Məhkəmə qərarları › İş №1(106)-817/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-817/2024

03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-817/2024 03.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Zeynalov Musa Həsən oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 X10 prokuroru X6, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X4, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və onun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2024-cü il tarixli 1(099)-364/2024 saylı hökmündən məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2024-cü il tarixli 1(099)-364/2024 saylı hökmü ilə (sədrlik edən hakim Cavid Səfərli), xx xxxxxx 1982-ci il tarixdə Yevlax rayonunun Xaldan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, hazırda məhkumluğu olmayan, evli, fərdi qaydada kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1997-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, işləməyən, Gəncə şəhəri, Nəriman Nərimanov küçəsi, ev 34, mənzil 15-də yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 17 mart 2023-cü il tarixdən hesablanmaqla 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 17 mart 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkum edilmişlər ona görə ki, onlar, qəsdən külli miqdarda narkotik vasitənin qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak məqsədilə əldə edilməsi, saxlanılması və daşınması ilə razılaşaraq məlum olmayan şəxslər tərəfindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 3-cü sərhəd zastavasının 23-cü sahəsində, İmişli rayonu ərazisində yerləşən avtomobil yolunun kənarında, işıq dirəyinin altında gizlədilmiş həmin külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 3180 qram qurudulmuş marixuananı Tural adı ilə məlum olan şəxsin idarə etdiyi “BMW” markalı avtomobillə Gəncə şəhərindən İmişli rayonunun ərazisinə gedərək, qeyd olunan yerdən bir ədəd bağlamanın içərisində olan həmin külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 3180 qram qurudulmuş marixuananı 17 mart 2023-cü il tarixdə, saat 00:10 radələrində satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, saxlayıb, daşıyarkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmışlar, Təqsirləndirilən şəxs2 bir ədəd bağlamada həmin külli miqdarda narkotik vasitə, ümumi təmiz çəkisi 3180 qram marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs1 apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə onun barəsində hökm çıxararkən onun ailə vəziyyətini, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə almamışdır. O ikinci qrup əlildir. Ona görə məhkəmədən ona güngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 apellyasiya şikayətində göstərmişdir ki, onun cinayət törədilməsində heç bir iştirakı olmamışdır. Məhkəmə onun işini lazımınca araşdırmamış, nəticədə qanunsuz və ədalətsiz hölkm çıxarmışdır. Belə ki, məhkəmə istintaqın qərəzli və saxtakarlıqla aparılmış və onun hüquqlarının pozulması ilə ədalətsiz hökm çıxarılmışdır. O özünü yalnız marixuana narkotik istifadəçisi kimi təqsirli hesab edir. Əməlindən peşamandır, əvvələr məhkum olunmamışdır. Məhkəmədən onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsüf edilməsini xahiş edir. Dövlət ittihamçısı apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin birinci instansiya məhkəməsində sübuta yetirildiyini, onlara işin hallarına uyğun ədalətli cəzalar təyin edildiyini göstərərək apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 vəkili Rəsul Mənsimov apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək Təqsirləndirilən şəxs1 əməlinin tövsifinin 234.1-ci maddəsinə dəyişdirilməsni, ona həmin maddə ilə cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 vəkili Kənan Əbdürəhamnov çıxışında Təqsirləndirilən şəxs2 bəraət verilməsini xahiş etmişdir. HÜQUQ MƏSƏLLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan və birinci instansiya məhkəməsinin iclasında araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməsi düzgün olmuşdur. Onların qeyd edilən cinayəti törətmələri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərinin istintaq zamanı verdiyi etirafedici ifadələri, birinci instansiya məhkəməsində ifadə vermiş şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 ifadələri, ekspert rəyləri, istintaq hərəkətləri protokolları, maddi sübut əsasında sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin mart ayının əvvəllərində Gəncə şəhərindən tanıdığı və birlikdə bir neçə dəfə narkotik vasitə marixuana istifadə etdiyi Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlamış və ona demişdir ki, onun İmişli rayonunda bir tanışı var, həmin şəxs özü marixuana əkib-becərir və onlar həmin şəxsdən ucuz qiymətə istədikləri qədər marixuana ala bilərlər. Elçin də onun kimi narkotik vasitə qurudulmuş marixuana istifadə etmişdir. Elçin özü üçün 50 qram marixuana istəmişdir. Onlar düşünüb bir yerdə qərara gəlmişlər ki, onsuz da narkotik vasitə qurudulmuş marixuanadan istifadə edirlər və ayrı-ayrı şəxslərdən əldə etdikləri bir kibrit qutusu marixuanaya 60-70 manat pul verirlər. Elçinlə razılaşmışlar ki, ondansa İmişlidəki tanışından marixuana alsınlar və müəyyən müddət ərzində onu istifadə etsinlər. Əslində o, Elçinə bu barədə yalan demişdir. Belə ki, Elçinə narkotik vasitənin İrandan qaçaq yolla keçiriləcəyini deməmiş, çünki Mövsüm ona tapşırmışdır ki, narkotik vasitənin haradan əldə etməsi barədə heç kəsə heç nə deməsin. İranlı Mövsüm bir dəfə telefon danışığında ona demişdir ki, marixuananın 100 qramını ona 500 manata verər. Bu isə həm ona, həm də Elçinə sərf etmişdir. Kobud hesablayanda iranlıdan 200 qram marixuana alsalar bu təxminən 50 kibrit qutusu edir. Bu qədər marixunanı təxminən 3 ay çəkmək olar. Bu səbəbdən əvvəlcə Elçinlə aralarında razılığa gəlmişlər. Lakin Elçin 50 qram, o isə 150 qramın pulunu ödəmişdir. Yəni o, 750 manat, Elçin isə 250 manat pul verməli imiş. O, Elçindən borc pul istədiyindən 5 mart 2023-cü il tarixdə sonuncu ona qaynanası X3 adına verilmiş "xxxx" (Leobank) bank hesabına 120 manat pul göndərmiş, Elçin ona 10 mart 2023-cü il tarixdə adına olan "xxxx" hesabına 130 manat da əlavə göndərib demişdir ki, ona olan 120 manat borcun üzərinə həmin 130 manatı da gəlib, ümumilikdə 250 manat pulun üzərinə öz 750 manatını da qoyub, cəmi 1000 manat pulu İmişlidəki tanışına göndərsin ki, tanışı da onlara 200 qram qurudulmuş marixuana versin. Elçinlə aralarında olan bu razılaşmadan sonra o, iranlı Mövsümə zəng edib 200 qram qurudulmuş marixuananı sifariş etmiş və sonuncunun ona göndərdiyi hazırda xatırlamadığı hesaba 1000 manat köçürmə etmişdir. Bundan sonra Mövsüm narkotik vasitənin keçiriləcəyi barədə ondan xəbər gözləməsini demişdir. 16 mart 2023-cü il tarixdə, saat 19:30 radələrində Mövsüm ona zəng edib demişdir ki, sifariş etdikləri narkotik vasitəni artıq qanunsuz yolla adamları vasitəsilə İrandan Azərbaycana keçirmişdir. Mövsüm onun telefonuna konum göndərmiş və demişdir ki, həmin konum üzrə İmişli rayonunun Hacırüstəmli kəndinə gedib sifariş etdikləri narkotik vasitəni oradan götsünlər. O, Mövsümə Elçin barəsində, Elçinə də Mövsüm barəsində heç nə deməmişdir. Elçin onun adını belə bilməmişdir. Elçin yalnız İmişli sakini olan tanışı tərəfindən əvvəlcədən qoyulmuş yerdən narkotik vasitə qurudulmuş marixuananı götürəcəklərini bilmişdir. Mövsümün zəngindən sonra o, dərhal Elçinlə əlaqə saxlamış və sonuncuya İmişli sakini olan tanışının ona zəng etdiyini, narkotik vasitəni bir yerə qoyduğunu, həmin ünvanın konumunu göndərdiyini və gedib onu götürmək tapşırığını verdiyini demişdir. Elçin ondan İmişliyə necə gedəcəklərini soruşduqda, o demişdir ki, Gəncədən olan Tural adlı tanış taksi sürücüsü ilə gedə bilərlər. Tural Bakı-Gəncə marşrutu üzrə hərəkət etməklə taksi fəaliyyəti ilə məşğul olan, arabir başqa bölgələrə də sifariş götürən, istifadəsində qara rəngli "BMW" markalı (39 kuza kimi tanınan), 99-209 (seriyasını bilmir) avtomobili olan şəxs olmuşdur. 16 mart 2023-cü il tarixdən 17 mart tarixinə keçən saat 23:50 radələrində onlar İmişliyə çatmış və iranlı Mövsümün göndərdiyi konum üzrə İmişli rayonunun Hacırüstəmli kəndinin ərazisinə konum üzrə ünvana çatdıqdan sonra Turala demişdir ki, avtomobili saxlasın və onunla Elçini gözləsin. Tural avtomobili saxlamış, o və Elçin avtomobildən düşüb işıq dirəyinə doğru getmiş, avtomobildən təxminən 20-30 metr aralaşanda sonra birdən Elçin ona bağlamanı gördüyünü demiş və ona yaxınlaşıb götürmək istəyərkən sərhədçilər tərəfindən saxlanılmışdır. O, həmin an Elçindən təxminən 5-6 metr aralıda olmuş, Elçin saxlanılan kimi o da yerində dayanmış və saxlanılmışdır. Bundan sonra hal şahidlərinin iştirakı ilə bağlamanın içərisinə baxış zamanı oradan narkotik vasitə marixuana aşkar olunaraq götürülmüş, müvafiq qaydada qablaşdırılmış, möhürlə möhürlənmişdir. Təqsirləndirilən şəxs2 özü istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, 2017-ci ildən narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir, döyüşlərdən sonra ağrıları olduğundan marixuana onun ağrılarını sakitləşdirir. 2023-cü ilin mart ayının əvvəllərində Gəncə şəhərindən tanıdığı Təqsirləndirilən şəxs1 ona zəng edərək İmişli rayonunda marixuana əkib-becərən tanışının olduğunu, həmin şəxsin becərdiyi marixuananın keyfiyyətli olduğunu, həmçinin daha ucuz qiymətə istədikləri qədər qurudulmuş marixuana ala biləcəkləri demişdir. Arzu da onun kimi narkotik vasitə qurudulmuş marixuana istifadə etmişdir. O, Arzuya demişdir ki, ona 50 qram marixuana lazımdır. Onlar düşünüb bir yerdə qərara gəlmişlər ki, onsuzda narkotik vasitə qurudulmuş marixuanadan istifadə edirlər və ayrı-ayrı şəxslərdən əldə etdikləri bir kibrit qutusu marixuanaya 60-70 manat pul verirlər. Arzu ilə razılaşmışlar ki, ondansa Arzunun İmişlidəki tanışından marixuana alsınlar və müəyyən müddət ərzində onu istifadə etsinlər. Arzu ona demişdir ki, özü üçün 150 qram sifariş edəcəkdir. O isə Arzuya demişdir ki, ona 50 qram sifariş etsin. Arzu demişdir ki, həmin tanışına özü 750 manat, o isə 250 manat pul verməlidir. Arzu ondan borc pul istədiyindən 05 mart 2023-cü il tarixdə onun "xxxx" (Leobank) bank hesabına 120 manat pul göndərmişdir. 10 mart 2023-cü il tarixdə isə Arzunun "xxxx" hesabına 130 manat da əlavə göndərib demişdir ki, ona olan 120 manat borcun üzərinə həmin 130 manatı gəlib, ümumilikdə 250 manat pulun üzərinə öz 750 manatını da qoysun və cəmi 1000 manat pulu İmişlidəki tanışına göndərsin ki, tanışı da onlara 200 qram qurudulmuş marixuana versin. Həmin narkotik vasitəni əldə etdikdən sonra Arzu 150 qramı özünə, 50 qram isə ona verməli olmuşdur. Ödənişi etdikdən sonra Arzu ona demişdir ki, İmişlidəki tanışından cavab gözləyir. 16 mart 2023-cü il tarixdə, saat 19:30 radələrində Arzu ona zəng edib İmişlidəki tanışı zəng edib və narkotik vasitənin hazır olduğunu demişdir. Onlar razılaşmış və 16 mart 2023-cü il tarixdə, saat 21:30 radələrində Gəncə şəhərinin çıxacağında yerləşən "Lukoil Petrol" yanacaqdoldurma məntəqəsində yanacaq doldurub taksi sürücüsü Turalı adlı şəxsin BMW markalı avtomaşınla İmişli istiqamətində çıxmışlar. 17 marta keçən gecə saatlarında İmişliyə çatmışlar Arzunun göstərməsi ilə hərəkət etmişlər, sonra Arzu Turala demişdir ki, avtomobili saxlasın və onları gözləsin. Tural avtomobili saxlamış, o və Arzu avtomobildən düşüb işıq dirəyinə doğru getmişlər. Avtomobildən təxminən 20-30 metr aralaşdıqdan sonra o, yerdə işıq dirəyinin altında bağlamanın olduğunu Arzuya demiş və ona yaxınlaşıb götürmək istəyərkən sərhədçilər tərəfindən saxlanılmışdır. Həmin an o, Arzudan təxminən 5-6 metr aralıda olmuş, o saxlanılan kimi Arzu da yerində dayanmış və saxlanılmışdır. Sonra həmin bağlamanın içərisinə baxılan zaman orada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələrin olduğu məlum olmuşdur. Beləliklə istər Təqsirləndirilən şəxs1, istərsə də Təqsirləndirilən şəxs2 istintaq zamanı məzmunca bir-birini tamamlayan ifadələr vermiş, bu ifadələr işdə olan digər sübutlara, o cümldən şahid ifadələrinə uyğun olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin sübutlar qiymətləndirilərkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdikləri ifadələrinə qiymət verilərkən və bu ifadələr istintaq zamanı verdikləri ifadələrlə müqayisə edilərkən istintaq zamanı verdikləri ifadələrə üstünlük verməsi düzgün olmuşdur. Bu ifadələr aşağıda sadalanan digər sübutlarla tamamlanaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə verdikləri ifadələrin işin hallarına uyğun olmaması nəticəsinə gəlməyə əsas verir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında tədqiq edilmiş: İş materiallarında olan məhkəmə məhkəmə-bioloji ekspertizasının 28 may 2023-cü il tarixli 7/406 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ rəngli sintetik torbadakı üzəriləri skoçla bağlanmış 3 ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri – 1135,0 qram, 1225,0 qram və 820,0 qram, ümumi çəkisi - 3180,0 qram bitki mənşəli kütlələr tərkibindəki narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin ekspert rəyinin qeyd hissəsindən görünür ki, qurudulmuş marixuananın ümumi çəkisi - 3180,0 (1-19 nömrəli obyekt), tədqiqata istifadə olundu cəmi - 0,15 qram (hər obyektdən 0,05 qram götürüldü), qalıq – 3179,85 qram. Ekspertiza tədqiqatından sonrakı qalıq 3179,85 qram qurudulmuş marixuanna. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat qəpikdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 02 oktyabr 2023-cü il tarixli 5231 nömrəli rəylərindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 03 iyul 2023-cü il tarixli 4125 nömrəli rəylərindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs2 İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 17 mart 2023-cü il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən şəxsi axtarış aparılan zaman bir ədəd «Redmi» markalı mobil telefon, bir ədəd pul qabı, bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd qara rəngli «Leobank»a məxsus plastik kart, bir ədəd sarı rəngli «ATB»-ə məxsus plastik kart, bir ədəd tünd gümüşü rəngli «Beynəlxalq Bank»a məxsus plastik kartlar aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 17 mart 2023-cü il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən şəxsi axtarış aparılan zaman bir ədəd pul qabı, bir ədəd "xxxx"a məxsus plastik kart aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 17 mart 2023-cü il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Biləsuvar rayonunun ərazisində yerləşən 1-ci sərhəd komendantlığı 3-cü sərhəd zastavasının 22-ci sahəsinin arxa istiqamətinə (mühəndistexniki çəpərdən çölə) baxış keçirildi. Ərazi düzənlik relyefə malik, əkin sahələrindən ibarətdir. 22-ci sahədən 3-cü sərhəd zastavasının dislokasiya yerinə qədər məsafə 2500 metrdir. 22-ci sahədə Azərbaycan Respublikası istiqamətində İmişli rayonu Hacırüstəmli kəndi yerləşir, oraya qədər məsafə 1000 metrdir. İmişli rayonu Hacırüstəmli kəndindən 3cü sərhəd zastavasına qədər məsafə 1250 metrdir. 22-ci sahədə İran İslam Respublikası istiqamətində Təzəkənd kəndi yerləşir, oraya qədər məsafə 900 metrdir. İran İslam Respublikasının Təzəkənd kəndindən 3-cü sərhəd zastavasına qədər məsafə 6000 metrdir. 3-cü sərhəd zastavasının 22-ci sahəsinin arxa istiqamətində “Axtarış qrupu” xidmətini təşkil edən sərhəd naryadı tərəfindən saat 00:10 radələrində 69 nömrəli sərhəd nişanından təxminən 100 metr solda, dövlət sərhəd xəttindən 1250 metr, əsas mühəndis çəpərindən 350 metr aralıda, İmişli rayonunun Hacırüstəmli kəndinin yaxınlığında iki nəfər şəxs saxlanılmış, həmçinin qeyd olunan ərazidə kolluğun arasında işıq dirəyinin dibində bir ədəd bağlama aşkar olunaraq götürülmüşdür. Bundan əlavə, 23-cü sahədə əsas nəzarət iz zolağının üzərində 1 nəfərə məxsus Azərbaycan Respublikası-İran İslam Respublikası-Azərbaycan Respubikası istiqamətində izlər aşkar olunmuşdur. Məlum olmuşdur ki, aşkar olunan bağlama qabaqcadan 1 nəfər şəxs tərəfindən İran İslam Respublikası ərazisindən gətirilərək mühəndis çəpərinin yaxınlığına qoyulmuşdur. Mühəndis-texniki çəpərinə baxış keçirilən zaman mühəndis texniki çəpərinin əyilməsi, kəsilməsi və ya deformasiyaya uğraması aşkar olunmamışdır. Ərazidə digər əhəmiyyət kəsb edən predmetlər aşkar edilməmişdir. İş materiallarında olan 17 mart 2023-cü il tarixli «aşkar edilmiş bağlamaya baxış keçirilməsi haqqında» protokoldan görünür ki, 17 mart 2023-cü il tarixdə 3-cü sərhəd zastavasının 22-ci sahəsinin arxa istiqamətində “Axtarış qrupu” xidmətini təşkil edən sərhəd naryadı tərəfindən saat 00:10 radələrində 69 nömrəli sərhəd nişanından təxminən 100 metr solda, dövlət sərhəd xəttindən 1250 metr, əsas mühəndis çəpərindən 350 metr aralıda, İmişli rayonunun Hacırüstəmli kəndinin yaxınlığında iki nəfər şəxs saxlanılmış, həmçinin qeyd olunan ərazidə kolluğun arasında işıq dirəyin dibində bir ədəd ağ rəngli qulpulu bağlama aşkar olunaraq götürülmüşdür. Bağlamanın daxilinə baxış keçirilən zaman içərisində 3 ədəd alt hissəsindən üst hissəsinə doğru şəffaf rəngli yapışqanlı lenlər (skoç) bükülmüş halda torbalar ümumi çəkisi bükümlərlə birlikdə 3400 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddələrin olması müəyyən edilmişdir. Həmin qurudulmuş marixuanaya bənzər maddələr tünd yaşıl rəngində, sıx və qurudulmuş haldadır. Saxlanılan şəxslər narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddələr olan bağlamanı götürmək məqsədilə əraziyə gəldiklərini etiraf etmişlər. İş materiallarında olan 17 mart 2023-cü il tarixli (Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilmiş) "xxxx" ASC-nə məxsus "4098 5844 7167 5163" nömrəli kartına baxış keçirilməsi haqqında protokoldan görünür ki, qeyd olunan bank kartından "**********22095308" nömrəli tranzaksiya ilə 16 mart 2023-cü il tarixdə, saat 21:24-də, "R2060160 LUKOİL" hesabına 20 manat məxaric edilmişdir. "**********97734142" nömrəli tranzaksiya ilə 6 mart 2023-cü il tarixdə, saat 14:11-də, "4098 5844 7167 5163" hesabına 120 manat mədaxil edilmişdir. İş materiallarında olan 28 iyul 2023-cü il tarixli Təqsirləndirilən şəxs2n məxsus "xxxx" ASC-nə məxsus "4098 5844 7167 5163" nömrəli kartına baxış keçirilməsi haqqında protokoldan görünür ki, 10 mart 2023-cü il tarixdə, saat 09:47-də, “www.birbank.az” tətbiqi vasitəsilə "xxxx" ASC-nə məxsus "5213 6751 9703 8905" nömrəli bank kartı hesabından 130 manat məxaric edilmişdir. İş materiallarında olan 27 mart 2023-cü il tarixli «maddi sübut kimi tanınması haqqında» qərarla Təqsirləndirilən şəxs2 saxlanılan zaman aşkar edilərək götürülmüş, hmçinin Təqsirləndirilən şəxs1 istifadəsində olmuş "xxxx" ASC-nə məxsus “**********675163” nömrəli bank kartı maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 27 iyul 2023-cü il tarixli «maddi sübut kimi tanınması haqqında» qərarla ekspertiza tədqiqatından sonrakı qaluq 3179,85 qram qurudulmuş marixuanna maddi sübut kimi tanınaraq DSX-nin İstintaq və Təhqiqat İdarəsinə təhvil verilmişdir. İş materiallarında olan 28 iyul 2023-cü il tarixli «maddi sübut kimi tanınması haqqında» qərarla Azər-Türk Bank" ASC-nə məxsus "5213 6751 9703 8905" nömrəli bank kartının cinayətin törədilməsində vasitə kimi istifadə olunduğunu, həmin bank kartı maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 19 avqust 2023-cü il tarixli Təqsirləndirilən şəxs1n məxsus "xxxx" ASC-nə məxsus "4169 7413 1605 7908" nömrəli kartına baxış keçirilməsi haqqında protokoldan görünür ki, 10 mart 2023-cü il tarixdə, saat 13:47-də, “birbank” tətbiqi ilə kartdan karta köçürmə üsulu ilə Təqsirləndirilən şəxs1 "xxxx" ASC-nə məxsus "4169 7413 1605 7908" nömrəli hesabına 130 manat mədaxil edilmişdir. Qeyd olunan köçürmə “Azər – Türk Bank”a məxsus 521367******8905 nömrəli (Təqsirləndirilən şəxs2 məxsus bank kartı) hesabdan məxaric edilmişdir. İş materiallarında olan 19 avqust 2023-cü il tarixli «maddi sübut kimi tanınması haqqında» qərarla Kapital Bank" ASC-nə məxsus "4169 7413 1605 7908" nömrəli bank kartının cinayətin törədilməsində vasitə kimi istifadə olunduğunu, həmin bank kartı maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 17 mart 2023-cü il tarixli «inzibati qaydada tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 02:15 və X12 həmin 02:25 radələrində inzibati qaydada tutulmuşlar. İş materiallarında olan 17 mart 2023-cü il tarixli «şübhəli şəxs qismində tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və X12 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 18 mart 2023-cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs1 və X12 barələrində həbs olunmasının əvvəli 17 mart 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qərarı ilə X12 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o həmin tarixdə həbsdən azad edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2023-cü il tarixli “təqsirləndirilən şəxslərin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında” qərarla təqsirləndirilən şəxs X12 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o dərhal məhkəmə iclas zalından həbsə alınmışdır. İş materiallarında olan 04 iyul 2023-cü il tarixli Respublika Narkoloji Xəstəxanası Publik Hüquqi şəxsin məktubundan görünür ki, X12 xəstəxanada qeydiyyatda durmur, Təqsirləndirilən şəxs1 isə xəstəxanada qeydiyyatda olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin 16 mart 2019-cu il tarixli “Məhkum edilmiş bir sıra şəxslərin əvf olunması haqqında” sərəncamına əsasən Təqsirləndirilən şəxs1 cəzasının çəkilməmiş hissəsindən azad olunmuş, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamədən görünür ki, X9 əvvələr məhkum olunmamışdır. İş materiallarında olan 13 mart 2018-ci il tarixli Axərbaycan respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarından və Silahlı qüvvələrin Baş Klini Hospitalının 4087 nömrəli çıxarış epeqrizinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 döyüş zonasında xidmət keçərkən xx.xx.2016-cı ildə Fizuli rayonu, Lələtəpə hündürlüyü istiqamətilərində gedən döyüşlər zamanı mərminin partlaması nəticəsində belindən yaralanmış, xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilədək “partlayış travması. Belin sol yarısının yumşaq toxumalarının kor qəlpə yaralanmasına görə aparılmış laparocentezdən sonrakı yarası” diaqnozu ilə müalicə olunmuşdur. İşdə olan, X5 X14 G20-1215 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 İİİ qrup əlil vəsiqəsi verilmişdir. Məhkəməyə təqdim olunmuş 089471 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 müddətsiz müharibə veteranı vəsiqəsi verilmişdir. Məhkəməyə təqdim olunmuş İ-57401 nömrəli, İ-4115 nömrəli vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 qardaşı X7 “vətən Murahibəsi iştirakçısı” və “Şuşanın azad olunması” meddaları ilə təltif olunmuşdur. İş materiallarında 20 sentyabr 2023-cü il tarixli «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi» haqqında qərardan görünür ki, cinayət işinin materiallarından Mövsüm adlı İran vətəndaşı kimi, həmçinin şəxsiyyəti istintaqa Tural adlı şəxs kimi məlum olan şəxs və qeyriləri, eləcə də digər xüsusatlar barəsində Azərbaycan respublikası CM-in 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Birinci instansiya məhkəməsi araşdırılmış yuxarıda sadalanan sübutların məcmusuna əsaslanıb, düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad edilən əməlləri törətmişlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri əsassızdır. Belə ki, Təqsirləndirilən şəxs1 apellyasiya şikayətində ona cəza təyin edilərkən onun ailə vəziyyətinin, himayəsində azyaşlı uşaqlarını olmasının nəzərə alınmamasını, onun əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməli olmasını göstərmişdir. Təqsirləndirilən şəxs2 apellyasiya baxışı zamanı cinayətin törədilməsində heç bir təqsirinin olmadığını göstərsə də apellyasiya şikayətində əməlinin tövsifinin CM-in 234.1-ci maddəsinə dəyişmək xahişini irəli sürmüşdür. Lakin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə İmişli raryonuna hansı məqsədlə getməsindən məlumatı olmuş, onlar narkotik vasitə istifadəçiləri olaraq uzun müddətə istifadə üçün yetərli olan daha ucuz marixuana əldə etmək məqsədi güdmüşlər. Məhkəmə kooolegiyası hesab edir ki, məhkəmənin hökmü “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının tövsiyyələrinə də uyğun olmuşdur. Qeyd edilən Plenum qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaq zamanı verdikləri ifadələr əsasında ittiham hökmünün çıxarılması qeyd edilən Plenum qərarının tövsiyyəsinə uyğun olmuşdur. Qeyd ediulənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmiş, məhkəmə düzgün olaraq onları satış məqsədi olmadan küllü miqdarda narkotik vasitələri əldə etməkdə təqsirli bilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi də işin hallarına, əməlin ictimai təhlükəliliyinə və xarakterinə uyğun olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 45-ci bəndində qeyd edlir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi də Plenum qərarının qeyd edilən tövsiyyələrinə uyğun olmuşdur. Beləliklə qeyd edilənlər nəzərə alınmaqla apellyasiya şikayətləri təmin edilməməli, Lənkəran Ağır Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(099)-364/2024 saylı hökmü dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.1-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməməsi barədə qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.4-ci, 399-cu 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2024-cü il tarixli 1(099)-364/2024 saylı hökmü, həmin hökmdən məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən dəyişdirilməsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar