Məhkəmə qərarları › İş №1(106)-807/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-807/2022

04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-807/2022 04.10.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Əhəd oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi Üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X5, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi X4 iştirakları ilə, Təqsirləndirilən şəxs Zahid oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Lənkaran Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 1(099)-475/2022 saylı hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 1(099)-475/2022 saylı hökmü ilə (sədrlik edən hakim Cəlil Nəbiyev) xx xxxx 2004-cü ildə Tovuz rayonunun Düz-Qırıxlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, Ş.Şükürov küçəsi, döngə 2, ev 1-də qeydiyyatda olmaqla orada yaşamış, barəsində 09 mart 2022-ci ildə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsionin 234.1-ci maddəsi ilə 1 (bir) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti cəza 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı, yəni 2022-ci ilin mart ayının 08dən 09-dək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət, yəni 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti bir günə azadlığın məhdudlaşdırılması növündə cəzanın 2 günü bərabər tutulmaqla ona təyin edilmiş cəzaya hesablanmaqla çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd bükümdə 3,050 qram psixotrop maddə olan metamfetamini və qanunsuz olaraq bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, ölçülərinə və konstruktiv əlamətlərinə əsasən soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində daşımaqla saxlamış, 08 mart 2022-ci ildə, saat 04:15 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Şirvan şəhəri, Ş.Şükürov küçəsində yerləşən 1 nömrəli tam orta məktəbin yaxınlığında saxlanılaraq Şirvan şəhər polis şöbəsinin inzibati binasına gətirilmiş, həmin gün saat 05:35-də üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən üzərində “Rothmans” yazısı olan siqaret qutusunda, bir ədəd sellofan bükümün içərisində təmiz çəkisi 3,459 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və əynindəki şalvarın kəmərinin arxa sağ tərəfinə keçirdiyi bir ədəd soyuq silah hesab edilən ov bıçağı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmişdir. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı apelyasiya protestində göstərmişdir ki, Təqsirləndirilən şəxs əməlinin tövsifinin birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə dəyişdirilməsi ilə razılaşmır. Belə ki, Təqsirləndirilən şəxs üzərində saxladığı narkotik vasitə olan metanfetaminin çəkisi 3,05 qram olmaqla küllü miqdardan çox olmuşdur. Məhkəmə qərarını onun narkotik maddə satmaq niyyətinin olması barədə işdə hər hansı sübutun olmamasına, özünün narkotik vasitə istifadəçisi olmasına istinad etmişdir. Lakin Təqsirləndirilən şəxs belə bir niyyəti sonradan da yarana bilərdi. Ona görə məhkəmənin onun narkotik vasitənin satışı ilə bağlı hər hansı razılaşma olmasına dair işdə hər hansı sübutun olmamasına istinad etməsi düzgün olmamışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(099)-475/2022 saylı hökmü ləğv edilməli Təqsirləndirilən şəxs barəsində onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü və 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılması barədə hökm çıxarılmalıdır. Dövlət ittihamçısı apellyasiya baxışı zamanı çıxışında protesti müdafiə etmiş, təmin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi çıxışında protestin təmin edilməməsini xahiş etmişdir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə dəyişməsi düzgün olmuşdur. Onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi birinci instansiya məhkəməsində özünün ifadəsi və aşağıda sadalanan digər sübutlar əsasında sübuta yetirilmişdir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddəsi ilə təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri təqsirli bilərək ifadəsində göstərmişdir ki, valideynləri ilə birgə Şirvan şəhərində yaşayır. Valideynlərinin xəbəri olmadan bir neçə aydır ki, psixotrop maddə metamfetamindən istifadə etməyə başlamışdır. 2022-ci ilin mart ayının 07-dən 8-nə keçən gecə saat 02 radələrində yaşadığı Şirvan şəhəri, Ş.Şükürov küçəsində olarkən içərisində bir bükümdə metamfetamin olan “Rothmans” markalı siqaret qutusunu görüb onu öz istifadəsi üçün götürmüş, sonra küçədə gəzərkən 1 nömrəli orta məktəbin yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq, onu polis şöbəsinə aparmış, şöbədə üzərinə anasının və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində olan bıçağı və az əvvəl taparaq cibinə qoyduğu siqaret qutusunu içərisində metamfetaminlə birlikdə çıxarıb polis əməkdaşına təqdim etmiş, sorğu-sual zamanı metamfetamini küçədən taparaq öz istifadəsi üçün üzərində saxladığını, heç vaxt narkotik vasitə və ya psixotrop maddənin satışı ilə məşğul olmadığını bildirmişdir. Üzərinə keçirilən şəxsi baxışdan sonra protokol tərtib edilərək orada iştirak edən şəxslər, eləcə də onun tərəfindən imzalanmışdır. Hazırda özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.4-cü maddələri ilə təqsirli bilməsini, ilk dəfə cinayət törətməsini, gənc olmasını və təqsirini etiraf etməklə əməlindən peşmançılıq keçirməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin PPXB-nün manqakomandiri vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən məhkəməyədək icraatı zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, 08 mart 2022-ci ildə gecə saat 04:15 radələrində polis əməkdaşları ilə xidmətdə olarkən Şirvan şəhəri, Ş.Şükürov küçəsində adını sonradan bildiyi Təqsirləndirilən şəxs özünü şübhəli aparmasını görüb ona yaxınlaşarkən, həmin şəxs qaçaraq aradan çıxmaq istəmiş, sonuncununu saxlayaraq polis şöbəsinə aparmış, şöbədə anasının və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkçənin sol yan cibindən üzərində “Rothmans” yazısı olan siqaret qutusunun içərisində bir ədəd sellofan büküm, üzərində olan şalvarın kəmərinə keçirdiyi bir ədəd bıçağı çıxarıb onlara təqdim edərək, sellofan bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmiş, sonra keçirilən baxışla bağlı protokol tərtib olunaraq baxışda iştirak edən şəxslər, eləcə də Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. İş materiallarında olan “şəxsi axtarış keçirilməsi haqqında” 08 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi baxış keçirilərkən üzərindən psixotrop maddə metamfetamin və bir ədəd bıçaq aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 08 mart 2022-ci il tarixli, 18/289 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində və “Təqsirləndirilən şəxs” üzərindən sözləri yazılmış kağız paketdəki 01 ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi-3,459 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan məhkəmə-ekspertizasının 11 mart 2022-ci il tarixli, 18/290 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd bıçaq-zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və ölçülərinə, konstruktiv əlamətlərinə əsasən ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən dəyişikliklər edilməmişdir və soyuq silah hesab edilir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 08 aprel 2022-ci il tarixli, 1689 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların nsui-istifadə edilməsi ilə nəticələnən başlanğıc mərhələli narkomaniya xəstəliyi aşkar olunur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 18 yaşına çatmamış narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.1-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. İş materiallarında olan AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 15 iyun 2022-ci ildə Təqsirləndirilən şəxs 18 yaşı tamam olmuş, yəni yetkinlik yaşına çatmışdır. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatdığını nəzərə alaraq hesab edir ki, ona cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməlidir. İş materiallarında olan məhkəmə-psixiatriya ekspertizasının 08 aprel 2022-ci il tarixli, 856 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, Təqsirləndirilən şəxs həmçinin, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətindədir. İş materiallarında olan “Şirvan şəhər mərkəzi xəstəxanası” X7 arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikada narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. Birinci instansiya məhkəməsi araşdırılmış yuxarıda sadalanan sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlmişdir ki, bu sübutlar Təqsirləndirilən şəxs küllü miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etmiş olması nəticəsinə gəlinməsi üçün kifayət etmir. Ona görə məhkəmə kllegiyası bu nəticəyə gəlir ki, protest əsassız olduğundan təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(099)-475/2022 saylı hökmü dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndi ilə məhkəmələrə izah olunur ki, “ təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Bu izahdan da belə görünür ki, təkcə narkotik vasitənin küllü miqdarda və ya küllü miqdardan dəfələrlə çox olması, narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməsi nəticəsinə gəlməyə əsas vermir. Bu o vaxt belə qənaətə gəlməyə əsas verən amillərdən biri kimi qiymətləndirilə bilər ki, satış məqsədini təstiq edən digər sübutlar da mövcud olsun. İşdə Təqsirləndirilən şəxs əvvəlcədən kimlərləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi istər ibtidai istintaq, istərsə də məhkəmə baxışında öz təstiqini tapmamışdır. Başqa bir tərəfdən Təqsirləndirilən şəxs yeni başlamış narkotik vasitə istifadəçisi olduğundan ondan aşkar edilmiş psixotrop maddə onun bir neçə gün və ya bir neçə həftə ərzində tələbatına uyğun miqdar olmuşdur. Cinayətin tövsifi törədilmiş konkret ictimai təhlükəli əməlin əlamətlərinin Cinayət Məcəlləsində abstrakt şəkildə təsvir edilmiş oxşar əməllərin əlamətləri ilə müqayisə edilib şəxsin Məcəllədə göstərilmiş əməllərdən hansını törətmiş olmasının müəyyən edilməsindən ibarətdir. Yalnız o tövsüf düzgün olacaq ki, törədilmiş əməlin bütün əlamətləri Məcəllədən ona uyğun olduğu hesab edilərək seçilmiş maddədə göstərilmiş əlamətlərlə tam üst-üstə düşmüş olsun. Təqsirləndirilən şəxs əməlinin tövsüfünə bu qaydada yanaşılanda onun əməlinin əlamətlərinin tam şəkildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində abstrakt şəkildə təsvir edilmiş əməlin əlamətləri ilə üstüstə düşdüyü görünür. İttihamın Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3.4.3-cü maddəsi ilə verilmiş ittihamın düzgün olmasını əsaslandırmaq üçün istinad etdiyi sübutlar yalnız Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə daşıması şübhəsini yarada bilər. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsində isə qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İstintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edibetməməsi şübhəsini həll etmək üçün şübhəni ittihamın xeyrinə əsaslandıracaq başqa heç bir sübut əldə etməyə cəhd belə etmədən yaranan şübhəni CPM-in 145.3-cü maddəsinin tələbinin ziddinə olaraq özünün verdiyi ittihamın xeyrinə təfsir etmiş, məhkəmə də düzgün olaraq Təqsirləndirilən şəxs əməlinin tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə dəyişdirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəza da işin hallarına, Təqsirləndirilən şəxs şəxsiyyətinə və törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmuşdur. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndi ilə məhkəmələrə tövsiyyə edilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «cəzanın anlayışı və məqsədi» adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulan məqsədlərin əldə edilməsi Təqsirləndirilən şəxs ona birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı çəkməsi ilə mümkündür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.1-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edə bilər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmamaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxsin izahatını, müdafiəçinin çıxışını, dövlət ittihamçısının rəyini, dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 1(099)-475/2022 saylı hökmü dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1-ci, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Zahid oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Lənkaran Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 1(099)-475/2022 saylı hökmü dövlət ttihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti ilə əlaqədar dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: İsmayıl Əhmədov Hakimlər: Məhəmməd Bağırov Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar