Məhkəmə qərarları › İş №1(106)-68/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-68/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-68/2025 05.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası X1 (sədrlik edən), Hacıyev Pərviz Vaqif oğlu və X6 ibarət tərkibdə Səmədov Alim Nadir oğlunun katibliyi Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin şöbə prokuroru X11, Təqsirləndirilən şəxs və müdafiəçisi X5 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Saatlı Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli 1(055)-59/2024 saylı hökmü ilə (hakim V.İ.Qasımov) xx.xx.1992-ci ildə Saatlı rayonu Bayramovka kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; CM-in 69.3-cü maddəsinə əsasən onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün, həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 4 gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış; cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuş; habelə cəzasının əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dispanserində qeydiyyata alınması və hökmün icrasının Saatlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmış, həmçinin iş üzrə maddi sübut və məhkəmə məsrəfinə dair məsələlər həll edilmişdir. İşin halları Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən təmiz çəkisi 6,23 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə etmiş, saxlamış və daşımış, həmin narkotik vasitəni 30 may 2024-cü il tarixdə saat 20:35 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən “Muğan” parkında piyada satış məqsədi olmadan qanunsuz olaraq üstündə daşıyarkən əməliyyat tədbiri keçirən polis əməkdaşları onu Saatlı RPŞ-yə gətirib, orada 30 may 2024-cü il tarixdə saat 21:45 radələrində həmin 1 ədəd bükümdə xeyli miqdarda 6,23 qram narkotik vasitə qurudulmuş marixuananı onun əynindəki gödəkçənin sol cibindən aşkar edərək götürmüşlər, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Apellyasiya müraciətlərinin dəlilləri Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən Dövlət ittihamçısı apellyasiya protesti verərək, hökmün təqsirləndirilən şəxs barəsində təklif etdiyi həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə dəyişdirilməsini; Təqsirləndirilən şəxs isə apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestini belə əsaslandırmışdır ki, məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətinin yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini yalnız inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş formal tərkibli arayışa əsaslanmışdır. Ancaq onun hansı cəhətlərinə görə müsbət xarakterizə olunmasını və bunun nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını və hansı səbəbdən cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinib barəsində dəfələrlə ittiham hökmü çıxarılmışdır. Sonuncu dəfə Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 01 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarına əsasən cəzası azaldılaraq 1 il 7 ay müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddətinin sona çatması ilə azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməli ilk olmamış, hətta dəfələrlə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməsinə baxmayaraq həmin cəzalardan islah olunmamış və məhkumluğu üzərindən götürüldüyü vaxtdan 25 gün sonra yenidən qəsdən cinayət əməli törətmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətini belə əsaslandırmışdır ki, o, məhkəmə istintaqı zamanı ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 30 may 2024-cü il tarixdə şəxsi işi ilə əlaqədar Saatlı şəhəri, Heydər Əliyev prospektində yerləşən “Muğan” parkının qarşısında hərəkətdə olarkən saat 20:30 radələrində Saatlı RPŞ-nin əməkdaşları ona yaxınlaşıb qanunsuz olaraq narkotik saxlaması barədə məlumatları olduğunu bildirib onu Saatlı rayon Polis Şöbəsinə dəvət etmişlər. O da polislərin sözünü yerə salmayıb onlarla birlikdə şöbəyə getmişdir. Şöbədə o, polislərə heç bir narkotik vasitədən istifadə etmədiyini və üzərində heç bir narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra şöbədə onu bir saata yaxın döymüşlər ki, narkotik vasitənin onun olmasını boynuna alsın. Lakin, o, üzərində narkotik vasitə olmadığını bildirmişdir. Sonra onun evinə küllü miqdarda narkotik vasitə qoyulacağı barədə onu hədələmişlər. Bundan sonra o, məcbur qalıb narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Təqsirini təsdiq edən kifayət qədər sübutlar işin ibtidai istintaqı və məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Prosessual məsələlər Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisi X9 apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə uyğun çıxış etdilər, apellyasiya şikayətinin təmin olunmasını, habelə apellyasiya protestinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X14 apellyasiya protestinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, protestin təmin olunmasını, müdafiə tərəfinin apellyasiya şikayətinin isə əsassız olduğundan təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. İlk növbədə qeyd olunmalıdır ki, apellyasiya şikayətinin dəlillərindən və müdafiə tərəfinin apellyasiya baxışındakı mövqeyindən görünür ki, müdafiə tərəfi Təqsirləndirilən şəxs təqsirliliyi məsələsini mübahisələndirmiş, təqsirləndirilən şəxsin üstündən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən onun üstünə qoyulduğunu və bununla törətmədiyi cinayəti etiraf etməyə məcbur edildiyini bildirərək ona CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsini xahiş etmişdir. Apellyasiya protestində isə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın növü mübahisələndirilmiş, hazırkı cəzanın məhkumun islah olunması üçün yetərli olmadığı qeyd edilərək ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası müdafiə tərəfinin apellyasiya şikayətinin təqsirləndirilən şəxsə bəraət verilməsinə yönəldiyini, bununla təqsirliliklə bağlı məsələnin mübahisələndirildiyini nəzərə alaraq işin faktiki hallarını cinayət işinin materialları çərçivəsində nəzərdən keçirmiş və aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab etmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CM-in 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-in 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmçinin, CM-in 234.1-ci maddəsində narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi və daşınması cinayət məsuliyyətinə və cəzaya səbəb olan əməl kimi təsbit edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmçinin həmin Qanunun 1.0.10-cu bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Eyni zamanda, qeyd edilən Qanunun 1.0.8-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan görünür ki, o, satış məqsədi olmadan qanunsuz olaraq 6,23 qram çəkidə qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş yuxarıda qeyd edilən ittihamın əsaslılığı araşdırılmış və ittihamın birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla təsdiq edildiyini müəyyən edilmişdir. Belə ki, işdə olan 30 may 2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs rayon ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və saxlaması ilə məşğul olduğu bildirilmiş və həmin məlumat əsasında eyni tarixli qərarla Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. İşdə olan 30 may 2024-cü il tarixli “cinayət törətməkdə şübhə edilən şəxsi tutma haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:35 radələrində şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan 30 may 2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokol, ona əlavə edilən fotoşəkillər və videoçəkilişlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli dəri gödəkçəsinin sol yan cibində saxladığı 01 ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni küçədən tapdığını və öz şəxsi istifadəsi üçün saxladığını etiraf etmişdir. İşdə olan 31 may 2024-cü il tarixli “şübhəli şəxsin dindirilməsi haqqında” və 01 iyun 2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən 2019-cu ildən el arasında “nəşə” adlanan narkotik vasitə olan marixuanadan istifadə edir, üzərindən aşkar olunmuş narkotik vasitə marixuananı küçədən tapmış və öz istifadəsi üçün üzərində saxlamışdır, həmçinin Saatlı RPŞ-nin əməkdaşları tərəfindən ona qarşı heç bir təsir və təzyiq olmamışdır. İşdə olan məhkəmə-bioloji ekspertizanın 31 may 2024-cü il tarixli 3-16-16/2-18/542 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi- 6,23 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan məhkəmə-narkoloji ekspertin 01 avqust 2024-cü il tarixli 5276 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan 30 iyul 2024-cü il tarixli əməliyyat tapşırığına cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair hər hansı bir hal müəyyən edilməmiş, onun üzərindən aşkar edilmiş narkotik vasitəni haradan əldə etməsinə dair isə hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Cinayət işində olan istintaq orqanının 01 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, şübhəli şəxs qismində tutulmadan azad edilmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs onda aşkar edilən narkotik vasitəni qanunsuz olaraq şəxsi istifadəsi üçün əldə etməsi, saxlaması və daşıması onun özünün şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri və işdə olan digər sübutlarla tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. İşdə olan şəxsi axtarış protokolu, ekspert rəyləri, şahid polis əməkdaşlarının ifadələri və digər sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törətməsi sübuta yetirilmişdir. CPM-in 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, məhkəmə kollegiyası təqsirliliklə bağlı işin faktiki hallarını cinayət və cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs istinad olunan cinayətin onun tərəfindən törədilməsi nəticəsinə gəlir və hesab edir ki, onun həmin cinayəti törətməkdə təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilir. Odur ki, kollegiya təqsirləndirilən şəxsin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Apellyasiya protestinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan apellyasiya müraciətinin dəlilləri təqsirləndirilən şəxsin barəsində daha ağır cəza növünün seçilməsi nəticəsinə gəlməyə əsas vermir. Belə ki, protestin dəlillərindən göründüyü kimi dövlət ittihamçısı təqsirləndirilən şəxsin əvvəllər məhkum olunduğu cinayətlərə diqqət çəkərək onun ödənilmiş məhkumluqlarını cəzasının ağırlaşmasına əsas kimi görmüşdür. Lakin məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə istinad edərək qeyd etməyi zəruri hesab edir ki, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Dövlət ittihamçısının da apellyasiya protestində qeyd etdiyi kimi, Təqsirləndirilən şəxs əvvəllər Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə məhkum olunmuş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarına əsasən cəzası azaldılaraq 1 il 7 ay müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddətinin sona çatması ilə azad edilmişdir. CM-in 83.3 və 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. İttihamdan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini 30 may 2024-cü il tarixdə törətmişdir. Həmin cinayət törədildiyi vaxt onun əvvəlki məhkumluğu ödənilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarının 50-ci bəndinə əsasən məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Göründüyü kimi, təqsirləndirilən şəxsin ödənilmiş məhkumluğu nəzərə alınmamalı, ümumiyyətlə, bu hala rəsmi sənədlərdə istinad edilməməli olduğu halda dövlət ittihamçısı belə məhkumluğu təqsirləndirilən şəxsə daha sərt cəzanın təyin edilməsinin əsası kimi nəzərdən keçirmişdir ki, kollegiya bunu yolverilməz hesab edir. Mövcud vəziyyətdə təqsirləndirilən şəxsə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın ailəsinin həyat şəraitinə uyğun olub-olmamasına gəldikdə isə kollegiya qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitənin ictimai təhlükəliliyinə görə ən yüngül növə aid olması, ən aşağı çəkidə olması ona daha sərt cəza növünün təyin edilməsi zərurətini yaratmır. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı”dan görünür ki, qurudulmuş marixuana həmin siyahıda olan narkotik vasitələrin ən yüngül növlərindən olmaqla cinayət məsuliyyətinə cəlb etməyə imkan verən miqdarı 5 qram təşkil edir. Bundan başqa, müdafiə tərəfinin apellyasiya məhkəməsinə təqdim etdiyi Saatlı rayon İcra Hakimiyyəti başçısının Saatlı şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası X3 və qızı X7 ibarətdir. İşə əlavə edilmiş Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xəstəlik tarixindən çıxarışdan (epikrizdən) görünür ki, Təqsirləndirilən şəxs anası X8 düz bağırsağın bədxassəli yenitörəməsi rpT0NxM1 mərhələ İV diaqnozu ilə xərçəng xəstəsidir. Təqsirləndirilən şəxs, həmçinin apellyasiya baxışı zamanı bildirmişdir ki, boşandıqdan sonra arvadı qeyri-rəsmi ailə quraraq qızları Yağmuru atıb getmiş və halhazırda uşaq onun himayəsindədir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin ailə vəziyyəti ilə bağlı yuxarıda qeyd edilən hallar da onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza növünün təyin edilməsinə kifayət qədər əsas verir. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə təqsirkarın himayəsində 14 yaşına çatmamış uşağının olması və onun həmin uşağı təkbaşına böyütməsi halında ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi azyaşlı uşağın himayəsiz qalmasına səbəb ola bilər ki, bu da cəzanın ədalətliliyi prinsipinin ciddi şəkildə pozulmasına səbəb ola bilər. Eyni zamanda kollegiya ailənin digər üzvü, yəni təqsirkarın anasının da ciddi onkoloji xəstəlikdən əziyyət çəkməsini, ona ailədə təqsirkardan başqa baxan yetkinlik yaşına çatmış ailə üzvünün olmamasını da diqqətəlayiq hallardan hesab edir və belə nəticəyə gəlir ki, təqsirkarın həm azyaşlı uşağı, həm də xəstə anası ilə bağlı hallar cəza təyinində nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsində də qeyd edilmişdir ki, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, eyni zamanda cəzanın onun ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi təqsirkara cəza təyini zamanı maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl etmiş və ona həm növ baxımından, həm də müddət baxımından ədalətli cəza təyin etmişdir. Apellyasiya protestinin dəlilləri Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın ağırlaşdırılmasına əsas vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli 1(055)-59/2024 saylı hökmü apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. X10 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar