Məhkəmə qərarları › İş №1(106)-712/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-712/2023

19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-712/2023 19.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi ilə, hakimlər – Xasməmmədov Elçin İsgəndər oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi Eminli Rusif Novruz oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – Şirvan regional vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2023-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2023-cü il tarixli hökmü ilə (hakimlər: X4 (sədrlik edən), X5 və X2 ibarət tərkib) xx xxxxxx 1982-ci ildə Lənkəran rayonu Girdəni kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Lənkəran rayonu Girdəni kəndində qeydiyyatda olan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 16 yanvar 2023-cü il tarixdən hesab edilməsi, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 2022-ci ilin yanvar ayının əvvəlində Lənkəran rayonu, Digah kəndində həmin kəndin sakini olan tanışı Zərərçəkmiş şəxs2 övladı Şahid2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Lənkəran rayon şöbəsində işə düzəltdirmək niyyətində olduğunu bildikdən sonra, aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə özünü guya Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəhbəri, vəzifəli şəxslərlə yaxın əlaqələri olan yüksək vəzifədə işləyən tanışının vasitəsilə sonuncunun oğlunu həmin Xidmətin Lənkəran rayon şöbəsinə işə qəbul etdirmək iqtidarında olduğunu yalandan vəd edərək Zərərçəkmiş şəxs2 özünə inandıraraq, bundan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə 2022-ci ilin yanvar ayının əvvəlində Bakı şəhəri, Qaradağ rayonunda fəaliyyət göstərən “Meyvəli bazarı”nın yaxınlığında görüşərək 700 manatı Zərərçəkmiş şəxs2 və 2022-ci ilin yanvar ayının sonunda Zərərçəkmiş şəxs2 tapşırığı ilə Lənkəran rayonu Digah kəndində yol kənarında görüşərək sonuncunun oğlu Şahid2 6000 manatı qəbul edib, Zərərçəkmiş şəxs2 xeyli miqdar təşkil edən ümumilikdə 6700 (altı min yeddi yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir Bundan başqa, o, təkrarən 2022-ci ilin mart ayının əvvəlində Lənkəran rayonu, Şürük kəndində Lənkəran şəhər sakini olan tanışı Zərərçəkmiş şəxs1 özünü guya ayrı-ayrı şəxslərin vəzifəyə təyin edilməsində vasitəçilik edən şəxs kimi tanıtdıqdan sonra, sonuncu ona əvvəllər işlədiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinə rəis müavini vəzifəsinə işə bərpa olunmaq niyyətində olduğunu bildirdikdə, guya Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin rəhbər vəzifəli şəxsləri ilə yaxın əlaqələri olan yüksək vəzifədə işləyən tanışının vasitəsilə onu hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinin rəis müavini vəzifəsinə işə qəbul etdirmək iqtidarında olduğunu yalandan vəd edərək, bu məqsədlə əvvəlcə Zərərçəkmiş şəxs1 etibarını qazanmaq üçün onun tanışı Şahid1 vasitəsi ilə 2022-ci ilin mart ayının əvvəlində Lənkəran rayonu, Şürük kəndində fəaliyyət göstərən sonuncuya məxsus mağazada 5000 manat məbləğində pulunu ələ keçirsə də, niyyəti Zərərçəkmiş şəxs1 daha böyük məbləğdə vəsait ələ keçirmək olduğuna görə guya işinin alınmadığı bəhanəsi ilə 2022-ci ilin iyun ayının əvvəlində həmin məbləğdə vəsaiti tam şəkildə Zərərçəkmiş şəxs1 qaytarıb, niyyətinə nail olmaq üçün 2022-ci ilin iyun ayının sonunda yenidən Zərərçəkmiş şəxs1la Lənkəran rayonu, Şürük kəndində görüşərək guya Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin rəhbər vəzifəli şəxsləri ilə yaxın əlaqələri olan yüksək vəzifədə işləyən tanışının vasitəsilə onu hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsinin rəis müavini vəzifəsinə işə qəbul etdirmək üçün əlverişli məqamın yarandığını və bu səbəblə səlahiyyətli vəzifəli şəxsin onu işə qəbul edilməsinə görə maddi nemət olan 15 000 (on beş min) manat məbləğində pul vəsaitinin verilməsinin zəruriliyini əminliklə bildirib, Zərərçəkmiş şəxs1 özünə inandıraraq, bundan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin iyun ayının ortalarında Zərərçəkmiş şəxs1 xeyli miqdar təşkil edən 15 000 (on beş min) manat məbləğində pul vəsaitini Lənkəran rayonu Şürük kəndi ərazisində sonuncudan qəbul edib ələ keçirərək təkrar xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən halları – himayəsində iki nəfər azyaşlı uşağının olmasını, cinayət nəticəsində Zərərçəkmiş şəxs2 dəymiş ziyanı qismən ödəməsini, əməlini etiraf etməsini və peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını kifayət qədər nəzərə almamış, ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiya hissəsində nəzərə tutulmuş yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətində göstərilənlərə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2023-cü il tarixli hökmünün dəyişdirilməsini, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində ona vurduğu 15 000 (on beş min) manat məbləğində maddi ziyandan hazırki vaxtadək heç bir məbləğdə ödəniş etməmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi ona yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etmişdir. Zərərçəkmiş şəxs1 apellyasiya şikayətində göstərilənlərə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2023-cü il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə sanksiyasında nəzərdə tutulmuş ən yuxarı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında Dövlət ittihamçısı2 təqsirləndirilən şəxsin müdafiəçisinin və zərərçəkmiş şəxsin verdiyi apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin edildiyini qeyd etməklə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 apellyasiya şikayətini müdafiə edib, təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2023-cü il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə sanksiyasında nəzərdə tutulmuş ən yuxarı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətini müdafiə edib, zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2023-cü il tarixli hökmünün dəyişdirilməsini, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq hökmün dəyişdirilməsi, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən cəzasının şərti tətbiq edilməsi haqqında, eləcə də zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin edilməsini iddia edərək, ona daha ağır cəzanın təyin edilməsi barədə apellyasiya tələblərini Cinayət- Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsində məhkəmə qərarının apellyasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişlər. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya müraciətləri ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxsin qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırkı qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), Cinayət- Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif etmişdir. Apellyasiya şikayətlərinin məzmunundan da görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər müdafiəçi və zərərçəkmiş şəxs tərəfindən mübahisələndirilməmiş və buna görə də məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə zərurət görmür. Məhkəmə kollegiyası apellyasiya müraciətləri ilə əlaqədar Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən apellyasiya şikayətlərinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, müdafiəçinin təqsirləndirilən şəxsə həddindən artıq ağır, eləcə də zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə həddindən artıq yüngül cəzanın təyin edilməsi haqqında iddialarının əsassız olduğu müəyyən edilir. Belə ki, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi məsələsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etməni təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Lakin, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Cinayət Məcəlləsinin 58.3cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların dairəsini isə Cinayət Məcəlləsinin 61.1-ci maddəsi müəyyən edir. Cinayət-Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir. Yəni, məhkəmə qərarlarında təqsirləndirilənin şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar barədə nəticələr də CPM-in 143-cü maddəsinə uyğun olaraq toplanmış, 144-cü maddəsinə müvafiq qaydada yoxlanılmış və 145, 146-cı maddələrinin tələblərinə əməl olunmaqla qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan (müvafiq sübutlardan irəli gəlməyən) mülahizə xarakteri daşımamalıdır . Cəzanın məqsədini təsbit edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda, cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən apellyasiya şikayətinin şərti məhkum etmənin tətbiqi ilə bağlı dəlilini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, əməlin ictimai təhlükəliliyi, törədilmə üsulu, hazırki vaxtadək onun zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödəməməsi təqsirləndirilən şəxsin təyin olunacaq cəzanı çəkmədən islah olunacağına dair məhkəmə kollegiyasında inam yaratmır. Buna görə də, həmin hissədə apellyasiya dəlili əsaslı sayıla bilməz. Bununla yanaşı zərərçəkmiş şəxsin apellyasiya şikayətinə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi cəzanı yüngülləşdirən halları Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin nəzərdə tutduğu cəzanın təyin edilməsində əhəmiyyətli olan digər əsaslarla (cinayətlərin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə) birlikdə götürməklə (tarazlaşdırılmış şəkildə) qiymətləndirdiyindən, kollegiya həmin halları məhkəmənin qiymətləndirməsindən fərqli şəkildə, o cümlədən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin maddələrinin sanksiyanın aşağı həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini mümkün edən xüsusatlar kimi səciyyələndirmək üçün əsas görmür və hesab edir ki, birinci instansiya məhkəməsi ona həmin cəzanı təyin etməklə cəzanın məqsədlərinə, cəzanın təyin edilməsinin ümumi əsaslarına, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara dair CM-in müvafiq olaraq 41.2, 58.3, 59, 61-ci maddələrinin müddəalarına əməl etmiş, Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit edilmiş ədalət prinsipinin tələblərini gözləmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq onları qəbuledilməz sayaraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2023-cü il tarixli hökmü təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar