Məhkəmə qərarları › İş №1(106)-691/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-691/2022

24.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-691/2022 24.08.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İŞirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər: Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru X8, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər Şirvan Regional Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM-in) 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29,177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 29,177.2.1, 29,177.2.2-ci maddələri ilə məhkum edilmələri barədə Sabirabad Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 1(056)-91/2022 nömrəli hökmündən məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 1(056)-91/2022 nömrəli hökmü (hakim X4) ilə, xx xxxxxx 1979-cu ildə Salyan rayonu Pratmangəncəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, Salyan rayonu Pratmangəncəli kəndində qeydiyyatda olmaqla Salyan rayonu Çuxanlı kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində tutularaq həbsdə saxlanmasının bir günün iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulması, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan təbdiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, xx xxxx 1988-ci ildə Salyan rayonu Seyidsadıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, Salyan rayonu Marışlı kəndində qeydiyyatda olmaqla Salyan rayonu Seyidsadıxlı kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 29,177.2.1 və 29,177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində tutularaq həbsdə saxlanmasının bir günün iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulması, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan təbdiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup təşkil edərək 06 fevral 2022-ci il tarixdə gecə saat 01 radələrində «X1 Company» Məhdud Məsuliyyətli Cəmiyyətinin Sabirabad rayonu Sarxanbəyli kəndində yerləşən yataqxana binasına qanunsuz daxil olaraq oradan 36 ədəd, hər birinin qiyməti 60 manat olmaqla, ümumi dəyəri 2160 manat olan, uzunluğu 6 metr, eni 90 santimetr ölçüdə lay şiferləri; 14 ədəd hər birinin qiyməti 30 manat olmaqla, ümumi dəyəri 420 manat olan uzunluğu 3 metr olan karnirləri; 2 ədəd hər birinin qiyməti 50 manat olmaqla, ümumi dəyəri 100 manat olan uzunluğu 6 metr olan karnirləri özünə məxsus “Mercedes-Benz Atego” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyib ərazidən çıxarmaqla, zərərçəkmiş hüquqi şəxs «X1 Company» MMC-yə ümumilikdə, 2680 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup təşkil edərək 09 fevral 2022-ci il tarixdə gecə saat 01 radələrində «X1 Company» Məhdud Məsuliyyətli Cəmiyyətinin Sabirabad rayonu Sarxanbəyli kəndində yerləşən yataqxana binasına qanunsuz daxil olaraq oradan 12 ədəd, hər birinin qiyməti 64 manat olmaqla, ümumi dəyəri 768 manat olan, uzunluğu 4.40 metr ölçüdə paslanmaz metal “FERMA”ları; 20 ədəd, hər birinin qiyməti 18 manat olmaqla, ümumi dəyəri 360 manat olan, uzunluğu 5 metr ölçüdə, aliminium materialdan hazırlanmış alçipan üçün profilləri; 14 ədəd, hər birinin qiyməti 10 manat olmaqla, ümumi dəyəri 140 manat olan, uzunluğu 2 metr 60 santimetr ölçüdə, aliminium materialdan hazırlanmış alçipan üçün profilləri; 15 ədəd, hər birinin qiyməti 8 manat olmaqla, ümumi dəyəri 120 manat olan, uzunluğu 2 metr 20 santimetr ölçüdə, aliminium materialdan hazırlanmış alçipan üçün profilləri; 1 ədəd, 50 manat dəyərində olan, uzunluğu 2 metr 80 santimetr, eni 95 santimetr ölçüdə, metal çərçivəni; 1 ədəd, 50 manat dəyərində olan, uzunluğu 90 santimetr, eni 65 santimetr ölçüdə, plastik pəncərəni; 3 ədəd, hər birinin qiyməti 20 manat olmaqla, ümumi dəyəri 60 manat olan, uzunluğu 3 metr ölçüdə, 12 millimetrlik metal şvellerləri; 1 ədəd, 250 manat dəyərində olan, uzunluğu 2 metr, eni 70 santimetr ölçüdə, taxta materialdan hazırlanmış qapını özünə məxsus “Mercedes-Benz Atego” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyərkən Sabirabad Rayon Polis X10 Bölməsinin əməkdaşları tərəfindən aşkar edilərək tutulduğundan, o, iradəsindən asılı olmayan səbəblərdən əməlini başa çatdıra bilməyərək «X1 Company» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ümumi dəyəri 1798 manat olan əmlakı oğurlamağa cəhd etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 29, 177.2.1, 29, 177.2.2-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup təşkil edərək 06 fevral 2022-ci il tarixdə gecə saat 01 radələrində mühafizəçi işlədiyi «X1 Company» Məhdud Məsuliyyətli Cəmiyyətinin Sabirabad rayonu Sarxanbəyli kəndində yerləşən yataqxana binasından 36 ədəd, hər birinin qiyməti 60 manat olmaqla, ümumi dəyəri 2160 manat olan, uzunluğu 6 metr, eni 90 santimetr ölçüdə lay şiferləri; 14 ədəd hər birinin qiyməti 30 manat olmaqla, ümumi dəyəri 420 manat olan uzunluğu 3 metr olan karnirləri; 2 ədəd hər birinin qiyməti 50 manat olmaqla, ümumi dəyəri 100 manat olan uzunluğu 6 metr olan karnirləri Təqsirləndirilən şəxs1 məxsus “Mercedes-Benz Atego” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yüklədib ərazidən çıxarmaqla, zərərçəkmiş hüquqi şəxs «X1 Company» MMC-yə ümumilikdə, 2680 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup təşkil edərək 09 fevral 2022-ci il tarixdə gecə saat 01 radələrində mühafizəçi işlədiyi «X1 Company» Məhdud Məsuliyyətli Cəmiyyətinin Sabirabad rayonu Sarxanbəyli kəndində yerləşən yataqxana binasından 12 ədəd, hər birinin qiyməti 64 manat olmaqla, ümumi dəyəri 768 manat olan, uzunluğu 4.40 metr ölçüdə paslanmaz metal “FERMA”ları; 20 ədəd, hər birinin qiyməti 18 manat olmaqla, ümumi dəyəri 360 manat olan, uzunluğu 5 metr ölçüdə, aliminium materialdan hazırlanmış alçipan üçün profilləri; 14 ədəd, hər birinin qiyməti 10 manat olmaqla, ümumi dəyəri 140 manat olan, uzunluğu 2 metr 60 santimetr ölçüdə, aliminium materialdan hazırlanmış alçipan üçün profilləri; 15 ədəd, hər birinin qiyməti 8 manat olmaqla, ümumi dəyəri 120 manat olan, uzunluğu 2 metr 20 santimetr ölçüdə, aliminium materialdan hazırlanmış alçipan üçün profilləri; 1 ədəd, 50 manat dəyərində olan, uzunluğu 2 metr 80 santimetr, eni 95 santimetr ölçüdə, metal çərçivəni; 1 ədəd, 50 manat dəyərində olan, uzunluğu 90 santimetr, eni 65 santimetr ölçüdə, plastik pəncərəni; 3 ədəd, hər birinin qiyməti 20 manat olmaqla, ümumi dəyəri 60 manat olan, uzunluğu 3 metr ölçüdə, 12 millimetrlik metal şvellerləri; 1 ədəd, 250 manat dəyərində olan, uzunluğu 2 metr, eni 70 santimetr ölçüdə, taxta materialdan hazırlanmış qapını Təqsirləndirilən şəxs1 məxsus “Mercedes-Benz Atego” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yüklədərək Sabirabad Rayon Polis X10 Bölməsinin əməkdaşları tərəfindən aşkar edilərək tutulduğundan, o, iradəsindən asılı olmayan səbəblərdən əməlini başa çatdıra bilməyərək «X1 Company» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ümumi dəyəri 1798 manat olan əmlakı oğurlamağa cəhd etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(056)-91//2022 saylı hökmünün ləğv edilməsini, barəsində olan yüngülləşdirici halları nəzərə almaqla Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddənin sanksiyasında nəzərdə tutulmuş daha az müddətətə cəza təyin edilməsini və təyin edilmiş cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək, tutduğu əməldən səmimi peşman olmuş, zərərçəkmiş şəxslə barışmış, dəymiş ziyanı ödəmişdir və himayəsində azyaşlı uşağı, ailəsi, valideyni vardır. Daha az müddətə həbslə əlaqədar olmayan sınaq müddətinə şərti cəzanın verilməsi üçün kifayət qədər əsaslar var. Sabirabad rayon Məhkəməsinin hökmü ilə ona cəza təyin edilərkən sadalanan yüngülləşdirici hallar tam nəzərə alınmamışdır. Yaşadığı yer üzrə müsbət xarekterizə olunmasını, hərbi xidmətdə olması, himayəsində uşağının, ailəsinin, valideyninin olmasını, evin yeganə gəlir gətirən şəxs olması, cəmiyyətdə müsbət xarakterizə olunması, ilk dəfə cinayət əməli törətməsi, əməlindən peşmançılıq çəkməsi və islah olunması üçün bütün zəruri şərtlərin mövcud olması Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul olunmalıdır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək, Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(056)-91//2022 saylı hökmünün ləğv edilməsini, ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 29,177.2.1, 29,177.2.2ci maddələrnin sanksiyasında nəzərdə tutulmuş daha az müddətə sınaq müddəti ilə şərti cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona Azərbaycan Respublikası CMin 177.2.1, 177.2.2 və 29,177.2.1, 29,177.2.2-ci maddəsi ilə elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, tutduğu əməldən səmimi peşmandır, zərərçəkmiş şəxslə barışmışdır və dəymiş ziyanı ödəmişdir və himayəsində azyaşlı uşağı, ailəsi, valideyni vardır. Sabirabad rayon Məhkəməsi hökm verərkən işin hallarına uyğun olmayan nəticəyə gəlmiş, barəsində ağır cəza təyin etmiş və yüngülləşdirici halları, zərərçəkmiş şəxslərin şikayətlərinin olmadığını və barışıq olduğunu nəzərə almamışdır. Həmçinin, onun himayəsində olan uşağı, ailə üzvlərinin onunla birgə yaşaması, müsbət xarakterizə olunması, ilk dəfə cinayət əməli törətməsi, əməlindən peşman olması və islah olunması birinci instansiya məhkəməsində nəzərə alınmamışdır. Odur ki, işdə olan yüngülləşdirici hallara istinadən ona törətdiyi cinayətə görə təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi qanuni və ədalətli olar. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya instansiyası məhkəməsində dövlət itihamçısı X13 cıxışında bildirmişdir ki, məhkum edilmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməllərini törətmələri ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş və birinci instansiya məhkəməsində araşdırılmış sübutlarla tam təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxslərə törədilmiş cinayət əməlinin ictimai təhlükəli xarakteri və dərəcəsi, cəzanı yüngülləşdirən hallar və şəxsiyyətləri nəzərə alınmaqla düzgün olaraq azadlıqdan məhrumetmə növündə cəza təyin edildiyini, onların barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmadığını, həmçinin cəzanın həddi ilə bağlı birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsini, ona görə də, verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir. Dövlət itihamçısı X13 cıxışında əlavə olaraq bildirmişdir ki, CM-in 177.1-ci maddəsində oğurluq dedikdə, yəni özgənin əmlakını gizli olaraq talama cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 177.2.2-ci maddəsində isə yuxarıda qeyd olunan cinayətin təkrar törədilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən onlar, qabaqcadan əlbir olan bir qrup şəxs halında cəmi 2680 manat məbləğində özgənin əmlakını gizli olaraq talayıb oğurlamışlar. Daha sonra onlar təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında cəmi 1798 manat məbləğində özgənin əmlakını gizli olaraq oğurlamağa cəhd etmişlər. İstintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.2-ci maddəsi ilə, yəni birinci epizod üzrə qeyd olunan cinayəti təkrarən törətmələri ilə bağlı ittiham vermişdir. Halbuki, CM-in 16-cı maddəsinə əsasən Bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. CM-in 177.2.2-ci maddəsində tövsifedici əlamət kimi nəzərdə tutulan “oğurluğun təkrar törədilməsi” dedikdə təqsirkarın əvvəl törətdiyi talama cinayət əməlinə görə məsuliyyətə cəlb edilməmiş yenidən oğurluq etməsi başa düşülür. Göründüyü kimi, hazırki işdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən birinci epizod üzrə oğurluq cinayətinin təkrarən törədilməsi halı olmamış, onların yalnız ikinci epizod üzrə oğurluq etməyə cəhd cinayətini təkrarən törətmələri halı olmuşdur. Belə olan halda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birinci epizod üzrə oğurluq cinayətini təkrarən törətmələrinə dair onlara CM-in 177.2.2-ci maddəsi ilə elan edilmiş ittiham işin hallarına uyğun olan nəticə kimi qiymətləndirilə bilməz. Ona görə də, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CMin 177.2.2-ci maddəsi ilə verilmiş ittihamdan imtina etdiyini, Sabirabad Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 1(056)-91/2022 nömrəli hökmünun CPM-in 397-ci maddəsinə əsasən dəyişdirilməsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.2-ci maddəsi ilə irəli sürülmüş ittiham ümumi ittihamdan və hökmdən xaric edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, Sabirabad Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılnası cəzanın azaldılması və barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayətini müdafiə edərək müdafiəçisinin çıxışı ilə razı olduğunu bildirmiş, Sabirabad Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, ona təyin edilmiş azadlığın məhdudlaşdırılnası cəzanın azaldılmasını və təyin ediləcək cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, Sabirabad Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılnası cəzanın azaldılması və barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 apellyasiya şikayətini müdafiə edərək müdafiəçisinin çıxışı ilə razı olduğunu bildirmiş, Sabirabad Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, ona təyin edilmiş azadlığın məhdudlaşdırılnası cəzanın azaldılmasını və təyin ediləcək cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CPM-in) 397.1 və 397.2-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 apellyasiya şikayətinin və tərəflərin apellyasiya məhkəmə baxışında çıxışlarında əməlin hüquqi tövsifi mübahisələndirilməsə də, Azərbaycan Respublikası CPM-in 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq, ilk növbədə məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin hüquqi tövsifinə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına və sonra isə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, tərəfinin çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, lakin Sabirabad Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli hökmü Azərbaycan Respublikası CPM-in 397.2-ci maddəsinə əsasən dəyişdirilməlidir. Apellyasiya şikayətlərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 etirafedici ifadələri, «X1 Company» Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X5 izahatı, şahidlər X9, X6 ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 aprel 2022-ci il tarixli, 9/2885 nömrəli ekspert rəyi və işin digər halları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları və işin faktiki halları ilə müəyyən edilmiş cinayət əməllərini törətmələri, həmin cinayət əməllərinə aidiyyətlərinin və təqsirliliklərinin tam sübuta yetirilməsinə, onlara ittiham olunan əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilmələri üçün əsasların olmamasına görə, onların həmin maddələr ilə təqsirili bilinib cəzalandırılmalı olmalarına dair yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CPM-in 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan sübutlara tətbiq olunmalı qanun normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 177.2.1, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətmələri, həmin əməllərə görə təqsirli olmaları tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, dövlət ittihamçısının Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı irəli sürülən ümumi ittihamın CM-in 177.2.2-ci maddəsi ilə olan hissəsindən imtinası Azərbaycan Respublikası CPM-in 41.3cü maddəsinin tələblərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası CPM-in 84.6 və 84.6.9-cu maddələrinə görə bu Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət ittihamçısının təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək hüququ vardır. Həmin Məcəllənin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, dövlət ittihamçısının Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə verilmiş ittihamdan imtinası nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə irəli sürülən ittiham üzrə cinayət təqibinə xitam verilməlidir. Apellyasiya şikayətindən və müdafiə tərəfinin çıxışlarından görünür ki, müdafiə tərəfinin çıxışlarında cəzanın ağırlığına görə ədalətsiz olması, hökm çıxarılarkən təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən halların kifayət qədər nəzərə alınmaması göstərilmiş və həmin əsaslarla da birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək məhkum olunmuş şəxsə aşağı həddə cəza təyin edilməsi həmçinin sınaq müddəti tətbiq edilməklə şərti cəza təyin edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası, məhkum olunmuş şəxslərin apellyasiya şikayətlərini iş materalları ilə müqayisəli şəkildə təhlil edib hesab edir ki, onlara təyin edilmiş cəzalar qanuni və ədalətli olmuşdur. Belə ki, Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin olunarkən törədilmiş cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59, 61, 65-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq onlara qanuni və kifayət qədər ədalətli cəza təyin olunmuşdur. İş materiallarında məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının yüngülləşdirilməsi üçün hər hansı bir əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri və tərəflərin apellyasiya məhkəmə baxışında çıxışları məhkum olunmuş şəxslərə yüngül cəza təyin edilməklə cəzanın şərti tətbiq edilməli olunması barədə dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilərək məhkum olunmuş şəxslərə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının azadılması və yaxud cəzanın şərti tətbiq üçün qanuni əsas kimi qəbul edilə bilməz, ona görə də apellyasiya şikayətləri təmin olunmamalı, lakin Sabirabad Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli hökmü Azərbaycan Respublikası CPM-in 397-ci maddəsinə əsasən dəyişdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398.1.1, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 1(056)-91/2022 nömrəli hökmü Azərbaycan Respublikası CPM-in 397-ci maddəsinə əsasən dəyişdirilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası CMin 177.2.2-ci maddəsi ilə irəli sürülən ittiham üzrə cinayət təqibinə xitam verilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vsitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar