Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-725/2022 20.09.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi Üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsi barədə Sabirabad Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 1(056)-76/2022 saylı hökmündən dövlət ittihamçısı Zamil Mehralıyev tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 1(056)-76/2022 saylı hökmü ilə (sədrlik edən hakim Füzuli Pənahov) xx xxxxxxx 1977-ci ildə Sabirabad rayonunda anadan olmuş, evli, orta təhsili, məhkumluğu olmayan, Sabirabad rayonu Şıxlar kəndində qeydiyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə istinad olunan cinayət əməlinin tövsifi həmin maddədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham verilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədilə ümumi təmiz çəkisi 7,92 qram qurudulmuş marixuananı, ümumi təmiz çəkisi 0,033 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşımaqla yaşadığı Sabirabad rayonu Şıxlar kəndində yerləşən evinə gətirərək yataq otağında olan masanın üzərində polietilen torbada içərisində 03 ədəd şəffaf polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi- 6,69 qram, 1,10 qram, 0,13 qram və göy rəngli kağız bükümdə təmiz çəkisi 0,033 qram olmaqla saxlamış, 15 yanvar 2022-ci il tarixdə saat 11 radələrində Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evə baxış keçirilən zaman, evin yataq otağında olan masanın üzərində 01 ədəd polietilen torbanın içərisində 03 ədəd şəffaf polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi-6,69 qram, 1,10 qram, 0,13 qram olan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd kağız bükümdə təmiz çəkisi-0,033 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmişdir. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı apellyasiya protestində göstərmişdir ki, Təqsirləndirilən şəxs əməlinin tövsifinin birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə dəyişdirilməsi ilə razılaşmır. Belə ki, Təqsirləndirilən şəxs üzərində saxladığı narkotik vasitə olan marixuana çəkisi 7,72 qram olmaqla 3 ədəd bükümlərə bükülməklə və təmiz ümumi çəkisi 0,033 qram olan psixotrop maddə metanfetamini qanunsuz olaraq əldə edib üzərində daşımaqla yaşadığı Sabirabad rayonu Şıxlar kəndində yerləşən evinə gətirərək yataq otağında olan masanın üzərində polietilen torbada saxlaması onun narkotik vasitə və psixotrop vasitəni məhz satış məqsədi lə əldə etməsini bir daha təstiq edir. Təqsirləndirilən şəxs onun istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edərək 6,69 qram, 1,10 qramvə 0,13 qram olmaqla 3 ədəd polietilen kəsiyi bükümlərində, 0,033 qram olmaqla 01 ədəd bükümdə olan psixotrop vasitə metanfetamin saxlanması, eləcə də qeyd edilən maddələrlə yanaşı tərəzinin aşkar edilməsi onun guya narkotik vasitələri öz istifadəsi üçün ədə etməsi barədə ifadəsini təkzib etməklə yanaşı , həmçinin həmin narkotik vasitə və psixotrop maddənin məhz satış məqsədi ilə əldə edib saxladığını göstərir. Məhkəmə qərarını həmçinin onun narkotik maddə satmaq niyyətinin olması barədə işdə hər hansı sübutun olmamasına, özünün narkotik vasitə istifadəçisi olmasına istinad etmişdir. Lakin Təqsirləndirilən şəxs belə bir niyyəti sonradan da yarana bilərdi. Onun narkotik vasitənin satışı ilə məşğul olması barədə polis orqanlarında əməliyyat məlumatı olmuşdur. Ona görə məhkəmənin onun narkotik vasitənin satışı ilə bağlı hər hansı razılaşma olmasına dair işdə hər hansı sübutun olmamasına istinad etməsi də düzgün olmamışdır. Ona görə də Sabirabad Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 1(056)- 76/2022 saylı hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs barəsində onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılması barədə hökm çıxarılmalıdır. Dövlət ittihamçısı apellyasiya baxışı zamanı çıxışında protesti müdafiə etmiş, təmin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi çıxışında protestin təmin edilməməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs əməlinin tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə dəyişməsi düzgün olmuşdur. Onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi birinci instansiya məhkəməsində özünün ifadəsi və aşağıda sadalanan digər sübutlar əsasında sübuta yetirilmişdir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilmiş və göstərmişdir ki, Sabirabad rayonu Şıxlar kəndində yaşayır. İş olduğu zamanlarda kənd ərazisində əkin sahələrində fəhlə kimi işləyir. Bir müddət əvvəl əkin sahəsində işlədiyi zaman evə qayıdanda yol kənarında içərisi dolu olan sellafon görmüş, həmin sellafona yaxınlaşıb yerdən götürmüş və onuin içərisinə baxmışdır. Sellafonun içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr, həm də orada el arasında “patı” kimi və “kakos” kimi tanınan narkotik vasitələr də olmuşdur. O, həmin sellafonu götürüb evə gətirmiş və onları evdə gizlətmişdir. Özü ara-sıra narkotik vasitələrdən istifadə etdiyi üçün onları evdə saxlamağa davam etmişdir. Təxminən yanvar ayının əvvəllərində evdə olan zaman “kakos” kimi tanınan narkotik vasitədən bir qədərini götürüb evdə şüşə qabda hazırlamış və istifadə etmişdir. Bundan sonra isə onu hazırladığı qabı da digər narkotik vasitələrin yanına qoymuşdur. 15 yanvar 2022-ci il tarixdə saat təxminən 11 radələrində evdə olan zaman küçədən kiminsə onu çağırdığını eşidib çölə çıxmış və onu çağıranların polis əməkdaşları olmasını görmüşdür. Bundan sonra o, qapını açmışdır. Bir neçə polis əməkdaşı onun yaşadığı evə baxış keçirməli olduqlarını bildirmişlər. O da yaşadığı evə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazıb polis əməkdaşlarına təqdim etmişdir. Baxışda iki nəfər hal şahidi və polis əməkdaşları iştirak edirmişlər. Baxış zamanı yaşadığı evin yataq otağında olan masanın üzərində 01 ədəd sellafon paketdə 04 ədəd poletilen bükülüdə qrudulmuş marixuana, 01 ədəd göy rəngli kağız bükümdə el arasında “patı” kimi tanınan metamfetamin, bir neçə gün əvvəl hazırlayaraq istifadə etdiyi 01 ədəd şüşə dərman qabı və 01 ədəd polietilen torbada limon duzu, 01 ədəd narkotik vasitəni istifadə etdiyi boru və alışqan aşkarlanmış, qablaşdırılmış və götürülmüşdür. Daha sonra polis əməkdaşları yaşadığı evin digər otaqlarına baxış keçirmiş, evdə başqa narkotik vasitə aşkar olunmamışdır. Daha sonra yaşadığı evə baxış keçirilməsi barədə protokol tərtib edilmişdir. O da baxış iştirakçıları kimi həmin protokola imza etmişdir. Limon duzunu evdə yemək bişirən zaman istifadə üçün almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Sabirabad rayonu Ulacalı kəndində yaşayır, həmin kəndin İcra nümayəndəsi vəzifəsində çalışır. 15 yanvar 2022-ci il tarixdə saat təxminən 15 radələrində tanışı, kənd bələdiyyəsində mühasib işləyən Əfraz Zeynalov ilə birlikdə kənd ərazisində olan zaman polis əməkdaşları onlara yaxınlaşaraq Şıxlar kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə məlumat aldıqlarını və onun yaşadığı evə, həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. Polis əməkdaşları baxış keçirdikləri zaman onun da hal şahidi qismində iştirak etməyini təklif etmişlər. O da baxış keçirilən zaman hal şahidi qismində iştirak etməyə etiraz etmədiyini bildirmişdir. Ondan başqa polis əməkdaşları X7 da hal şahidi qismində dəvət etmişlər. Bundan sonra, polis əməkdaşları ilə birlikdə Sabirabad rayon Şıxlar kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs evinin qapısını döymüşlər və qapını Raqif açmışdır. Polis əməkdaşları Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması, satması və saxlaması barədə məlumat aldıqlarını, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla həyətinə, həyətyanı sahəsinə və yaşadığı evə baxış keçirəcəklərini bildirmiş və onların da hal şahidi qismində iştirak edəcəklərini izah etmişlər. Təqsirləndirilən şəxs evinə və həyətyanı sahəsinə baxış keçirməyə etirazının olmadığını bildirib bu barədə ərizə yazmışdır. Bundan sonra hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə həyətyanı sahəsinə və evə baxış keçirilmişdir. Evə baxış keçirilən zaman evin yataq otağında masanın üzərində 01 ədəd polietilen torbada içərisində 04 ədəd şəffaf polietilen bükümlərdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, göy rəngli kağız bükümdə isə psixotrop maddə metamfetaminə bənzər kütlə, 01 ədəd yararsız halda olan tərəzi və limon duzuna bənzər kütlə aşkar edilmiş və götürülərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə, qurudulmuş marixuana olmasını bildirib onu tapdığını və öz istifadəsi üçün yaşadığı evdə saxladığını bildirmişdir. Bundan başqa həyətyanı sahəyə və yardımçı tikililərə baxış keçirilmiş, lakin həmin yerlərdən cinayət xarakterli əşya və ya predment tapılmamışdır. Bundan sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə X5 Regional Bölməsinin 16 yanvar 2022-ci il tarixli, 18/61-62 nömrəli rəyindən görünür ki Tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs evdən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kağız bükümdə təmiz çəkisi- 0,033 qram olan ağımıl rəngli, kristallik hissəciklərdən ibraət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd şəffaf selofan torbacıqda təmiz çəkisi-20,387 qram olan şəffaf, dairəvi kristallik hissəciklərdən ibarət maddə, təmiz çəkisi- 1 qram olan şəffaf, dairəvi kristallik hissəciklərdən ibarət maddə narkotik vasitə və psixotrop maddələrə aid deyildir. 01 ədəd şüşə ampulanın içərisində heroinin izi vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektrok tərəzinin ölçmə həddindən xaric-mikroçəki) iz mikrohissəciklərinin miqdarını müəyyən etmək mümkün deyildir. 03 ədəd şəffaf polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi-6,69 qram, 1,10 qram, 0,13 qram, ümumi çəkisi- 7,92 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Bölmədə texniki avadanlıq olmadığından 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-4,04 qram olan naməlum maddənin tədqiqatını aparmaq mümükün olmamışdır. Qeyd olunan naməlum maddənin tərkibində narkotik tərkibli komponentlərin olubolmadığını müəyyən etmək üçün 12 mart 2022-ci il tarixdə məhkəmə-bioloji ekspertizası təyin edilmiş və alınmış 30 mart 2022-ci il tarixli 7/254 nömrəli rəydən də görünür ki, Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan maddə kustar üsulla hazırlanmış nasdır (burunotu). Nas narkotik, güclü təsir edici vasitələrə aid deyildir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 11 mart 2022-ci il tarixli, 1225 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Sabirabad rayon Ulacalı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşadığı ərazi üzrə müsbət xarakterizə edilir. Birinci instansiya məhkəməsi araşdırılmış yuxarıda sadalanan sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlmişdir ki, istintaq orqanının Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etmiş olması ilə bağlı gəldiyi nəticə yuxarıda sadalanan sübutlarla təkzib olunur. Məhkəmə kollegiyası işdə olan sübutları, apellyasiya protestinin dəlilləri üzrə araşdıraraq bu nəticəyə gəlir ki, protest əsassız olduğundan təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 1(056)-76/2022 saylı hökmü dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndi ilə məhkəmələrə izah olunur ki, “ təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Bu izahdan da belə görünür ki, təkcə narkotik vasitənin küllü miqdarda və ya küllü miqdardan dəfələrlə çox olması, eləcə də bir neçə hissəyə bölünməsi narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməsi nəticəsinə gəlməyə əsas vermir. Bu o vaxt belə qənaətə gəlməyə əsas verən amillərdən biri kimi qiymətləndirilə bilər ki, satış məqsədini təstiq edən digər sübutlar da mövcud olsun. Digər tərəfdən aşkar edilmiş narkotik vasitənin hissələrinin heç biri şəxsi istehlak normasına yaxın olmamışdır. Başqa bir tərəfdən Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğundan ondan aşkar edilmiş narkotik vasitələr onun bir neçə gün ərzində tələbatına uyğun miqdar olmuşdur. Onun evindən aşkar edilmş tərəziyə gəldikdə isə işdən görnür ki, bu çəki üçün istifadəyə yarasız tərəzi olmuş, narkotik vasitənin satış məqsədi ilə saxlanmasını hesab etməyə əsas verən sübut kimi əhəmiyyətsiz olmuşdur. Cinayətin tövsifi törədilmiş konkret ictimai təhlükəli əməlin əlamətlərinin Cinayət Məcəlləsində abstrakt şəkildə təsvir edilmiş oxşar əməllərin əlamətləri ilə müqayisə edilib şəxsin Məcəllədə göstərilmiş əməllərdən hansını törətmiş olmasının müəyyən edilməsindən ibarətdir. Yalnız o tövsüf düzgün olacaq ki, törədilmiş əməlin bütün əlamətləri Məcəllədən ona uyğun olduğu hesab edilərək seçilmiş maddədə göstərilmiş əlamətlərlə tam üst-üstə düşmüş olsun. Təqsirləndirilən şəxs əməlinin tövsüfünə bu qaydada yanaşılanda onun əməlinin əlamətlərinin tam şəkildə Azərbayucan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində abstrakt şəkildə təsvir edilmiş əməlin əlamətləri ilə üstüstə düşdüyü görünür. Ona görə də apellyasiya protesti əsassız hesab edilməlidir. Protestin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə verilmiş ittihamın düzgün olmasını əsaslandırmaq üçün istinad etdiyi sübutlar olsa-olsa Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə daşıması şübhəsini yarada bilər. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsində isə qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İstintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edibetməməsi şübhəsini həll etmək üçün şübhəni əsaslandıracaq başqa heç bir sübut əldə etməyə cəhd belə etmədən yaranan şübhəni CPM-in 145.3-cü maddəsinin tələbinin ziddinə olaraq özünün verdiyi ittihamın xeyrinə təfsir edərək işini bitmiş hesab etmiş, məhkəmə də düzgün olaraq Təqsirləndirilən şəxs əməlinin tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə dəyişdirmişdir. Bundan əlavə işdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni məlum olmayan vaxtda və mənbədən qanunsuz əldə etməklə, həmin narkotik vasitəni ibtidai araşdırma başlandığı ilk gündən və məhkəmə istintaqı başa çatanadək verdiyi izahat və ifadələrində şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş və özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə deyil, yalnız həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. İş materiallarında olan Sabirabad RPŞ-nin əməliyyat tapşırığının cavabında Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitə və psixotrop maddəni satma niyyəti ilə saxlaması barədə məlumatlar əldə edilməsi göstərilsə də, onun bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi istər ibtidai istintaq, istərsə də məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın da işin hallarına, Təqsirləndirilən şəxs şəxsiyyətinə və törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmuşdur. Belə ki, iş materiallarında olan Sabirabad rayon Ulacalı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 202 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində olan xx.xx.2002-ci il təvəllüdlü oğlu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən İİ Qarabağ döyüşlərində aktiv iştirak etmiş və medalla təltif olunmuşdur. O ilk dəfə məhkum olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlinin tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə dəyişdirdiyi üçün ondan aşkar edilmiş 0,033 qram metamfetaminə münasibətdə onun bu maddəni saxlamasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibini yaratmış olmasına dair müddəalar hökmdən xaric etməli idi. Belə ki, metamfetaminin ondan aşkar edilmiş bu çəkisi şəxsi istehlak miqdarından az olmuşdur. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndi ilə məhkəmələrə tövsiyyə edilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «cəzanın anlayışı və məqsədi» adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulan məqsədlərin əldə edilməsi Təqsirləndirilən şəxs ona birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı çəkməsi ilə mümkündür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.1-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edə bilər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmamaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya protestinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxsin izahatını, dövlət ittihamçısının rəyini, müdafiəçinin çıxışını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 1(056)-76/2022 saylı hökmü dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1-ci, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsi barədə Sabirabad Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 1(056)-76/2022 saylı hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs 0,033 qram psixotrop maddənin aşkar edilməsinin onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibini yaratmış olmasına dair müddəalar hökmdən xaric edilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: İsmayıl Əhmədov Hakimlər: Məhəmməd Bağırov Kamil Bəşirov
Məhkəmə qərarları › İş №1(106)-725/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-725/2022
20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver