Məhkəmə qərarları › İş №1(106)-72/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-72/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-72/2025 26.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Elşad İbiş oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8 katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 1(099)-442/2024 saylı hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti və məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 1(099)- 442/2024 nömrəli hökmü (hakimlər: X9 (sədrlik edən), X10 və X5 ibarət tərkibdə) ilə xx xxxxxx 1990-cı il tarixdə Sabirabad şəhərində olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad şəhəri, Q.Namazəliyev küçəsi ev 60-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 15 sentyabr 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi, ərazi narkoloji kabinetində qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə təqisrli bilinib məhkum edilmişdir ona görə ki o, satış məqsədi olmadan külli miqdarda 110,261 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində 01 (bir) ədəd bükümdə saxlamış, 15 sentyabr 2023-cü il tarixdə saat 18:00 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən “Emin” YDM-nın yaxınlığında saxlanılaraq Sabirabad şəhəri H.Əliyev prospekti 92 ünvanında yerləşən Sabirabad Rayon Polis Şöbəsinə gətirilmiş, şöbənin inzibati binasında həmin tarixdə saat 19:30-da üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 110,261 qram olan həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. APELLYASİYA PROTESTİ və APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı1 apellyasiya protesti verərək, X1 CM-nin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli hökmü F.İbrahimovun təqsirli bilindiyi həmin maddənin sanksiyasında nəzərdə tutulan daha ağır həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, CM-in 234.1-1-ci maddəsi təsnifatına görə ağır cinayətlər kateqoriyasına aid olmaqla həmin maddədə nəzərdə tutulan cinayət əməli formal tərkibli olmaqla obyektiv cəhətdən fəal hərəkətlərlə, subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Həmin Məcəllənin 234-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Əlavə obyekti isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret müəyyən insan, fərdin sağlamlığıdır. CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin obyektiv cəhəti satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımada ifadə olunur. Həmin hərəkətlər törədildiyi andan cinayət başa çatmış sayılır. Məhkəmə Təqsirləndirilən şəxs aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edərkən onun tərəfindən törədilən CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin bilavasitə obyektinin əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektinin isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret müəyyən insan, fərdin sağlamlığı olmasını, CM-in 234.1-1 -ci maddəsində nəzərdə tutulan cinayətin ağır cinayətlər kateqoriyasına aid olmaqla birbaşa qəsdlə törədilərək bitmiş cinayətlər olmasını, Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edilən psixotrop maddə metamfetaminin çəkisinin 110,261 qram olmaqla 1 bükümdən ibarət olmasını, bu halın öz-özlüyündə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin ictimai təhlükəlilik dərəcəsini artırmaqla onun şəxsiyyətini xarakterizə etməsini, metamfetaminin həmin psixotrop maddə üçün müəyyən edilmiş külli miqdardan 55 dəfədən, xeyli miqdarından isə 735 dəfədən çox olmasını, bununla əlaqədar baş verəcək nəticələrin ağırlığını, satış məqsədi olmadan əldə edilmiş psixotrop maddənin məhz çəkisinin çoxluğu etibarilə daha ciddi cəzaya səbəb olmasını, bir sözlə cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə almamış, sadalanan bütün bu halların məcmusunun Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə ilə məhz yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini şərtləndirməsinə baxmayaraq məhkəmə əsassız və cinayət qanunvericiliyinin tələbinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyyələrinə zidd olaraq ona 5 il müddətə azadlıqdan məhrum etmədən ibarət aşağı həddə cəza təyin etmişdir. Halbuki, Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa qeyd olunmalıdır ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində Azərbaycanın müstəqillik tarixində 40-a yaxın sənəd imzalanmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2007-ci il tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007-2012-ci illər üçün)” təsdiq edilmiş və həmin proqramda irəli sürülən tələblər dövlət təşkilatları tərəfindən uğurla həyata keçirilmişdir. Məhz “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında da Azərbaycan Respublikasının narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961 -ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşularaq bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürməsi qeyd olunmaqla “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 2007-2012-ci illər üçün Proqramda” tövsiyə olunan tədbirlərin icrası ilə əlaqədar bu kateqoriyadan olan cinayətlərin törədilməsini doğuran səbəb və şəraitin müəyyən edilməsi üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar respublikanın məhkəmələri tərəfindən 2009-cu ildə baxılmış cinayət işləri üzrə məhkəmə təcrübəsinin öyrənilərək ümumiləşdirilməsi nəticəsində digər məsələlərlə yanaşı cəza təyini məsələlərində də səhvlərə yol verildiyi göstərilmiş, cinayət işləri üzrə qanunvericiliyin məhkəmələr tərəfindən düzgün və eyni cür tətbiq olunması, vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə həmin Plenum qərarının qəbul edilməsinin qərara alınması göstərilmişdir. Bundan başqa, haqqında bəhs olunan proqramın davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir ki, həmin sənəddə də proqramın məqsədinin digər məsələlərlə yanaşı ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, cəza tədbirlərinin səmərəliliyinin öyrənilməsi üçün elmi və praktik araşdırmaların aparılmasından ibarət olması göstərilmişdir. Yuxarıda sadalananlardan görünür ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq üçün dövlət və beynəlxalq səviyyədə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi, dövlət proqramlarının qəbul edilməsi, ümumilikdə narkomaniyanın geniş yayılmasının aktual problem olması vəziyyətində cəzanın ümumi və xüsusi xəbərdaredici məqsədinə nail olmaq, həm Təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən həmin növdən olan cinayətlərin törədilməsinin qarşısını almaq baxımından Təqsirləndirilən şəxs yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin zəruri olmasına baxmayaraq əksinə Təqsirləndirilən şəxs aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Göründüyü kimi, məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, Təqsirləndirilən şəxs əsassız olaraq törədilmiş cinayətin xarakterinə və ictimai təhİükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmayan, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin etmişdir. Məlikəmə təqsirləndirilən şəxsə yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını nəzərə almamış, faktiki olaraq öz hökmü ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növü zəmin yaratmış olmuşdur. Məhkəmə bütün bunları nəzərə almayaraq Təqsirləndirilən şəxs yüngüllüyünə görə açıq aydın ədalətsiz cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur. Bununla yanaşı, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli 8 №-li qərarında göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub- olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub- olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb- formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı işlər üzrə cinayətlərdə təqsirləndirilən şəxslərə məhkəmələr tərəfindən cəzanın növü və həddinin müəyyən edilməsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə bu qəbildən olan işlər üzrə təqsirləndirilən şəxslərlə cəza təyini zamanı digər hallarla yanaşı narkotik vasitənin (psixotrop maddənin) növü və miqdarının nəzərə alınması xüsusi qeyd olunmuş, cinayətin törədilməsindən sonrakı dövrdə təqsirləndirilən şəxslərin əməlinə tənqidi münasibətin formalaşıbformalaşmamasının müəyyənləşdirilməsinin vacibliyi vurğulanmışdır. İşdə olan materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2- 6/4897 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Şübhəli şəxs Təvəkgül İbrahimovun üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 110, 261 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Yuxarıda da qeyd olunduğu kimi F.İbrahimovun satış məqsədi olmadan əldə etdiyi psixotrop maddə metamfetaminin miqdarı (çəkisi) həmin psixotrop maddə üçün müəyyən edilmiş külli miqdardan 55 dəfədən, xeyli miqdarından isə 735 dəfədən çox olmuş, məhz Plenum Qərarında göstərilmiş mövqe baxımından məhkəmə cəza təyini zamanı psixotrop maddənin miqdarının çoxluğunu nəzərə almamışdır. Məhkəmə hökmdə göstərmişdir ki, cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətim nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 234.1-1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Lakin məhkəmə hökmdə cəzanın növünü müəyyən etsə də, həddi məsəsləsi ilə bağlı heç bir dəqiqləşdirmə aparmamış, qeyd olunan halları nəzərə almasını isə formal cəhətdən sadalamış, yuxarıda göstərilən Plenum Qərarında göstərilənlər baxımından təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması kimi hallara diqqət ayırmamış, bu məsələləri hökmdə cəzanın həddini müəyyən etməklə bağlı ümumumiyyətlə müzakirə etməmişdir. Bütün yuxarıda sadalananlara əsasən, məhkəmənin hökmü ilə F.İbrahimova təyin edilmiş 5 il müddətə azadlıqdan məhrum etmədən ibarət cəza onun tərəfindən törədilən cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmadığından açıq aydın ədalətsiz olmuşdur. Məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan 12 sentyabr 2024-cü il tarixli, 1 (099)-442/2024 saylı ittiham hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs özünü ittiham olduğunu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilmir və qeyd etdikləri məhkəmə iclasında tədqiq olunmuş hər hansı sübutla təkzib edilməmiş, əksinə ona qarşı verilmiş ittihamın əsassızlığı, eləcə də şübhəli olması məhkəmə iclasında dindirilmiş şəxslərin ifadələri ilə təsdiq olunmuşdur. Məhkəmə iclasında iş üzrə dindirilmiş şahidlər-polis əməkdaşları F.İbrahimovun barəsində məlumatın onlara məhz həmin gün daxil olduğunu, digər polis əməkdaşının isə sahə müvəkkili olsa da, lakin təqsirləndirilən şəxsin yaşayış yeri üzrə deyil, başqa ərazidə xidmət apardığını, bu səbəbdən də onun barəsində hər hansı bir məlumata malik olmadığını qeyd etdilər. İşə baxan məhkəmə əsassız olaraq F.İbrahimovun şəxsi işin hallarını hərtərəfli və obyektiv araşdırmadan əsassız olaraq CM-nin 234.1-1-ci maddəsi ilə məhkum etmiş, ona qarşı irəli sürülmüş ittihamda göstərilən psixotrop maddə ilə heç bir əlaqəsi yoxdur.Ona qarşı irəli sürülmüş ittiham İ instansiya məhkəməsi tərəfindən ədalətli araşdırılmamışdır. O, tamamilə təqsirsizdir və hətta o, öz təqsirsizliyini sübut etməyə borclu da deyildir. Məhkəmə iş materiallarını hərtərəfli tədqiq etməklə qeyd edilən halları ədalətli şəkildə araşdırıb qiymətləndirəcəkdir. X1 qeyd olunan cinayət əməlini törətməsinə aidiyyətinin olmaması təsdiq olunur. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya instansiyası məhkəməsində: Dövlət ittihamçısı2 apellyasiya protestinin dəlillərini müdafiə edərək onun təmin olunmasını, apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş etdi. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını, apellyasiya protestinin isə təmin edilməməsini xahiş etdi. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin çıxışı ilə razı olduğunu bildirib, apellyasiya şikayətinin təmin olunmasını, apellyasiya protestinin isə təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Dövlət ittihamçısının apellyasiya protestinin dəlillərində məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın ədalətsiz olmasına, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin apellyasiya şikayətinin dəlillərində isə onun ittiham olunduğu maddə ilə təqsirsiz olmasına dair məsələləri mübahisələndirdiyindən, ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs bəraət verilməsi üçün əsasların olub-olmamasına, onun törətmiş olduğu əməlin hüquqi tövsivinə və daha sonra isə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyib hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıхararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında tədqiq оlunmuş sübutlаrlа, yəni təqsirləndirilən şəхsi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı qismən etirafedici ifadəsi ilə yanaşı, şаhidlər X3 və Şahid2 ifаdələri, BNMİ-nin şöbə rəisinin müavini Şahid1 xx.xx.2023-cü il tarixli “Raport”u, «əməliyyataxtarış tədbirinin keçirilməsi barədə» 15 sentyabr 2023-cü il tarixli qərarı, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokolu, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolu və video-çəkiliş, materialların məhkəmə ekspertizasının xx.xx.2023cü il tarixli 3-16-16/2- 6/4897 №-li rəy, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(056)-131/2023 nömrəli qərarı, ambulator məcburi-narkoloji ekspertiza” üzrə verilmiş xx.xx.2023-cü il tarixli, 7073 saylı rəyi, Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubu və tibbi kitabçanın surəti, maddi sübutlar və işdə оlаn istintаq hərəkətlərinə dаir digər sənədlərlə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırlmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək Təqsirləndirilən şəxs təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda göstərilən psixotrop maddə ilə heç bir əlaqəsinin olmaması, ona qarşı irəli sürülmüş ittiham İ instansiya məhkəməsi tərəfindən ədalətli araşdırılmaması, onun tamamilə təqsirsiz olması ilə bağlı dəlillərinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, şübhəli və təqsirləndirilən şəxs qisimdinə dindirilən zaman, hətta barəsində həbs qətimkan tədbiri seçilərkən törətdiyi cinayət əməlini etradən səmimi peşman olduğunu bildirmiş, sözgedən narkotik vasitəni sosial şəbəkə vasitəsi ilə tanımadığı İİR vətəndaşından aldığını qeyd etmişdir. Həmçinin iş materiallarında olan: DİN BNMİ-nin şöbə rəisinin müavini Şahid1 xx.xx.2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Sabirabad rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 15 sentyabr 2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair BNMİ-nin şöbə rəisinin müavini Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan və video- çəkilişdən görünür ki, İbrəhimov X2 Rayon Polis Şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılarkən əynində olan cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, həmçinin şalvarın cibindən 01 ədəd Samsung markalı mobil telefon, 20 AZN pul, 01 ədəd bank kartı, içərisinə siqaret dənələri olan 01 ədəd siqaret qutusu və 01 ədəd alışqan aşkar olunmuş, 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, 01 ədəd Samsung markalı mobil telefon, 01 ədəd bank kartı əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, digər 20 AZN pul, içərisində siqaret dənələri olan 01 ədəd siqaret qutusu və 01 ədəd alışqan Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2- 6/4897 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Şübhəli şəxs Şahid4 üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 110, 261 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Həmin psixotrop maddə metamfetamindən 0,050 qram tədqiqata sərf olunmuş, 110,211 qram qalıq qalmışdır. Bundan əlavə, ambulator məcburi-narkoloji ekspertiza” üzrə verilmiş xx.xx.2023-cü il tarixli, 7073 saylı rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubu və tibbi kitabçanın surətindən görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs Təvəkkül oğlu xx.xx.2023-cü il tarixdə Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasına daxil olmuş, ilkin tibbi müayinələrdən keçirilərək adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədənində xəsarət aşkar olunmamışdır xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin polis əməkdaşları tərəfindən cibinə qoyulması və ona qarşı zorakılıq göstərildiyi üçün həmin psixotrop maddənin ona məxsus olması barədə etirafedici ifadə verməsi xüsusatları üzrə araşdırılma aparılmış və Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən, toplanmış 345C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə kollegiyası məhkum olunmuş şəxsin müdafiəçinin apellyasiya məhkəmə baxışında çıxışlarının ibtidia istintaq zamanı düzgün və pozuntularla aparılması və həmin əsaslarla da Təqsirləndirilən şəxs barəsində qanunsuz ittiham hökmü çıxarılması barədə dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər məhkum olunmuş şəxsin ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə aprılmış şəxsi axtarış və götürmə protokolu, şəxsi axtarış və götürmənin əks olunduğu və iş materialalrına əlavə edilmiş video çəkiliş, habelə qeyd olunan tarixdə müdafiəçinin iştirakı ilə verdiyi izahat, şübhəli və təqsirləndiirlən şəxs qismində verdiyi ifadələrlə təkzib olunan dəlillər olmaqla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hеsаb еdir ki, istər ibtidai araşdırma zamanı, istərsə də açıq, qərəzsiz, оbyеktiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl еdilməklə kеçirilmiş məhkəmə istintaqında təqsirləndirilən şəхsin müdadfiə hüquqları tam həcmdə təmin еdilmiş və məhkəmə baхışı zamanı hər hansı kоbud prоsеssual qanun pоzuntusuna yоl vеrilməmişdir. Apellyasiya protestinin dəlillərindən görünür ki, apellyasiya protestində məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı faktlar, həmin faktları təsdiq edən dəlillər və həmin dəlillərin birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymətləndirilməsi və əməlin hüquqi tövsifi mübahisələndirilməmiş, apellyasiya protestinin dəlillərində yalnız məhkəmə tərəfindən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilərkən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, CM-in 8.1 və 41.2-ci maddələrinin tələblərinin nəzərə alınmadığı, həmçinin birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsə münasibətdə cəzanı yünügülləşdirən halların düzgün qiymətləndirilməməsi məsələsi mübahisələndirilmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının apellyasiya protestinin dəlillərini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının nisbətən aşağı həddində, yəni 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasına dair nəticəyə gələrkən hər hansı qanun pozuntusuna yol verməmiş, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla, təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun cəza təyin etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hal kimi, CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının apellyasiya protestinin “birinci instansiya məhkəməsi tərəfindən azadlıqdan məhrum etmə cəzasının həddi məsəsləsi ilə bağlı heç bir dəqiqləşdirmə aparılmamasını, qeyd olunan halları nəzərə almasını isə formal cəhətdən sadalamasını, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması kimi hallara diqqət ayırmamasını, bu məsələləri hökmdə cəzanın həddini müəyyən etməklə bağlı ümumumiyyətlə müzakirə edilməməsinə” dair dəlilləri ilə razılaşmır. Belə ki, iş materiallarında olan, xx.xx.2023-cü il tarixli Sabirabad RİHB-nın Sabirabad Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış, xasiyyətnamədən və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı və xx.xx.2015-ci il təvəllüdlü qızından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən düzgün olaraq Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü madəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır və bu zaman hər hansı bir maddi və prosessual hüquq normasının tələblərini pozmamışdır. Belə ki, cinayət hüquq nəzəriyyəsinə görə cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. CM-in 59.2-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngüləşdirən hallar qismində nəzərə alına bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları və CM-in 61-ci maddəsi ilə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini Təqsirləndirilən şəxs şəxsiyyətini səciyələndiriən hallar kimi qəbul edərək, bu halları onun təqsirli bilndiyi maddənin sanksiyasının orta həddində azadlıqdan məhrum etmə cəzası ilə onun islah olunmasının mümkünluyünü təsdiq edən hallar kimi qiymətləndirmiş və Təqsirləndirilən şəxs 5 il müddəti həddə cəzasının təyin olunması barədə maddi hüquq normalarına riayət edilməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Ona görə də apellyasiya protestinin “birinci instansiya məhkəməsinin törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun olmayan cəza təyin etməsi” barədə dəlilləri əsassızdır. Apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 8.1, 41.2, 58, 59 və 61-ci maddələrini rəhbər tutaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkün saymış və bununla da məhkəmə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən qanunun tələbinə uyğun olaraq işin hallarını düzgün qiymətləndirmiş, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir və hazırkı halda məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin aşağı endirilməsi və ya maddənin sanksiyasında nəzərədə tutulan digər yüngül cəza ilə əvəz edilməsi, məhkum olunduğu maddəyə Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsi və ya onun şərti məhkum edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə Azərbaycan Respublikası CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 1(099)-442/2024 saylı hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti və məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti və məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 1(099)- 442/2024 saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar ona verildiyi) gündən Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Hakimlər: Habil Bəhmənov Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar