Məhkəmə qərarları › İş №1(106)-66/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-66/2025

25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-66/2025 25.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Elşad İbiş oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X1 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 iştirakı ilə, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair Sabirabad Rayon Məhkəməsinin 05 sentyabr 2024cü il tarixli, 1(056)-148/2024 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 1(056)-148/2024 nömrəli hökmü (hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi) ilə xx xxxxxx 1982-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 nəfər azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, Əli- Bayramlı küçəsi ev 49-da qeydiyyatda olmaqla, Sabirabad rayonu, Dadaşbəyli kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 11-13 mart 2024-cü il tarixlərdə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 gün azadlıqdan məhrumetmə cəzasının saxlanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə zalından həbsə alınnması, cəzasını umumi rejimli cəzaçəkmə müəssiəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 05 sentyabr 2024-cü il tarixdən hesablanması, ona narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserində qeydə alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci-cü maddəsi ilə ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədilə qanunsuz olaraq xeyli miqdarda, 41,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq yaşadığı Sabirabad rayonu, Dadaşbəyli kəndində yerləşən evin həyətindəki əl damına gətirmiş, daha sonra həmin narkotik vasitənin 1,92 qramını 01 ədəd kibrit qutusunda, 35,0 qramını isə 01 ədəd polietilen torbada əl damındakı siyirtmədə, digər hissəsini, yəni 4,08 qramını 06 ədəd kağız bükümlərdə qablaşdırmaqla 1 ədəd siqaret qutusuna yerləşdirməklə üzərində qanunsuz saxlamış, 11 mart 2024-cü il tarixdə Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, yaşadığı evin yaxınlığında saat 22:50-də saxlanılaraq rayonun Qaragüney kəndində yerləşən Qaragüney polis bölməsinə gətirilmiş, həmin tarixdə saat 23:50-də polis bölməsinin inzibati binasında üzərinə şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd siqaret qutusunun içərisində 06 ədəd kağız bükümdə ayrıayrılıqda təmiz çəkiləri - 0,52 qr, 1,02 qr, 0,56 qr, 0,74 qr, 0,49 qr, 0,75 qr olmaqla, ümumi çəkisi 4,08 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 12 mart 2024-cü il tarixdə saat 00:15-də yaşadığı Sabirabad rayonu Dadaşbəyli kəndində yerləşən evin həyətindəki yardımçı tikiliyə baxış keçirilən zaman stolun siyirtməsində 01 ədəd kibrit qutusunda təmiz çəkisi-1,92 qram və 01 ədəd polietilen torbada təmiz çəkisi-35.0 qram, ümumi çəkisi - 36,92 qram olmaqla, xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana və həmin narkotik vasitələrin satışı zamanı çəkisinin müəyyən edilməsi üçün istifadə oluan üzərində narkotik vasitə marixuananın hissəcikləri aşkar edilmiş 01 ədəd saz vəziyyətdə elektron tərəzi aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, özünü Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilmədiyi üçün Sabirabad Rayon Məhkəməsinin hökmünün ləğv edilməsini, barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya instansiyası məhkəməsində: Dövlət itihamçısı Dövlət ittihamçısı3 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş etdi. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini və Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməklə ona aşağı həddə cəza təyin olunmasını xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində həbsdə saxlanılan və videokonfrans əlaqə sistemi vasitəsi ilə məhkəmə kollegiyasının iclasına qoşulan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edib, müdafiəçisi Müdafiəçi çıxışı ilə razı olduğunu bildirdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin, həmçinin müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi üzrə işin faktiki hallarının, yəni həmin cinayət əməlləri üzrə sübut edilməli olan və məhkəmənin hökmünün qəbul olunması üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların düzgün qiymətləndirilməməsinə dair məsələlərin mübahisələndilməsini nəzərə alıb, CPM-in 397.2ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.2-ci-cü maddəsi düzgün tövsif olunub-olunmamasına, əməlin CM-in 234.1-ci maddəsinə tövsif olunması üçün əsasların olub-olmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edibetməməsinə, daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlara, yəni Təqsirləndirilən şəxs qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlər Şahid1, Şahid2, Şahid4, Şahid5 ifadələri, 11 mart 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokol, 12 mart 2024-cü il tarixli baxış keçirilməsi barədə protokol, məhkəmə-kimyəvi ekspertizasının 12 mart 2024-cü il tarixli 18/270 №-li rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 16 aprel 2024-cü il tarixli 2415 saylı rəy və işdə olan istintaq və məhkəmə hərəkətlərinə dair digər sənədlərlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilmələri üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırkı qərarda təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiə tərəfinin çıxışlarında aşkar edilən narkotik vasitələrin Təqsirləndirilən şəxs öz istifadəsi üçün əldə etməsi və narkotik maddələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamasına dair dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər iş üzrə müəyyən olunmuş faktiki hallara uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və iş üzrə mövcud olan yuxarıda qeyd olunan sübutlarla və işin faktiki halları ilə təkzib edilən dəlillər olmaqla apellyasiya şikayətinin təmin olunaraq məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif olunması üçün qanuni əsas kimi qəbul oluna bilməz. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarı da bu mövqedən çıxış edir. Belə ki, həmin qərarın 9-cu bəndinin qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarında olan: 11 mart 2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki. Təqsirləndirilən şəxs üzərinə Qaragüney polis bölməsində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd siqaret qutusunun içərisində 06 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0.52 qr. 1.02 qr. 0.56 qr, 0.74 qr, 0.49 qr, 0.75 qr olmaqla, ümumi çəkisi 4.08 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Baxış keçirilməsi haqqında 12 mart 2024-cü il tarixdə protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Dadaşbəyli kəndində yerləşən evin həyətindəki əl damma baxış keçirilən zaman stolun siyirməsində 01 ədəd kibrit qutusunda təmiz çəkisi-1.92 qram və 01 ədəd polietilen torbada təmiz çəkisi-35.0 qram, ümumi çəkisi-36.92 qram olmaqal, xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə marixuananın hissəcikləri olan 01 ədəd işlək vəziyyətdə elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının 12 mart 2024-cü il tarixli 18/270 №-li rəyindən görünür ki, “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan 1 kağız paketdəki 01 ədəd siqaret qutusunda olan 06 ədəd kağız bükümdə ümumilikdə təmiz çəkisi 4,08 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, digər 1 kağız paketdəki 01 ədəd kibrit qutusunda və polietlen torbada ümumi çəkisi 36,92 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə marixuananın hissəcikləri vardır. Narkotik vasitənin ümümi çəkisi 41,0 qram olmuş, cəmi tədqiqatda 0,16 qr. İstifadə olunmuş, qalıq- 40,84 qramdır. Məhkəmə kollegiyası aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın çəkilib çoxlu sayda xırda bükümlərə bükülməsini, onların hazırlanması üçün tərəzinin olmasını Təqsirləndirilən şəxs narkotik vasitələri məhz satış məqsədi ilə əldə etməsini təsdiq edilən hallar kimi qiymətləndirir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci-cü maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkum olunmuş şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmiş, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisinin çıxışlarında məhkum edilmiş şəxsin üzərində aşkar edilmiş qurudulmuş marixuananın şəxsi istifadəsi üçün üzərində saxlaması kimi dəlillərinə qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs qurudulmuş marixuananın çəkib xırda bükümlərə bükülməsi, evində bununla əlaqədar tərəzi saxlaması narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsinə dəlalət edir. Bu səbəbdən də, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəməsi zaman irəli sürdüyü dəlilləri inandırıcı hesab etmir. Məhkəmə kollegiyası həmçinin məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs cəza təyini məsələsini də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin ona təyin etdiyi cəza qanuni və ədalətli olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.2ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzasi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun himayəsində 2 nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, ilk dəfə az ağır cinayət əməli törətməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanın yüngülləşdirən hallar kimi və əməlində cəzanın ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də şəxsiyyətini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, təyin olunmuş cəzanın onun islah olunmasına təsiri və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. Belə ki, AR Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı Qərarının 27-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. AR Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, Sabirabad Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Sabirabad Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 1(056)-148/2024 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar ona verildiyi) gündən Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Hakimlər: Elşad Əliyev Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar