Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-530/2023 04.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Cinayət Məcəlləsi) 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Salyan Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 1(057)-16/2023 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 1(057)-16/2023 nömrəli hökmü (sədrlik edən X6) ilə xx xxxxx 1982-ci ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2 və 69.3- cü maddələri ilə təqsirli bilinərək 02 il 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)- 1960/2022 saylı qərarı ilə həmin cəza dəyişdirilmədən saxlanılmış, Quba Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 1(027)8/2023 saylı hökmü ilə Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 1(009)68/2022 saylı hökmü ilə ona təyin edilmiş 02 il 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş bir il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə üzərində qəti olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2023-cü il tarixli 1(105)218/2023 saylı qərarı ilə Quba Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 1(027)8/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmış, Abşeron rayonu, Novxanı kəndi, Əsgər Abuzərov küçəsi, ev 36-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, ev 21, mənzil 24-də yaşamış Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək ona üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin olunmuş 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunmuş cəza ilə Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən qismən toplama yolu ilə üzərində qəti olaraq 4 il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 03 iyun 2022-ci ildən hesablanması barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ona görə təqsirli bilinib məhkum olunmuşdur ki, o, Bakı şəhəri, Pirşağı qəsəbəsi, H.Əliyev küçəsi, ev 9-da yaşayan X2 etibarından sui-istifadə edərək, aldatma yolu ilə əmlakını ələ keçirmək qərarına gəlib, vahid niyyətlə, tamah məqsədi ilə sonuncunun arvadı X1 xəstəlik səbəbindən pensiyaya çıxarılmasına köməklik edəcəyi barədə yalan vəd verib aldadaraq, 2016-cı ilin oktyabr ayının axırlarında Bakı şəhəri Səbail rayonunda Sahil Metrosunun qarşısında 4000 manat pulunu, 2016-cı ilin noyabr ayının əvvəllərindən 2016-cı ilin dekabr ayının axırlarına qədər müxtəlif vaxtlarda Bakı şəhəri Səbail rayonunda Sahil Metrosunun qarşısında 350 manat, 650 manat, 250 manat, 150 manat, 300 manat, 300 manat, 250 manat, poçt vasitə ilə adına göndərilmiş və 30 noyabr 2016-ci il tarixdə Ağdaş rayon poçt filialından əldə etdiyi 100 manat pulu və sonuncu dəfə isə poçt vasitəsi ilə adına göndərilmiş və 19 mart 2018-ci il tarixdə Sabirabad rayon poçt filialından əldə etdiyi 150 manat pulu, ümumilikdə isə 6500 manat, yəni xeyli miqdarda pulu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs2 qardaşı Seyfəddin Həmidovla arvadı arasında olan mübahisə ilə bağlı mülki işə dair Xaçmaz Rayon Məhkəməsində çıxarılmış qətnamədən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsində baxılarkən Zərərçəkmiş şəxs2 qardaşının xeyrinə qətnamə qəbul olunmasına nail olacağı barədə yalan vəd verərək sonuncunun etibarından suiistifadə edib aldatmaqla 2021-ci ilin avqust ayının ortalarında Sumqayıt Apelyasiya Məhkəməsinin həmin şəhərdəki köhnə inzibati binası ilə üzbəüz parkdakı çayxanada ondan bu məqsədlə əvvəlcə 1500 manat pul almış, daha sonra vahid niyyətlə Zərərçəkmiş şəxs2 Xaçmaz şəhəri, N.Nərimanov küçəsindəki Təbriz marketdə quraşdırılmış və terminal nömrəsi 0065 olan "MilliÖn" ödəmə terminalı vasitəsi ilə onun “Kapital Bank”a aid 416973****0665 nömrəli kart hesabına xx.xx.2021-ci il tarixdə göndərdiyi 100 manat, xx.xx.2021-ci il tarixdə həmin marketdə quraşdırılmış və terminal nömrəsi 01637 olan "MilliÖn" ödəmə terminalı vasitəsi ilə həmin kart hesabına göndərdiyi 220 manat, xx.xx.2021-ci il tarixdə 200 manat və xx.xx.2021-ci il tarixdə 530 manat, cəmi 2550 (iki min bez yüz əlli) manat pulunu etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə müvəqqəti qeydiyyatla Bakı şəhərində yaşayan Ukrayna Respublikası vətəndaşı Pııala Nabııevaya (Zərərçəkmiş şəxs3 Bəhman qızı) özünü Sabunçu rayon hüquq məsləhətxanasının vəkili kimi təqdim edərək ona Azərbaycan Respublikası ərazisində 5 illik müvəqqəti yaşayış icazəsi alacağına dair yalan vəd verib etibarından sui-istifadə edib aldatmaqla 2021-ci ilin dekabr ayının əvvəllərində saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu Elmlər Akademiyasının qarşısındakı kafedə ondan əvvəlcə 500 manat, bundan 2 gün sonra həmin kafedə vahid niyyətlə Pııala Nabııevadan 200 manat almış, bir neçə gün sonra isə Xətai rayonunda yerləşən notariat kontorunun qarşısında guya ona aid notariat sənədlərinin hazırlanması üçün 50 manat aldıqdan sonra Pııala Nabııevaya əri Şahid2 Azərbaycan Respublikası vətəndaşı alacağına dair yalan vəd verib 2021-ci ilin dekabr ayının ortalarında saat 19 radələrində Bakı şəhəri, "Koroğlu" metrostansiyasının yaxınlığındakı "Bravo" adlanan supermarketdə ondan 650 manat almış, 2021-ci ilin dekabr ayının ortalarında saat 20 radələrində isə Bakı şəhəri, Q.Qarayev metrosunun qarşısında Pııala Nabııevadan eyni məqsədlə əlavə 300 manat almaqla sonuncunun cəmi 1700 (min yeddi yüz) manat məbləğində pulunu etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib zərərçəkmiş şəxs Pııala Nabııevaya qarşı dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə Salyan rayonu, Yenikənd kənd sakini Zərərçəkmiş şəxs4 qəsdən adam öldürmə cinayəti törətdiyinə görə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 11 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş oğlu Rabil Dadaşova köməklik edəcəyi barədə yalan vəd verib onu aldatmaqla ilkin olaraq müqavilə bağlamaq adı ilə Zərərçəkmiş şəxs4 xx.xx.2021-ci il tarixdə Bakı- Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində yerləşən "Eleqant" marketindən ona göndərdiyi 500 manat pulunu etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirdikdən sonra vahid niyyətlə və eyni məqsədlə Zərərçəkmiş şəxs4 aldadaraq xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin inzibati binasının yaxınlığındakı parkda ondan 5000 manat almış, xx.xx.2022-ci il tarixdə isə Bakı-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində yerləşən "Eleqant" marketindən sonuncunun ona göndərdiyi 2000 manat pulunu, ümumilikdə cəmi 7500 manat pulunu etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs4 qarşı xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum olunmuş şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, Salyan Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli 1(057)-16/2023 saylı hökmünün dəyişdirilməsini və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan daha az cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hökm çıxarılarkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsi və onun tələbləri yəni, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmamış, bununla da, Təqsirləndirilən şəxs ağır cəza təyin etmişdir. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Salyan Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli hökmünün dəyişdirilməsini, həmin hökmlə ona təyin edilmiş cəzanını azaldılmasını və Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Quba Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 1(027)8/2023 saylı hökmü ilə təyin edilmiş cəzaları toplamaqla, hümanizim göstərməkə qəti cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, dəymiş maddi ziyandan qismən ödəniş edilmiş, əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Ailəlidir, həyat yoldaşı onkolji, böyük oğlu isə astma xəstəliyindən əziyyət çəkir. Kiçik oğlunun sol qolu şikəstdir. Özü isə endoartrit və şəkərzis diabet xəstəliyindən əziyyət çəkir. Əməlindən səmimi peşmandır. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə kollegiyasının iclasında Dövlət ittihamçısı2 apellyasiya şikayətlərinə etiraz edərək, apellyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunduğunu, məhkum olunmuş şəxs tərəfindən törədilmiş cinayət əməllərinin ictimai təhlükəli xarakteri və dərəcəsi nəzərə alınaraq ona ədalətli və qanuni cəza təyin olunduğunu bildirərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etdi. Apellyasiya məhkəmə baxışında məhkum olunmuş şəxsin müdafiəçisi Müdafiəçi4 verilmiş apellyasiya şikayətlərini müdafiə edib, apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzasının azaldılması barədə qərar qəbul edilməsini xahiş etdi. 15 avqust 2023-cü il tarixdə məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs məhkəməyə kollegiyasına ərizə ilə müracət edərək, Salyan Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 1(057)-16/2023 nömrəli hökmündən verilmiş apellyasiya şikayətləri üzrə məhkəmə baxışı iclasının onun iştirak olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərin iştirakı olmadan apellyasiya şikayətlərinə baxılmasını mümkün saymışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə Cinayət Prosessual Məcəlləsi) 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılmasına dair tələblərini rəhbər tutarq hesab edir ki, ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, dövlət ittihamçısı və məhkum olunmuş şəxsin müdafiəçisinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayətləri təmin edilməməli, Salyan Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 1(057)-16/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, şahidlər Şahid1 və Şahid4 ifadələri, habelə işdə olan istintaq hərəkətlərinə dair protokollar və digər sənədlərlə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirli olmasının tam sübuta yetirilməsinə, həmin əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə onun həmin maddələrlə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özünün etirafedici ifadələri ilə yanaşı, iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də, məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs elan ittiham üzrə cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırki qərarda təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və 25 may 2023-cü il tarixli hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş bu sübutlar əsasında Salyan Rayon Məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs ittiham oldunduğu maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi barədə işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş və düzgün olaraq onun əməllərini Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif etmişdir. Həmçinin, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında məhkum olunmuş şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58 və 59-cu maddələrini rəhbər tutaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, onun təqsirini səmimi etiraf edərək peşimançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və dəymiş ziyanın bir qismini ödəməsi cəzasını yüngülləşdirən hallar kimi və əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin olunmuş 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə ona təyin olunmuş cəza ilə Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən qismən toplama yolu ilə üzərində qəti olaraq 4 il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılmasını məqsədəuyğun saymışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən qanunun tələbinə uyğun olaraq işin hallarını düzgün qiymətləndirmiş, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir və hazırki halda məhkuma təyin edilmiş həmin cəzanın müddətinin aşağı endirilməsi və ya maddənin sanksiyasında nəzərədə tutulan digər yüngül cəza ilə əvəz edilməsi, məhkum olunduğu maddəyə Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsi və ya onun şərti məhkum edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə Cinayət Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyini məsələsinin həlli zamanı sonuncunun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almaqla əsaslı olaraq Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən qismən toplama yolu ilə üzərində qəti olaraq dörd il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın ümumi məqsədinə xidmət edən qanuni və ədalətli cəza təyin etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməz və ona görə də apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli 1(057)-16/2023 saylı hökmü həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Cinayət Prosessual Məcəlləsinin 410cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Məhəməd Bağırov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(106)-530/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-530/2023
04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver