Məhkəmə qərarları › İş №1(106)-669/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-669/2023

28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-669/2023 28.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi ilə, hakimlər – Xasməmmədov Elçin İsgəndər oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi Eminli Rusif Novruz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, təqsirləndirilən şəxsin müdafiəçisi – Şirvan regional vəkil bürosunun vəkili X3 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2023-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2023-cü il tarixli hökmü ilə (hakimlər: X10 (sədrlik edən), X11 və X5 ibarət tərkibdə) xx xxxx 1986-cı ildə Ağcabədi rayonu Üzeyirkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvələr məhkum olunmamış, Ağcabədi rayonu Avşar kəndində qeydiyyatda olan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 20 dekabr 2022-ci il tarixdən hesablanması və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq 495 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda - 233,021 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 180,742 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, 28,021 qram çəkidə 01 ədəd bükümdə külli miqdarda heroini və 20,742 qram çəkidə 01 ədəd bükümdə külli miqdarda metamfetamini öz üzərində, qalan külli miqdarda 205 qram çəkidə heroini, külli miqdarda 160 qram çəkidə metamfetamini və 495 qram çəkidə qurudulmuş marixuananı isə yaşadığı Ağcabədi rayonu, Avşar kəndində yerləşən evə daşımaqla saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci il tarixdə saat 04:40-da Ağcabədi rayonu, Avşar kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq Ağcabədi Rayon Polis Şöbəsinə gətirilmiş və orada həmin gün saat 06:51-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 28,021 qram heroin və külli miqdarda təmiz çəkisi 20,742 qram metamfetamin aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayətprosessual qanunun tələbləri pozulmuş, o cümlədən sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və saxlaması sübuta yetirilmədiyi, əksinə sübutlarla inkar edildiyi və əməlində cinayət tərkibi olmadığı halda, o, əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmışdır. Belə ki, üzərindən və evindən aşkar olunmuş psixotrop maddə – metamfetaminə, narkotik vasitə – heroinə və qurudulmuş marixuanaya aidiyyəti yoxdur. Məhz polis əməkdaşları tərəfindən hədə-qorxuya məruz qaldığı üçün özünə qarşı ifadə verməklə, həmin maddənin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərilənlərə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2023-cü il tarixli hökmünün ləğv edilməsini və ona bəraət verilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında dövlət ittihamçısı X9 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edildiyini, birinci instansiya məhkəməsi məhkum olunmuş şəxsə cəza təyin edərkən onun şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanın ailəsinə təsirini nəzərə alaraq qanuni və ədalətli cəza təyin olunduğunu bildirmiş, hökmün ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığına görə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi X7 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2023-cü il tarixli hökmünün ləğv edilərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmiş. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətində məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əmələ münasibətdə təqsirinin sübuta yetirilməsi kimi məsələlər mübahisələndirildiyi üçün məhkəmə həmin dəlillərlə bağlı aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittihamı və həmin ittihamla bağlı birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticəni təsdiq edən sübutlar:

1. 19 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş əməliyyat məlumatının daxil olduğu barədə raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxsin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir (i.v. 5-12, 34-36, 40-43).

2. “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 20 dekabr 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs barəsində 20 dekabr 2022-ci il tarixdə saat 06:51də şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs üzərində “patı” və “kakos” adı ilə tanıdığı narkotik vasitələr olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümü, şalvarının sol yan cibindən “Samsung” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən 25 manat pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan bükümün içərisində “patı” və “kakos” adı ilə tanıdığı narkotik vasitələr olduğunu bildirmiş, sonuncunun təqdim etdiyi birinci sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik olmayan metamfetaminə oxşar maddə, ikinci sellofan bükümdə isə heroinə oxşar maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələri təxminən 1 həftə əvvəl Beyləqan rayonu ərazisindən “Behzat” adlı İran İR-nin vətəndaşından “online” qaydada aldığını, bunun üçün heç bir vəsait ödəmədiyini, əvvəllər də narkotik vasitələrdən istifadə etdiyini, aldığı maddələri öz şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan əlavə şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi rayonu, Avşar kəndində yerləşən evdə narkotik vasitə “nəşə”, “kakos” və “patı” gizlədib saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs hazırda yaşadığı ünvana gedildiyi halda, həmin ünvanda gizlədib saxladığı narkotik vasitələri təqdim edə biləcəyini bildirmişdir. Şəxsi axtarış 20 dekabr 2022-ci il tarixdə saat 07:13-də başa çatmışdır. (i.v. 34-36).

3. “Baxış keçirilməsi və götürmə aparılması” haqqında 20 dekabr 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi rayonu, Avşar kəndində yerləşən evinə 20 dekabr 2022-ci il tarixdə saat 08:13-də videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmış, baxış zamanı Təqsirləndirilən şəxs iştirakçıları yaşadığı evin qonaq otağına dəvət edib, qonaq otağında giriş qapısından sol tərəfdə yerləşən qapını açıb, həmin otaqda yerləşən çəhrayı rəngli qabın içərisində olan 02 ədəd sellofan bükümü və həmin otaqda olan plastik qutunun üstündə olan 01 ədəd sellofan bağlamanı götürüb təqdim etmiş, paketlərin içərisində “nəşə”, “kakos”, “patı” adı ilə tanıdığı narkotik vasitələr və psixotrop maddələr olduğunu qeyd etmişdir. Birinci 01 ədəd sellofan büküm açıldıqda içərisində metamfetaminə oxşar maddə, digər 01 ədəd sellofan bükümün içərisində heroinə oxşar maddə, üçüncü sellofan bağlamanın içərisində isə qurudulmuş marixuanaya oxşar kütlələr olması müşahidə edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri təxminən 1 həftə əvvəl Beyləqan rayonundan “Behzat” adlı İran İR-nin vətəndaşından “online” qaydada aldığını, bunun üçün heç bir vəsait ödəmədiyini, əvvəllər də narkotik vasitələrdən istifadə etdiyini, həmin maddələri şəxsi istifadə məqsədi ilə gizlədib saxladığını bildirmişdir. Baxışın keçirilməsi 20 dekabr 2022-ci il tarixdə saat 08:44-də başa çatmışdır (i.v. 40-43).

4. Məhkəmə bioloji ekspertizasının 20 dekabr 2022-ci il tarixli, 7/1426 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində "şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş..." sözləri yazılmış skoçla bağlanmış sellofan torbada bir ədəd sellofanda təmiz çəkisi 495,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi-495,0 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq- 494,95 qramdır (i.v. 54-57).

5. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 20 dekabr 2022-ci il tarixli, 6/7110 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ..." soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd selofan bükümdə təmiz çəkisi 28,021 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 1 (bir) ədəd selofan bükümdə təmiz çəkisi 20,742 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Üzərində "Şübhəli şəxs: Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş..." soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd selofan torbada təmiz çəkisi 205 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış heroindir, 1 (bir) ədəd selofan torbada təmiz çəkisi 160 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış metamfetamindir. Təqdim olunmuş 1 (bir) ədəd selofan bükümdə və 1 (bir) ədəd selofan torbada olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Təqdim olunmuş 1 (bir) ədəd selofan bükümdə və 1 (bir) ədəd selofan torbada olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir (i.v.58-63).

6. Ağcabədi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnikleytenantı Şahid1 tərəfindən qəbul edilmiş 19 dekabr 2022-ci il tarixli “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarı və həmin qərar əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuni hesab edilmişdir (i.v.65).

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı əsasında "xxxx" MMC-dən götürülmüş, Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** mobil nömrə ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlara baxış keçirilmiş və həmin şəxsin digər mobil operatorlara məxsus nömrələrlə narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar olması ehtimal edilən aşağıdakı məzmunda SMS yazışmaları müəyyən edildi: xx/xx/2022,01:39:28, **********13,**********73, Masinsizam samaxinkadayam bu cox zeifdi ozunde cekib baxarsan bunu getirib elvinin yaninda qaytarib mene; xx/xx/2022, 19:56:32, **********12, **********73, SALAM.NETERİSEN.TELE AC BİR SOZ DE. JAMAHATA NE DEYİM.LAZİMDİ 2 TORR; 9/06/2022, 19:56:35, **********12, **********73,AQ 1 DENDD DAS.HE YOX DE ; xx/xx/2022,20:22:44, **********12, **********73,GAQAS RULUNU VERİV QOTURUREM.2 KOLA .1 DAS.RULUM CATMASA TELEFON SAXLAYİM.; xx/xx/2022, 22:59:39, **********45, **********73,2 dene das gotrcem indi gecdi seher yigacam saat 11- 12de oyaq ol; xx/xx/2022, 00:09:18, **********99, **********73, Baba mawinanam gul gelim goturum rayona gedirler bunun pulunda verecem sene; xx/xx/2022,01:34:01, **********99, **********73, Ay qaqaw bir kelme cetindi ; xx/xx/2022,01:58:07, **********99, **********73, Baba mene bir soz de salamatciliqdi meni gozduyurler o pulda hazirdi sivyaz ele; xx/xx/2022,02:15:09, **********99, **********73, Ay qaqaw teli acib bir kelme demey olmaz ki zoma; xx/xx/2022, 14:39:38, **********99, **********73, 20 dene gul isdiyirler ; xx/xx/2022, 14:55:10, **********99, **********73, Mene xeber ele baba telim qalib dunenkh qaqawdarda bawva donerem birdeki yene 20 q gul isdiyirler baba; xx/xx/2022,16:43:10, **********99, **********73, Yaxwi baba 20 q gul isdiyen var onuda goturum baba; xx/xx/2022,16:58:53, **********99, **********73, Baba torpaq var 5 q onunda pulun goturum baba; xx/xx/2022,17:00:19, **********73, **********99,he; xx/xx/2022, 00:37:06, **********99, **********73, Baba xeber cixmadi qadan alim; xx/xx/2022, 00:45:57, **********99, **********73, Baba 10 gul bir isdiyirler neyiye bildin baba alim pulu; xx/xx/2022, 00:53:22, **********73, **********99, he al; xx/xx/2022, 04:12:46, **********99, **********73, Baba 5 q torpaq getir senol vuracam karta; xx/xx/2022, 20:47:17, **********08, **********73,Qaqa 1 seriya ayaqqabi isteyirdim,yarisini bu gun verib, yarisinida sabah bele vaxti versem olarmi?; xx/xx/2022, 19:59:44, **********99, **********73,Baba camata gul vermeliyem qadan alim.

8. Məhkəmə – narkoloji ekspertizasının 21 dekabr 2022-ci il tarixli, 7744 nömrəli rəyindən görünür ki, kannabiodlərindən istifadə etmə halları olub. Lakin, halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəydə Təqsirləndirilən şəxs deməsinə görə təxminən 10 ildir ki narkotik vasitə olan marixuanadan onu siqaretə doldurub çəkməklə istifadə etdiyi göstərilmişdir (i.v. 220-221).

9. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona qarşı irəli sürülmüş ittihamla bağlı müdafiəçisinin iştirakı ilə 20 və 21 dekabr 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs kimi verdiyi ifadələrində 20 dekabr 2022-ci ildə ondan və evindən aşkar olunmuş psixotrop maddə – metamfetamin, narkotik vasitə – heroin və qurudulmuş marixuananın özünə məxsus olduğunu və həmin kütlələri şəxsi istifadə məqsədilə üzərində gəzdirdiyini və evində saxladığını bildirmişdir.

10. Şahidlər Şahid1, Şahid3, Şahid4 həm ibtidai araşdırma, həm də məhkəmə baxışı zamanı verdikləri ifadələrində göstərmişlər ki, 20 dekabr 2022-ci ildə Təqsirləndirilən şəxs üzərindən və evindən psixotrop maddə – metamfetaminə, narkotik vasitə – heroinə və qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründən fərqli olaraq birinci instansiya məhkəməsində keçirilən baxış iclası zamanı üzərindən aşkar olunmuş psixotrop maddənin və narkotik vasitələrin ona məxsus olmadığını, həmin maddələrin məhz polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu bildirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən «Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür». Qanunun qeyd olunan normasına əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən və evindən 233,021 qram narkotik vasitə – heroin, 180,742 qram psixotrop maddə – metamfetamin, 495 qram narkotik vasitə – qurudulmuş marixunanın cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş yuxarıda qeyd olunan sübutlara təsdiq olunmasına baxmayaraq, müdafiə tərəfi onların qəbul olunmasının yolverilməzliyini iddia etsə də, bunu hər hansı bir halla əsaslandıra bilməmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətində qeyd etmişdir ki, məhz polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qaldığı üçün onların diktə etdiyi formada ibtidai araşdırma zamanı əleyhinə ifadə vermişdir. Qeyd olunanlarla yanaşı Təqsirləndirilən şəxs tutulduqdan sonra polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması ilə bağlı göstərdikləri xüsusat üzrə Bakı şəhəri Nərimanov rayon prokurorluğunda cinayət təqibi aparılmış, 01 mart 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın surəti təqsirləndirilən şəxsə göndərilsə də, nə sonuncu, nə də ki onun müdafiəçisi tərəfindən həmin qərar yuxarı prokuror və ya məhkəmə nəzarəti qaydasında mübahisələndirilməmişdir. Bununla yanaşı X13 Məhkəməsi «X1rşı» işi ilə bağlı qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması ilə bağlı göstərdikləri xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan məhkəməyədək icraat zamanı izahat və ifadələrin cinayətprosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Artıq bu hallar təqsirləndirilən şəxsin birinci instansiya məhkəməsində verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını birbirindən tam fərqli və bəsit formada reproduksiya etdiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən yayınmağa hesablanmışdır. Lakin onun məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi ifadələri cinayət təqibi üzrə mötəbər sübut hesab etmişdir. İşin faktiki halları, o cümlədən Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından dəfələrlə artıq psixotrop maddə – metamfetamini, narkotik vasitə – qurudulmuş marixuananı və heroini qanunsuz əldə edib saxlaması, maddələrin üç çeşiddə olması, istifadəsində olan mobil telefon nömrəsinə daxil olan və çıxan sms mətnlərindən onun narkotik və psixotrop maddələrinin satışı ilə məşğul olmasının təsdiq olunması onun həqiqətəndə satış məqsədi ilə qanunsuz olaraq qeyd olunan maddənin əldə edilməsi, saxlanması və daşınması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Bununla da apellyasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin hökmü ilə istinad edilən, hazırkı qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması birinci instansiya məhkəməsində Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq və təhlil edilmiş yuxarıda qeyd olunan və digər sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli və cəzalandırılmalı olması barədə nəticə çıxarılmışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə qeyd edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi cəzanı yüngülləşdirən halı – Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cəzanı ağırlaşdıran halın olmamasını Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən təqsirləndirilənin şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin qeyd olunan normalarının və ədalət prinsipinin (CM maddə 8) tələblərinə cavab verən cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq onları qəbuledilməz sayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar