Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-757/2022 26.09.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi), X14 və X6 ibarət tərkibdə, məhkəmə iclası katibi X9, dövlət ittihamçısı X16, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 7 saylı vəkil bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum olunmalarına dair Ağcabədi Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 1(017)-72/2022 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ağcabədi Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 1(017)-72/2022 saylı hökmü ilə (sədrlik edən hakim Etibar Quliyev) xx xxxx 1985-ci il tarixdə Ağcabədi rayonunun Şənlik kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində bir azyaşlı, bir yetkinlik yaşına çatmayan olmaqla iki uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Zərdab Rayon Məhkəməsinin 12 fevral 2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsi tətbiq edilmklə 10 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, 11 fevral 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Ağcabədi şəhəri Xəlfərəddin küçəsində qeydiyyatda olan və Ağcabədi şəhəri K.Nəsibov küçəsində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbs edilməsi, cəza çəkməsinin əvvəli 29 iyun 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 1(017)-72/2022 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs 09 yanvar 2022-ci il tarixdə saat 08 radələrində ünvan 1 ünvanında yerləşən Ağcəbədi rayon Mərkəzi Xəstəxanasının həyətinə giriş darvazasının qarşısında çox saylı ticarət obyektlərinin və insanların sıx hərəkət etdiyi küçədə, VAZ-2106 markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilini saxlayıb müştəri gözləyən fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan Ağcabədi şəhər sakini X4 görüb ona yaxınlaşaraq, Ağcabədi şəhəri Xəlfərəddin küçəsində yaşayan qonşusu Sevinc Abbasovanın evinə gedərək onunla yaxın münasibətdə olduğunu bəhanə edib narazılığını bildirmiş və bir daha həmin küçəyə getməməsini tələb etmiş, özünün müstəsna şəxs olduğunu, şəxsiyyətini digərlərinin şəxsiyyəti fövqündə qoyaraq üstünlüyünü nümayiş etdirmək, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək məqsədi ilə qəsdən Rüstəm İsmayılovla mübahisə edib ətrafdakı şəxslərə əhəmiyyət verməyərək, yaxınlıqda yerləşən obyektlərdə çalışan şəxslərə və orda olan müştərilərə qarşı əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, həmçinin cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş darvanış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək heç bir əsaslı səbəb olmadan uca səslə Rüstəm İsmayılovun ünvanına nalayiq ifadələr işlətmiş, bundan sonra xəstəxananın həyətindən ağac parçası götürüb həmin əşyadan silah qismində istifadə edərək Rüstəm İsmayılovun üzərinə hücum edib ona zor tətbiq edəcəyi ilə hədələmiş, sonuncu avtomaşına əyləşdiyi üçün o, silah qismində istifadə etdiyi ağac dəyənəklə Rüstəm İsmayılova məxsus VAZ-2106 markalı avtomobilin ön alın şüşəsini vurub qırmış və qabaq örtüyü isə vurub əzərək ona ümumilikdə 140 manat məbləğində maddi ziyan vurmaqla təxminən 20 dəqiqə müddətində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi hədəsi və silah qismində istifadə olunan əşyadan istifadə etməklə özgənin əmləkının zədələnməsi ilə müşayiət edilən, qərəzli xuliqanlıq hərəkətləri etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Ağcabədi Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 1(017)-72/2022 saylı hakim Quliyev Etibar tərəfindən qəbul edilmiş ədalətsiz qərarın ləğv edilməsini, onun barəsində düzgün və ədalətli məhkəmə araşdırması aparılmasını, haqq-ədalətin bərpa edilərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun istintaq işini Ağcabədi şəhərində polis idarəsində baş müstəntiq polis mayoru Nizami Əsədov qərəzli olaraq aparmış və qərəzli olaraq Ağcabədi Rayon Məhkəməsinə təqdim etmişdir. Belə ki, o tanıdığı taksi şoferi ilə kiçik mübahisə etmiş, aralarında heç bir dava-dalaş olmamışdır. Bildirir ki, o, 2-ci qrup ruhi xəstədir, mübahisə zamanı xəstəliyi ilə əlaqədar olaraq əsəbləşib və yerdən kiçik daş parçası götürərək həmin maşının qabaq aynasına vurub. Bildirir ki, həmin taksi şoferi ilə öz aralarında razılaşmışlar və Rüstəm İsmayılovun ondan heç bir şikayəti və tələbi yoxdur. Belə ki, müstəntiq ona məlum olmayan bəzi bəzəkli cümlələrdən istifadə etmiş və qərəzli olaraq Azərbaycan Respublikası CM-nin 221.3 maddəsinə keçid edilmiş, məkkəməyə də Azərbaycan Respublikası CM-nin 221.3 maddəsi ilə də təqdim edilmişdir. Təqsirləndirilən şəxs bildirir ki, hakim Quliyev Etibar isə öz növbəsində heç bir məhkəmə araşdırması aparmamış və müstəntiqin qərəzli, qeyrisəmimi, haqq-ədalətinə söykənərək cinayət işini müdafiə etmişdir. Onun himayəsində 2 az yaşlı övladı və 62 yaşında xəstə anası var. Özü də 2-ci qrup əlildir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs çıxış edərək göstərdi ki, ibtidai istintaq qərəzli aparılmışdır. Özü də 2-ci qrup əlildir və himayəsində 2 az yaşlı övladı və xəstə anası var. Ədalətli qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Təqsirləndirilən şəxsin müdafiəçisi X7 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini, təqsirləndirilən şəxsin barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı X16 Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkəmə tərəfindən düzgün tövsif olunduğunu, ona cəza təyin edilərkən Cinayət Məcəlləsində nəzərdə tutulmuş və həmin Məcəllədə göstərilməyən cəzanı yüngülləşdirən halları, şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanın ailəsinə təsirinin kifayət qədər nəzərə alındığını, birinci instansiya məhkəməsinin hökmünün ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliyə uyğun qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs X10 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaya görə hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin və dövlət ittihamçısının çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 1(017)-72/2022 saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən normaların tələbi baxımdan birinci instansiya məhkəməsi iş üzrə müəyyən olunmuş sübutları tam, hərtərəfli yoxlayıb hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından düzgün qiymət vermişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı yuxarıda sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə Ağcəbədi Rayon Məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun qeyd edilən cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Ağcəbədi Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 1(017)-72/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Belə ki, iş materiallarında olan Təqsirləndirilən şəxs özünün etirafedici ifadələrindən, həmçinin zərərçəkmiş şəxs qismində tanınıb dindirilmiş X3, şahid qismində dindirilmiş X8, X11, X15, X13,X12 ifadələrindən, həmçinin,cinayət işinə əlavə edilmiş 11 yanvar 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan, Ağcabədi rayon polis şöbəsinin 15 aprel 2022-ci il tarixli, 4/129-1150 saylı əməliyyat protokolundan və iş materiallarında olan digər dəlillərdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin dəlillər birinci instansiya məhkəməsinin hökmündə geniş şəkildə təsvir edildiyindən, apellyasiya instansiyasə həmin dəlilləri təkrar sadalamağıı məqsədəuyğun hesab etmir. İş materiallarında olan Gəncə şəhəri Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli 266 nömrəli ekspertiza rəyindən görünür ki, Novruzov X2, Nevrotik Reaksiyalar və Kəkələmə İlə XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F48.0 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik nevrotik səviyyədə və az ifadəli olması səbəbindən, o hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli müalicə tədbirlərinə ehtiyacı yoxdur. İş materiallarında olan Ağcabədi rayon X18 Hüquqi şəxsin verdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji və nevroloji kabinetlərdə qeydiyyatda durur. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, X5 məxsus ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 140 manat maddi zərər dəymişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən, hökmün surətindən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs Zərdab Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə ona 10 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, çəkilməmiş cəzası qalmamışdır. İş materiallarında olan Ağcabədi RİHB-nın Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Ağcabədi RİHB-nın Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində biri azyaşlı, biri yetkinlik yaşına çatmayan olmaqla iki uşağı vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs X10 Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, barışmasını və sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Apellyasiya şikayətində Təqsirləndirilən şəxs haqqında ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Bu baxımdan məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinin tövsifi və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməsi məsələsini müzakirə edərək hesab edir ki, birinci instansiyada işə baxan məhkəmə bu məsələnin həlli zamanı cinayət qanunvericiliyinin normalarına düzgün əməl etmiş, iş materiallarında mövcüd olan təkzibedilməz dəlillər əsasında Təqsirləndirilən şəxs əməlinin tövsifi ilə bağlı düzgün qərar qəbul edərək onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozitiv şərtlərinə uyğun olduğunu müəyyən etməkdə haqlı olmuş, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə əməl etməklə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, onun cinayətin törədilməsində iştirak dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməsi məsələsini müzakirəsi zamanı aydın oldu ki, birinci instansiya məhkəməsində işə baxılarkən Təqsirləndirilən şəxs əməlindən səmimi peşiman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını,himayəsində biri azyaşlı,biri isə yetkinlik yaşına çatmayan iki uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngulləşdirən hal kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdınan halların olmadığını nəzərə almışdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 8ci bəndinə əsasən xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi ilə müşayiət edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Qərarın 9-cu bəndində göstərilir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə, silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Buraya cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və ya soyuq silah, həmçinin qaz silahı aid edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası həmçinin belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən bütün halları nəzərə almış, apellyasiya məhkəmə baxışı zamanı onun cəzasının yüngülləşdirən hər hansı yeni bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin təmin edilməməsi haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 1(017)-72/2022 saylı hökmü dəyişdirilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1, 398.1.1, 407 və 408-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 1(017)-72/2022 saylı hökmü dəyişdirilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-757/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-757/2022
26.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver