Məhkəmə qərarları › İş №1(106)-719/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-719/2023

18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-719/2023 18.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər: Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X4 Üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Cinayət Məcəlləsi) 177.2.3 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Biləsuvar Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 1(022)-107/2023 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 1(022)-107/2023 nömrəli hökmü (hakim Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi) ilə xx xxxx 2001-ci ildə Biləsuvar rayonu İsmətli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, sonuncu dəfə Biləsuvar Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il, 02 ay, 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Aktının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla, üzərində qəti olaraq 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 mart 2023-cü il tarixdən 03 mart 2023-cü il tarixədək, yəni 02 (iki) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində çəkilməsi üçün qəti olaraq 03 (üç) il 5 (beş ) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin 25 iyun 2023-cü il tarixdən hesablanması, təyin edilən cəzanın çəkilməsinin ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, ona narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Biləsuvar Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 fevral 2020-ci il tarixdə saat 01 radələrində Biləsuvar rayonu “Çərçili” adlanan ərazidə yerləşən Zərərçəkmiş şəxs fermasındakı tövləyə qanunsuz daxil olub oradan sonuncuya məxsus hər birinin qiyməti 130 manat olan 5 baş 6 (altı) aylıq, birinin qiyməti 70 (altmış) manat olan 1 (bir) aylıq quzunu gizli talayaraq ümumilikdə zərərçəkmiş şəxsə 720 (yeddi yüz iyirmi) manat məbləğdə ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq -1,022 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 01 mart 2023-cü il tarixdə saat 21:50 radələrində Biləsuvar şəhəri H.Əliyev küçəsində yerləşən “İşıqfor”un yaxınlığında idarə etdiyi “VAZ-2103” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin psixotrop maddə metamfetamin bir ədəd sellofan bükülüdə olmaqla əynindəki qara rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Biləsuvar Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli hökmünün ləğv edilməsini və Cinayət Mcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona yalnız həmin maddənin sanksiyasına uyğun cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, oğurluq cinayətini törətməmişdir. Bu faktla bağlı heç bir araşdırma aparılmamışdır. Törətdilməsi istinad olunun oğurluq əməli sübuta yetirilmədən saxta, qərəzli olan istintaq materiallarına əsaslanaraq barəsində ədalətsiz hökm çıxarılmışdır. Yalnız narkotik vasitənin istifadəçisi kimi özünü təqsirli bilir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya instansiyası məhkəməsində Dövlət ittihamçısı2 məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, məhkum olunmuş şəxsin əməllərinin Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunduğunu, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınaraq ona qanuni və ədalətli cəza təyin olunduğunu bildirərək, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, birinci instansiya məhkəməsinin hökümünün ləğv edilməsini, Təqsirləndirilən şəxs yalnız Cinayət Mcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilib ona təyin olunmuş qəti cəzanı daha az cəza ilə əvəz edilməsini xahiş etdi. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edib, müdafiəçisi Müdafiəçi2 çıxışı ilə razı olduğunu bildirsə də, sonda ona bəraət verilməsini istəmədiyini, lakin təyin olunmuş cəzadan narazılığını bildirib qəti cəzanın azaldılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə məlumat verilmiş zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ədaləti cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə məhkəmə iclasının zərərçəkmiş şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və müdafiəçinin çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli hökmü isə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlara, yəni məhkum edilmiş şəxsin məhkəmə istintaqı zamanı etirafedici ifadəsi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tədqiq edilmiş ifadələri, şahidlər Şahid3, Şahid1, Şahid2 ifadələri, şəxsi axtarış və götürmə barədə 01 mart 2023-cü il tarixli protokol, ekspert rəyləri və işdə olan istintaq hərəkətlərinə dair protokollar və digər sənədlərlə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, həmin əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddələrlə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi barədə yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, kənd təsərrüfatı ilə məşğul olur, şəxsi təsərrüfatında 206 baş ana qoyun və 80 baş quzusu vardır. Həmin heyvanları Biləsuvar rayonu “Çərçili” adlanan ərazidə özlərinə məxsus torpaq sahəsində düzəltdirdikləri fermada saxlayırlar. Həmin xırda buynuzlu heyvanlara qulluq etmək üçün çoban tutmuş, oğlanları Həbib Başxıyev və Şirvan Baxşıyev də həmin fermaya nəzarət edirlər. Gündəlik fermaya gedib heyvanlara baş çəkirlər. 26 fevral 2020-ci il tarixdə axşam heyvanları sahədən qaytararkən çobanları X5 Baxşıyev ilə birlikdə heyvanları sayıb tövləyə yığmışlar, sonra oğlu Həbib Baxşıyev kəndə evlərinə qayıtmışdır. Ertəsi günü Məmməd Abbasov qoyunları quzuları ilə birlikdə örüşə aparıb otarmış, axşam sahədən qaytararkən heyvanları özü saymış, həmin heyvanları saydıqdan sonra oğlu Həbib Baxşıyevə zəng vurub 4 baş quzunun əskik olmasını demişdir. Oğlanları Həbib və Şirvan Baxşıyev dərhal fermya getmişlər, onlar gecə olduğuna görə heyvanları saya bilməmişlər, 28 fevral 2020-ci il tarixdə heyvanları sayarkən aşkar etmişlər ki, 4 deyil, 6 baş quzu oğurlanıbdır. Oğurlanmış quzulardan 5 baş quzunun hər birinin qiyməti 200 manat, digərinin qiyməti isə 60 manatdır. 2023-cü ilin mart ayında bilmişdir ki, həmin oğurluq Biləsuvar rayon sakini Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, evlidir, qəssablıqla məşğul olur, Biləsuvar şəhəri H.Əliyev küçəsində qəssab dükanı vardır. 27 fevral 2020-ci il tarixdə saat 08 radələrində Təqsirləndirilən şəxs adlı şəxs idarə etdiyi “VAZ-2101” markalı avtomobillə onun qəssab dükanına gəlmiş, ona bildirmişdir ki, 6 baş quzusu vardır və həmin quzuları satmaq istəyir. O, Təqsirləndirilən şəxs quzuların oğurluq olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs həmin quzuların ona məsus olmasını və oğurluq yolu ilə əldə edilmədiyini bildirmişdir. O, 5 baş quzunu hər biri 130 manat olmaqla 650 manat pul, bir quzunu 70 manat pul verib almışdır. Sonra həmin quzuları kəsib satmışdır. O, həmin quzuların oğurluq olmasını bilməmiş və quzuları da bazar qiyməti ilə almışdır. İş materiallarında olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 07 may 2023-cü il tarixli protokol və ona əlavə edilmiş foroşəkillərdən görünür ki, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs 27 fevral 2020-ci il tarixdə saat 01 radələrində Biləsuvar rayonu “Çərçili” adlanan ərazidə yerləşən Zərərçəkmiş şəxs fermasından sonuncuya məxsus hər birinin qiyməti 130 manat olan 5 baş quzunu gizli talayaraq oğurlamasını etiraf etmiş, fotoşəkillərdə həmin qozuları oğurladığı və satmaq istədiyi yerləri göstərmişdir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxsin apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının Təqsirləndirilən şəxs istinad edilmiş Cinayət Məcəlləsinin 177.2.3 maddəsində nəzərdə tutulmuş əməllərə görə onun təqsirli olmaması, həmin əməllərin sübuta yetirilməməməsi, saxta, qərəzli olan istintaq materiallarına əsaslanaraq barəsində ədalətsiz hökm çıxarılması barədə dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər yuxarıda qeyd olunan sübutlarla təkzib olunan dəlillər olmaqla apellyasiya şikayətinin təmin olunraq məhkum olunmuş şəxsə bəraət verilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlləri birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddələrlə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, istər ibtidai araşdırma zamanı və istərsədə məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsini də müzakirə edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş tələbnamədən və hökmün surətindən görünür ki, Məmmədov X3 rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə cəzasına, həmin Məhkəməsinin 13 iyun 2019-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 06 ay müddətə azadlığın məhdudulaşdırlması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qəti olaraq 06 ay müddətə azadlığın məhdudulaşdırlması və 400 (dörd yüz) manat cərimə cəzasına məhkum edilmiş, sonuncu dəfə Biləsuvar Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il, 02 ay, 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Aktının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, 28 yanvar 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs hazırki iş üzrə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihamdan görünür ki, o, Biləsuvar rayonu “Çərçili” adlanan ərazidə yerləşən Zərərçəkmiş şəxs fermasındakı tövləyə qanunsuz daxil olub oradan sonuncuya məxsus 720 manat məbləğdə 6 baş quzunu gizli talayaraq törədiyi cinayət əməlini 27 fevral 2020-ci il tarixdə, yəni Biləsuvar Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli hökmündən əvvəl törətmişdir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmçinin, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 17-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Axırda isə CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə qəti cəza müəyyən edilir. Hazırki cinayət işinə birinci instansiya məhkəməsində baxılıb yekun qərar qəbul edilən zaman qanunvericiliyin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarındakı tövsiyyələr nəzərdən yayınmış, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilib məhkum edilərkən onun həmin cinayət əməlini Biləsuvar Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli hökmündən əvvəl, yəni təqsirli bilindiyi talama cinayəti birinci hökm çıxarılanadək, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq-1,022 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, özündə saxlayaraq daşımaqla törətdiyi cinayət əməlini isə həmin hökm çıxarıldıqdan sonra törətməsi nəzərə alınmamış, başqa sözlə ona əvvəl cinayətlərin məcmusu, daha sonra isə hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməsinə dair qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Biləsuvar Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 1(022)-107/2023 nömrəli hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib şikayətində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə əsassız olaraq məhkum edilməsi və zərəçəkmiş Zərərçəkmiş şəxs fermasından 720 manat məbləğdə 6 baş quzunu oğurlamadığını qeyd etsə də, məhkəmə kollegiyasının iclasında ona bəraət verilməsini istəmədəyini, yalnız təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında verilmiş rəsmi təfsirə əsasən apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya müraciətinin hüquqi məzmununu həmin müraciətdə əks olunmuş xahiş təşkil etdiyi üçün apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətində göstərilən xahişdən daha ağır nəticələrə gəlib çıxmamalıdır. Bunun üçün də məhkum edilmiş şəxsin müdafiəçisi həmin şəxsin xeyrinə apellyasiya müraciəti vermişdirsə və ya ittihamçının apellyasiya müraciətində müvafiq xahiş olmamışdırsa, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsin hüquqi vəziyyəti ağırlaşdırıla (pisləşdirilə) bilməz. Apellyasiya müraciətini həmin şəxs özü vermişdirsə, apellyasiya icraatının nəticəsində bu şəxsin hüquqi vəziyyətinin pisləşdirilməsi mövcud qanunvericilik normalarına əsasən ümumiyyətlə yol verilməzdir. Belə ki, CPM-in 91.7-ci maddəsi birmənalı müəyyənləşdirir ki, təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Bununla əlaqədar isə nəzərə alınmalıdır ki: təqsirləndirilən şəxsin hüquqları arasında hökmdən apellyasiya şikayətinin verilməsi hüququ vardır (CPM-in 91.5.31-ci maddəsi); birinci instansiya məhkəməsinin hökmü ilə məhkum edilmiş şəxsin isə həmin hökm qanuni qüvvəyə minənə qədər məhkumluğundan söhbət gedə bilməz (CM-in 83.1-ci maddəsi) və o, buna qədər təqsirləndirilən şəxsin hüquqi vəziyyətində qalır. Qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin yekun qərarından (hökmdən) apellyasiya qaydasında şikayət vermək hüququ və pisləşməyə doğru çevrilmənin yolverilməzliyi prinsipi şəxsiyyətin və ədalət mühakiməsinin maraqlarının qarşılıqlı münasibətlərinin problemini uğurlu şəkildə həll edir. Cinayət prosesində bu prinsipin üstünlüyü təqsirləndirilən şəxsin ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasının real təminatı kimi çıxış edir. Pisləşməyə doğru çevrilmənin yolverilməzliyi prinsipinin mahiyyəti ondan ibarətdir ki, məhkum edilmiş şəxsin birinci instansiya məhkəməsinin hökmündən yuxarı məhkəməyə verdiyi şikayət onun üçün arzuolunmaz nəticələr doğura bilməz. İşə apellyasiya qaydasında baxılması zamanı hökmün ləğvindən sonra da belə apellyasiya instansiyası məhkəməsi cəzanı artırmaq və ya ittihamı daha ağır və yaxud faktiki hallar üzrə əhəmiyyətli dərəcədə fərqlənən ittihamla əvəz etmək, habelə digər cinayət-hüquqi məsələləri həll edərkən məhkum edilmiş şəxsin vəziyyətini ağırlaşdırmaqda haqlı deyil. Əks təqdirdə məhkum edilmiş şəxsin öz vəziyyətini ağırlaşdırmaq təhlükəsi bu şəxsi hətta hökmün mübahisələndirilməsinə əsaslar olduğu halda da öz hüququndan istifadə etməkdən imtinaya məcbur edəcəkdir. Biləsuvar Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə həmin hökmün dəyişdirilərək təqsirləndirilən şəxsə həm cinayətlərin məcmusu, həm də hökmlərin məcmusu üzrə cəza təyin edilməsi nəticə etibarı ilə onun vəziyyətinin ağırlaşdırmasına gətirib çıxaracaqdır. Odur ki, apellyasiya instansiya məhkəməsi Biləsuvar Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli hökmünün dəyişdirilərək təqsirləndirilən şəxsə həm cinayətlərin məcmusu, həm də hökmlərin məcmusu üzrə cəza təyin edilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarından irəli gələn tələblər baxımından qanunamüvafiq hesab etmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə münasibətdə də təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması barədə nəticəyə gələrkən yanlışlığa yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli qərarında verilmiş rəsmi təfsirə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Bununla yanaşı, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 7-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə müvafiq olaraq əvvəlki hökmün çıxarılmasına qədər, habelə həmin hökmün qüvvəyə minməsinədək törədilmiş cinayətlə əlaqədar cinayətlərin məcmusu qaydasında cəza təyin edilərkən əvvəlki hökm təqsirləndirilən şəxsin əvvəl məhkum olunmuş şəxs kimi qəbul edilməsinə, nəticə etibarı ilə cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına əsas yaradan akt kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə münasibətdə əməlində cinayətlərin residivinin mövcud olması və ona cinayətlərin residivinə uyğun cəza təyin edilməsinə dair müddəalar Biləsuvar Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 1(022)- 107/2023 nömrəli hökmünün təsviri əsaslandırıcı hissəsindən xaric edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunması nəzərə alındıqda birinci instansiya məhkəməsi tərəfindən ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası ədalətli olmuşdur. Cinayət Məcəllənin 234.1-ci maddəsinə münasibətdə isə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcud olmuş və birinci instansiya məhkəməsi haqlı olaraq ona Cinayət Məcəllənin 234.1-ci maddəsi ilə cəza təyin edərkən cinayətlərin residivini nəzərə almışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Biləsuvar Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il, 02 ay, 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 28 yanvar 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur və həmin cinayət əməli Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aid edilmişdir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi təqsirləndirilən Məmmədov X3 Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli hökmünə əsasən müəyyən müddətə azdlıqdan məhrumetmə cəzasına məhkum edilməklə 28 yanvar 2022-ci il tarixdə cəzasının sonu ilə həbsdən azad edilmiş, hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini isə 01 mart 2023-cü il tarixdə törətmiş, bununla da Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində məhkumluğun ödənilməsi üçün müəyyən edilmiş müddət keçməmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətlər yaradır və buna görə onun barəsində daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin şərh olunmasına dair” 25 may 2009-cu il tarixli qərarı)”. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki cinayət əməlinə görə məhkumluğu ödənilmədən və yaxud götürülmədən yenidən qəsdən cinayət törətməsi onu göstərir ki, onun barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, o, cinayət qanunvericiliyi ilə qadağan olunmuş ictimai təhlükəli əməli yenidən törətməklə islah olunmadığını nümayiş etdirmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş qəti cəza Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrinin tələblərinə cavab verməklə ədalətli cəza olmuşdur, hal-hazırda məhkum olunmuş şəxsin barəsində bəraət hökmünün çıxarılması, ona təyin olunmuş cəzanın azaldılması və yaxud barəsində Cinayət Məcəlləsinin 62 və yaxud 70-ci maddələrinin tətbiq olunması üçün əsaslar mövcud deyil. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 1(022)-107/2023 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Biləsuvar Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 1(022)-107/2023 nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən hakim: Məhəmməd Bağırov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar