Məhkəmə qərarları › İş №1(106)-639/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-639/2024

01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-639/2024 01.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Həşimov Yaşar Xanoğlan oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X4, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2, onun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 may 2024-cü il tarixli 1(099)-171/2024 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 may 2024-cü il tarixli 1(099)-171/2024 saylı hökmü ilə (sədrlik edən hakim Oruc Cəlilov) xx xxxxxxx 1976-cı ilə Bakı şəhəri, Qaradağ rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, dalan 1, ev 6, mənzil 6-da qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 14 mart 2023-cü il tarixdən hesablanmaqla 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona cinayətlərin məcmusu qaydasında 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkum edilmişlər ona görə ki, onlar öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə olunması, saxlanması və daşınmasına razılaşıb, habelə Təqsirləndirilən şəxs1 qrupun şəxsiyyəti məlum olmayan digər üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan narkotik vasitəni əldə edib cinayətkar qrupun şəxsiyyəti məlum olmayan digər üzvünə çatdırılmasına qabaqcadan vəd vermiş, bundan sonra cinayətkar qrupun üzvləri tərəfindən məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilmiş iki ədəd torbaların içərisində 19 ədəd bağlamalara qablaşdırılmış külli miqdarda-16397,6 qram narkotik vasitə olan qurudulmuş marixuananın Astara rayonunun Ərçivan qəsəbəsinin ərazisində yerləşən, istifadə olunmayan yanacaqdoldurma məntəqəsinin yaxınlığında (Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin 14-cü sərhəd zastavasının 15-ci sahəsinin ərazisində) gizlədilməsi barədə Təqsirləndirilən şəxs1 məlumat verməsindən sonra aralarında olan razılaşmaya və ümumi niyyətə uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə 14 mart 2023cü il tarixdə, saat 05 radələrində Təqsirləndirilən şəxs1 icarəyə götürdüyü və Təqsirləndirilən şəxs2 idarə etdiyi "X5” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonunun Ərçivan qəsəbəsinin ərazisində yerləşən, istifadə olunmayan yanacaqdoldurma məntəqəsinin yaxınlığına (Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin 14-cü sərhəd zastavasının 15-ci sahəsinin ərazisinə) gəlib, avtomobildən düşüb gizlədilmiş yerdən iki ədəd torbaların içərisində 19 ədəd bağlamalara qablaşdırılmış külli miqdarda-16397,6 qram narkotik vasitə olan qurudulmuş marixuananı götürüb satış məqsədi ilə qanunsuz olaraq birgə əldə edib, saxlayıb, daşıyarkən, daxil olmuş əməliyyat məlumatına əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Astara rayonunun Ərçivan qəsəbəsinin ərazisində yerləşən, istifadə olunmayan yanacaqdoldurma məntəqəsinin yaxınlığında (Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin 14-cü sərhəd zastavasının 15-ci sahəsinin ərazisində) saxlanılmış və onlardan iki ədəd torbaların içərisində 19 ədəd bağlamalara qablaşdırılmış külli miqdarda-16397,6 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 apellyasiya şikayətində göstərmişdir ki, onun barəsində olan cinayət işi obyektiv araşdırılmamışdır. Məhkəmə ona cəza təyin edərkən yüngülləşdirici halları, o cümlədən himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə almamışdır. O taksi sürücüsü kimi faliyyət göstərərək təsadüf nəticəsində cinayət məsuliyyətinə cəlb olunmuşdur. Məhkəmə heç bir araşdırma aparmadan ona cəza təyin edilmişdir. Ona görə də barəsində olan cinayət işinin düzgün araşdırılmasını, apellyasiya şikayətinin təmin edilməsini, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 may 2024-cü il tarixli 1(099)-171/2024 saylı hökmünün ləğv edilməsini və ona daha yüngül cəza təyin edilməsini xahiş edir. Dövlət ittihamçısı apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs2 əməlinin birinci instansiya məhkəməsində düzgün tövsif edildiyini və sübuta yetirildiyini göstərərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 may 2024-cü il tarixli 1(099)-171/2024 saylı hökmünün Təqsirləndirilən şəxs2 aid hissədə dəyişdirilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 vəkili Müdafiəçi2 çıxışında apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs2 yüngül cəza verilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi düzgün olmuşdur. Onun qeyd edilən cinayəti törətməsi birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs2 özünün və Təqsirləndirilən şəxs1 ifadələri, şahidlər Şahid2 və Şahid1 Mais oğlunun ifadələri və aşağıda sadalanan digər sübutlar əsasında sübuta yetirilmişdir. İş materialında olan DSX-nin “N” saylı hərbi hissəsinin əməliyyat-axtarış şöbəsinin əməkdaşının 14 mart 2023-cü il tarixli “Raport”u, habelə "Hadisə yerinə baxış keçirilməsi haqqında” və “Aşkar olunmuş predmetlərə baxış keçirilməsi haqqında” 14 mart 2023-cü il tarixli protokollarla müəyyən olunur ki, 14 mart 2023-cü il tarixdə Astara rayonunun Ərçivan qəsəbəsinin ərazisində yerləşən istifadə olunmayan yanacaqdoldurma məntəqəsinin arxasında (14-cü sərhəd zastavasının sol cinahı, 15-ci sahəsinin arxa istiqamətində) qaçaqmalçılıq yolu ilə keçirilmiş külli miqdarda narkotik vasitələrin gizlədilməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında qeyd olunan ərazidə“ “Pusqu” sərhəd xidməti təşkil olunmuşdur. 14 mart 2023-cü il tarixdə, saat 05:30 radələrində göstərilən əraziyə “X5” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlaşıb dayanması və avtomobildən iki nəfər şəxsin düşüb ərazidə axtarış aparmaları müşahidə edilmiş, daha sonra həmin şəxslər iki ədəd göy rəngli torbaları götürüb uzaqlaşarkən sərhəd naryadı tərəfindən “Dayan” komandası verilməklə həmin şəxslər tutulub saxlanılmışlar. Saxlanılan şəxslər özünü Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kimi təqdim etmişlər. Sonra təhqiqat orqanı (hərbi hissə) tərəfindən hal şahidləri, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə onların saxlanıldıqları yerə baxış keçirilmişdir. Baxış zamanı saxlanılan şəxslər qeyd olunan iki ədəd torbaları götürdükdən sonra sərhədçilər tərəfindən saxlanıldıqlarını və bağlamaların içərisində narkotik vasitə olduğunu bildirmişlər. Bundan sonra şübhəli şəxslərə aid torbalara baxış keçirilmiş və torbaların içərisində cəmi 19 ədəd bağlamalarda narkotik vasitəyə oxşar kütlələr (qurudulmuş marixuana) aşkar edilmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür. İş materialında olan “Şəxsi axtarış və fiziki şəxsdə olan əşyaların yoxlanılması, həmçinin əşya və sənədlərin götürülməsi haqqında” 14 mart 2023-cü il tarixli protokollarla müəyyən edilir ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən saxlanılmış şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində bir ədəd “İphone” markalı mobil telefon, sürücülük vəsiqəsi, 4 ədəd bank kartı, 3 ədəd plastik bonus kartı və 2 AZN pul, habelə Təqsirləndirilən şəxs2 üzərində bir ədəd “Realme”markalı mobil telefon, bir ədəd qol saatı, bir ədəd üzük, bir ədəd pul qabı, 60 AZN pul, sürücülük vəsiqəsi, avtomobilə aid texniki pasport, iki ədəd bank kartı və bir ədəd SOCAR-a aid plastik kart aşkar olunmuşdur. İş materialında olan “Avtomobilə baxış keçirilməsi haqqında” 14 mart 2023-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən saxlanılmış şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və hal şahidlərinin iştirakı ilə "X5” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı avtomobildən iki ədəd balaca bıçaq aşkar edilib götürülmüşdür. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 15 mart 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, iki ədəd sintetik torbalarda ümumilikdə sayı 19 (on doqquz) ədəd sellofan bağlamalarda ümumi çəkisi 16 kq 397,6 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonra qalıq qurudulmuş marixuana 16 kq 396,65 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat təşkil edir. İş materialında olan məhkəmə-ballistik ekspertizasının 17 aprel 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs1 məxsus olduğunu qeyd edilən və şərti bir rəqəmi ilə işərələnmiş bıçaq-kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəli tiyəyə malik olan, dəstəyinin bir üzün məişətdə istifadə edilən alışqan quraşdırılmış, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs2 məxsus olduğunu qeyd edilən və şərti iki rəqəmi ilə işərələnmiş bıçaq-zavod üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəli tiyəyə malik olan, dəstəyinin bir üzün məişətdə istifadə edilən alışqan quraşdırılmış, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 74 (yetmiş dörd) manat təşkil edir. İş materialında olan "Mobil telefona baxış keçirilməsi haqqında” 21 mart 2023-cü il tarixli protokolla müəyyən olunur ki, baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus "İphone” markalı mobil telefonun üzərində 070/749-06-16 və 077/767-73-33 saylı mobil nömrələrin olması və telefonun vatsap proqramı hissəsində "Astara Taksi” kimi qeyd etmiş şəxsin ("Xalid” adı şəxsə aid) +98-***-***-**-** saylı nömrə arasında 13 və14 mart 2023-cü il tarixlərdə bir neçə halda audio zənglərin olması müəyyən edilmişdir. Habelə Təqsirləndirilən şəxs1 vatsap proqramı vasitəsilə Təqsirləndirilən şəxs2 istifadəsində olan 050/991-53-63 saylı mobil nömrəyə 14 mart 2023-cü il tarixdə "canlı məkan” göndərildiyi və həmin şəxslə aralarında 13 və 14 mart 2023-cü il tarixlərdə bir neçə halda audio zənglərin olması müəyyən edilmişdir. İş materialında olan "Mobil telefona baxış keçirilməsi haqqında” 21 mart 2023-cü il tarixli protokolla müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 məxsus "Realme” markalı mobil telefonun üzərində 050/991-53-63 saylı mobil nömrənin olması, və telefonun vatsap proqramı hissəsində "Kamil Prokuror” kimi qeyd edilmiş şəxs (Təqsirləndirilən şəxs1) tərəfindən yönləndirmə ilə 14 mart 2023-cü il tarixdə göndərilmiş "canlı məkan”, fəaliyyət göstərməyən yanacaq doldurma məntəqəsinin fotoşəkli və səs yazısı aşkar edilmişdir. Həmin səs yazısında "bu benzin yeri işdəmir, qardaşım konum budu xob?, konum budu, bu pon benzin yeri var, bu pon benzin yeri işdəmir, benzin vuran yerdi, onun arxasında bir dənə çən var, bu nöqtənin üsdünə getsən onu götürərsən ordan, bu benzin yeri işdəmir, boş yerdi, xəlvət yerdi, bura işdəmir, bax haradı get ora” məzmununda danışıqlar olması aşkar edilmişdir. İş materialında olan “Maddi sübut kimi tanınma haqqında” 16 və 25 mart 2023-cü il tarixli qərarlarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 16396,65 qram qurudulmuş marixuana, bir ədəd "İphone” və bir ədəd "Realme” markalı mobil telefon aparatları iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. İş materialında olan ambulator məcburi narkoloji tibbi yoxlamanın 20 may 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs1 yaş həddi ilə əlaqədar olaraq (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərlə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə (60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara məcburi müalicə tətbiq edilmir) uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs1 65 yaşı olması ilə əlaqədar olaraq) ona narkomaniyadan məcuri müalicə tətbiq edilməsi mümkün deyil və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materialında olan ambulator məcburi narkoloji tibbi yoxlamanın 27 may 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Birinci instansiya məhkəməsi araşdırılmış yuxarıda sadalanan sübutların məcmusuna əsaslanıb, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmiş olması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Təqsirləndirilən şəxs2 apellyasiya şikayətində məhkəmənin onun ailə vəziyyətini, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə almamasını göstərir. Lakin işdən görünür ki, məhkəmə ona cəza təyin edərkən onun himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi işin hallarına, onun şəxsiyyətinə, əməln ictimai təhlükəliliyinə, xarakterinə uyğun olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 45-ci bəndində qeyd edlir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi qeyd edilən Plenum qərarının tövsiyyələrinə uyğun olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «cəzanın anlayışı və məqsədi» adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməməsi barədə qərar qəbul edə bilər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmamaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxsin izahatını, dövlət ittihamçısının rəyini, müdafiəçinin çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 may 2024-cü il tarixli 1(099)-171/2024 saylı hökmü dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1-ci, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 may 2024-cü il tarixli 1(099)- 171/2024 saylı hökmü, həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar dəyişdirilməsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar