Məhkəmə qərarları › İş №1(106)-543/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-543/2025

17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-543/2025 17.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), X4 və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Zeynalov Musa Həsən oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X5 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X6, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Şirvan Şəhər Məhkəməsinin 15 aprel 2025-ci il tarixli 1(032)-6/2025 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayətinə ilkin məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin 15 aprel 2025-ci il tarixli 1(032)-6/2025 nömrəli hökmü (hakim X10 oğlunun sədrliyi) ilə xx.xx.1985-ci ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı 12 fevral 2024-cü il tarixdən 12 may 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 03 ay müddətin ona təyin edilmiş cəzadan çıxılması və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi, barəsində “həbs” qətimkan tədbirinin seçilməsi, məhkəmə iclas zalından həbsə alınması, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin 15 aprel 2025-ci il tarixdən hesablanması, mülki iddianın təmin edilməsi, mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət nəticəsində vurduğu ziyana görə 14300 manat, dövlət rüsumu üçün ödənilmiş 133 manat, hüquqi yardım üçün ödənilmiş 600 manat məbləğində pulun alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. İŞİN HALLARİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını və əmlak hüquqlarını ələ keçirmək məqsədi ilə tanışı Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs “HYUNDAİ İ 30” markalı ** EM *** dövlət qeydiyyat nişanlı avtomobili alacağı təqdirdə həmin avtomobil vasitəsi ilə ona günlük qazanc əldə edəcəyi barədə yalan vəd verib, 30 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs “HYUNDAİ İ 30” markalı ** EM *** dövlət qeydiyyat nişanlı avtomobili X2 etibarnamə əsasında nümayəndəsi və cinayət əməlindən xəbəri olmayan Şahid5 14300 manat pul müqabilində alınmasına dair razılığı əldə etdikdən və Zərərçəkmiş şəxs həmin qeyd edilən pul vəsaitini Şahid5 verməsindən sonra Zərərçəkmiş şəxs razılığı ilə Hacıqabul rayonu Notariat ofisində həmin nəqliyyat vasitəsinin özü tərəfindən istifadə edilməsi haqqında “ƏN-Vİ№ 435552” nömrəli etibarnamə əldə edib sonuncunun etibarını qazanaraq, 24 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs həmin “HYUNDAİ İ 30” markalı ** EM *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə olarsa əlavə gəlir qazanacağı barədə yalan vəd verib, həmin tarixdə Hacıqabul rayonu Notariat ofisində həmin nəqliyyat vasitəsinin nəqliyyat vasitəsinin sərəncam verilməsinə dair “ƏN-Vİİİ№ 423839” nömrəli etibarnamə ilə cinayət əməlindən xəbəri olmayan atası Şahid1 verilməsinə, daha sonra isə vahid niyyətlə əhatə olunmuş cinayətkar əməlinin davamı olaraq həmin tarixdə avtomobilin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin Şirvan şəhəri, H.Əliyev prospekti 1- də yerləşən 4 saylı Rayonlararası Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsində cinayət əməlindən xəbəri olmayan dostu Şahid3 adına “BD 400200” nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında mülkiyyətinə keçirilməsinə nail olub, həmin tarixdə ünvan 3 ünvanında yerləşən 1 saylı Şirvan Notariat Ofisində Şahid3 nəqliyyat vasitəsini “ƏN-Vİİ№ 636014” nömrəli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə əldə etdikdən sonra 16 sentyabr 2023-cü il tarixdə nəqliyyat vasitəsini cinayət əməlindən xəbəri olmayan Bakı şəhərində Bakı şəhər sakini X8 nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə ilə satmaqla Zərərçəkmiş şəxs Ali oğlunun etibarından sui-istifadə etmə və aldatma yolu əmlakını və əmlaka olan hüquqlarını ələ keçirməklə ona 14300 (on dörd min üç yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona təqsirli bilindiyi iş üzrə düzgün ittiham aktı çıxarılmamış, onun sübut və dəlilləri göstərilməmişdir. Birinci instansiya məhkəməsində təqdim etdiyi sübut və dəlillərə qiymət verilməmişdir. Belə ki, polis şöbəsində həbs olunduğu vaxtdan əvvəl ərizə ilə müraciət edərək bu iş üzrə bütün halları qeyd etməsinə baxmayaraq, həmin ərizə polis şöbəsində qeydiyyatdan keçirilməmiş və bu istiqamətdə heç bir tədbir görməmişdirlər. Odur ki, ona təyin edilmiş cəzanın düzgün olmamışdır. Şirvan Şəhər Məhkəməsinin 15 aprel 2025-ci il tarixli 1(032)-6/2025 saylı hökmü dəyişdirilməklə, sübut və dəlillərinə təkrar baxılaraq yeni hökm çıxarılmalıdır. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Bakı Şirvan yolunda şəhərlərarası taksi sürücüsü işlədiyini, Hundai İ 30 markalı avtomobili satan adamla özünün danışdığını, Zərərçəkmiş şəxs orada olmadığını, özünün Mirsəmədə yaxınlaşdığını, Zərərçəkmiş şəxs 4300 manat borc pul aldığını, sonra isə hissə-hissə həmin borcu qaytardığını, Şükrü ilə birlikdə notariusa getmə səbəbinin isə yaxın olduqları üçün çox vaxt birlikdə olmalarının olduğunu, maşın almağa gedəndə pulu gətirdiyini, həm də Şükrünün Bakıya getməli olduğunu, ona görə də onların yanında olduğunu, ikinci dəfə isə özünün zəng vurub harada olmasını soruşduğunu, notariat ofisində olmasını biləndə onların yanına gəldiyini, burada Özcanın bütün işlərini gördüyünü, bir neçə ay içində ona borc aldığı pulu hissə-hissə qaytardığını, amma Şükrünün sonradan “sənin verdiyin pul qazancdan gələn paydır” dediyini, öz adına avtomobil aldığını, maşında nasazlıq olanda ona şəkil atma səbəbinin isə ətrafında borc ala biləcəyi kimsə olmadığından ona inanması, borc verməsi olduğunu, avtomobilin sığortası çatanda isə ucuz sığorta edən olduğundan sənədlərin şəklini atmasını bildirdiyini, Mirsəmədin dəfələrlə zəng edib avtomobili öz adına qeydiyyatdan keçirməsini dediyini, avtomobili atasının etibarnaməsi ilə dostunun adına qeydiyyatdan keçirməsinin səbəbinin dostunun taksi hesabı olduğundan taksi kimi işləməsi olduğunu bildirib apellaysiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə uyğun çıxış etdi və apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı Zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, şikayətin təmin edilməməsini və Şirvan Şəhər Məhkəməsinin 15 aprel 2025-ci il tarixli 1(032)-6/2025 hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X11 apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 178.2.3-cü maddəsi ilə tövsif edərək, onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, təqsirləndirilən şəxsə bəraət verilməsi və ya ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətinin təmin olunmamasını və Şirvan Şəhər Məhkəməsinin 15 aprel 2025-ci il tarixli 1(032)-6/2025 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. İlk növbədə qeyd etmək lazımdır ki, təqsirləndirilən şəxs apellyasiya şikayətində cəza məsələsini mübahisələndirsə də, müdafiə tərəfin apellyasiya baxışındakı çıxışlarından görünür ki, müdafiə tərəfi işin faktiki hallarını və təqsirlilik məsələlərini mübahisələndirərək hesab etmişdir ki, birinci instansiya məhkəmə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CM-in 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-in 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluğun, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin xeyli miqdarda ziyan vurmaqla törədilməsi bu maddə ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Onu da qeyd etmək lazımdır ki, törədilən cinayətin tərkib əlamətlərinin müəyyən edilməsi və əməlin Cinayət Qanunu norması üzrə tövsif edilməsi yuxarıda qeyd edilən Cinayət Məcəlləsinin müvafiq normaları əsasında aparılsa da, törədilən əməlin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi prosedurlar əsasında aparılır. Bu mənada Cinayət-Prosessual Məcəllənin müvafiq normalarının müəyyən etdiyi hüquqi prosedurların xatırladılması da zəruridir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 124.1 və 124.2-ci maddələrinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olubolmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid5, Şahid4, Şahid3, Şahid2 ifadələri, baxış keçirilməsi barədə protokol, 09 mart 2024-cü il və 13 may 2024-cü il tarixli üzləşdirmə aparılması haqqında protokollar və onlara əlavə edilmiş videogörüntülər, 30 mart 2023-cü il tarixli ƏN-Vİ №-li 435552 saylı və 24 iyun 2023-cü il tarixli ƏN-Vİİİ №-li 423839 saylı etibarnamələr, habelə iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, onun ittiham olunduğu əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təqsirliliklə bağlı məsələni cinayət və cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından nəzərdən keçirən məhkəmə kollegiyası müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin törədilməsində onun təqsiri cinayət işinin materiallarında olan mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxsə istinad edilən cinayətin baş veribverməməsi, onun həmin cinayəti törətməkdə qəsdinin olub-olmaması kimi mühüm əhəmiyyət kəsb edən əlamətlər yoxlanılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəklində təqsirləndirilən şəxsin qeyd edilən cinayəti törətməsi nəticəsinə gəlmək üçün əsas verir və kifayət edirlər. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi fadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs 2023-cü ilin əvvəllərindən tanıyır. Zərərçəkmiş şəxs sonuncunun arvadı Şahid2 vasitəsilə tanımışdır. Belə ki, o, əvvəllər Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Şahid2 taksi sifariş əsasında sonuncu ilə tanışlıqları yaranmışdır. Onu Hacıqabul rayonuna aparan zaman sonuncu onun işi ilə, yəni taksi fəaliyyəti ilə əlaqədar suallar vermiş, o da həmin suallara cavab vermişdir. Həmin vaxt Şahid2 onun telefon nömrəsini istəmiş və əri Şükrünün də taksi alıb icarəyə vermək istədiyini deyərək Şükrünün ona zəng edəcəyini bildirmişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs ona “whatsapp” vasitəsilə zəng etmiş, Türkiyə Respublikasında olduğunu, yaxın zamanda Azərbaycan Respublikasına gələcəyini və avtomobil alaraq icarəyə vermək istədiyini bildirmişdir. O da Zərərçəkmiş şəxs kömək edə biləcəyini bildirmişdir. Danışıqlarından təxminən 1 ay sonra Zərərçəkmiş şəxs Azərbaycan Respublikasına gəlmiş, o, sonuncunu H.Əliyev adına hava limanında qarşılayıb, Hacıqabul rayonunda yerləşən yaşadığı evə gətirmişdir. Səhəri gün Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhərində yerləşən avtomobil bazarına getmişlər, sonuncu oradan “Toyota Auris” markalı və “Mercedes Benz” markalı avtomobilləri almış və avtomobillərin müqabilində 26500 (iyirmi altı min beş yüz) manat ödəniş etmişdir. Həmin avtomobillərə dair arvadı Elnarənin adına etibarnamə verilmiş, eyni zamanda “Toyota Auris” markalı avtomobilə dair onun adına yalnız avtomobilin istifadə edilməsinə dair etibarnamə verilmişdir. “Toyota Auris” markalı avtomobili idarə etdiyinə görə icarə haqqı kimi günlük 25 manat olmaqla 1 həftə ərzində Şükrüyə pul ödəmişdir. Bir həftə sonra o, sonuncunun razılığı ilə “Toyota Auris” markalı avtomobili Rüstəm adlı şəxsə vermiş, özü isə “Mercedes Benz” markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobili sürməyə başlamışdır. Daha sonra Şükrü Türkiyə Respublikasına getmişdir. Bir müddət sonra, yəni 2023-cü ilin aprel ayının sonlarında Zərərçəkmiş şəxs Azərbaycan Respublikasına qayıtmış, o, sonuncunu hava limanında qarşılamışdır. Həmin vaxt sonuncu ona əlavə olaraq 01 ədəd avtomobil almaq istədiyini və həmin avtomobili də onun vasitə ilə icarəyə vermək istədiyini bildirmişdir. O da özünün də avtomobil almaq istədiyini, Şirvan şəhərində avtomobil bəyəndiyini, avtomobilin qiymətinin 14500 manat təşkil etdiyini, lakin 4000 manat pulunun çatmadığını bildirərək Zərərçəkmiş şəxs 4000 manat borc pul istəmiş, sonuncu da razılaşmışdır. Bir neçə gün sonra Şükrü və onun arvadı Elnarə Şirvan şəhərinə gələn zaman onlar birlikdə Şirvan şəhər sakini Mirsəmədin işlədiyi aptekin yanına getmiş və sonuncuya məxsus “Hyundai i30” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxmışlar. Mirsəməd avtomobili 14300 manata ona satmağa razılaşmış, o, üstündə pulu olmadığı üçün Şükrüdən beh olaraq Mirsəmədə 300 manat pul verməsini xahiş etmiş, Şükrü də Mirsəmədə 300 manat pul vermişdir. Səhəri gün o, Mirsəmədlə birlikdə Hacıqabul rayonunda yerləşən notariat kontoruna getmişlər. Zərərçəkmiş şəxs da arvadı Şahid2 ilə birlikdə notariat kontorunun qarşısına gəlmişdir. Şükrü “Hyundai i30” markalı **- EM-*** dövlət qeydiyyat nişanlı avtomobildə qabaq oturcaqda əyləşmiş, o isə həmin avtomobildə arxa oturacaqda əyləşmişdir. Şükrü özündə olan 4000 manat pulu arxaya uzadaraq ona vermiş, o da özündə olan 10000 manat pulu həmin pulun üzərinə qoyub sayması üçün qarşıda oturmuş Mirsəmədə vermiş, özü isə sənədləri hazır etdirmək üçün notariat kontoruna yaxınlaşmışdır. Mirsəməd pulu sayıb götürdükdən sonra Zərərçəkmiş şəxs arvadı Şahid2 orada olmasına baxmayaraq, Təqsirləndirilən şəxs adına avtomobilin istifadə edilməsinə dair etibarnamə vermişdir. Həmin gün o, Şükrü ilə “Hyundai i30” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə getmişlər. Bakı şəhərində Şükrü icarəyə vermək məqsədi ilə özü üçün 11000 manata “Kia Rio” markalı avtomobil almış, bundan sonra Şükrü “Kia Rio” markalı avtomobil ilə, o isə “Hyundai i30” markalı avtomobili ilə Şirvan şəhərində yerləşən Şirvan RQİTBŞ-yə gəlmişlər. Orada Şükrü “Mercedes Benz” markalı, “Toyota Auris” markalı və “Kia Rio” markalı avtomobilləri arvadının adına keçirtmişdir. Bütün bunlardan sonra Bakı şəhərində olan zaman idarə etdiyi “Hyundai i30” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobildə nasazlıq yaranmışdır. Pulu olmadığı, Zərərçəkmiş şəxs çoxlu yaxşılıqlar etdiyinə görə onunla münasibəti yaxşı olduğu və başqa şəxsdən pul almaq imkanı olmadığı üçün sonuncudan pul istəmiş və avtomobilin fotoşəkillərini ona göndərmişdir. Şükrü də ona avtomobili təmir etməyi üçün dostunun vasitəsilə 440 manat pul göndərmiş, o da avtomobilini təmir etdirmişdir. Bundan başqa o bildirmişdir ki, Zərərçəkmiş şəxs onun barəsində şikayət etməzdən əvvəl o, Zərərçəkmiş şəxs aldığı 4300 manat pulu qaytarmasına baxmayaraq sonuncu onu narahat etdiyindən 2023-cü ilin təxminən iyulavqust aylarında onun barəsində Şirvan şəhər polis şöbəsinə şikayət etmişdir. Bununla bağlı onun şikayəti Şirvan şəhər Polis Şöbəsində qeydiyyata alınmış və təhqiqatçı Şahid6 tərəfindən şikayəti ilə bağlı araşdırma aparılmışdır. Əlavə olaraq bildirmişdir ki, beh verilməmişdən təxminən 1 həftə əvvəl o, Mirsəmədin sözügedən avtomobili satdığını bilmiş və sonuncuya 10000 manat pulunun olduğunu, həmin pulu ona verib avtomobili götürməyini və qalan pulu isə hissəhissə ona verməyini təklif etmiş, sonuncu onunla razılaşmamış, özünün avtomobil almaq məqsədi ilə pula ehtiyacının olduğunu bildirmişdir. Onun alimentlə bağlı problemi olduğu üçün mülkiyyətinə həbs qoyulduğundan avtomobili öz adına sənədləşdirə bilməmiş və Mirsəməddən avtomobilin 3 ay onun adında qalmasını xahiş etmişdir. Daha sonra souncu avtomobilin adından çıxarılmasını tələb etdiyi üçün həmin avtomobilə dair atasının adına etibarnamə almışdır. Atasının yaşı çox olduğu və sürücülük vəsiqəsi olmadığı üçün “Bolt” taksi şirkətində işləyə bilməmiş və avtomobili dostu Şahid3 adına sənədləşdirmişdir. Sözügedən avtomobil onun özünə məxsusdur, Zərərçəkmiş şəxs avtomobili alarkən 4000 manat borc almış, həmin borcunu da qaytarmışdır. Təqsirləndirilən şəxs apellyasiya baxışı zamanı da CM-nin 178.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək birinci instansiya məhkəməsində verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiya məhkəməsində verdiyi ifadələri iş üzrə şahid ifadələri, istintaq hərəkətlərinin nəticələrinə dair sənədlər ilə əlaqəli şəkildə nəzərdən keçirən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşır və hesab edir ki, təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar yuxarıda qeyd olunan mötəbər sübutlarla təkzib olunan dəlillər olmaqla işin faktiki hallarına uyğun deyildir və ona təqsirli bilindiyi maddələr ilə bəraət verilməsi və ya onun əməllərinin tövsifinin dəyişdirilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Beləliklə, apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət- Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək Təqsirləndirilən şəxs təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi hallara münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs bildirdiyi hallar sonuncunun Şahid5 Elbrus oğlu ilə aralarında olan səs yazıları, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri (o cümlədən Şahid5 özünün birinci instansiya məhkəməsində verdiyi ifadəsi ilə) və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmır. Eyni zamanda Təqsirləndirilən şəxs "Hyundai i30" markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq məqsədilə Zərərçəkmiş şəxs 10000 (on min) manat borc pul alması ilə bağlı göstərdiyi məqamlar zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla təkzib olunur, əksinə Zərərçəkmiş şəxs yuxarıda qeyd olunan avtomobili almaq məqsədilə həmin avtomobilin sahibi Şahid5 300 (üç yüz) manat məbləğində beh verərək onunla sövdələşməsi və sonradan əlavə olaraq 14000 manat ödəyib sözügedən avtomobili özü üçün əldə etməsi öz təsdiqini tapır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakterli dəlillər olmaqla əsassızdır. Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törətməsi işdə olan mötəbər sübutlarla tam təsdiq olunur. Həmin sübutlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni üsullarla əldə edilmişdir, mənbələri, habelə mənsubiyyəti məlumdur, təqsirliliklə bağlı hissədə müəyyən nəticəyə gəlmək üçün kifayət edirlər. Bu baxımdan həmin sübutlar CPM-in 125-ci maddəsinə əsasən mötəbər sübutlar kimi qəbul olunmalıdır. Odur ki, kollegiya belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 278.2.4-cü maddəsi ilə tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, habelə əməlin hüquqi tövsifinin dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hеsаb еdir ki, istər ibtidai araşdırma zamanı, istərsə də açıq, qərəzsiz, оbyеktiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl еdilməklə kеçirilmiş məhkəmə istintaqında təqsirləndirilən şəхslərin müdafiə hüquqları tam həcmdə təmin еdilmiş və məhkəmə baхışı zamanı hər hansı kоbud prоsеssual qanun pоzuntusuna yоl vеrilməmişdir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Məhkəmə kollegiyası əməlin düzgün olaraq CM-in 178.1-ci maddəsi ilə tövsif edildiyini nəzərə alaraq, cəza məsələsinə qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanı yüngülləşdirən halı, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almış, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsQaribalıoğlu əvvəllər məhkum olunmamışdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə cinayət törətməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları isə müəyyən etməmiş, sonuncunu CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilib qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Azərbaycan Respublikası CM-in 178.2.4.1-ci maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Həmçinin qeyd etmək lazımdır ki, Zərərçəkmiş şəxs həm birinci instansiya məhkəmsində, həm də apellyasiya baxışı zamanı bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilməmişdir, sonuncudan şikayətçidir. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs düzgün olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Məhkəmə bu cəza növünü seçməklə həm işin faktiki hallarını düzgün qiymətləndirmiş, həm də cəzanı yüngülləşdirən halı kifayət qədər nəzərə almış, cəzanın məqsədlərini təmin edən növdə və həddə cəza təyin etmiş, ümumilikdə cəza təyini məsələsində CM-in 8.1-ci maddəsinə tam əməl etməklə qanuni və əsaslı cəzanın təyin edilməsinə nail olmuş, habelə cəzanın həddini ən aşağı həddə yaxın müəyyən etməklə təqsirkarın barəsində kifayət qədər ədalətli davranmışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulan məqsədlərin nail olunması ona birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməsi ilə mümkündür. Odur ki, apellyasiya şikayətinin dəlilləri kifayət qədər ədalətli olan cəzanın daha da yüngülləşdirilməsinə əsas vermir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alan kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə apellyasiya şikayətinin dəlillərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 15 aprel 2025-ci il tarixli 1(032)-6/2025 nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Elçin Xasməmmədov Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar