Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-67/2025 16.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Hacıyev Pərviz Vaqif oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 1(049)-165/2024 saylı hökmündən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 1(049)-165/2024 nömrəli (hakim: Ağabəyov Nicat Rauf oğlunun sədrliyi) hökmü ilə xx xxxx 1989-cu il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 31 dekabr 2023-cü il tarixdə, saat 10:30 radələrində “B C” dərəcəli sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etdiyi, faktiki istifadəsində olan “VAZ 21074 minik” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobili Lənkəran şəhəri, “Ləvəngi dairəsi” ilə üzü Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi istiqamətində “Raypo” adlanan ərazidə işıqforu keçdikdən sonra 60 km/saat sürətlə idarə edərkən, sürücü olaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin “qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının tələblərinə əsasən nəqliyyat vasitələri nişanda göstərilən sürətdən çox olmayan sürətlə hərəkət etməlidirlər)” tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin maddənin tələbinə əməl etməyərək, idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “VAZ 21074 minik” markalı avtomobili hərəkət sürəti 3.24 «maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış həmin yaşayış məntəqəsində icazə veriləndən artıq, yəni 60 km/saat sürətlə hərəkət etdirərkən, hərəkətin təhlükəsizliyini təmin edə bilməyib, yol hərəkəti qaydalarını göstərilən şəraitdə pozaraq, getdiyi istiqamətdə yolu soldan sağa keçən piyada - Lənkəran şəhər sakini olan xx xxxxxx 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə ehtiyatsızlıqdan vurub, ona həyatı üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid İ bel fəqərə cisminin çoxqəlpəli parçalanmış kompression sınığı, İ, İİ bel fəqərələrinin sağ çıxıntılarının xətti sınıqları, sağ qasıq sümüyünün qəlpəli sınığı, sağ qamış, sağ incik sümüklərinin çoxqəlpəli oynaqdaxili mürəkkəb sınığı və sol üst göz qapağı nahiyəsində əzilmiş yaradan ibarət xəsarətlər yetirməklə, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, Təqsirləndirilən şəxs barəsində Lənkəran rayon Məhkəməsinin 2 sentyabr 2024-cü il tarixli, 1(049)-165/2024 nömrəli hökmünün “cəzanın çəkilmə yerinə münasibətdə” dəyişdirilməsini, onun barəsində təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum edilmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və məhkəmə iclas zalından həbs edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, baş vermiş yol-nəqliyyat hadisəsindən sonra nə təqsirləndirilən şəxs, nə də ki, onun ailə üzvləri bir dəfə olsun zərərçəkmiş şəxs kimi onun maraqlanmamış, aralarında hər hansı bir barışıq əldə edilməmiş, ümumiyyətlə ona maddi yardım edilməmiş, müalicə xərcləri, dərman preparatlarının alınmasına heç bir cəhd edilmədiyi halda, məhkəmə bu vacib xüsusatlan nəzərə almamışdır. O, müəllimədir və ailəsini aldığı əmək haqqı ilə dolandırır, təqsirləndirilən şəxsin cinayətkarcasına etinasızlığı səbəbindən işləyə bilmir, yataq vəziyyətinə düşmüşdür. Lakin bir insan kimi, bir dəfə onun müalicə və müayinələri ilə maraqlanmayan şəxsə qarşı nə üçün bu qədər humanist münasibət göstərildiyini başa düşə bilmir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs əvvələr də cinayət məsuliyyətinə cəlb edildiyini, onun kriminal aləmə meyilli olduğunu və ən əsası zərərçəkmiş şəxslə barışıq əldə etməyə belə cəhd göstərmədiyini gördüyü halda hökmündə açıq aşkar cəzasını ağırlaşdıran hallar yoxdur yazmaqla kifayətlənmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya instansiyası məhkəməsində: Zərərçəkmiş şəxs verdiyi apellyasiya şikayətin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını və Lənkəran Rayon Məhkəməsinin 2 sentyabr 2024-cü il tarixli, 1(049)-165/2024 nömrəli hökmünün dəyişdirilərək, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə daha ağır cəza təyin edilməsini xahiş etdi. Dövlət ittihamçısı2 birinci instansiya məhkəməsində dövlət ittihamçısının təklif etdiyi həddə təmin edilməsini xahiş etdi. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyib, Lənkəran Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 1(049)-165/2024 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin çıxışı ilə razı olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərində işin faktiki halları və əməlin hüquqi tövsifi mübahisələndirilməsə də Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya protestinin və apellyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq yoxlanılmasına dair tələblərinə müvafiq olaraq ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilibedilməməsinə, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsifinə, daha sonra isə apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini araşdırıb, prosses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin edilməməli, lakin Lənkəran Rayon Məhkəməsinin 2 sentyabr 2024-cü il tarixli, 1(049)-165/2024 nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin əvvəli və qətimkan tədbiri məsələsi müəyyən olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid3 ifadəsi, 31 dekabr 2023-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokol, xx.xx.2024-cü il tarixli, CD diskə baxış keçirilməsi haqqında protokol, yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/227 nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 98 saylı rəyi, xx.xx.2023-cü il tarixli, 001145 nömrəli protokol, Azərbaycan Respublikası DİN BDYPİ-nin Lənkəran RQİ və TBŞ-nin xx.xx.2024- cü il tarixli məktubu, kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024cü il tarixli, 722 saylı rəyi və işdə olan istintaq hərəkətlərinə dair digər sənədlərlə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırlmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və 02 sentyabr 2024-cü il tarixli hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş bu sübutlar əsasında Lənkəran Rayon Məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və düzgün olaraq onun əməlini Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı və birinci instansiya məhkəmə istintaqında məhkum olunmuş şəxsin müdafiə hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. AR Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; hakim qanunu və vicdanını rəhbər tutaraq, sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də, işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. İşə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin apellyasiya şikayətinin Təqsirləndirilən şəxs daha ağır cəza təyini ilə bağlı dəlillərini müzakirə edərək aşağıda qeyd olunanlara görə hesab edir ki, birinci instansiya məhkəməsinin məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin etdiyi cəza qanuni və ədalətli olmuşdur, iş materiallarında məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın ağırlaşdırılması üçün hər hansı bir əsas yoxdur. Belə ki, Azərbaycan DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4, 180.2.2, 180.2.4-cü maddələrlə təqsirli bilinib 06 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə AR CM-in 177.2.4-cü maddəsi hökmdən xaric edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə AR CM-in 177.2.3-cü maddəsinə əsasən təyin edilmiş cəza müddəti 03 il 06 ay azadlıqdan məhrum etmə cəzası 03 azadlıqdan məhrum etmə cəzasına endirilib, AR CM-in 66.3-cü maddəsinə əsasən üzərində 05 il 06 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən AR CM-in 76-cı maddəsi ilə 07 ay 23 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmış, xx.xx.2021-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib narkomaniyadan məcburi müalicə olunmaqla 3 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2023cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş hüquqazidd ictimai təhlükəli əməl ehtiyasızlıqdan törədilmiş cinayət olduğundan onun törədilməsi cinayətlərin residivini yaratmir və hazırkı vəziyyətdə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcud olmamışdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. İş materiallarında olan Lənkəran ŞİHB-nin Göyşaban KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Hacıyev X3 rayonu, Göyşaban kəndində arvadı xx.xx.1988-ci il təvəllüdlü X2, uşaqları – xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X1 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyini məsələsini müzakirə edərək, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasının CM-in 59.1.4-ci maddəsinə, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi əməlində cəzanı ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddələsi ilə 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair yekun nəticəyə gəlmişdir. Bundan əlavə, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin apellyasiya şikayətində Təqsirləndirilən şəxs tərəfinən zərərçəkmiş şəxslə barışıq üçün heç bir cəhd göstərməməsini, həmin halların cəzanı ağırlaşdıran hal kimi nəzərə alnmasının zəruri olmasını qeyd edilsə də, Cinayət Məcəlləsinin 61.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməməsi qeyd edilmişidir. Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində isə “cinayət işi üzrə zərərçəkmiş şəxslə barışığın əldə edilməməsi” cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası vurulmuş ziyanın ödənilməsi məsələsinə aid hissədə isə qeyd edir ki, baxılan cinayət işi üzrə zərərçəkmiş şəxs tərəfindən mülki iddia qaldırılıb bununla bağlı məhkəməyə sübut təqdim edilməsə də, bu hal vurulmuş ziyanın ödənilməsi ilə bağlı gələcəkdə mülki iddianın irəli sürülməsini istisna etmir. Həmçinin apellyasiya şikayətinin dəlillərinə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum edilmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi xahiş edilsə də, Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələbinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Göründüyü kimi zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilənlərlə təkzib edilir və bu dəlillər birinci instansiya məhkəmsi tərəfindən məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın daha da sərt cəza ilə əvəz olunması və ya cəzaçəkmə rejimin dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Lənkəran Rayon Məhkəməsinin 2 sentyabr 2024-cü il tarixli, 1(049)-165/2024 nömrəli hökmü həmin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Lakin qeyd olunan işə Şirvan Apellyasiya Məhkəməsində apellyasiya qaydasında baxılarkən cinayət təqibi ilə bağlı olan halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasının vaxtı barədə lazımi qaydada məlumatlandırılmış, lakin o, heç bir üzrlü səbəb olmadan təkrarən məhkəmə iclaslarına gəlməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarına üzrlü səbəblər olmadan gəlməməklə məhkəmə iclasında iştirak etməkdən boyun qaçıraraq məhkəmədən gizlənmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 mart 2025-ci il 1(106)- 67/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində Lənkəran ŞRPŞ İB-nin müstəntiqi polis mayoru Aqşın Axundovun qərarı ilə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun haqqında axtarış elan edilməsi, Təqsirləndirilən şəxs tapılıb həbsə alınanadək cinayət işi üzrə apellyasiya şikayətinə baxılmasına dair icraatın dayandırılması barədə qərar qəbul olunmuşdur. Şirvan Apelyasiya Məhkəməsinə daxil olmuş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 15 mart 2025-ci il tarixli, 3-13-96/2-6635/25 nömrəli məktubu və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasının 18 mart 2025-ci il tarixli, 3-16-17/42/2-1552/2025 nömrəli məktubunun ümumi məzmunundan görünür ki, xx xxxx 1989-cu il tarixdə Lənkəran şəhərində doğulmuş, Təqsirləndirilən şəxs barəsində Lənkəran Şəhər Rayon Polis şöbəsində 10 mart 2025-ci il tarxidə 620352 nömrəli axtarış işi açılmış və keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 14 mart 2025-ci il tarixdə, saat 10:40-da Lənkəran rayonu, Göyşaban kəndi ərazisində saxlanılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxansına təhvil verilmişdir. Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Lənkəran Rayon Məhkəməsini yekun məhkəmə aktında Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin başlanğıcını düzgün olaraq məhkumun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmasını göstərsə də, Təqsirləndirilən şəxs apellyasiya şikayətinə əsasən baxılan məhkəmə baxışı iclasından yayındığından, onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə kollegiyası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsi tələbini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçildiyindən və həmin qərara əsasən 14 mart 2025-ci il tarixdə həbsə alındığından, onun cəzasının əvvəli 14 mart 2025-ci il tarixdən hesablanmalıdır. Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinin tələbinə görə məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qətimkan tədbiri qüvvədən düşmüş sayıldığından, məhkəmə kollegiyası belə hesab edir ki, seçilmiş həbs qətimkan tədbiri Təqsirləndirilən şəxs təyin edilmiş cəza icraya yönəldilənədək qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398.1.1, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2 sentyabr 2024-cü il tarixli, 1(049)-165/2024 nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 mart 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçildiyindən və həmin qərara əsasən 14 mart 2025-ci il tarixdə həbsə alındığından, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş cəza icraya yönəldilənədək barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Zərərçəkmiş şəxs ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə Təqsirləndirilən şəxs qarşı ayrıca mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə müraciət etmək hüququnun olması izah edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar ona verildiyi) gündən CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Hakimlər: Pərviz Hacıyev Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(106)-67/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-67/2025
16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver