Məhkəmə qərarları › İş №1(106)-770/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-770/2022

21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-770/2022 21.09.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), X14 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X20, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X8 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X8 Üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi “Arbitrium” Vəkil Bürosunun vəkili X4, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM-in) 125-ci maddəsi ilə məhkum edilməsinə dair Sabirabad Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 1(056)-10/2022 nömrəli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 1(056)-10/2022 nömrəli hökmü (X1) ilə xx.xx.1967-ci il tarixdə Sabirabad rayonu Muradbəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Sabirabad rayonu, Yuxarı Axtaçı kəndində qeydiyyatda olmaqla yaşamış, Sabirabad Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qərarı ilə barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş , Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 28 sentyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılması haqqında yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxsin hüquqi varisi X5 apellyasiya şikayəti verərək, Sabirabad Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 1 (056)-10/2022 saylı hökmün ləğv edilməsini, Azərbaycan Respublikası CM-in 125 və 133.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində həmin Cinayət sanksiyasında nəzərdə tutulmuş ən son həddə ağır cəza təyin edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayət sankisiyasına uyğun olmayan az müddətli, daha yüngül cəza təyin etmişdir. Birinci instansiya məhkəməsi ittiham aktında qeyd olunan cinayət faktoruna düzgün qiymət verməmiş, daha doğrusu vermək istəməmiş, hökm çıxararkən təqsirləndirilən şəxsə elan edilmiş Azərbaycan Respublikası CM-in 133.1-ci maddəsi ilə verilmiş ittihamı qanunsuz olaraq xaric etmişdir. Məhkəmə hökm çıxararkən təqsirləndirilən şəxsə qarşı elan edilmiş cinayət sankisiyasına düzgün hüququ qiymət verməmiş, daha doğrusu vermək istəməmiş, cinayət sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüngül cəza təyin etmişdir. Cinayət iş üzrə dindirilmiş şahid ifadələrinə düzgün qiymət verməmiş və ya vermək istəməmiş, təqsirləndirilən şəxsin əməllərindəki işgəncə faktorunu qiymətləndirmək istəməmişdir. Məhkəmə ittiham aktına uyğun olmayan hökm çıxarmaqla təqsirləndirilən şəxsə təqsirli bilindiyi Cinayət Məcəlləsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya məhkəməsi iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsi tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmadan Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın həddən artıq yüngül olduğunu göstərib, apellyasiya şikayətinin təmin olunaraq, Sabirabad Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli hökmünü ləğv edib, Azərbaycan Respublikası CM-in 125 və 133.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş ən son həddə ağır cəza təyin edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə məlumat verilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 məhkəmə iclasına gəlməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X13 Əhmədovanın səhhəti ilə bağlı üzrlü səbəbdən məhkəmə iclasında iştirak etmədiyini bildirmiş və sonuncunun xahişinə əsasən onun iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxsin hüquqi varisinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Baş prokurorluğunun X8 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X8 Üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı apellyasiya şikayətinin qismən təmin olunaraq, birinci instansiyası məhkəməsi zamanı dövlət ittihamçısı X15 tərəfindən Təqsirləndirilən şəxs üçün təklif olunuş həddə azadlıqdan məhrum etmə cəzasını təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin eitaz edərək, onun əzassız olduğunu qeyd edib, birinci instansiyası məhkməsinin hökmünün dəyişdirlmədən saxlanılmasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM-in) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası zərər çəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətində, onun nümayəndəsinin isə apellyasiya məhkəmə baxışındakı çıxışının dəlillərində işin faktiki hallarını mübahisələndirmələrini nəzərə alıb, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi, həmin Məcəllənin 133.1-ci maddəsi ilə verilmiş ittihamın ümumi ittihamdan xaric edilməsi barədə birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanununun normalarına riayət edilib edilməməsi, yekunda isə zərər çəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, məhkum olunmuş şəxsin, onun müdafiəçisinin zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin və dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, aşağıdakı əsaslara görə zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti təmin edilməməli, lakin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 133.1-ci maddəsi ilə verilmiş ittihamın Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən ümumi ittihamdan xaric edilməsinə dair müddəalar Azərbaycan Respublikası CPM-in 397.2-ci maddəsinin tələblərinə əsasən Sabirabad Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli hökmündən xaric edilməklə hökm dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 133.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 43.1-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlara, yəni zərər çəkmiş şəxsin hüquqi varisi X2 ifadəsi, zərərçəkmiş (mərhum) X6 ifadəsi, şahidlər X7, X16, X33, X10, X17, X21, X26, X27, X22, X18, X19, X11, X23 və X12 ifadələri, məhkəmə-kimyəvi, kompleks məhkəmə-kriminalistik (trassoloji), məhkəmə-materialşünaslıq, məhkəmə-tibbi (bioloji), kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyləri, maddi sübut və işdə olan istintaq hərəkətlərinə dair protokollarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırlmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətindən və onun nümayəndəsinin məhkəmə iclasında çıxışından görünür ki, Azərbaycan Respublikası CM-in 125 və 133.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində həmin maddələrin sanksiyasının son həddində nəzərdə tutulmuş daha ağır cəza təyin edilməsi barədə hökm çıxarılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinin Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın yüngül olması, sonuncuya daha onun barəsində Azərbaycan Respublikası CM-in müvafiq maddələrinin sanksiyasında göstərliən cəzanın son həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə dəlillərini əsaslı saymır. Belə ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 125-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsində dindirilən təqsirləndirilən şəxsin ifadəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə səhər saat 10 radələrində evin həyətində olarkən Sevinc evə gəlmiş, sonuncuya tərəf yaxınlaşarkən Sevincin telefonla danışdığını görmüş, danışığından Sevincin bacısı Mehparə Orucova ilə danışdığını hiss etmiş, lakin onların nə danışdıqlarına fikir verməmişdir. Sadəcə Sevinc telefonla danışarkən sonuncuya yaxınlaşıb nəyə görə hirsli olduğunu soruşmuş, Sevinc də əli ilə onu kənara itələmişdir. Həyətdə nar ağaclarının dibinə peyinləri yaymağa getmiş, təxminən 5-10 dəqiqə sonra Sevinc tərəfə baxdıqda orada Sevincin yandığını görüb dərhal Sevincin yanına qaçmış, sonuncuya yaxınlaşıb həyəcanlı halda alovu söndürməyə çalışmış, yerdə evin eyvanından asılmış xalçanı görüb onu götürmüş, daha sonra xalça ilə Sevinci alovun sönməsi üçün bürümüş, lakin alov sönməmiş, xalça da yanmağa başlamış, Sevincin isə səsi gəlməmişdir. Həmin vaxt xalça ilə özü qarışıq üzərinə yıxılıb xalçanı bükərək Sevinci söndürməyə çalışmışdır. Özünün də qıçlarının arasından alov çıxmağa başlamış, əli ilə alovu söndürməyə çalışsa da əlləri yanmış, lakin əlləri ilə üstündəki alovu söndürə bilmişdir. Özünü itirmədən Sevincin üzərinə su tökərək alovu söndürmüşdür. Su tökdükdən sonra Sevinc öskürərək özünə gəlmiş, Sevincə nə etdiyi və niyə özünü yandırdığını soruşduqda Sevinc gəlib onu götürməsini bildirmişdir. Sevincə özünün də yandığını və götürə bilməyəcəyini söyləmişdir. Həmin vaxt Sevinc ona Qədirin nömrəsini deyərək zəng etməsini bildirdikdə öz mobil nömrəsi ilə Qədirin nömrəsini yığaraq təcili onlara gəlməyini bildirmişdir. Əli yanmış olsa da Sevinci yerdən qaldırmış, sonuncunu yataq otağına aparmış, orada Sevincə kömək etmiş, Sevinc əynini dəyişmiş, yanmış paltarları çıxartmış, evdə həmişə geyindiyi paltarlar geyinmişdir. Təqribən 5 dəqiqə sonra Qədir evə gəlmiş, ona heç bir söz demədən Sevinci aparmışdır. Sevinc xəstəxanaya aparıldıqdan sonra Sakitə zəng edib çağırmış, Sakit gəlib öz maşını ilə onu öz evlərinə aparmışdır. Orada bacısı Mehparənin tibbdən başı çıxdığı üçün Sabirabad rayonundan ağrıkəsici dərmanlar, iynə, maz aldırıb onun əllərinə və qıçlarına sarğı qoydurmuşdur. Həmin gün Sevinci əvvəlcə Saatlı RMX-ya, oradan isə Bakı şəhərində yerləşən 5 saylı Yanıq Mərkəzinə aparıldığını eşitmişdir. xx.xx.2020-ci il tarixdə Samit ona zəng edib Sevincin xəstəxana xərcləri üçün 2000 manat pul lazım olduğunu demiş və həmin pulu onun özünə göndərməyini xahiş etmişdir. Özündə əvvəlcədən 1900 manat pul olduğundan qardaşı Niyaməddinə Samitə verməsi üçün təqdim etmiş, Niyaməddin də həmin gün pulu Samitə vermişdir. Təqribən 5 gün sonra Samit ona yenidən zəng edib Sevincin xəstəxana xərcləri üçün pul lazım olduğunu deyib ondan yenə 2000 manat pul istəmişdir. Samitə pulu olmadığını demiş, lakin sonuncuya həyətindəki iki baş yanıbalalı inəyi satıb əldə olunan pulu Sevincin xəstəxanasına verməyini bildirdikdə Samit də onunla razılaşmışdır. Növbəti gün 2000 manatı hazır edib Samitə zəng vurmuş və Samit gəlib həmin pulu götürərək aparmışdır. Samit getdikdən təqribən 1 saat sonra Rəqsanəyə zəng edib Sevinci görmək istədiyini, xəstəxanaya gələcəyini dedikdə sonuncu ona Bahadurun onu görə biləcəyini, bu səbəbdən də oraya getməməyini tövsiyə etdikdə sonuncuya getməyəcəyini bildirmişdir. Lakin sonradan Sevincin yanına getmək qərarına gəlmişdir. Həmin ərəfələrdə bir qədər sağaldığından Sevinc yemək bişirtdirib qardaşı Niyaməddinlə 5 nömrəli Yanıq xəstəxanasına getmişdir. Xəstəxananın həyətində Sevincin qardaşı Hikmətin oğlu Mərhəməti görmüş, ondan Sevincin vəziyyətini soruşmuş, sonuncu ona Sevincin vəziyyətinin yaxşı olduğunu demişdir. Mərhəmətə yemək gətirdiyini dedikdə sonuncu ilk əvvəl heç bir söz deməsə də sonradan Mərhəmət ona Bahadurun icazə vermədiyini demişdir. Xəstəxanaya daxil olmaq istəsə də onu oraya buraxmadıqlarından evə qayıtmışdır. 2020-ci ilin dekabr ayının 17-də Samit ona zəng edib Sevincə dərman almaq üçün yenidən 2000 manat pul istəmişdir. Həmin vaxt onun üstündə pul olmadığından borc tapmaqlarını, nə qədər pul qoysalar hamısının pulunu ödəyəcəyini demişdir. Samit də ona heçnə deməmişdir. xx.xx.2020ci il tarixdə Sevinc aldığı yanıq xəsarətlərdən ölmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 31 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlər-sağ və sol əlin üst və ovuc səthlərində, sağ və sol budun ön və iç səthlərində, xayalıqda, sol baldırın ön səthində 2-3-cü dərəcəli yanıq yaraları-yüksək hərarətli alovun yerli təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Birinci instansiya məhkəməsində dindirilən şahid X24 ifadəsindən görünür ki, Sevinc İbadova Bakı şəhərində Yanıq Mərkəzində müalicə aldığı vaxt onun müalicə xərcləri üçün Muğamadın qardaşı Niyaməddin İbadov ona 1900 manat, Təqsirləndirilən şəxs isə 2000 manat pul vermişdir. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərər çəkmiş şəxs X25 özünü yandırdıqdan sonra onu söndürməyə çalışmaqla zərər çəkmiş şəxsin həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına yönələn hərəkətlər etməsi və Azərbaycan Respublikası CM-in 59.1.11-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hal kimi və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Sevinc İbadovanın Bakı şəhərində Yanıq Mərkəzində müalicə aldığı vaxt Təqsirləndirilən şəxs Sevinc İbadovanın müalicə xərcləri üçün ümumilikdə 3900 manat məbləğində pul ödəməsi, cinayətin törədilməsindən sonra onun öz hərərkətlərindən peşman olması və davranışına tənqidi yanaşması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsə Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı olan hallar, habelə təyin edilmiş cəzanın cəza təyinetmənin məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olunması baxımından qanuni və ədalətli olmuşdur. Belə ki, Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Məhkəmə kollegiyası təyin olunmuş cəza məsələsini işin faktiki halları ilə müqayisəli şəkildə yoxlayaraq hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələrini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cinayətin törədilmə üsulu və şəraiti, habelə sosial ədalətin bərpası kimi hallar kifayət qədər nəzərə alınmışdır ki, bu halda təyin olunmş cəzanın cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğun olan qanuni və ədalətli cəza kimi qəbul olunmalıdır. Zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətində Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə yanaşı CM-in 133.1-ci maddəsi ilə də Təqsirləndirilən şəxs təqsirli bilib onun barəsində ağır cəza təyin edilməsi ilə bağlı dəlillərinə gəldikdə, məhkəmə kollegiyası həmin dəlillərlə bağlı aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsinin hazırki iş üzrə 16 iyun 2022-ci il tarixli məhkəmə iclas protokolunda əks olunmuş dövlət ittihamçısının çıxışından görünür ki, o, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 133.1-ci maddəsi ilə irəli sürülmüş ittihamdan imtina etmişdir. Azərbaycan Respublikası CPM-in 32.2.8-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət prosesində tərəflərin çəkişməsini təmin etmək məqsədi ilə dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibini həyata keçirir və cinayət təqibindən imtina edir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 314.2-ci maddəsində göstərilir ki, məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarında Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ictimai ittiham üzrə məhkəmə baxışında dövlət ittihamçısının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi məhkəmənin cinayət təqibinə şərtsiz xitam verməsilə nəticələnməlidir. Dövlət ittihamçısı ittihamın müdafiəsindən (cinayət təqibindən) tam imtina etdikdə (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə CPM-in 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə bütövlükdə xitam verilməsi barədə qərar çıxarmalı, qismən imtina etdikdə isə onun imtina olunmuş hissəsinə xitam verməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in normalarına düzgün istinad etməmiş, dövlət ittihamçısının ittihamın müdafiəsindən qismən imtina etməsinə baxmayaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 133.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibinə CPM-in 43.1-ci maddəsinə əsasən xitam verilməsi barədə qərar qəbul etməli olduğu halda, yanlışdığa yol verərək həmin ittihamı Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ümumi ittihamdan xaric etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək qeyd edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Azərbaycan Respublikası CPM-in 397.2-ci maddəsinin tələblərinə əsasən Sabirabad Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 133.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 43.1-ci maddəsinə əsasən xitam verilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və CPM-in 43.1, 314.2, 397, 398.1.1, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 1(056)-10/2022 №-li, 16 iyun 2022-ci il tarixli hökmü Azərbaycan Respublikası CPM-in 397.2-ci maddəsinə əsasən dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 133.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 43.1-ci maddəsinə əsasən xitam verilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən CPM-in 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar