraq, ona qarnın ön divarında sağ qabırğaaltı nahiyədə döş boşluğuna keçən sağtərəfli hemopnevmotoraksla ağırlaşan bir ədəd və qarın boşluğuna keçən, qaraciyərin sağ və sol payını, mədənin kiçik əyriliyini zədələyən bir ədəd yaradan ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, sağ qabırğaaltı nahiyədə bir ədəd, sol budun yuxarı 1/3-nin ön səthində bir ədəd, sol sağrının yuxarı-bayır kvadratında bir ədəd, sağ sağrının iç və bayır kvadratlarında iki ədəd, sağ kürək nahiyəsində bir ədəd, sol kürək nahiyəsində bir ədəd, döş qəfəsinin sağ yarısının arxa səthində sağ onurğayanı xətt boyunca 8-9-cu qabırğaarası sahədə bir ədəd, boynun sol yan səthinin aşağı hissəsində bir ədəd və boynun arxa səthinin aşağı hissəsində bir ədəd yaradan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olmaqla ümumilikdə on iki ədəd kəsilmiş-deşilmiş bıçaq xəsarətləri yetirmiş, bu zaman hadisə yerində olan Şahid1 Zərərçəkmiş şəxs köməklik göstərib onu Zərərçəkmiş şəxs aralamaq məqsədilə əlləri ilə itələdikdən sonra Zərərçəkmiş şəxs ani fürsət taparaq hadisə yerindən qaçaraq getmiş və o, Şahid1 müdaxiləsi, zərərçəkmiş Zərərçəkmiş şəxs ona aktiv müqavimət göstərib hadisə yerindən qaçması və yaxınları tərəfindən “İmişli rayon Mərkəzi Xəstəxanası” X4 çatdırılaraq həkimlərin göstərdikləri ixtisaslı tibbi yardım nəticəsində həyatının xilas olunması səbəbindən bilavasitə xüsusi amansızlıqla qəsdən adam öldürməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmənin ittiham hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il 7 (yeddi) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməklə, cəzasının əvvəlinin 09 yanvar 2024-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İİ.APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Birinci instansiya məhkəməsində cinayət işi üzrə araşdırma aparılan zaman işin faktiki halları araşdırılmamış, şəxsin əməlində cinayət əməlinin bütün tərkib əlamətlərinin olubolmaması müəyyən edilməmişdir. Cinayət işi üzrə toplanmış sübutlarla, yəni təqsirləndirilən şəxsin, zərərçəkmiş və şahidlərin ifadələri, məhkəmə-tibb ekspertizasının rəyi və digər sübutlarla Zərərçəkmiş şəxs sağlamlığına ağır xəsarət yetirilməsi sübuta yetirlir və bu işin mübahisəsiz halıdır. İşin mübahisəli halı Təqsirləndirilən şəxs həmin əməli xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə cəhd etmək niyyəti ilə törədib törətməməsidir. Belə ki, cinayət qanunvericiliyinin tələbinə görə qəsdən adam öldürməyə cəhd cinayətini qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürməyə cəhddə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, qəsdən sağlamlığa zərər vurmada isə niyyət zərərçəkmişin sağlamlığına ağır zərər yetirmədə ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətləri, xarakteri və lokalizasiyası həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəmə baxışında müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi öldürmək niyyəti olmamışdır. Lakin birinci instansiya məhkəməsi işin müəyyən hallarına düzgün qiymət verməmişdir. Belə ki, hadisənin hansı səbəbdən, kimin təşəbbüsü ilə başlanılması, yəni, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin istəyi və təkidi ilə evdən çıxıb görüşə getməyi, ilk zərbənin zərərçəkmiş tərəfindən vurulması, ona bıçaq vurulmasını təkidlə və söyüş söyərək tələb etməsini sadəcə özünü müdafiə etmək üçün üzərində götürdüyü bıçağın zərbədən sonra təsadüfən yerə düşməsi nəticəsində baş verməsi halına düzgün qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs hərəkətində «xüsusi amansızlıq» əlamətinin olmasını onunla əsaslandırmışdır ki, Zərərçəkmiş şəxs yaxın adamları yəni, qohumu Əli və Şahid2 gözləri qarşısında, onlara xüsusi əzab və iztirab verdiyini dərk etməklə və bunu arzulamaqla Zərərçəkmiş şəxs onu öldürməməsi barədə aman diləyən yalvarışlarına məhəl qoymayaraq xüsusi əzab və iztirab verdiyini dərk etməklə və bunu arzulamaqla, müstəsna dərəcədə rəhimsizlik və qəddarlıq nümayiş etdirərək qəsdən xüsusi amansızlıqla öldürmək məqsədilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə yenidən qəsdən çoxsaylı zərbələr vuraraq bədən xəsarətləri yetirmiş, bu hərəkətləri ilə o, zərərçəkmiş şəxs Fəridi amansızlıqla qəsdən öldürməyə cəhd etmişdir. Hesab edirik ki, məhkəmənin bu qənaəti əsassızdır. Belə ki, Zərərçəkmiş şəxs yaxın adamları kimi təqdim edilən Əli və Şahid2 eyni zamanda təqsirləndirilən şəxslə də, yaxın münasibətləri olmuş, aralarında ədavət olmamış, qonşu kimi bir yerdə gəzmişlər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, onlar Əkbərin və Fəridin yanına yaxınlaşarkən artıq Əkbərin Fəridi vurduğunu və qaçdığını görmüşlər. Hadisə onların gözləri qarşısında baş versə idi, ən azından bir bıçaq zərbəsindən sonra onları aralamaq mümkün olardı. Göründüyü kimi, təqsirləndirilən şəxsin Əli və Şahid2 gözləri qarşısında, xüsusi əzab və iztirab verdiyini dərk etməklə zərərçəkmiş şəxsi xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etməsi ağır ittiham verilməsi üçün yalnız mülahizədir. Eyni zamanda 08 yanvar 2024-cü il tarixdə saat 21 radələrində baş vermiş hadisə zamanı təqsirləndirilən şəxs özünü müdafiə məqsədilə müqavimət göstərməyə başlamış və bu zaman təqsirləndrilən şəxs qaranlıq hava şəraitində kontrolsuz hərəkət etməklə zərərçəkmiş şəxsə bədən xəsarəti yetirmişdir. Halbuki həmin şəraitdə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsdə aşkar olunmuş xəsarətləri ona məqsədli şəkildə yetirməsi mümkünsüz olmuşdur. Belə olan halda ibtidai araşdırma orqanı zərərçəkmiş şəxsə çoxsaylı xəsarət yetirilməsini nəzərə almaqla, təqsirləndirilən şəxsin məqsədinin zərərçəkmiş şəxsi öldürmək olması ilə bağlı gəldiyi qənaət əsassız olmuşdur. Təqsirləndirilən şəxs cinayət təqibi başlanan andan hazırki vaxtadək verdiyi bütün izahat və ifadələrində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs öldürmək istəməmişdir. Fəridlə aralarında 08 yanvar 2024-cü il tarixdə, saat 21 radələrində mübahisə baş verən zaman iki qardaşlar Əli və Şahid2 də yanlarında olmuşdur, sonradan onlardan aralı getmişlər. Fəridlə dalaşa- dalaşa gəlmiş, həmin vaxtı Fəridə çoxsaylı bıçaq zərbələri vurmuş, Əli gəldiyi üçün Fəridin yanından qaçıb getmişdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Əkbərin onu vurmağa və öldürməyə imkanı olmuşdur, ancaq Əkbərin onu vurmağa davam etməmişdir. Hadisə zamanı Əlinin Əkbərə 2-3 metrə çatmağa qalmış Əkbər qaçmışdır. Beləliklə işin müəyyən olunmuş faktiki halları ilə müəyyən olunur ki, hadisə zamanı təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə ağır dərəcəli bədən xəsarəti yetirməklə faktiki olaraq onun müqavimətini qırmışdır. Bu hal onu təsdiq edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə bıçaq zərbələri yetirməklə öz niyyətini başa çatdırmış və bundan sonra onun getməsinə şərait yaratmışdır. Bütün bu hallar tərəflərin məhkəmə iclasında verdikləri ifadələrinin həqiqət olmasını təsdiq edir. Göründüyü kimi, təqsirləndirilən şəxsin qəsdi zərərçəkmiş şəxsi həyatdan məhrum etməyə yönəlməmiş, buna görə də onun təqsiri sağlamlığa ağır zərər vurmaqdan ibarət olmuşdur. Qeyd olunanlara əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-495/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli hökmü dəyişdirilərək təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif edilməsini və Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq etməklə təyin ediləcək cəza şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İİİ.PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında dövlət ittihamçısı X2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanın ağırlaşdırıcı və yüngülləşdirici hallarını nəzərə alındığını, ona qanuni və ədalətli cəza təyin edildiyini qeyd etməklə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)- 495/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-495/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif edilməsini və Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq etməklə təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Zərərçəkmiş şəxs gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşin hallarına əsasən zərərçəkmiş şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılması mümkün hesab edilmişdir. İV.HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə Cinayət-Prosessual Məcəlləsin) 397.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi Apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətinin dəlillərinin prosessual dəyərləndirilməsindən göründüyü kimi, müdafiə tərəfi məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını və işin əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edərək, tələbini Cinayət- Prosessual Məcəlləsinin 399.1.2. və 401-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması kimi məsələlər mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla hər bir apellyasiya dəlili üzrə ayrıayrılıqda araşdırma aparmışdır. Təqsirləndirilən şəxs Fəqan oğlu qismən məhkəmə istintaqı ilə keçirilən məhkəmə iclasında ibtidai istintaqda və birinci instansiya məhkəməsində verdiyi ifadələrə uyğun ifadə vermiş, bıçağı evdən Fəridi vurmaq üçün yox, qorxutmaq üçün götürdüyünü, zərərçəkmiş Fəridin onu başından və qarın nahiyyəsindən vurmasına və Fəridin ondan böyük olmasına görə yumruqla qarşılıq verə bilmədiyi üçün özünü müdafiə etmək məqsədi ilə bıçaqla vurmasını, çoxsaylı bıçaq zərbəsi vurmasında məqsədinin Fəridin müqavimətini qırıb ondan qaçmaq olmasını bildirmişdir. Birinci intsansiya məhkəməsində ifadə verən zərərçəkmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, “...Həmin yerdə savaşmışlar, savaşa-savaşa 15 metr gedəndən sonra Əkbərə güləş fəndi etmiş, Əkbəri yerə yıxmış, həmin vaxt Əkbərin belində olan bıçaq yerə düşmüşdür. Əkbər onu vurmuş, Əkbər onu bıçaqla vuran vaxtı Əkbərlə dalaşmış, həmin vaxtı qışqırıb “Allah”ın adını çağırmış, sonra dayısı nəvəsi Əli qaça-qaça gəlmiş, həmin vaxt hüşunu itirmiş, bədəni ağrısa da Əkbərin onu öldürəcəyindən qorxduğu üçün qonşunun hasarından tullanaraq qaçıb getmişdir. Əkbərin onu bıçaqladığı yer ilə hasar arasındakı məsafə 2-3 metr olmuş, hasarın hündürlüyü alçaq olmuşdur. Əlini hasara ataraq tullanıb qonşunun həyətinə keçə bilmişdir. Həyətə keçib oturduqdan sonra huşunu itirmişdir. Xəbəri olmadan onu xəstəxanaya aparmışlar…” O, həmçinin bildirmişdir ki, “…Savaşdıqları yerdən 10 metr məsafəni yumruq ata-ata ayaq üstə getmişlər, sonra Əkbərin arxasından tutub ona güləş fəndi olan “brasok” atmış, Əkbər yerə yıxılmış, həmin vaxt Əkbərin belindən bıçaq yerə düşmüş, Əkbər yarı yıxılmış vəziyyətdə 5-10 saniyə durub baxmış, sonradan bıçağın arxasında yerə düşdüyünü görmüş, bıçağı yerdən götürərək üstünə cummuşdur. Əkbərin əlində bıçağı görüb yenə Əkbərin üstünə cummuş, yenə dalaşmış, həmin vaxt Əkbər bıçaqla onu vurmuşdur. Əkbər 1-ci bıçağı sağ qolumun altından ciyəri tərəfdən vurmuş, bıçaq vurandan sonra bədənində xəsarət yaranmış, daha sonra Əkbər qarın hissəsindən bıçaqla vurmuşdur. Əkbərlə dalaşan vaxt yerə yıxılmış, Əkbər kürəyindən də onu bıçaqla vurmuşdur. Bu dəfə isə sağ böyür üstə yerə yıxılmışdır. Sonra qabağa Əkbərgil tərəfə getmiş, 3-5 metr getdikdən sonra sağ tərəfdə olan hasardan tullanmış, Əkbər də evlərinə tərəf qaçıb getmişdir. Əkbər onu bıçaqla vuran zaman Əli gəlmiş, Əkbər Əlini görüb qaçmış, Əli gəlib heç nə edə bilməmiş, həmin vaxtı Əkbər qaçmışdır. Hasardan tullanandan sonra Əkbər onu bıçaqla vura bilməmişdir. Əkbər kürəyindən bıçaq zərbələri vurandan sonra elə bil ayılmış, bıçağı yerə atmışdır. Əli qışqıra-qışqıra gəlmiş, Əli Əkbərə çatmağa 2-3 metr qalmış Əkbər qaçmışdır. Onlar dalaşanda Əli ilə Tunar onlardan hardasa 10 metr aralıda olmuşlar…” Zərərçəkmiş Zərərçəkmiş şəxs ibtidai istintaqda vermis olduğu ifadə birinci instansiya məhkəməsində tədqiq edilmişdir. Hadisənin baş vermə anı barədə o, qeyd etmişdir ki, “…Əkbərə yaxınlaşaraq sonuncunun çənəsinə yumruqla vurmuş, Əkbərin belindən tutaraq güləş fəndi tətbiq etmək istəmişdir. Bu zaman Əkbərin cibindən bıçaq düşmüş, Əkbər bıçağı götürüb onun qarnına və bədəninin müxtəlif yerlərinə vurmağa başlamışdır. Həmin vaxt onun tükləri biz-biz olmuş, bıçaqlandığını görüb əks istiqamətdə qaçmağa başlamışdır. Lakin təxminən 20 metr qaçdıqdan sonra ayaqları ağrıdığı üçün yerə yıxılmış, Əkbər isə onun arxasınca qaçmışdır. Əkbərə dayanmasını, onu vurmamasını demişdir. Buna baxmayaraq o, yerdə yıxılı vəziyyətdə olarkən Əkbər onu yenidən bıçaqla vurmağa başlamışdır. Bunu görən Əli onların yanına gələrək Əkbəri kürəyindən itələmiş, Əkbər isə onu vurmaqda davam etmişdir. Əli yenə də Əkbəri kürəyindən itələyərək dayanmasını demişdir. Əkbər bundan sonra dayanmış və Əliyə tərəf dönərkən, o, imkan yarandığını görüb yerdən tez qalxaraq öz tərəflərinə qaçıb hasardan özünü atmışdır…O, hadisə vaxtı Əkbərin ona neçə bıçaq vurduğunu bilməmiş, sonradan həkim ona 12 bıçaq vurulduğunu demişdir. Əkbərə güləş fəndi tətbiq etmək istəyərkən Əkbər ona birinci bıçaq zərbələrini vurmuşdur. Həmin vaxt o, ayaq üstdə olmuş, Əkbər ilə üzbəüz dayanmışlar. İkinci dəfə bıçağı vurarkən o, yıxılmış vəziyyətdə, Əkbər isə ayaq üstə olmuşdur. Əkbər bıçağı sol əlində tutmuş, ona zərbələri bıçağı sol əlində tutaraq yetirmişdir...” Apellyasiya baxışında şahid qismində dindirilmiş Şahid1 birinci instansiya məhkəməsində verdiyi ifadəyə uyğun ifadə vermişdir. Lakin onun ibtidai istintaqda verdiyi və birinci instansiya məhkəməsində tədqiq edilmiş ifadəsindən görünür ki, “...Əkbər Fəridi bıçaqla vurduqdan sonra Fərid “başına dönüm vurma məni” bildirmişdir...Fərid Əkbərin arxasına keçərək əlləri ilə Əkbərin belindən tutub ona güləş fəndi tətbiq etmək istəmiş, bu zaman Əkbərin cibindən bıçaq yerə düşmüş, Əkbər isə bıçağı götürmüş və Fəridi vurmağa başlamışdır. Bundan sonra Fərid “Ay mama bıçaqlandım”-deyə qışqırmış və digər istiqamətə qaçmağa başlamış, Əkbər isə Fəridin ardınca qaçmışdır. Fərid bir az qaçdıqdan sonra yerə yıxılmışdır. Əkbər isə onun yanına çataraq bıçaqla bir neçə dəfə yenidən Fəridin yan və kürək nahiyəsindən vurmuşdur. O, isə həmin vaxt onların yanına qaçmış və arxadan əli ilə Əkbərin kürəyindən itələmiş, Əkbər isə yenə də Fəridi vurmaqda davam etmişdir. O, yenə də Əkbəri kürəyindən itələmiş və dayanmasını demişdir. Əkbər qəflətən dayanmış və ona tərəf çönmüşdür, Əkbərin ona tərəf çöndüyünü görüb, qorxmuş və bir addım geri çəkilmişdir. Əkbər isə arxaya çönüb öz evlərinə tərəf qaçmış, qaçarkən Əkbər bıçağı atmış, o, bıçağın düşməsinin səsini eşitmişdir. O, isə Əkbərin arxasınca qaçmışdır. O, həmin vaxt özünü itirmiş, Əkbərin arxasınca Əkbəri tutmaq üçün qaçmışdır. O, Əkbərə çata bilməyəcəyini görüb, Fəridə kömək etmək üçün geri qayıtmışdır...” Birinci instansiya məhkəməsində ifadə vermiş Şahid2 ifadəsində bildirmişdir ki, “...Əkbərin Fəridi bıçaqlamasını görməmişdir, çünki kənarda olmuşdur. Əkbərin hansı formada Fəridi bıçaqlamasını Əli görmüş, bu barədə Əli ona məlumat vermişdir...” “Kompleks və əlavə kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası”nın 15 fevral 2024-cü il tarixli, 398 saylı rəyindən və 05 aprel 2024-cü il tarixli, 883 saylı rəyindən görünür ki, hadisə zamanı onun emosional vəziyyətinə mənfi təzahürü istisna edilmir. Qərarın təsviri hissəsində göstərilən əməli törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində situasiya ilə əlaqədar hirslilik, emosional reaksiyalara meyillilik kimi hallar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır.(cild 2, i.v.226-225, cild 3, i.v.19-23) “Üzləşdirmə aparmaq haqqında” 29 mart 2023-cü il tarixli protokollardan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə üzləşdirmədə dindirmə zamanı istintaqa verdiyi ifadəsini bir daha təsdiq edərək, eyni məzmunlu ifadələr vermişlər. (cild 2, i.v.242-246; 247-251) “Məhkəmə-tibb ekspertizası”nın 10 yanvar 2024-cü il tarixli, 24 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş-qarnın ön divarında sağ qabırğaaltı nahiyədə döş boşluğuna keçən sağtərəfli hemopnevmotoraksla ağırlaşan bir ədəd yara və qarın boşluğuna keçən, qaraciyərin sağ və sol payını, mədənin kiçik əyriliyini zədələyən bir ədəd yara-cəmi iki ədəd yara, sağ qabırğaaltı nahiyədə bir ədəd, sol budun yuxarı 1/3-nin ön səthində bir ədəd, sol sağrının yuxarı-bayır kvadratında bir ədəd yara, sağ sağrının iç və bayır kvadratlarında iki ədəd yara, sağ kürək nahiyəsində bir ədəd yara, sol kürək nahiyəsində bir ədəd yara, döş qəfəsinin sağ yarısının arxa səthində sağ onurğayanı xətt boyunca 8-9-cu qabırğaarası sahədə bir ədəd yara, boynun sol yan səthinin aşağı hissəsində bir ədəd yara və boynun arxa səthinin aşağı hissəsində bir ədəd yara-cəmi 12 (on iki) ədəd yara kəsici-deşici alətin (alətlərin) təsirindən törənmişdir, 08 yanvar 2024-cü il tarixdə bıçaqla (bıçaqlarla) vurulma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər qarnın ön divarında sağ qabırğaaltı nahiyədə döş boşluğuna keçən sağtərəfli hemopnevmotoraksla ağırlaşan bir ədəd yara və qarın boşluğuna keçən, qaraciyərin sağ və sol payını, mədənin kiçik əyriliyini zədələyən bir ədəd yara-cəmi iki ədəd yara dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir, digər yaralar isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər qısa müddət ərzində yetirildiyi üçün xəsarətlərin ardıcıllığı barədə konkret fikir söyləmək mümkün deyildir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər onun müxtəlif duruş vəziyyətlərində (ayaqüstə, üzbəüz, əks istiqamətli və yaxud uzanmış) yetirilə bilərdi. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər yetirildikdən sonra müəyyən məqsədyönlü hərəkətlər etmək imkanında olmuşdur.(cild 1,i.v.141-143) Cinayət hadisəsini bilavasitə aydınlaşdırmağa və təhlil etməyə imkan verən isnad edilmiş sübutlardan göründüyü kimi, müdafiə tərəfinin qeyd etdikləri işin faktiki hallarına uyğun deyil, digər sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur, toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmış, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmişdir. Bununla da cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət təqibi üzrə toplanmış sübutlar kifayətdir ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Müdafiə tərəfinin əməlin CM-in 126.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərar). “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarıda qeyd olunur ki, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda apellyasiya instansiyası məhkəməsi hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Respublikası CPM-nin 392.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Qərarın 2-ci bəndinə qeyd olunanlara əsasən, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin Qərarın 8-ci bəndində qeyd olunmuşdur ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. CM-in 29-cu maddəsi qəsdən cinayət etməyə cəhdin, 120.2.4-cü maddəsi xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə cinayətin əlamətlərini nəzərdə tutur. Cinayət Məcəlləsinin 3-cü maddəsinə uyğun olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qismən istintaqın nəticəsinə əsasən bu qənaətə gəlmişdir ki, hadisənin baş vermə səbəbi, əməlin törədilmə üsuluna diqqət yetirərkən təqsirləndirilən şəxslər arasında əvvəlcədən mübahisə olması aşkardır. Hadisə yerinə gələrkən hər iki şəxsin üzərində bıçaq gətirməsi kriminal niyyətlərinin əvvəlcədən formalaşması qənaətini qətiləşdirir. Lakin sonrakı mərhələdə zərərçəkmiş bıçaqla mübahisəni davam etdirməsindən imtina etmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs isə kriminal niyyətindən imtina etməmiş, hadisə yerinə gələnə qədər özündə qətiləşmiş qisas hissi ilə qəsdən bədənə xəsarət yetirməyə yönəlmiş psixi münasibətini davam etdirmişdir. Kollegiyanın qənaətinə görə, işin faktiki hallarına əsasən həmin an Təqsirləndirilən şəxs psixoliji və emosional vəziyyətinə görə yetirləcək bədən xəsarətinin ağırlıq dərəcəsini, xəsarətin həyat üçün təhlükəli olub-olmamasını düşünməmişdir. Belə vəziyyətdə zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsi real ola bilərdi. Toplanmış sübutların tədqiqinə əsasən işin faktiki halları ilə müyyən olunur ki, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxsla kobud danışması, zərərçəkmiş şəxsin cinayətə təhrikedici hərəkətləri Təqsirləndirilən şəxs qisas hissi və xüsusi amansızlıqla ilə xəsarətlər yetirməsinə zəmin yaratmışdır. Zərərçəkmiş və şahidlərin ifadələrindən də göründüyü kimi, Zərərçəkmiş şəxs zərbəsi və güləş fəndindən sonra Təqsirləndirilən şəxs bıçaqla xəsarət yetirməyə başlamışdır. İşin hallarına əsasən ilk bıçaq zərbəsindən sonra zərərçəkmiş hərəkətlərini dərhal dayandırmış və müdafiə mövqeyinə keçərək, qaçmaqla Təqsirləndirilən şəxs zərbələrindən yayınmağa çalışmış, lakin yıxılmış, o, zərərçəkmiş şəxsin “başına dönüm vurma” yalvarışına əhəmiyyət verməmiş, bıçaqla zərbələr vurmağa davam etmişdir. Zərərçəkmiş şəxs “Ay mama bıçaqlandım” səsinə gələn Şahid1 onların yanına qaçmış və arxadan əli ilə Əkbərin kürəyindən itələmiş, Əkbər isə yenə də Fəridi vurmaqda davam etmiş, o, yenə də Əkbəri kürəyindən itələmiş və dayanmasını demişdir. Bundan sonra Əkbər qəflətən dayanmış və öz evlərinə tərəf qaçmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhz Şahid1 əl və sözlə müdaxiləsindən sonra əməlinin icrasını dayandırmışdır. Həmin vaxt xəsarətlərdən yetirildiyi an üçün “Qarnın ön divarında sağ qabırğaaltı nahiyədə döş boşluğuna keçən sağtərəfli hemopnevmotoraksla ağırlaşan bir ədəd yara və qarın boşluğuna keçən, qaraciyərin sağ və sol payını, mədənin kiçik əyriliyini zədələyən bir ədəd yara” -cəmi iki ədəd yara dərəcəsinə görə həyat üçün təhlükəli olmuşdur. Təqsirləndirilən şəxs özü etiraf edir ki, zərərçəkmiş şəxs ondan güclü olmuş, onun müqavimətini qırmağa çalışmışdır. O, bu məqsədini reallaşdırmaq üçün, zərərçəkmiş şəxsin yalvarışına, aman diləməklə ondan qaçmasına əhəmiyyət verməmiş, bıçaqıa çoxlu sayda xəsarətlər yetirməklə niyyətini müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək icra etmişdir. Bütün qeyd olunanlar, xəsarətlərin lokalizasiyası, yetirilmə mexanizmi, təqsirkarın və zərərçəkmişin qüvvələrinin nisbəti, həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri və sair hallar təqsirkar tərəfindən cinayətin törədilməsi prosesində zərərçəkmişə yetirdiyi çoxsaylı xəsarətlərin sonuncuya xüsusi əzab verməsinə psixi münasibətini ifadə edir. Kollegiya apellyasiya şikayəti üzrə cəzanın şərti olaraq tətbiq olunması tələbinə münasibət bildirirərək qeyd edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Hazırkı əməlin ictimai təhlükəliliyi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı CM-in 70-ci maddəsinin tətbiqini istisna edir. Qanunun tələbinə görə, şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Onu da qeyd etmək lazımdır ki, şərti məhkum etmə xüsusi cinayət-hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir. Yuxarıda qeyd olunan faktiki hallar tam əsas verir ki, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmaqla islah oluna, sosial ədalər bərpa oluna bilər. Birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi cəzanı yüngülləşdirən və ağırlaşdıran halları Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən təqsirləndirilənin şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanın məhkumun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, zərərçəkmişlə barışıq cəzanın yüngülləşdirilməsində mühüm rol oynamış, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Cinayət Məcəlləsinin 59.1.2, 59.1.12, 59.1.13, 60.1, 63.3 və 85.5-ci maddələri nəzərə alınmaqla Cinayət Məcəlləsinin qeyd olunan normalarının və ədalət prinsipinin tələblərinə cavab verən cəza təyin etmişdir. Yekun olaraq, məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi qiymətləndirilərək birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası CPM-in 397.2-ci maddəsinin tələbinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət prosessual qanununun normalarına riayət edilməsini yoxlayaraq cəza təyini ilə əlaqədar qeyd edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, müraciətin dəlilləri və hüdudu üzrə apellyaisya baxının nəticəsinə görə birinci instansiya məhkəməsi tərəfindən Cinayət- Prosessual Məcəlləsinin 401-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2024-cü il tarixli 1(099)-495/2024 saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRAR VERDİ: Müdafiəçi2 apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2024-cü il tarixli 1(099)-495/2024 saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar