Məhkəmə qərarları › İş №1(106)-56/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-56/2023

19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-56/2023 19.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası - hakimlər X5 (sədrlik edən), X2 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya İnstansiyası Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru ədliyyə müşaviri X3, Məhkum və onun müdafiəçisi Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2022-ci il tarixli 1(099)-228/2022 saylı hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X8 (sədrlik edən), X7 və X6) 04 mart 2022-ci il tarixli 1(099)-228/2022 saylı hökmü ilə xx xxxx 1979-cu ildə Sabirabad rayonu Qaratəpə (keçmiş Pakrovka) kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2022-ci il tarixli 1(106)- 467/2022 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3.-1-ci maddəsi ilə 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sabirabad rayonu Qaratəpə kəndində qeydiyyatda olmaqla hazırda Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Sabirabad Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 1 (bir) il 1 (bir) ay 26 (iyirmi altı) gün müddət CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən toplanaraq ona hökmlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 04 mart 2022-ci il tarixdən hesablanması və hazırda Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsinin nəzərə alınması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməklə, ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmiş, iş üzrə maddi sübutun taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2022-ci il tarixli 1(099)-228/2022 saylı hökmündən Dövlət ittihamçısı1 apellyasiya protesti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2022-ci il tarixli 1(106)-460/2022 saylı qərarı ilə apellyasiya protesti təmin edilərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2022-ci il tarixli 1(099)-228/2022 saylı hökmü apellyasiya protestinə əsasən dəyişdirilmiş, həmin hökmlə Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təyin olunmuş 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə ona Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2022-ci il tarixli 1(106)- 467/2022 saylı qərarı ilə CM-in 177.2.3.-1-ci maddəsi ilə təyin olunmuş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 1 (bir) il 11 (on bir) ay 3 (üç) gün hissəsi CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qismən toplanmaqla, ona qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. Məhkum cəzasını 29 aprel 2024-cü il tarixədək ciddi rejimli cəzaçəkmə müəssisəsində,həmin tarixdən sonra isə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2022-ci il tarixli 1(099)- 228/2022 saylı hökmünün apellyasiya protestinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 26 may 2022-ci il tarixli 1(106)-460/2022 saylı qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmiş, həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxşına təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2022-ci il tarixli 1(106)-460/2022 saylı qərarı ləğv edilmiş və işin yeni apellyasiya baxşına təyin edilməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Ona görə ki, o, özünə məlum olan mənbədən və vaxtda satış məqsədi ilə 11,538 qram çəkidə qurudulmuş marixuana və külli miqdar təşkil edən 304,624 qram çəkidə heroin narkotik vasitələri, həmçinin külli miqdarda 101,108 qram çəkidə metamfetamin psixotrop maddəni qanunsuz əldə edib üzərində daşımaqla Sabirabad rayonu Qaratəpə kəndində yerləşən fərdi yaşayış evinə gətirərək saxlamış və daxil olmuş məlumat əsasında 15 avqust 2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilən zaman, evin qonaq otağında, televizorun altındakı rəfdə bir ədəd şəffaf rəngli polietilen torba kəsiyində 304,624 qram çəkidə külli miqdarda narkotik vasitə heroin, bir ədəd şəffaf rəngli polietilen torba kəsiyində 101,108 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 5 ədəd kibrit qutularında qablaşdırılmış, ayrı-ayrılıqda çəkiləri 1,668 qram, 2,461 qram, 2,711 qram, 2,927 qram və 1,771 qram, ümumi təmiz çəkisi isə 11,538 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Apellyasiya protestinin dəlilləri: Dövlət ittihamçısı1 apellyasiya protestində Məhkum Çahangir oğlunun CM-in 234.4.3 maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2022-ci il tarixli 1(099)-228/2022 saylı hökmünün ona CM-in 67.1-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza təyin edildiyi hissədə dəyişdirilib, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkilməsi müəyyən edilməklə qəti cəzanın CM-in 66.5 maddəsinə əsasən cinayət qanunu normaları düzgün tətbiq edilərək təyin edilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən hallari, cəzanı ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab etmişdir ki, təqsirləndirilən şəxs Məhkum CM-in 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və Sabirabad Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 1 (bir) il 1 (bir) ay 26 (iyirmi altı) gün hissəsi CM-in 67.1-ci maddəsi ilə hazırkı hökm ilə qismən toplanılmaqla qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Məhkum ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə qeyd olunan əsaslarla Məhkum qəti cəza təyin edərkən cinayətlərin məcmusu üzrə (CM-in 66.5-ci maddəsi) qəti cəza təyin etməli olduğu halda bunu etməmiş, cinayət qanunvericiliyinə zidd olaraq hökmlərin məcmusuna görə (CM-in 67.1-ci maddəsi) qəti cəzanı təyin etmişdir. Belə ki, CM-in 5.1-ci maddəsinə görə əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. CM-in 67.1-ci maddəsində göstərilir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Lakin adıçəkilən hökmdən görünür ki, Məhkum barəsində CM-in 177.2.3-1-ci maddəsi ilə olan hökm Sabirabad Rayon Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə çıxarılmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Məhkum barəsində CM-in 234.4.3-cü maddəsi ilə olan xx.xx.2022-ci il tarixli hökmü üzrə cinayət hadisəsi 15 avqust 2020-ci il tarixdə baş vermişdir. Yəni, həmin vaxt Sabirabad Rayon Məhkəməsində Məhkum barəsində CM-in 177.2.3-1-ci maddəsi ilə hökm çıxarılmamışdır. Odur ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Məhkum barəsində CM-in 234.4.3-cü maddəsi ilə olan 04 mart 2022-ci il tarixli hökmü CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə deyil, CM-in 66.5ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hesablanmalı idi. Belə ki, CM-in 66.5-ci maddəsində birbaşa qeyd olunur ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bundan başqa, məhkəmə sözügedən hökm üzrə Məhkum təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməli olduğu cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən də səhvə yol vermişdir. Belə ki, Sabirabad Rayon Məhkəməsində Məhkum barəsində CM-in 177.2.3-1-ci maddəsi ilə çıxarılmış xx.xx.2020-ci il tarixli hökm üzrə cəzaçəkmə müəssisəsinin növü CM-in 56.1.3cü maddəsinin tələbinə uyğun olaraq ciddi rejim müəyyən edilmişdir. Odur ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi Məhkum barəsində olan xx.xx.2022-ci il tarixli hökmündə CMin 66.5-ci maddəsinə əsasən qəti cəza təyin etməklə onun əvvəlki hökm üzrə cinayətin residivi olması əsası ilə cəzasını ciddi rejimdə çəkdiyini diqqətə alaraq cəzaçəkmə növünü ciddi rejim müəyyən etməli idi. Lakin məhkəmə qəti cəzanın hesablanmasında cinayət qanunvericiliyinin tələblərini pozmaqla yanaşı cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsində qanunvericiliyin tələblərini pozmuşdur. Hansı ki, CM-in 56.1.3-cü maddəsində göstərilir ki, azadlıqdan məhrumetmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçünciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Göründüyü kimi, cinayət qanunvericiliyində cinayətlərin residivi zamanı cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi qeyd olunur. Göstərilənlərə əsasən, Məhkum barəsində CM-in 234.4.3 maddəsi ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2022-ci il tarixli hökmü cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi əsası ilə dəyişdirilərək, ona qəti cəza CM-in 66.5-ci maddəsi ilə hesablanmalı və azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməlidir. Proses iştirakçılarının çıxışları: Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı X9 apellyasiya protestinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, protestin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Məhkum və müdafiəçisi Müdafiəçi3 apellyasiya protesti üzrə qanuni və ədalətli qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya protesti təmin olunmalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin dəlillərində işin faktiki halları, əməlin hüquqi tövsifi, habelə təyin olunmuş cəzanın növü və həddi mübahisələndirilməsə də, CPM-in 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılmasına dair tələblərinə müvafiq olaraq, ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, məhkum edilmiş şəxsin törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə apellyasiya protestinin dəlillərinə hüquqi qiymət verilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkum edilmiş şəxs Məhkum törətdiyi cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, maddi sübut, istintaq hərəkəti protokolları, ekspert rəyləri və işdə olan digər sənədlərlə tam sübuta yetirilmiş, onun əməli düzgün olaraq CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə görə, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; hakim qanunu və vicdanını rəhbər tutaraq, sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. CPM 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən yuxarıda sadalanan sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də, işə baxmış birinci instansiya məhkəməsi CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək, məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. İşə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cinayət hadisəsi baş vermişdir və birinci instansiya məhkəməsi Məhkum əməlinə öz hökmündə hüquqi qiymət verərək, onu haqlı olaraq CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilmişdir. Məhkum edilmiş şəxs Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə almış, CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. CM-in 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. İş materiallarından müəyyən olunur ki, Sabirabad Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli hökmü ilə Məhkum CM-in 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdam məhrumetmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla, cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun yaşayış yerindən müsbət xarakterizə olmasını və əməlini etiraf etməsini CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş, cəzanı ağırlaşdıran hal müəyyən etməmişdir. CM-in 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Məhkum birinci instansiya məhkəməsi tərəfindən CM-in 234.4.3-cü maddəsi ilə 8 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sabirabad Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli hökmü ilə təyin olunmuş 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 1 il 1 ay 26 gün müddət CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən toplanaraq ona hökmlərin məcmusu üzrə qəti olaraq 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınması baxımından qanuni və ədalətli olmuşdur. Lakin, bununla yanaşı, birinci instansiya məhkəməsi cinayət hüquq normalarını düzgün tətbiq etməyərək, Məhkum qəti cəza təyin edərkən CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəza təyin etməli olduğu halda, CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəzanı təyin etmiş, eləcə də, cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən səhvə yol vermişdir. Belə ki, CM-in 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarına istinadən qeyd edir ki, apellyasiya protestində göstərildiyi kimi Məhkum barəsində CM-in 177.2.3-1-ci maddəsi ilə olan hökm Sabirabad Rayon Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə çıxarılmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Məhkum barəsində CM-in 234.4.3-cü maddəsi ilə olan xx.xx.2022-ci il tarixli hökmü üzrə cinayət hadisəsi 15 avqust 2020-ci il tarixdə baş vermişdir. Yəni həmin vaxt Sabirabad Rayon Məhkəməsində Məhkum barəsində CM-in 177.2.3-1-ci maddəsi ilə hökm çıxarılmamışdır. Odur ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Məhkum barəsində CMin 234.4.3-cü maddəsi ilə olan xx.xx.2022-ci il tarixli hökmü CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə deyil, CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hesablanmalı idi. CM-in 66.5-ci maddəsində qeyd olunur ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarına əlavə olunmuş Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2022-ci il tarixli 1(106)-467/2022 saylı qərarının surətindən görünür ki, həmin qərarla Sabirabad Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilərək, Məhkum cinayətlərinin təhlükəli residivi müəyyən edilmiş, habelə hökm təyin olunmuş cəzanın həddi hissəsində dəyişdirilmiş və CM-in 177.2.3-1-ci maddəsi ilə təyin olunmuş 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası 3 il 6 ay həddinədək artırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təyin edilən qəti cəza hökmlərin yox, cinayətlərin məcmusundan irəli gələn cəzanı təşkil edir, ona görə də təqsirləndirilən şəxsə cəza təyin edilərkən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2022-ci il tarixli 1(106)-467/2022 saylı qərarı ilə təyin olunmuş 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2022-ci il tarixli 1(099)-228/2022 saylı hökmü ilə Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmalı, birinci hökm üzrə təyin edilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Məhkəmə həmçinin hazırda apellyasiya qaydasında mübahisələndirilən hökm üzrə Məhkum təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməli olduğu cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən də səhvə yol vermişdir. İş materiallarından görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün Məhkum cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin müəyyən olunması hissəsi Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2022-ci il tarixli 1(106)-467/2022 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli, 2 №li qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Cinayətlərin və ya hökmlərin məcmusu qaydasında azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, cəzaçəkmə müəssisəsinin növü, yaxud cəzasının bir hissəsinin həbsxanada çəkilməsi hər bir cinayətə görə ayrılıqda yox, yalnız qəti cəza müəyyən edildikdən sonra göstərilməlidir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkmişsə, cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Məhkum cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin müəyyən olunması hissəsinin Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2022-ci il tarixli 1(106)-467/2022 saylı qərarı ilə dəyişdirilmədən saxlanıldığından təqsirləndirilən şəxs Məhkum cinayətlərin məcmusu üzrə cəza təyin edilərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməlidir. Qeyd edilməlidir ki, təyin edilmiş qəti cəza müddətinin bir hissəsinin ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, daha sonra məhkum edilmiş şəxsin ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı gəlinən nəticə cinayət prosessual qanunvericiliyin tələbləri ilə birbaşa zidiyyət təşkil edir ki, həmin mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qərarında da öz əksini tapmışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya protesti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2022-ci il tarixli 1(099)-228/2022 saylı hökmü apellyasiya protestinə əsasən dəyişdirilməli, CM-in 66.5-ci maddəsinə əsasən həmin hökmlə Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təyin olunmuş 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə ona Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2022-ci il tarixli 1(106)-467/2022 saylı qərarı ilə CM-in 177.2.3-1-ci maddəsi ilə təyin olunmuş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası qismən toplanmaqla cinayətlərin məcmusu üzrə qəti cəza müəyyənləşdirilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2022-ci il tarixli 1(106)- 467/2022 saylı qərarı ilə təyin edilmiş cəza qəti cəza müddətinə hesablanmalı, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2022-ci il tarixli 1(099)-228/2022 saylı hökmü apellyasiya protestinə əsasən qalan hissədə dəyişdirilməməlidir. CPM-in 398.1.4-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən CPM-in 397, 398, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2022-ci il tarixli 1(099)-228/2022 saylı hökmündən verilmiş apellyasiya protesti təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2022-ci il tarixli 1(099)-228/2022 saylı hökmü apellyasiya protestinə əsasən dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2022-ci il tarixli 1(099)-228/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin olunmuş 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2022-ci il tarixli 1(106)-467/2022 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təyin olunmuş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası qismən toplanmaqla cinayətlərin məcmusu üzrə Məhkum qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2022-ci il tarixli 1(099)-228/2022 saylı hökmü apellyasiya protestinə əsasən qalan hissədə dəyişdirilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar