Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-748/2024 29.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Həşimov Yaşar Xanoğlan oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X4 Müdafiəsi Üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X8, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Lerik Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli 1(048)-32/2024 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X5 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lerik Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli 1(048)-32/2024 saylı hökmü ilə (sədrlik edən hakim Atabəy Kiçikbəyov) xx xxxxxx 1993-cü ildə Lerik şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, Lerik rayon Kommunal Müəssisələr Birliyində fəhlə işləmiş, Lerik rayon məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli hökmu ilə CM-nin 234.2ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixli Salyan rayon məhkəməsinin qərarı ilə 11 ay 08 gün şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2022-ci iltarixli Salyan rayon məhkəməsinin qərarı iləAmnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Lerik şəhəri Camal Şahiyev küçəsində qeydiyyatda olan barəsində “həbs qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətəazadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 10 yanvar 2024-cü il tarixdən hesablanmaqla 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd 5,45 mm kalibrli, Kalaşnikov konstruksiyalı AK-74 modelli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, nömrəsi silinmiş, texniki cəhətdən saz vəziyyətdə və atəşə yararlı olan yivli odlu silahlar növünə aid avtomatı, 01 ədəd «Kalaşnikov» konstruksiyalı silahın komplekt hissəsi olmaqla zavod üsulu ilə hazırlanmış, texniki cəhətdən saz və istifadəyə yararlı olan darağı və 17 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan və atəşə yararlı patronları əldə edib üzərində daşıyaraq Lerik şəhər zibilxanasının yaxınlığında yerləşən istifadə olunmayan tikilinin damında gizlətməklə saxlamış, bu barədə əməliyyat məlumatları almış Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən 10 yanvar 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomat silahı, avtomat silahın üzərində «Kalaşnikov» konstruksiyalı silahın komplekt hissəsi olan bir ədəd daraq və döyüş sursatı hesab olunan 5,45x39 mm kalibrli 17 ədəd patron aşkar edilərək götürülmüşdür. Bundan əlavə o, istintaqla müəyyən edilməmiş dəqiq tarixdə və mənbədən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, 35.258 qram çəkidə, xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz əldə edib daşıyaraq Lerik şəhər zibilxanasının yaxınlığında yerləşən istifadəolunmayan köhnə tikilinin damında gizlədərək saxlamış, əldə etdiyi narkotik vasitə marixuanadan bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eyni gümüşü rəngdə kağızlarda təmiz çəkisi 0,774 qram olan narkotik vasitə qurudulmuş marixuananı 03 ədəd bükümlərə ayıraraq üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları almış Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən 10 yanvar 2024-cü il tarixdə, saat 12:40-də keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lerik şəhər avtovağzal ərazisində saxlanılaraq Lerik rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra həmin tarixdə, saat 13:08-dən saat 13:30-dək üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkcəsinin sağ yan cibində 03 ədəd bükümdə təmiz çəkisi 0, 774 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüş, davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində təqdim etdiyi Lerik şəhər zibilxanasının yaxınlığında yerləşən köhnə tikilinin damına həmin tarixdə, saat 15:00-dan saat 15:38-dək baxış keçirilərkən orada gizlətdiyi bir ədəd sellofan torbada içərisində təmiz çəkisi 34,484 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Bu hərəkətləri ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinitörətmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs vəkili X5 apellyasiya şikayətində göstərmişdir ki, Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(048)-32/2024 saylı hökmündən narazıdır. Birinci instansiya məhkəməsi istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamı əsaslı hesab etmiş və cəza təyin etmişdir və ittiham tərəfinin məhkəməyə təqdim etdiyi ziddiyyətli sübutlara istinad etmişdir. Halbuki həmin sübutların mötəbər olmaması məhkəmə iclasında verilmiş ifadələrdən açıq-aşkar görünmüşdür. Birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı yol verilmiş prosessual pozuntulara və eləcə də maddi hüquq normalarının pozulmasına düzgün hüquqi qiymət verməmiş və nəticədə ədalətli olmayan hökm çıxarmışdır. İbtidai araşdırma isə tamamilə ədalətsiz aparılmış və əslində təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə müşaiyət olunmuşdur. Müdafiəçi olaraq həm ittihamı, həm də ittiham hökmünü qanunsuz və əsassız hesab edir. İşdə mövcud olan sübutlar onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə əsassız yerə məsuliyyətə cəlb olunmuşdur. Belə ki, sübutlar tədqiq edilərkən onun təqsirini ehtiva edən sübutlar məcmusunu ittiham tərəfi əslində təqdim edə bilməmişdir. Belə ki, sübutlar məcmusuna daxil olan sənədlər, ifadələr və digər xüsusatlar Təqsirləndirilən şəxs təqsirsizliyinə dəlalət etmişdir. Təqsirləndirilən şəxs və şahidlərin ifadələri məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə və təqdim etdiyi silah və onun hissələri ona məxsus deyildir. Polis əməkdaşlarının təzyiqləri və təsirləri ilə əlaqədar olaraq məcbur olub narkotik vasitə və silahın ona aid olmasını ibtidai istintaq zamanı bildirmişdir. O,10 yanvar 2024-cü il tarixdə rayonun avtovağzal deyilən ərazisində olarkən onun istifadəsində olan mobil telefonun nömrəsinə zəng gəlmiş, o telefona cavab verərkən ona məlum olmuşdur ki, zəng edən Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2dur. Şahid2 ona şöbəyə gəlməli olduğunu demiş, bundan sonra Nicat ona yerini demiş və Şahid2 özü avtovağzal ərazisinə gəlmiş, həmin vaxt ondan başqa heç bir polis əməkdaşı onunla olmamış və könüllü səkildə heç bir etiraz etmədən şöbəyə getmişdir. Orada Elçin adlı polis əməkdaşı ona təzyiq göstərmiş və onu döymüşdür. Məhkəmə həmin ifadəyə münasibət bildirmədən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini hökmdə yazmaqla kifayətlənmişdir. Lakin məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə vermiş olduğu ifadə elan olunmamışdır, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə ibtidai araşdırma dövründə verilmiş ifadə ilə məhkəmə istintaqı zamanı verilmiş ifadələr arasında ziddiyyətlər olduqda ibatidai araşdırma zamanı verilmiş ifadə elan olunmaqla tədqiq olunmalıdır. Lakin birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı öz əleyhinə vermiş olduğu ifadənin təzyiqlərlə və təsirlərlə və eləcə də döyülmə ilə bağlı olub-olmamasını araşdırmamış, həmin məsələlərə hüquqi qiymət verməmişdir. Məhkəmə nəzərə almamışdır ki, silahın və eləcə də 35.258 qram çəkidə qurudulmuş marixuananın küçədə şəhər ərazisində yerləşən zibilxananın yaxınlığında yerləşən istifadə olunmayan tikilinin damında gizlədilməsi sadəcə məntiqsizlikdir. Silah istifadə üçün bir qayda olaraq evdə məxfi yerlərdə qoyulur və saxlanılır. Eləcə də marixuananın tikilidə saxlanılması heç bir məntiqə uyğun deyil. Məhkəmə iclasında şəxsi axtarışı əks etdirən video çəkiliş isə ümumiyyətlə tədqiq olunmamışdır. Şahid ifadələrinə arasında ziddiyyətlər olmuşdur. Məhkəmə şahidlərin ifadələrini oxşar və eyni məzmunlu hesab etmiş və onların ifadəsini hökmə yazmamışdır. Əslində isə ifadələr oxşar və eyni məzmunlu olmamışdır. Məhkəmə prosesinin video-qeydiyyatına baxmaq kifayətdir ki, həmin məqamları müşahidə etmək mümkün olsun. Məhkəmə istintaqı zamanı verilmiş suallara cavablar alarkən əsl həqiqət məlum olmuşdur. Belə ki, şahid ifadələri arasında olan ziddiyyətlər əslində onların yalan ifadə vermələrini əks etdirmiş olur ki, buna da məhkəmə düzgün hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsində şahidlərin vermiş olduğu ifadələrin arasındakı çoxsaylı ziddiyyətlər əslində onların yalan ifadə vermələrinə dəlalət etdiyindən və təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadələr işin faktiki halları ilə üst-üstə düşmüş olduğundan məhkəmə ittiham hökmü çıxarmalı deyildi. Növbəti əsas məqam isə ondan ibarətdir ki, ekspertin vermiş olduğu mötəbər rəylə, əməliyyatçıların ifadələri və təqsirləndirilən şəxsin ifadəsi əslində uzlaşır. Belə ki, cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X2 X10 yoxlamanın nəticəsinə dair tərtib olunmuş 11 yanvar 2024-cü il tarixli 23 nömrəli rəyinə əsasən qeyd etməliyəm kit Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur və məcburi müalicəyə ehtiyacı yoxdur. Bu da o deməkdir ki, sonuncu narkotik vasitələrdən istifadə etmir. Məhkəmə iclasında ifadə verən şahidlər də bildirir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatı yoxdur. Deməli ekspert rəyinə əsasən narkotik vasitə olan marixuanadan istifadə təkzib olunur, şahid ifadələrinə əsasən isə satış təkzib olunur. Sonda isə bütün bunlar verilmiş ittihamı tamamilə təkzib edir və onu deməyə əsas verir ki. Təqsirləndirilən şəxs təqsiri yoxdur. İs materiallarından da görünür ki, o məhkəmə istintaqı zamanı özünü təqsirli bilməmişdir. Hesab edir ki, ittiham tərəfinin məhkəməyə təqdim etdiyi bütün sübutlar ittihamın nə dərəcədə əsassızlığından və şübhəliliyindən xəbər vermiş olur ki, bütün bunlara isə məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Şübhəli məqamlar təqsirləndirilən şəxsin xeyrinə həll olunmalı halda, tam əksinə onun ziyanına şərh olunmuşdur. Polis əməkdaşlarının qanunsuz hərəkətlərinə və qərarlarına da adekvat hüquqi qiymət verilməmişdir. Məhkəmə hökm çıxararkən məhkəmə istintaqı zamanı müəyyən olunmuş bütün bu nüanslara, qanunvericiliyin tələblərinə, işdə mövcud olan ziddiyyətli və qaranlıq məqamlara və bütövlükdə təqsirləndirilən şəxsin təqsirsizliyini ehtiva edən hallara adekvat hüquqi qiymət verməmişdir və nəticədə ədalətli olmayan nəticəyə gəlmişdir. Ona görə Lerik Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli 1(048)-32/2024 saylı hökmün ləğv ediməsini, Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş edir. Dövlət ittihamçısı apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-cimaddəsi ilə nəzərdə tutulan cinayətləri törətməsinin sübuta yetirildiyini, ona təyin edilmiş cəzanın işin hallarına uyğun olduğunu göstərərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs vəkili X5 müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş etmişdir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanının və məhkəmənin Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddəsləri ilə tövsif etmələri düzgün olmuşdur. Onun qeyd edilən cinayətləri törətməsi Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə, birinci instansiya məhkəməsində ifadə vermiş şahidlər Şahid1 və Şahid2 ifadələri və aşağıda sadalanan digər sübutlar əsasında sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan şəxsi axtarış keçirilməsi haqqında 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan gödəkcəsinin sağ yan cibində daşıdığı 03 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,39 qr, 0,41 qr və 0,36 qram olan narkotik vasitəyə oxşar kütləni təqdim edərək bildirmişdir ki, Lerik şəhər zibilxanasının yaxınlığında köhnə tikilinin damında 01 ədəd avtomat silahı və narkotik vasitə saxlayır. Üzərindən götürülmüş 03 ədəd bükümdə olan kütlələr qablaşdıralaraq götürlmüşdür. Baxış keçirilməsi haqqında 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki,, əməliyat-axtarış tədbirləri davamı olaraq 10 yanvar 2024-cü il tarixdə saat 15:00-dan saat 15:38-dək Lerik şəhər zibilxanasının yaxınlığında olan köhnə tikiliyə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı tikilinin damında 01 ədəd sellofanda narkotik vasitəyə oxşar 39,40 qram çəkidə kütlə, 01 ədəd avtomat silahı, 01 ədəd daraq və 17 ədəd patron aşkar edilərək götürülüb qablaşdırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə Ekspertiza mərkəzinin X6 11 yanvar 2024-cü il tarixli, 19/22 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri:0,260 qr; 0,286 qr; 0,228 qram –ümumitəmiz çəkisi: 0,774 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, orqanoleptik əlamətlərinə və komponent tərkiblərinə görə birbirilərilə eynidirlər. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs təqdim etdiyi tikilidən götürülmüş 01 ədəd sellofan torbada, 1 ədəd bükülüdə təmizçəkisi 34,484 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindəngötürülmüş 03 ədəd bükümdə və təqdim etdiyi tikilidən götürülmüş 01 ədəd sellofanda, ümumilikdə 4 ədəd olmaqla ümumi təmiz çəkisi 35,258 qram olan marixuanalar orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 11 yanvar 2024-cü il tarixli, 24/62 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45 mm kalibrli «Kalaşnikov» konstruksiyalı AK74 modelli avtomatdır, odlu yivli silahlar növünə aiddir, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissələri və mexanizmləri üzərində kustar üsulla sonradan heç bir əlavə dəyişiklik edilməmişdir. Təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuş Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi-daraqdır, texniki cəhətdən sazdır və istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 17 ədəd patronlar, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəşə yararlıdırlar. Təqdim edilmiş avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümünələri DİN-nin KTİ-də yerləşən güllə giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir. Qeyd: Tədqiqata təqdim edilmiş 17 ədəd 5.45x39 mm kalibrli patronlardan 03 ədəd eksperimental atəşlər zamanı istifadə olunmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X2 X10 Yoxlamanın nəticəsinə dair tərtib olunmuş 11 yanvar 2024-cü il tarixli, 23 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan kannabinoidlərdən istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Birinci instansiya məhkəməsi araşdırılmış yuxarıda sadalanan sübutların məcmusuna əsaslanıb, düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində törətmiş olduğu əməlləri törətməkdə özünü təqsirli bilməsə də, onun bu ifadəsi işdə olan digər sübutlarla ziddiyyət təşkil etmiş, əksinə istintaq zamanı verdiyi ifadəsi işdə olan digər sübutlarla uzlaşaraq onun Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-cimaddəsi ilə təqsirli olmasına dəlalət etmişdir.Müdafiəçi apellyasiya şikayətində şahidlər tərəfindən verilmiş ifadələr arasında ziddiyyətlər olmasına, bu zidd iyyətlərin məhkəmə tərəfindən araşdırılmamasına istinad edir. Lakin məhkəmə kollegiyası işdə olan şahid ifadələrində ittihamın həllinə təsir göstərə bilən hər hansı ziddiyyət müəyyən etmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 33-cdinə əsasən Hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Birinci instansiya məhkəməsi ittihamı həll edərkən Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə yox istintaq zamanı vermiş olduğu ifadələrinə üstünlük verməsi qeyd edilən Plenum qərarının tövsiyyələrinə uyğun olmuşdur. Yəni işdə olan digər sübutlar Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadələrə uyğun olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza da işin hallarına, onların şəxsiyyətinə, cinayətin nəticəsinə, uyğun olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 45-ci bəndində qeyd edlir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Təqsirləndirilən şəxs cəza təyin edilməsi Plenum qərarının tövsiyyəsinə uyğun olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «cəzanın anlayışı və məqsədi» adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.1-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edə bilər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmamaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxsin izahatını, dövlət ittihamçısının rəyini, müdafiəçinin çıxışını dinləyərək hesab edir ki, apellyasiya apellyasiya şikayət təmin edilməməli, Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(048)-32/2024 saylı hökmü dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1-ci, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1ci maddələri ilə məhkum edilməsinə dair Lerik Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli 1(048)-32/2024 saylı hökmü, həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X5 tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-748/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-748/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver