Məhkəmə qərarları › İş №1(106)-79/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-79/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-79/2025 14.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Xasməmmədov Elçin İsgəndər oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi Hüseynov Pünhan Sübhan oğlunun katibliyi Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X5 üzrə Şöbəsinin prokuroru X9, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X4 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(017)-122/2024 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağcabədi Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli 1(017)-122/2024 nömrəli hökmü ilə (hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi) xx.xx.1973-ci il tarixdə Ağcabədi rayonunun Hindarx qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi rayonunun Hindarx qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 24 mart 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi, «Ağcabədi Rayon Mərkəzi X11 Şəxs»in poliklinikasının narkoloji kabinetində qeydiyyata götürülməsi qərara alınmış, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edimişdir. İŞİN HALLARİ Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi, xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 5,35 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib bir ədəd kibrit qutusunda əynindəki qara rəngli gödəkcənin sağ yan cibində daşıyaraq saxlamış, 24 mart 2024-cü il tarixdə Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamasında və satışı ilə məşğul olmasında şübhəli bilinərək Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisində yerləşən “Planet” marketin qarşısında idarə etdiyi “Xəzər” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilində olan zaman saxlanılaraq saat 12:15-də Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi RPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 13:35-dən başlayaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkcənin sağ yan cibində qəsdən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda əldə edib daşıyaraq saxladığı bir ədəd kibrit qutusunda, təmiz çəkisi 5,35 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, barəsində olan cinayət işinə yenidən baxılıb ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, hökmdən narazıdır, ailəlidir, iki övladı var. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X6 apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə uyğun çıxış etdilər və apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq göstərdi ki, narkotik vasitə ona məxsus olmamış, həmin narkotik vasitə polis əməkdaşları tərəfindən döyülərək və işgəncə edilərək üzərinə qoyulmuşdur. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X14 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edərək, onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, təqsirləndirilən şəxsə bəraət verilməsi, əməlinin hüquqi tövsifinin dəyişdirilməsi və ya ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətinin təmin olunmamasını və Ağcabədi Rayon Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, məhkum edilmiş şəxs işin faktiki hallarını və təqsirlilik məsələlərini mübahisələndirərək barəsində qeyri-obyektiv və ədalətsiz hökm çıxarıldığını hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CM-in 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-in 25.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma bu maddə ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 2№-li Qərarının 9-cu bəndində qeyd edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Yuxarıda qeyd olunan Qərarında Ali Məhkəmənin Plenumu vurğulamışdır ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Onu da qeyd etmək lazımdır ki, törədilən cinayətin tərkib əlamətlərinin müəyyən edilməsi və əməlin Cinayət Qanunu norması üzrə tövsif edilməsi yuxarıda qeyd edilən Cinayət Məcəlləsinin müvafiq normaları əsasında aparılsa da, törədilən əməlin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi prosedurlar əsasında aparılır. Bu mənada Cinayət-Prosessual Məcəllənin müvafiq normalarının müəyyən etdiyi hüquqi prosedurların xatırladılması da zəruridir. Azərbaycan Respublikası CPM-in 124.1 və 124.2-ci maddələrinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1 və 138.2-ci maddələrinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Cabardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Beləliklə, apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təqsirliliklə bağlı məsələni cinayət və cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normaların tələbləri baxımından nəzərdən keçirən məhkəmə kollegiyası müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin törədilməsində onun təqsiri cinayət işinin materiallarında olan mötəbər sübutlarla tam təsdiq olunur. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən cinayətin baş verib-verməməsi, onun həmin cinayəti törətməkdə qəsdinin olubolmaması kimi mühüm əhəmiyyət kəsb edən əlamətlər yoxlanılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş aşağıdakı sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəklində sonuncunun qeyd edilən cinayəti törətməsi nəticəsinə gəlmək üçün əsas verir və kifayət edirlər. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni Təqsirləndirilən şəxs etirafedici ifadəsi ilə yanaşı, şahidlər Şahid1, Şahid2, Şahid3 ifadələri, 24 mart 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi və əməliyyat qrupunun yaradılmasına dair” qərar, “şəxsi axtarış və götürmə barədə” protokol, “baxış keçirilməsi haqqında” protokol, 25 mart 2024-cü il tarixli, 18/319 saylı və 28 iyun 2024-cü il tarixli, 1136 nömrəli ekspert rəyləri habelə iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi yuxarıda qeyd olunan sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan görünür ki, o, xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 5,35 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxlamışdır. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilərək göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, uzun müddət Rusiya Federasiyasının Xabarovisk şəhərində yaşayaraq hörgü ustası işləmiş, təxmnən 10 aydır ki, doğulduğu Hindarx qəsəbəsinə gəlmiş və həmin qəsəbədə yaşayıb. O, Rusiya Federasiyası ərazisində yaşadığı vaxtlarda hərdən bir narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmiş, bura gələndən sonra hərdən narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmişdir. O, narkotik vasitələrin istifadəsi ilə məşğul olduğu üçün Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə 1 il 6 ay azadlıqdan məhrum edilmişdir. O, Bakı şəhərindən gündəlik taksi fəaliyyəti ilə məşğul olmaq üçün etibarnamə ilə “Xəzər” markalı, **-RE-*** nömrə nişanlı avtomobil götürüb idarə etmişdir. Əvvəllər Bakı şəhərində hazırda isə Ağcabədi rayonunda taksi fəaliyyəti ilə məşğul olmuşdur. Onun həmkəndlisi X16 onunla qonşuluqda yaşamış və bir-birilərini tanımışdır. Sədi tutulmamışdan təxminən 1 ay əvvəl ondan telefonunu xahiş etmiş və bir nəfər şəxslə “WhatsApp” da danışacağını bildirmişdir. Sədi onun istifadəsində olan mobil telefonun “WhatsApp” ani mesajlaşma proqramından + 98 914 *** **** saylı xarici ölkəyə məxsus mobil nömrənin vhatsapı ilə danışmış, həmin şəxslə danışdıqdan sonra ona müraciət edərək “sənə yol pulunu verəcəm gedək Bakı şəhərindən “veş” götürüm sonra qayıdaq” sözlərini demişdir. O, taksi fəaliyyəti ilə məşğul olduğu üçün Sədi ilə razılaşmış və Sədini Bakı şəhərinə aparmışdır. Bakı şəhəri ərazisində yerləşən aeroport yolunda Sədi ondan avtomobili saxlamasını xahiş etmiş və avtomobildən endikdən bir müddət sonra bir ədəd torba götürüb avtomobilə minmişdir. O, Sədini gətirib Hindarx qəsəbəsi ərazisində yerləşən məktəbin yanında avtomobildən endirmiş, Sədi onun yol pulunu vermişdir. Onun həmin vaxt Sədinin həmin torbada nə gətirdiyini bilməmişdir. Bir neçə gün sonra həmin nömrədən onun vhatsapına zəng gəlmiş və zəngi açıb həmin şəxslə danışan zaman həmin şəxsin İran vətəndaşı olduğunu bilmişdir. Həmin şəxs ona narkotik vasitə satdığını demişdir. Onun maddi problemləri olduğu üçün həmin adını bilmədiyi İran Respublikası vətəndaşından 45 qram qurudulmuş marixuana sifariş etmiş və həmin şəxsin ona göndərdiyi xatırlamadığı kart hesabına 400 manat pul göndərmişdir. O, pulu göndərdikdən sonra 45 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı Bakı şəhərində hava limanı yoluna qoyulmuş və ona konum atılmışdır. O, 01 ədəd şəffaf rəngli torbanın içərisinə qoyulmuş 45 qram qurudulmuş marixuananı götürmüş və tanımadığı şəxslərə sataraq ümumilikdə 700 manat gəlir əldə etmişdir. Həmin marixuanadan bir kibrit qutusunu da özündə saxlamışdır. O, xx.xx.2024- cü il tarixdə 11:30 radələrində idarə etdiyi “Xəzər” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi rayon Hindarx qəsəbə ərazisində yerləşən Planet marketin qarşısında dayanmış və həmin vaxt ona 3 nəfər şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmiş, bundan sonra ona narkotik vasitə istifadə etməkdə, üzərində saxlamaqda və satışında şübhəli olduğunu bildirirb onu Ağcabədi RPŞ-ya dəvət etmişlər. O, polis əməkdaşlarının qanuni tələbinə tabe olmuş və idarə etdiyi “Xəzər” markalı avtomobillə birlikdə Ağcabədi RPŞ-ya gətirilmişdir. RPŞ-nin duracağında onun avtomobilinə baxış keçirilmiş, lakin avtomobildən heç bir narkotik vasitə aşkar olunmamışdır. İran Respublikası vətəndaşından aldığı 45 qram qurudulmuş marixuanadan qalmış içərisində narkotik vasitə qurudulmuş marixuananın olduğu bir ədəd kibrit qutusunu üzərində saxlamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, ona Ağcabədi rayonu Hindarx qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələrin istifadəsində, üzərində gəzdirməsi və satışı ilə məşğul olmasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 8-ci bəndini, 4-cü hissəsinin 2ci bəndinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 445.2-ci maddəsinin tələblərini rəhbər tutaraq “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilərək əməliyyat-axtarış qrupu yaradılmışdır. Qrupun tərkibinə Ağcabədi rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və PPXBnin polis nəfəri, polis kiçik serjantı Şahid3 Elşən oğlu daxil edilmişdir. Qrupa rəhbərliyi o, həyata keçirmişdir. Həmin qərar şöbə rəhbərliyinə məruzə edilərək, şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra həmin şəxsin saxlanılması üçün tərəflərindən zəruri tədbirlər görülmüşdür. 24 mart 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda, daşımaqda və satmaqda şübhəli olan Təqsirləndirilən şəxs yeri müəyyən edilmişdir. 24 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisində yerləşən “Planet” marketin qarşısında idarə etdiyi “Xəzər” lada markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan zaman yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib, onu həmin günü saat 12:15-də avtomobili ilə birlikdə Ağcabədi rayon Polis Şöbəsinə gətirmişlər. Ağcabədi RPŞ-nin inzibati binasının həyətində Təqsirləndirilən şəxs idarə etdiyi “Xəzər” lada markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin avtomobildən cinayət xarakterli əşya və yaxud predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş və Təqsirləndirilən şəxs xahişi ilə seçdiyi vəkil X1 müdafiəçi qismində iştirakı təmin olunmuşdur. Şəxsi axtarış aparmazdan əvvəl şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş və bu barədə bildiriş protokolu Təqsirləndirilən şəxs təqdim edilmişdir. Şübhəli şəxs və müdafiəçisi həmin bildirişi imzalamışdır. Şəxsi axtarış aparmazdan əvvəl prosessual hərəkətin iştirakçılarının şəxsiyyəti dəqiqləşdirilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 3 ədəd mobil telefonu, sağ yan cibindən isə 01 ədəd açarı və 01 ədəd kibrit qutusunu çıxardıb stolun üzərinə qoymuşdur. Həmin kibrit qutusunun qutunun içərisinə baxış keçirilən zaman içərisində yaşıl rəngli, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olduğu aşkar olunmuşdur. Bundan sonra iştirakçıların və müdafiəçinin iştirakı ilə narkotik vasitə qəbul etməkdə, əldə edib saxlamaqda, üzərində gəzdirməkdə və satmaqda şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Götürülmüş kütlə elektron tərəzidə çəkilmişdir. Götürülmüş qurudulmuş marixuanaya oxşar kütlələr kibrit qutusu ilə birlikdə 8,37 (səkkiz tam yüzdə otuz yeddi) qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd kibrit qutusundakı narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə zərfdə qablaşdırılmış və ağzı Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanaraq rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin X12 göndərilmişdir. Bu barədə protokol tərtib edilmiş, doğruluğu imzalarla təsdiq edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2 və Şahid3 da Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan 24 mart 2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. İş materiallarında olan 24 mart 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi və əməliyyat qrupunun yaradılmasına dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin aparılması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. İş materiallarında olan 24 mart 2024-cü il tarixli şəxsi axtarış protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 03 ədəd mobil telefonu, həmin qara rəngli gödəkcənin sağ yan cibindən isə 01 ədəd açar və 01 ədəd kibrit qutusunu təqdim etmişdir. Kibrit qutusuna baxış keçirən zaman içərisində yaşıl rəngli, spesfik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmiş və həmin kütlə aşkar olunduğu qaydada elektron tərəzidə çəkildikdən sonra 8,37 qram olmuş, həmin kütlə qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan 24 mart 2024-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Xəzər” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilə video çəkilişlə baxış keçirilmiş, baxış zamanı avtomobildən hər hansı bir cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. İşdə olan 24 mart 2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung” markalı mobil telefona baxış keçirilmiş, həmin telefonun WhatsApp proqramında “İ” hərfi yazılmış +98 ********** saylı nömrə ilə həyata keçirilmiş söhbətə daxil olan zaman iki ədəd səs yazısının olması müəyyən edilmiş, həmin səs yazısında “ürək, mənəm Sədidir ürək, şoferlə birlikdəyəm, indi pul danışmışam, götürəcəm, 100-200-250 manatı yola irzə, 700 manatı rayondan çıxıb Ucarda-Zərdabda karta atacam, it-qurd güdükdədir, mənə 100 ədəd aynoyun düz-qoş et” sözlərinin deyilməsi müəyyən edilmişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 25 mart 2024-cü il tarixli, 18/319 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdəki bir ədəd kibrit qutusunda təmiz çəkisi – 5,35 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurdulmuş marixuanadır. İşdə olan X8 28 iyun 2024-cü il tarixli, 1136 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edir. Narkotik vasitə olan kannabinoiddən suiistifadə nəticəsində narkomaniya xəstıliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və 04 sentyabr 2024-cü il tarixli hökmdə qanunamüvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında məhkəmə əsaslı olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün olaraq CM-in 234.2-ci maddəsi ilə tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası həmçinin təqsirlərdirilən şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona zor tətbiq olunması, üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması və polislər tərəfindən üzərinə qoyulması ilə bağlı irəli sürdüyü dəlillərə münasibət bildirərək qeyd edir ki, məhkəmə bu hissədə təqsirləndirilən şəxsin iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxs iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonraki qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonraki mərhələlərində iddia etdiyi hallarla bağlı heç bir orqana müraciət etməmiş, habelə sair qaydada iddia etdiyi halları mübahisələndirməmişdir. Həmçinin Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı verdiyi ifadələrində təqsirini boynuna alaraq törətdiyi əməli etiraf etmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apellyasiya baxışı zamanı əməlini inkar edərək verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törətməsi işdə olan mötəbər sübutlarla tam təsdiq olunur. Həmin sübutlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni üsullarla əldə edilmişdir, mənbələri, habelə mənsubiyyəti məlumdur, təqsirliliklə bağlı hissədə müəyyən nəticəyə gəlmək üçün kifayət edirlər. Bu baxımdan həmin sübutlar CPMin 125-ci maddəsinə əsasən mötəbər sübutlar kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Cəza məsələsinə gəldikdə isə kollegiya aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edir. CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almış, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Ağcabədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə şərti azad edilmiş, xx.xx.2018-ci il tarixdə isə cəzası başa çatmışdır, məhkumluğu yoxdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun yaşayış yeri üzrə müsbət xarekterizə olmasını və törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, həmçinin cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirli bilib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs cəzanın məqsədlərini təmin edən həddə azadlıqdan məhrum etmə növündə qanuni və ədalətli cəza təyin etmiş, cəzanın həddini aşağı həddə yaxın müəyyən etməklə sonuncu barəsində kifayət qədər ədalətli davranmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi cəza məsələsində də düzgün nəticəyə gəlmiş, bu hissədə cinayət və cinayət-prosessual qanunvericiliyi düzgün tətbiq etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli 1(017)-122/2024 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar