Məhkəmə qərarları › İş №1(106)-75/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-75/2025

23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-75/2025 23.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), X3 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X7 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X9, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024cü il tarixli 1(099)-502/2024 nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli 1(099)- 502/2024 nömrəli hökmü ilə (hakimlər X10 (sədrlik edən və məruzəçi), X12 və X4 ibarət tərkibdə) xx xxxxxx 2007-ci il tarixdə Lerik rayonu, Davradibi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Təngivan kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli tərbiyyə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 24 dekabr 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edimişdir. İŞİN HALLARİ Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, 24 dekabr 2023-cü il tarixdə saat 10 radələrində həmkəndlisi olan bibisi qızı Zərərçəkmiş şəxs yaşadığı Lənkəran rayonu, Təngivan kəndində yerləşən evə gedərək sonuncuya onu sevdiyini bildirib həmkəndlisi Şahid3 ilə əlaqəsinin olub-olmasına dair soruşması nəticəsində aralarında yaranmış sözlü mübahisə zamanı evin qonaq otağındakı masanın üzərində olan mətbəx bıçağını əlinə götürüb Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq ona yetirdiyi anda insan həyatı üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid qarın boşluğuna nüfuz edən, daxili və xarici qanaxma ilə müşayiət olunan qarının 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarasından ibarət xəsarət yetirməklə, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq olunmaqla ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs təqsirini səmimi olaraq etiraf etmiş və əməlindən peşman olduğunu hər vəchlə dilə gətirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 126.2.3 və 126.2.4-cü maddələri ilə düzgün tövsif edilmədiyi üçün məhkəmə haqlı olaraq əməli CM-nin 126.1-ci maddəsinə tövsif etsə də, cəzanı tam da ədalətli hesab etmək olmaz. Belə ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmaması, təqsirini səmimi olaraq etiraf etməsi və əməlindən peşman olması, əvvəllər məhkumluğunun olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, işin həqiqi və faktiki halları nəzərə alınmaqla ona CM-nin 62-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın verilməsi daha ədalətli olardı. Təqsirləndirilən şəxs qısqanclıq zəminində sevdiyi və evlənmək niyyətində olduğu Sevgini hislərinə qapılmaqla və ani reflekslə vurduğu aşkardır. Belə olmasa idi, yarasını özü sarımazdı. O, sadəcə Sevginin anası onları bir yerdə görməsin və daha böyük problemlər yaşanmasın deyə hadisə yerindən uzaqlaşmışdır. Bu, bir az da onun yaşı (təcrübəsizliyi) ilə də bağlı olmuşdur. Ömür boyu ata-ana qayğısı görməyən Valeh qohumlarına sığınıb və onları ailə olaraq görmüşdür və buna görə də keçirdiyi qısqanclıq hissi gözünü bağlamışdır. Belə vəziyyətdə və bu yaşda azadlıqdan məhrum edilməsi onun islahına kömək etməyəcəkdir. Qeyd olunanlara əsasən təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunması, yetkinlik yaşına çatmaması, məhkumluğunun olmamaması və cəzasını ağırlaşdıran hər hansı digər halın müəyyən edilməməsi birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmişdir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə müvafiq olaraq cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Qeyd edirəm ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. Beləliklə, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması əsaslarına görə hökm dəyişdirilməlidir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X6 apellyasiya şikayətini müdafiə etdilər və şikayətin məzmununa uyğun çıxış edib onun təmin olunmasını kollegiyadan xahiş etdilər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X13 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı və təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olduğunu bildirdi və bu səbəbdən şikayətin təmin edilməməsini, hökmün isə dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Apellyasiya baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, zərərçəkmiş şəxs üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, müdafiə tərəfi apellyasiya müraciətində işin faktiki hallarını və əməlin hüquqi tövsifini deyil, hökmün təqsirləndirilən şəxsə cəza təyin edilməsi hissəsini mübahisələndirməklə hesab etmişdir ki, onun barəsində CM-in 62-ci maddəsində tətbiq edilərək azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmalıdır. Buna baxmayaraq, məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəllənin 397-ci maddəsində nəzərdə tutulan vəzifəsindən, yəni apellyasiya şikayətinin və ya protestinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin cinayət və cinayətprosessual qanunvericiliyin tətbiqinin düzgünlüyünü yoxlamaq vəzifəsindən irəli gələrək hər bir halda Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinin düzgünlüyünü yoxlamışdır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan əməli özünün etirafedici ifadəsi ilə yanaşı, Zərərçəkmiş şəxs, şahidlər Şahid2, Şahid3 ifadələri, 25 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanması, zərərçəkmiş şəxs qismində tanınması və icraata qəbul edilməsi haqqında” qərar, 24 dekabr 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol, 24 dekabr 2023-cü il tarixli “əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokol, “məhkəmə-tibbi ekspertizası”nın 30 yanvar 2024-cü il tarixli, 80 nömrəli rəyi, 05 mart 2024-cü il tarixli “baxış keçirilməsi və götürülmə aparılması haqqında” protokol, 15 mart 2024-cü il tarixli “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokol, “məhkəmə-ballistik ekspertizası”nın 01 aprel 2024-cü il tarixli, 3-16-16/2-3/472 nömrəli rəyi habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası təqsirliliklə bağlı işin mübahisələndirilməyən faktiki hallarına əsasən əməlin düzgün olaraq CM-in 126.1-ci maddəsi ilə tövsif edildiyini nəzərə alaraq, cəza məsələsinə qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun yetkinlik yaşına çatmayan şəxs olmasını CM-in 59.1.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən etməmişdir. Birinci instansiya məhkəməsinin hökmü çıxarıldıqdan sonra cəzanı yüngülləşdirən yeni hal yaranmamışdır. Hökmdən, o, da görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs düzgün olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Məhkəmə bu cəza növünü seçməklə həm işin faktiki hallarını düzgün qiymətləndirmiş, həm cəzanı yüngülləşdirən halı kifayət qədər nəzərə almış, həm də Cinayət Qanununun cəzanın məqsədlərindən bəhs edən 41.2-ci maddəsinin tələblərinə əməl etmiş, habelə cəzanın həddini ən aşağı həddə müəyyən etməklə təqsirkarın barəsində kifayət qədər ədalətli davranmışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında Azərbaycan Respublkasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: -dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir; -cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. Bundan başqa, kollegiya müdafiəçinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə hesab edir ki, cəzanın daha yüngül cəza növü ilə əvəz edilməsi üçün iş üzrə müstəsna halların olması da müəyyən edilməmişdir. Belə ki, CM-in 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmçinin, CM-in 62.2-ci maddəsinə görə isə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Lakin işdən görünür ki, istər təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, o cümlədən cinayətin motiv və məqsədi baxımından, istərsə də təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallar baxımından işdə müstəsna hallar yoxdur. Hökmdə nəzərə alınan cəzanı yüngülləşdirən hal isə müstəsna halların olmasını şərtləndirmir. Kollegiyanın qənaətinə görə müstəsna hallar bir qayda olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, o cümlədən cinayətin motiv və məqsədi, habelə təqsirkarın şəxsiyyətini səciyyələndirən hallarla bağlı olan elə halları ehtiva edir ki, belə halların nəticəsində cinayətin ictimai təhlükəliliyi əhəmiyyətli dərəcədə azalır, təqsirkar özünün ən yüksək etimada layiq olduğunu, habelə islah olunduğunu sübut etmiş olur, iştirakçılıqla törədilən cinayətlərdə həmin cinayətin üstünün açılmasına fəal kömək edir və s. Lakin, hazırkı cinayət işi üzrə məhkəmə tərəfindən müəyyən edilən cəzanı yüngülləşdirən hal müstəsnalıq barədə məhkəmə kollegiyasında təsəvvür formalaşdırmır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin aşağı endirilməsi və ya maddənin sanksiyasında nəzərdə tutulmayan daha yüngül cəza ilə əvəz edilməsi, məhkum olunduğu Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsinin tətbiq edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Ona görə də kollegiya hesab edir ki, müdafiə tərəfinin apellyasiya şikayətinin CM-in 62-ci maddəsinin tətbiqi ilə bağlı dəlilləri əsassızdır. Beləliklə, yuxarıda göstərilən səbəblərə görə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə apellyasiya şikayətinin dəlillərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli 1(099)- 502/2024 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar