Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-73/2025 21.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), X8 və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə məhkəmə iclasının katibi X10, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X11 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X15, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X9 və tərcüməçi X6 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1- 1-ci maddələri ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(099)-632/2024 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2024-cü il tarixli 1(099)-632/2024 nömrəli hökmü ilə (hakimlər X18 (sədrlik edən), X20 və X13 ibarət tərkibdə) xx xxxxxx 1981-ci ildə İran İslam Respublikasının Dolat Abad şəhərində doğulmuş, İran İslam Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, İran İslam Respublikası Dolat Abad şəhəri, İmam Xomeyni xiyabanı, Lalə küçəsi, ev 17-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, CM-nin 206.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-1ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 30 aprel 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılması, məhkumluğu ödənilədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququnun məhdudlaşdırılması, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması qərara alınmış, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edimişdir. İŞİN HALLARİ Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2 və 234.1-1ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, 30 mart 2024-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasının İsfahan şəhərində buprenorfin psixotrop maddəsinin təsiredici miqdarı külli miqdarda, 0,154 qram təşkil edən, üzərində “B2” yazısı olan, ağ rəngli 77 ədəd həbləri satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə həmin həblərdən 12 ədədini idarə etdiyi “Scania” markalı, “İT794İT/NN836H” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kabinəsində olan qırmızı rəngli gödəkcəsinin astarında, 65 ədədini isə əynindəki şalvarın sağ cibində salfet kağızına bükərək saxlamış, daşımış və 30 mart 2024cü il tarixdə saat 12 radələrində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Astara rayonu ərazisində yerləşən Astara Gömrük İdarəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmiş, həmin tarixdə keçirilmiş gömrük yoxlaması zamanı həmin həblər saxlanıldığı yerlərdən aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, əməlinin CM-in 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini, CM-in 206.2-ci maddəsi ilə isə ona bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ittihama əsasən guya o, psixotrop maddə olan buprenorfini külli miqdarda, yəni 0,154 qram İİR ərazisindən Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə gömrük nəzarətindən gizli halda keçirməyə cəhd etmişdir. Lakin cinayət işinin materiallarından da açıq-aydın görünür ki, həmin həbləri heç bir halda gizlətmək məqsədi olmamışdır. Buna sübut kimi isə həbləri avtomobilin müəyyən yerlərində gizlətməməyi, 12 ədədini kabinədə olan gödəkcəsinin, 65 ədədini isə əynindəki şalvarın cibində saxlamasını göstərmək olar. Həmin psixotrop maddələr İİR ərazisində məsuliyyət yaratmadığı və həkim resepti əsasında istifadə etdiyi üçün heç bir cinayət əməli törətməyib. Məhkəmə, həmçinin onun istintaq başlanıldığı günə qədər qaçıb gizlənməməsini, istintaqdan yayınmamasını, ailə şəraitini, əməlin yaşadığı ölkədə cinayət sayılmamasını və Azərbaycan Respublikasının qanunlarını bilmədiyi üçün cinayət əməlini törətməsini yüngülləşdirici hal kimi nəzərə almamışdır. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X12 apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə uyğun çıxış etdilər və apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X21 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-1-ci maddələri ilə tövsif edərək, onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, təqsirləndirilən şəxsə bəraət verilməsi, əməlinin hüquqi tövsifinin dəyişdirilməsi və ya ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətinin təmin olunmamasını və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, məhkum edilmiş şəxs işin faktiki hallarını və əməlin hüquqi tövsifi ilə bağlı məsələləri mübahisələndirərək əməlində CM-in 206.2-ci maddəsinin tərkibinin olmadığını qeyd etmiş, eyni zamanda əməlinin CM-in 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CM-in 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-in 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. CM-in 206.2-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi bu maddə ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bu maddənin tərkibini yaradır. CM-in 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsi bu maddənin tərkibini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Onu da qeyd etmək lazımdır ki, törədilən cinayətin tərkib əlamətlərinin müəyyən edilməsi və əməlin Cinayət Qanunu norması üzrə tövsif edilməsi yuxarıda qeyd edilən Cinayət Məcəlləsinin müvafiq normaları əsasında aparılsa da, törədilən əməlin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi prosedurlar əsasında aparılır. Bu mənada Cinayət-Prosessual Məcəllənin müvafiq normalarının müəyyən etdiyi hüquqi prosedurların xatırladılması da zəruridir. Azərbaycan Respublikası CPM-in 124.1 və 124.2-ci maddələrinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1 və 138.2-ci maddələrinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Cabardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Beləliklə, apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təqsirliliklə bağlı məsələni cinayət və cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından nəzərdən keçirən məhkəmə kollegiyası müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin törədilməsində onun təqsiri cinayət işinin materiallarında olan mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs istinad edilən cinayətin baş verib-verməməsi, onun həmin cinayəti törətməkdə qəsdinin olub-olmaması kimi mühüm əhəmiyyət kəsb edən əlamətlər yoxlanılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəklində sonuncunun qeyd edilən cinayəti törətməsi nəticəsinə gəlmək üçün əsas verir və kifayət edirlər. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlər Şahid1, Şahid1, Şahid4, Şahid4 ifadələri, 30 mart 2024-cü il tarixli “malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə” protokol, 30 mart 2024-cü il tarixli “şəxsi yoxlama haqqında” protokol, məhkəmə-kimyəvi ekspertizasının 19 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/1854 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 01 iyul 2024-cü il tarixli, xx/xx-7710 nömrəli rəyi, habelə iş materiallarında olan digər sənədlərlə təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, İran İslam Respublikasında aldığı həblərin Azərbaycan Respublikasına aparılmasının qadağan olduğunu sürücü yoldaşlarından öyrənmiş, ona görə də gömrükdə aşkar edilməməsi üçün həblərin bir hissəsini gödəkcəsinin astarında, bir hissəsini isə salfet kağıza bükərək əynindəki şalvarın cibində gizlətmişdir. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində isə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, sürücü olaraq üç aydır ki, beynəlxalq yükdaşımalar ilə məşğul olur, idarə etdiyi “SCANİA” markalı, “İT794İT/NN836H” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi özünündür. Dişlərində iltihab olduğuna görə həkim göstərişinə uyğun olaraq dərmanlardan istifadə edir, ondan aşkar edilən üzərində “B2” yazısı olan 77 ədəd həbləri və üzərində heç bir yazısı olmayan 3 ədəd həbləri üç ay öncə İranın İsfahan şəhərində diş həkiminin yazdığı resept əsasında aptekdən almışdır. Həmin həblərin hər gün bir ədədini qəbul etmişdir. Həbləri çox sayda almasının səbəbi o olmuşdur ki, əgər yük olsa, Gürcüstan da Türkiyəyə getmək məqsədi olmuşdur. Ona görə də uzunmüddətli istifadə üçün nəzərdə tutmuşdur. Həmin həblərin Azərbaycan Respublikasında qadağan olunmasını bilməmişdir. Təqribən 10 gün əvvəl Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Gürcüstan Respublikasına yük aparmaq üçün idarə etdiyi yük nəqliyyat vasitəsinə Rəşt şəhərindən dəmir armaturlar yükü götürmüşdür. Azərbaycan Respublikasına keçirmək və özü ilə aparmaq məqsədi ilə həblərin bir hissəsini gödəkcəsinin astarına, bir hissəsini isə salfet kağıza bükərək əynindəki şalvarın cibinə qoymuşdur. Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Gürcüstan Respublikasına yükü aparmaq üçün İran İsalm Respublikasının Astara şəhərində yerləşən gömrük sərhədinə iki gün öncə gəlmiş, İİR-nın Astara şəhərində Azərbaycan Respublikasına keçmək üçün növbə gözləmişdir. 30 mart 2024-cü il tarixdə İran- Azərbaycan sərhədini keçib Azərbaycan Respublikasının Astara şəhərində yerləşən gömrük ərazisinə daxil olmuşdur. Nəqliyyat vasitəsini yük maşınları üçün nəzərdə tutulmuş yoxlama xəttinə sürmüşdür. Yoxlama xəttində gömrük işçisi onunla şifahi şəkildə sorğusual apararaq üzərində, ona məxsus əşyalarda və yük nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan edilməli olan və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmamasını soruşmuşdur. O isə üzərində və avtomaşınında qadağan olunmuş, gömrük nəzarətinə bəyan edilməli olan maddələrin olmadığını bildirmişdir. Bundan sonra iki nəfər hal şahidləri dəvət edilərək onların iştirakları ilə idarə etdiyi nəqliyyat vasitəsinə yoxlama tətbiq olunmuş, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsində saxladığı, ona məxsus olan qırmızı rəngli gödəkçənin astarından 12 ədəd üzərində “B2” yazısı olan, ağ rəngli və üç ədəd sarı rəngli, üzərində heç bir yazısı olmayan həblər gömrük əməkdaşları tərəfindən aşkar edilmişdir. Daha sonra kömrük işçisi onun üzərində yoxlama aprarkən əynindəki şalvarın sağ cibindən salfet kağıza bükmüş olduğu 65 ədəd ağ rəngli, üzərində “B2” yazılmış həblər aşkar edilmişdir. Onun avtomaşınındakı ködəkçəsinin astarından və şalvar cibindən aşkar olunmuş cəmi 80 ədəd həblər götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Bundan sonra onu gömrük Apellyasiya baxışı zamanı da Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsindəki ifadəsini təsdiq etmiş və eyni məzmunlu dəlillər irəli sürmüşdür. Cinayət işinin materiallarından görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsinin inspektoru vəzifəsində işləyir. 30 mart 2024-ci il tarixdə Astara Gömrük İdarəsinin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal xəttində gömrük nəzarətini həyata keçirmişdir. Həmin gün saat 12 radələrində İran İslam Respublikasından Gürcüstan Respublikasına dəmir yükü aparan, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “SCANİA” markalı, “İT794İT/NN836H” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. O, Təqsirləndirilən şəxs ilə şifahi sorğu-sual apararaq üzərində, əl yüklərində və idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla dövriyyəsi qadağan olunmuş və ya dövriyyəsinə məhdudiyyət qoyulmuş, eləcə də gömrük nəzarətindən gizlədilmiş, yaxud bəyan olunmamış predmetlərin olub olmamasını soruşmuş, Təqsirləndirilən şəxs üzərində, əl yüklərində və idarə etdiyi nəqliyyat vasitəsində qanunla qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş heç bir predmetin olmadığını bildirmişdir. Lakin sürücünün danışığı və hərəkətləri onda şübhə doğurmuşdur. Yük nəqliyyat vasitəsinə ”BUÇ” ləqəbli kinoloji xidməti it tətbiq edilərkən it nəqliyyat vasitəsinin kabinə hissəsinə reaksiya verdiyi üçün Təqsirləndirilən şəxs əl yüklərinə və idarə etdiyi yük nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakları ilə gömrük yoxlaması tətbiq etmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinəsində, yataq yerinin üzərindəki qırmızı rəngli gödəkçənin astar hissəsindən 12 ədəd üzərində “B2” yazısı olan ağ rəngli və 3 ədəd üzərində heç bir yazısı olmayan sarı rəngli həblər aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılarkən onun əynindəki şalvarın sağ cibindən salfet kağızına bükülmüş, gömrük nəzarətindən gizlədilmiş formada 65 ədəd ağ rəngli, üzərində “B2” yazısı olan həblər aşkar edilmişdir. Həmin həblər qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, kinoloq olmaqla Astara Gömrük İdarəsində idxal xəttində daxil olan yük nəqliyyat vasitələrinə gömrük baxışı zamanı kinoloji itin tətbiqini həyata keçirmişdir. 30 mart 2024-cü il tarixdə saat 12 radələrində İran İslam Respublikasından Gürcüstan Respublikasına dəmir yükü aparan, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “SCANİA” markalı, “İT794İT/NN836H” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. Gömrük idarəsinin inspektor Şahid1 göstərişinə əsasən yük nəqliyyat vasitəsinə “Buç” ləqəbli kinoloji xidmət iti tətbiq etmiş, it yük nəqliyyat vasitəsinin kabinasına reaksiya vermişdir. Bundan sonra hal şahidlərinin iştirakları ilə nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinəsində, yataq yerinin üzərindəki qırmızı rəngli gödəkçənin astar hissəsindən 12 ədəd üzərində “B2” yazısı olan ağ rəngli və 3 ədəd üzərində heç bir yazısı olmayan sarı rəngli naməlum həblər aşkar edilmişdir. Həmin həblər gödəkçənin çibi çırılmaqla astar hissəyə salınmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılarkən əynindəki şalvarın sağ cibindən salfet kağızına bükülmüş 65 ədəd ağ rəngli, üzərində “B2” yazısı olan həblər aşkar edilmişdir. Həmin həblər götürülmüş və bu barədə protokol tərtib olunmuşdur Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 30 mart 2024-cü il tarixdə Şahid3 ilə birlikdə hal şahidi kimi dəvət olunmaqla Astara Gömrük İdarəsində İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “SCANİA” markalı, “İT794İT/NN836H” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilməsində iştirak etmişlər. Nəqliyyat vasitəsinin kabinəsində - yataq yerinin üzərindəki qırmızı rəngli gödəkçənin astar hissəsindən 12 ədəd üzərində “B2” yazısı olan ağ rəngli və 3 ədəd üzərində heç bir yazısı olmayan sarı rəngli naməlum həblər aşkar edilmiş, daha X17nin üzərində şəxsi yoxlama aparmış, şəxsi yoxlama zamanı onun əynindəki şalvarın sağ cibindən salfet kağızına bükülmüş, gömrük nəzarətindən gizlədilmiş formada 65 ədəd ağ rəngli, üzərində “B2” yazısı olan həblər aşkar edilmişdir. Həm avtomaşının kabinəsindəki gödəkçənin astar hissəsindən, həm də Narimani Zamanabadinin cibindən aşkar olunmuş ümumi sayı 80 ədəd olan həblər qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Protokolu hal şahidi kimi imzalamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 da Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 30 mart 2024-cü il tarixli “malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə” protokoldan görünür ki, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “SCANİA” markalı, “İT794İT/NN836H” dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin kabinası yoxlanan zaman kabinada, yataq yerinin üzərindəki qırmızı rəngli gödəkçənin astar hissəsindən 12 ədəd üzərində “B2” yazısı olan, ağ rəngli və 3 ədəd üzərində heç bir yazısı olmayan sarı rəngli naməlum həblər aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 30 mart 2024-cü il tarixli “şəxsi yoxlama haqqında” protokoldan görünür ki, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi yoxlama zamanı əynindəki şalvarın sağ cibindən salfet kağızına bükülmüş, gömrük nəzarətindən gizlədilmiş 65 ədəd ağ rəngli, üzərində “B2” yazısı olan həblər aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “SCANİA” markalı “İT794İT/NN836H” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə 30 mart 2024-cü il tarixdə saat 11:47-də Astara dövlət sərhəd buraxılış məntəqəsindən İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 19 aprel 2024-cü il tarixli, 3-16-16/2- 6/1854 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 77 ədəd üzərində “B2” yazısı olan, ağ rəngli, dairəvi formalı həblər psixotrop maddə buprenorfin olub, 77 ədəd həbdə buprenorfin təsiredici maddəsinin ümumi miqdarı 0,154 qramdır. Həmin paketin içərisində olan 3 ədəd üzərində heç bir yazısı olmayan, sarı rəngli həblər narkotik, psixotrop, zəhərli və güclü təsir edən maddələrə aid deyildir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 1 iyul 2024-cü il tarixli, xx/xx-7710 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərdən və buprenorfindən istifadə etmə halları olub. Lakin narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən sübutları bir daha nəzərdən keçirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirməsi kifayət qədər öz təsdiqini tapır. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, məhkum edilmiş şəxs üzərindən aşkar edilmişpsixotrop maddənin külli miqdar təşkil etməməsinə istinad edərək əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilmiş İİ Siyahıda psixotrop maddə buprenorfinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,005 qram, külli miqdarının aşağı həddi 0,025 qram, xüsusilə külli miqdarının aşağı həddi isə 5 qram müəyyən edilmişdir. Bu baxımdan təqsirləndirilən şəxsin üstündən aşkar edilmiş psixotrop maddə olan buprenorfinin 0,154 qram çəkidə olması nəzərə alınaraq ona haqlı olaraq CM-in 234.1-1-ci maddəsi ilə ittiham elan edilmişdir. Belə ki, CM-in 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsi bu maddənin tərkibini yaradır. Beləliklə, kollegiya iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərdiyi dəlilləri və apellyasiya baxışı zamanı verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və mötəbər sübut hesab etmir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı təqsirini inkar etməklə və yuxarıda qeyd olunan məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, onun hərəkətlərində qeyd olunan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törətməsi işdə olan mötəbər sübutlarla tam təsdiq olunur. Həmin sübutlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni üsullarla əldə edilmişdir, mənbələri, habelə mənsubiyyəti məlumdur, təqsirliliklə bağlı hissədə müəyyən nəticəyə gəlmək üçün kifayət edirlər. Bu baxımdan həmin sübutlar CPMin 125-ci maddəsinə əsasən mötəbər sübutlar kimi qəbul olunmalıdır. Odur ki, kollegiya belə nəticəyə gəlir ki, məhkum edilmiş şəxs Elnur Allahverdiyevin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hеsаb еdir ki, istər ibtidai araşdırma zamanı, istərsə də açıq, qərəzsiz, оbyеktiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl еdilməklə kеçirilmiş məhkəmə istintaqında təqsirləndirilən şəхsin müdafiə hüquqları tam həcmdə təmin еdilmiş və məhkəmə baхışı zamanı hər hansı kоbud prоsеssual qanun pоzuntusuna yоl vеrilməmişdir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Cəza məsələsinə gəldikdə isə kollegiya aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almış, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkum edilmiş şəxsə cəza təyin edərkən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmiş, sonuncunu CM-nin 206.2-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-1-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin sanksiyasında 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-in 234.1-1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası cəza təyini ilə bağlı Cinayət Qanununun yuxarıda qeyd edilən normaları ilə müəyyən edilmiş meyarlar üzrə işin hallarını araşdırarkən müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs cəzanın məqsədlərini təmin edən növdə və həddə cəza təyin etmiş, ümumilikdə cəza təyini məsələsində CM-in 8.1-ci maddəsinə tam əməl etməklə qanuni, əsaslı və ədalətli cəzanın təyin edilməsinə nail olmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi cəza məsələsində də düzgün nəticəyə gəlmiş, bu hissədə cinayət və cinayət-prosessual qanunvericiliyi düzgün tətbiq etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2024-cü il tarixli 1(099)-632/2024 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-73/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-73/2025
21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver