Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-557/2022 24.06.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi ilə, hakimlər – Əliyev Elşad İbiş oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi Quliyev Orxan Sabir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru X1, təqsirləndirilə şəxs Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – Şirvan regional vəkil bürosunun vəkili X2 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Saatlı Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmündən onun müdafiəçisi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Saatlı Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmü ilə (hakim İxtiyar Abuşov) xx xxxxxx 1962-ci il tarixdə Saatlı rayonu Mollavaizli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Saatlı rayonu Mollavaizli kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddət nəzərə alınaraq üzərində qəti olaraq 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, həmçinin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 10 may 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi qərara alınmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 19 yanvar 2022-ci il tarixdə saat 11 radələrində yaşadığı küçədə yol kənarından yerdən tapdığı 1 ədəd kağız bükümdəki ümumi təmiz çəkisi 0,695 qram narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, əynindəki şalvarın cibində qanunsuz olaraq saxlamış və həmin narkotik vasitəni iki gün ərzində üstündə qanunsuz olaraq daşımış, əməliyyat tədbiri keçirən polis əməkdaşları tərəfindən 21 yanvar 2022-ci il tarixdə saat 15 radələrində Saatlı rayon Polis Şöbəsinə gətirilmiş və həmin gün saat 15:20 radələrində Saatlı rayon Polis Şöbəsində onun üstünə şəxsi axtarış aparılarkən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmü ilə ona təyin olunmuş cəza sərtliyinə görə açıqaydın ədalətsizdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar – əməlini etiraf edib səmimi peşmançılıq çəkməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması kifayət qədər nəzərə almamış, nəticədə ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiya hissəsində nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını deyil, daha sərt cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətində göstərilənlərə əsasən Saatlı Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında dövlət ittihamçısı X4 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin edildiyini qeyd etməklə, Saatlı Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 apellyasiya şikayətini müdafiə edib, Saatlı Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətində ona ağırlığına görə açıq-aydın ədalətsiz cəza təyin edilməsi iddia edərək, daha yüngül cəzanın təyin edilməsi haqqında qərarın qəbul edilməsi barədə tələbini Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Apellyasiya şikayətinin məzmunundan da görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər mübahisələndirilməmiş və buna görə də məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə zərurət görmür. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın ağır olmasına dair apellyasiya şikayətində göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə münasibət bildirərək məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən apellyasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, təqsirləndirilən şəxsin ona həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi cəzanı yüngülləşdirən halları – əməlini etiraf edib səmimi peşmançılıq çəkməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən təqsirləndirilənin şəxsiyyəti (əvvəllər 4 dəfə, sonuncu dəfə Saatlı Rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli hökmünə əsasən CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması), törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanın məhkumun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in qeyd olunan normalarının və ədalət prinsipinin (CM maddə 8) tələblərinə cavab verən cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunanlar, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq onları qəbuledilməz sayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Saatlı Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Saatlı Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmü onun müdafiəçisi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: İlkin Abdullayev Hakimlər: Elşad Əliyev Orxan İsmayılov
Məhkəmə qərarları › İş №1(106)-557/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-557/2022
24.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver