Məhkəmə qərarları › İş №1(106)-586/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-586/2023

30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-586/2023 30.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi), X5 və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçısı X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3cü maddəsi ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2023-cü il tarixli 1(099)-377/2023 saylı hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2023-cü il tarixli 1(099)-377/2023 saylı hökmü ilə (Sədrlik edən Müşfiq Məmmədov; hakimlər Cavid Səfərli və Neymət Məmmədov) xx xxxxxx 1982-ci ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 fevral 2012-ci il tarixli hökmü ilə CM-nin 180.2.1, 180.2.2, 180.2.4, 180.2.5, 29,180.2.2, 29, 180.2.2-ci il maddələri ilə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2016-cı il tarixli qərarı ilə 1.2-ci bəndinə əsasən azad edilmiş, hazırda məhkumluğu olmayan, İmişli şəhəri, M.Əzizbəyov küçəsi, ev 12də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, ona 6 (atı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin olunmuş cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu vaxtdan - 24 oktyabr 2022-ci ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, onun barəsində narkomaniyadan məcburi müalicənin təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məslələri həll edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3cü maddəsi ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2023-cü il tarixli 1(099)-377/2023 saylı hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,676 qram psixotrop maddə olan metamfetamini əldə edib, daşıyaraq üzərində saxlamış, 22 yanvar 2022-ci il tarixdə saat 18 radələrində Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli şəhəri ərazisindən keçən hissəsində yerləşən Maye-qaz doldurma məntəqəsinin yaxınlığında tanışı Şahid7 40 manat pul müqabilində həmin 0,676 qram çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq satmışdır. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 2,272 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, 24 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı İmişli şəhəri, M.Əzizbəyov küçəsində saxlanılaraq, İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra xidməti otaqların birində üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarın arxa sol cibindən 01 ədəd şəffaf sellofan bükümün içərisində 02 ədəd yaşıl rəngli polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,445 qram, 0,607 qram, 04 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,316 qram, 0,297 qram, 0,290 qram, 0,317 qram olmaqla, ümumilikdə 2,272 qram çəkidə, yəni külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək Lənkəran Agır Cinayətlər Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, l(099)-377/2023 saylı hökmünü dəyişdirib, məhkəmə tərəfindən nəzərə alınmamış apellyasiya şikayətində qeyd edilən yüngülləşdirici halları nəzərə alıb, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə yəni-05 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə qərar qəbul edəsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cəza təyin edərkən iş üzrə mövcud olan yüngülləşdirici halları faktiki olaraq nəzərə almamış və bu səbəbdən təqsirləndirilən şəxsə yuxarı həddə cəza təyin etmişdir. Belə ki, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin himayəsində xx.xx.2020-ci il təvəllüdlü azyaşlı uşagın olması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi barədə xasiyyətnamə kimi sübutların olduğunu sadalayır lakin, həmin sübutları konkret olaraq təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşagın olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi barədə xasiyyətnaməni həmin məcəllənin 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hallar kimi nəzərə almasını qeyd etmir. Hökmdə hansı yüngülləşdirici halların, hansı qanuni əsasla məhkəmə tərəfindən konkret olaraq yüngülləşdirici hal qismində nəzərə alınması bilinmir və bu barədə hökmdə qeyd edilməmişdir. Bu hal, məhkəmə tərəfindən hökmün məzmunu ilə bağlı cinayət prosessual normalara düzgün riayət edilməməsi və pozulması halı kimi qiymətləndirilməli və cəza təyin edərkən hakimin iş üzrə yüngülləşdirici halları tətbiq etməməsi kimi qiymətləndirilməlidir. Qeyd edim ki, iş üzrə digər yüngülləşdirici hallar da mövcuddur ki, həmin sübutlar Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hallar kimi nəzərə alınmalıdır. Bu sübutlara-təqsirləndirilən şəxsin ailədə yeganə qazanc gətirən şəxs olması və himayəsində bir azyaşlı övladından başqa, işləməyən həyat yoldaşının və təqaüdçü anasının olması barədə İmişli rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən xx.xx.2023-cü il tarixli arayışdır. Bundan başqa, icra nümayəndəliyinin verdiyi eyni tarixli arayışla müəyyən olunur ki, təqsirləndirilən şəxsin əmisi oglu X12 oglu 1-ci Qarabağ müharibəsində şəhid olmuş və təqsirləndirilən şəxsin həyat yoldaşı X3 dayısı X7 oglu da 1-ci Qarabağ müharibəsində şəhid olmuşdur. Həmçinin qeyd edim ki, təqsirləndirilən şəxsin anası 1954-cü il təvəllüdlü X1 2-ci tip agır şəkər xəstəsidir və təqsirləndirilən şəxsin atası X8 oglu xx.xx.2020-ci il ildə vəfat etmişdir. Məhkəmə yuxarıda sadalanan iş üzrə yüngülləşdirici halları faktiki olaraq nəzərə almadan təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında minimum həddə nəzərdə tutulmuş 05 il müddətində azadlıqdan məhrum etmə cəzası deyil, 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etməklə təqsirləndirilən şəxs barəsində yüksək həddə cəza təyin etmişdir. Qeyd edim ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş 2,272 qram çəkidə narkotik vasitə olan heroinin miqdarı da, həmin narkotik vasitə üçün qanunla müəyyən edilmiş 2 qram və ondan artıq olan külli miqdarın çox cüzi hissəsini təşkil edir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya instansiyası məhkəməsində dövlət itihamını müdafiə edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Elnar Hüseynov apellyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu, məhkum olunmuş şəxsin əməlinin CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunduğunu, onun tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəli xarakteri və dərəcəsi nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu göstərərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya məhkəmə baxışında məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPMnin) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin, həmçinin müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə cəza təyin edilərkən iş üzrə yüngülləşdirici halların faktiki olaraq nəzərə almaması və bu səbəbdən də təqsirləndirilən şəxsə yuxarı həddə cəza təyin edilməsi dair məsələlərin mübahisələndilməsini nəzərə alıb, CPM-in 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayətprosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlara, yəni şahidlərin ifadələrini, üzləşdirmə protokollarını, cinayət işinə əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 24 oktyabr 2022-ci il tarixli, 18/1151 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 29 dekabr 2022-ci il tarixli, 7909 nömrəli rəyi, “Şəxsi axtarış və götürmə aparılması haqqında» 24 oktyabr 2022-ci il tarixli protokol, "xxxx" MMC-dən daxil olan diskə baxış keçirilməsi haqqında 02 dekabr 2022-ci il tarixli protokol, 1 noyabr 2022-ci il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokol, habelə iş materiallarında olan istintaq və məhkəmə hərəkətlərinə dair digər sənədlərlə Təqsirləndirilən şəxs CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahılara əsasən beynəlxalq adı heroin narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən “Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı aşağdakıları qeyd edir. Təqsirləndirilən şəxs oğlunun təqsirli bilindiyi CM-nin 234.4.2 və 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzasi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə cəza təyin edərkən övladı Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edərək Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və hazırda məhkumluğu ödənilməsinə baxmayaraq tərbiyə və islah olunmadığını, yenidən qəsdən yuxarıda qeyd olunan cinayət əməlini törətdiyini, bununla da Təqsirləndirilən şəxs cinayət törətməyə meyilli şəxs olması qənaətinə gəlmiş və CM-nin 234.4.2 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxsə aşağı həddə yaxın, yəni 6 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq ona CM-nin 234.4.2 və 234.4.3-cü maddəsi ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin etməklə məhkuma ədalətli, qanuni, işin xarakterik halları ilə uzlaşan cəza təyin etmişdir. Görünüdüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası ilə müəyyən olunmuş azadlıqdan məhrum etmə cəzası aşağı həddinə yaxın həddə cəza təyin edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, təyin olunmuş cəzanın onun islah olunmasına təsiri və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CMnin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona qanuni və ədalətli cəza təyin olunmuşdur. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilərək məhkum olunmuş şəxsə CM-nin 234.4.2 və 234.4.3-cü maddəsi ilə aşağı həddə cəza təyin edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2023-cü il tarixli 1(099)-377/2023 saylı hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən və CPM-nin 397, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2023-cü il tarixli 1(099)-377/2023 saylı hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2023-cü il tarixli 1(099)-377/2023 saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar