Məhkəmə qərarları › İş №1(106)-698/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-698/2023

25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-698/2023 25.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər: Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarəsinin, Apellyasiya instansiyası məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Cinayət Məcəlləsi) 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 1(099)- 352/2023 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 1(099)-352/2023 nömrəli hökmü (hakimləri X9 (sədrlik edən), X10 və X5 ibarət tərkibdə) ilə xx xxxxxx 1996-cı ildə Sabirabad rayonu, Şəhriyar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sabirabad rayonu, Şəhriyar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona həmin maddələr üzrə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 07 yanvar 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə İran İslam Respublikasında olan digər şəxs ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən digər şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3374,746 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib narkotik vasitə heroinin külli miqdarda 14,746 qram çəkidə hissəsini öz üzərində, qalan külli miqdarda 3360 qram çəkidə narkotik vasitə heroini isə etibarnamə əsasında idarə etdiyi «Toyota Corolla» markalı, **-PJ-*** qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağının ayaq altı hissəsinə daşımaqla orada gizlətməklə saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü il tarixdə saat 20:00-da Ələt-Astara avtomobil yolunun Masallı rayonu ərazisində yerləşən Baş Dövlət Yol Polis İdarəsinin 11-ci Yol Polisi Xidməti tağımının stasionar postunda idarə etdiyi «Toyota Corolla» markalı, **-PJ-*** qeydiyyat nişanlı avtomobilində olan zaman saxlanılaraq həmin stasionar postun inzibati binasına gətirilmiş və orada həmin gün saat 21:15-dən etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qolsuz gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 14,746 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 07 yanvar 2023-cü il tarixdə saat 22:00-dan etibarən Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə onun etibarnamə əsasında idarə etdiyi «Toyota Corolla» markalı, **-PJ-*** qeydiyyat nişanlı avtomobilinə Ələt-Astara avtomobil yolunun Masallı rayonu ərazisində yerləşən Baş Dövlət Yol Polis İdarəsinin 11-ci Yol Polisi Xidməti tağımının stasionar postunun həyətində baxış keçirilən zaman həmin avtomobilin ön sərnişin oturacağının ayaq altı hissəsində olan bir ədəd qara rəngli sellofan bağlamanın içərisindən qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı külli miqdarda təmiz çəkisi 3360 qram olan, üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X2 apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2023-cü il tarixli hökmü əsassız, verilmiş ittiham isə qurma olduğundan onun əməlində cinayət tərkibi olmadığı üçün haqqında bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkum edilmiş şəxsin müdafiəçisi Gürsel Atakişiyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, o cümlədən sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə təqsirləndirilən şəxsin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin əldə etməsi, daşıması və saxlaması sübuta yetirilmədiyi, əksinə sübutlarla inkar edildiyi və əməlində cinayət tərkibi olmadığı halda, əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik istifadəçisi və içki düşgünü olmamış, həmin gün yoxlanılaraq ayıq olduğu müəyyən edilmişdir. Ayıq bir şəxsin külli miqdarda narkotik maddəni aşkar görünən yerdə daşıması və DYP Xidmətində mülki geyimli şəxslərə maşın saxlaması hansı məntiqdən irəli gəlir. Təqsirləndirilən şəxs 2-ci Qarabağ Müharibəsi qazisidir, igidliyə görə orden və medallarla təltif olunmuş, müharibədə kontuziya almışdır. Təqsirləndirilən şəxs saxlanılandan sonra polis əməkdaşları ona fiziki təsir göstərdiklərindən o, ağrılara dözə bilməyib onların diktəsi ilə etirafedici ifadələr vermişdir. Əslində isə aşkar olunmuş narkotik vasitənin Təqsirləndirilən şəxs heç bir aidiyyatı olmamış, polis əməkdaşları tərəfindən üzərinə və avtomobilinə yerləşdirilmişdir. Həmçinin, müdafiəçi Gürsel Atakişiyev apellyasiya şikayətində müvəkkili Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində müdafiə hüququnun pozulmasını, vəkilin iştirakı ilə hər hansı bir dindirmə aparılmamasına dair dəlillər irəli sürmüşdür. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya instansiyası məhkəməsində dövlət itihamçısı Dövlət ittihamçısı2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunduğunu, ona bəraət verilməsi üçün əsasların olmamasını, məhkum olunmuş şəxs tərəfindən törədilmiş cinayət əməllərinin ictimai təhlükəli xarakteri və dərəcəsi nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu bildirərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış etdi və Təqsirləndirilən şəxs barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2023-cü il tarixli hökmünün ləğv olunmasını, Təqsirləndirilən şəxs barəsində bəraətverici əsaslarla hökm çıxarmaqla cinayət məhsuliyyətindən azad edilməsini, bu mümkün olmadıqda, yəni müşavirə otağında məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ittiham olunduğu əmələ görə təqsirli olması qənaətinə gələrsə, onun Vətən müharibəsi qazisi olmasını, igidliyə görə orden və medallarla təltif edilməsi nəzərə alıb təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İsitntaq Təcridxanasında həbsdə saxlanılan və videokonfrans əlaqə sistemindən istifadə etməklə məhkəmə iclasına qoşulan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 cıxışı ilə razı olduğunu bildirib apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin, həmçinin müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin təqsirli bilindiyi Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə işin faktiki hallarının, yəni həmin cinayət əməlləri üzrə sübut edilməli olan və məhkəmənin hökmünün qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların düzgün qiymətləndirilməməsinə dair məsələlərin mübahisələndirilməsini nəzərə alıb, Cinayət Prosessual Məcəlləsininn 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunub-olunmamasına, məhkum olunmuş şəxsə həmin maddələrlə bəraət verilməsi üçün əsasların olub-olmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2023-cü il tarixli hökmü dəyişdirilməməlidir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ibridai istintaq zaman verdiyi etirafedici ifadələri, şahidlər Şahid1, Şahid2 ifadələrini, BNMİ-nin CBRŞ-nin baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli həmin şöbənin rəisinə ünvanlanmış “Raport”u, “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə” 07 yanvar 2023-cü il tarixli qərarı, “Şəxsi axtarış və götürmə haqqında” 07 yanvar 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş videoçəkiliş, xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizə, “baxış keçirilməsi və götürmə aparılması” barədə 07 yanvar 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş videoçəkiliş, məhkəmə fiziki-kimyəvi ekspertizasının 08 yanvar 2023-cü il tarixli, 19/15 nömrəli rəyi, eləcə də iş materiallarına olan, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokolları və işin digər halları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddələrlə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Buna görə də məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırkı qərarda təkrar sadalamağa zərurət görmür. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsin müdafiçisinin apellyasiya şikayətində və məhkəmə baxışı zamanı çıxışında “şübhəli şəxs qismində tutulduğu zaman iradəsinə zidd olaraq etirafedici ifadələr verməsi, müstəntiq tərəfindən dəvət olunan dövlət hesabına müdafiəçinin onun hüquqlarını müdafiə etməməsi, etirafedici ifadələrə polis əməkdaşlarının təsirlərinə uyğun olaraq imza etməsi, törətmədiyi cinayətə görə məhkum olunması, buna görə də, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 1(099)-352/2023 saylı hökmünün ləğv edilərək ona bəraət verilməsi ilə” bağlı dəlillərə münasibətdə aşağdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan BNMİ-nin CBRŞ-nin baş əməliyyat müvəkkili Şahid1 həmin şöbənin rəisinə ünvanlandığı xx.xx.2023-cü il tarixli “Raport”dan müəyyən olunur ki, Təqsirləndirilən şəxs cənub bölgəsində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. İş materiallarında olan “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə” 07 yanvar 2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair BNMİ-nin CBRŞ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 07 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “Şəxsi axtarış və götürmə haqqında” 07 yanvar 2023-cü il tarixli protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü il tarixdə saat 20:00-da Ələt-Astara avtomobil yolunun Masallı rayonu ərazisində yerləşən BDYPİ-nin 11-ci YPX tağımının stasionar postunda idarə etdiyi “Toyota Corolla” markalı, **-PJ-*** qeydiyyat nişanlı avtomobilində olan zaman saxlanılaraq həmin stasionar postun inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qolsuz gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, idarə etdiyi Toyota Corolla markalı, ** PJ *** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etiraz etməmişdir. İş materiallarında olan baxış keçirilməsi və götürmə aparılması barədə 07 yanvar 2023cü il tarixli protokoldan və videoçəkilişdən görünür ki, 07 yanvar 2023-cü il tarixdə saat 22:00dan etibarən Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə onun idarə etdiyi “Toyota Corolla” markalı, **-PJ-*** qeydiyyat nişanlı avtomobilinə Ələt-Astara avtomobil yolunun Masallı rayonu ərazisində yerləşən BDYPİ-nin 11-ci YPX tağımının stasionar postunun həyətində baxış keçirilən zaman həmin avtomobilin ön sərnişin oturacağının ayaq hissəsində olan bir ədəd qara rəngli sellofan bağlamadan narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadələrində özünü elan olunmuş ittihamla təqsirli bilərək təxminən 2023-cü ilin yanvar ayının 2-də İnstaqram sosial şəbəkəsində Səid adlı İİR-nin vətəndaşı ilə tanış olduğunu, Səidin ona narkotik vasitə göndərəcəyini, həmin narkotik vasitəni götürüb onun dediyi ünvanlara çatdıracağı halda qazanc əldə edəcəyini, 07 yanvar 2023-cü il tarixdə Səid onunla əlaqə saxlayaraq Lənkəran-Bakı avtomobil yolunda 58-ci kilometrliyinə bir ədəd sellofan bağlamada və bir ədəd sellofan bükümdə narkotik vasitə qoyduğunu, bir ədəd bükümü istifadəsi üçün, bağlamanı isə dediyi ünvana çatdırmalı olmasını, buna görə 500 manat pul verəcəyini, həmin gün Lənkəran-Bakı avtomobil yolunda 58-ci kilometrliyinə gedib həmin narkotik vasitələri götürməsini, bir ədəd bükümü istifadə etmək üçün cibinə qoymasını, bağlamada olan narkotik vasitə heroini isə idarə etdiyi Toyota Carolla markalı, **-PJ-*** qeydiyyat nişanlı avtomobilinin ön sərnişin oturacağının ayaq altı hissəsinə qoymasını, daha sonra avtomobili idarə edib Bakı şəhəri istiqmətində hərəkət edən zaman polis əməkdaşları tərəfindən saxlanmasını, üzərindən və idarə etdiyi avtomobildən narkotik vasitənin aşkar edilərək götürülməsini, təhqiqatçının və müdafiəçinin sualına cavab olaraq aşkar olunmuş kütlənin narkotik vasitə heroin olmasını, Səid adlı İİR-nin vətəndaşı göndərdiyini, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona hər hansı formada təsir olmadığını bildirmiş, onun bu götərdiyi xüsusatlar axtarış, baxış və götürmə aparılan zaman çəkilən videogörüntülərlə də öz təsdiqini tapmışdır. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 08 yanvar 2023-cü il tarixli, 19/15 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi – 14,746 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.* Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs idarə etdiyi Toyota karolla markalı **-PJ-*** qeydiyyat nişanlı avtomaşından götürülmüş 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi..” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 3360 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərilərində “Vət. “Vət. Təqsirləndirilən şəxs idarə etdiyi Toyota karolla markalı **-PJ-*** qeydiyyat nişanlı avtomaşından götürülmüş 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi..” sözlər və imzalar olan bir ədəd zərfdəki, oğlunun üzərindən aşkar olunmuş 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi və “Vət. Təqsirləndirilən şəxs idarə etdiyi Toyota karolla markalı **- PJ-*** qeydiyyat nişanlı avtomaşından götürülmüş 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi..” sözlər və imzalar olan bir ədəd zərfdəki və bir ədəd bağlamadakı ümumilikdə 2 bükümdə olmaqla, ümumi təmiz çəkisi 3374,746 qram olan heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından mənbə xüsusatı ilə bağlı Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə 13 fevral 2023-cü il tarixdə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədənində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılarkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilmiş, lakin narkotik vasitənin satışı ilə məşqul olmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Məhkum edilmiş şəxsin hərəkətlərində qeyd olunan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməlləri Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuşdur. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət Prosessual Məcəlləsininn 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlləri Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında Təqsirləndirilən şəxs müdafiə hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Göründüyü ki, müdafiəçi X1 apellyasiya şikayətində göstərdiyi xüsusatlar, yəni Təqsirləndirilən şəxs tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi təzyiqlər olduğundan aşkar olunmuş narkotik vasitələrin guya ona məxsus olmasını bildirməsi, eləcə də müdafiə hüququnun pozulması barədə dəlilləri yuxarıda qeyd olunan və birinci instansiya məhkəməsində tədqiq olunmaqla araşdırılmış sübutlarla tam təkzib olunur. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı da ədalətli sayır. Belə ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək azadlqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyini məsələsini müzakirə edərək, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, “Vətən Müharibəsi” zamanı aktiv döyüşlərdə iştirak edib, medallarla təltif edilməsini, vətənpərvərliyi, müharibə veteranı olunmasını cəzasını yüngülləşdirən hallar kimi və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs cəza təyin olunarkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, təyin olunmuş cəzanın onun islah olunmasına təsiri, cəzanı yüngülləşdirən hallar, habelə cinayətin predmeti olan narkotik maddənin külli miqdarda olması və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri və sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırlması nəticəsində çıxarılmış və düzgün olan hökmünün ləğv edilərək məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs bəraət verilməsi, habelə hökmün dəyişdirilərək məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs aşağı həddə cəza təyin edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 1(099)-352/2023 nömrəli hökmü isə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininn 397, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 1(099)-352/2023 nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininn 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Məhəmməd Bağırov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar