Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-82/2023 12.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə, Quliyev Orxan Sabir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X4 şöbəsinin prokuroru, X8, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X2, zərərçəkmiş şəxs X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Beyləqan Rayon Məhkəməsinin 1(020)-76/2022 saylı, 10 noyabr 2022-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, M ü ə y y ə n e t d i : Beyləqan Rayon Məhkəməsinin 1(020)-76/2022 saylı, 10 noyabr 2022-ci il tarixli hökmü (sədrlik edən X5) ilə, X9,xx xxx 1975-ci ildə Füzuli rayonu Seyidmahmudlu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 29 dekabr 2021-ci il tarixli hökmü ilə CM-in 178.2.1,178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 il 7 ay 2 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, barəsində polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-nin 66.2-ci və 66.5-ci maddələrinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01(bir) il 03 (üç) ay 13 (gün) hissəsi hazırki hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs tutulduğu iki gün müddətin hər bir günü CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, iki gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə görə təqsirləndirilən şəxs X9 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, Beyləqan rayonu Aşağı Çəmənli kəndində yaşayan X3 oğlu Sevindik Qədirova 2-ci Qarabağ müşaribəsində iştirak etdiyi üçün təqaüd düzəltməyinə köməklik göstərəcəyi barədə yalan vəd verib, belə niyyəti olmadan aldadaraq vahid niyyətlə ilk öncə Bakı şəhəri ərazisində 2021-ci ilin avqust ayında 2000 manat və sonra Beyləqan rayonu, Əhmədli kəndi ərazisində 2021-ci ilin avqust ayında 2000 manat olmaqla ümumilikdə 4000 manat pulunu ələ keçirib, vədinə əməl etməyərək əldə olunmuş məbləği şəxsi ehtiyacına sərf edərək X3 4000 manat maddi ziyan vurmaqnla dələduzluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Beyləqan Rayon Məhkəməsinin 1(020)-76/2022 saylı, 10 noyabr 2022-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Zərərçəkmiş şəxs şikayətini onunla əsaslandırmışdır ki, Beyləqan Rayon Məhkəməsi tərəfindən hökm çıxarılarkən cinayətin ağırlığı və ictimai təhlükəliliyi, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsi, barışığın əldə edilməməsi kimi hallar nəzərə alınmamış və təqsirləndirilən şəxsə yüngül həddə cəza təyin edilmişdir.Bundan başqa bildirmişdir ki, məhkəmə iclasında adlarından yazılmış guya ədalətli cəzanın təyin edilməsi onların fikri deyildir.Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, X6 azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməsini xahiş edir. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsində çıxışında Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin həbs olunmamasını, lakin ona dəymiş ziyanın ödənilməsini xahiş etdi.Göstərdi ki, məhkəməyə gələrkən Rzayeva Səidə tərəfindən ona olan borcundan 1000 manatı ödənilmiş, qalan hissəsini yaxın vaxtlarda ödəyəcəyi ilə bağlı razılaşmışlar.Ona görədə Səidə Rzayevanın cəzasının ağırlaşdırılmamasını xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında təqsirləndirilən şəxsin müdafiəçisi X7 zərərçəkmiş şəxsin apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Apellyasiya məhkəməsində çıxışında Təqsirləndirilən şəxs apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Göstərdi ki, Zərərçəkmiş şəxs olan borcundan 1000 manatını ödəmiş, qalan hissəsini yaxın vaxtda ödəmək barədə razılaşmışlar. Apelyasiya məhkəməsində çıxışında dövlət ittihamçısı zərərçəkmiş şəxs tərəfindən verilən apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən aslı olmayaraq yoxlanılır. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək zərərçəkmiş şəxs tərəfindən verilən apellyasiya şikayətinin təmin edilməməsi barədə rəyləri dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin 1(020)-76/2022 saylı, 10 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilməməlidir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin və zərərçəkmiş şəxslərin ifadələri, keçirilmiş üzləşdirmə protokolları, istintaq materialları, baxış protokolları, başqa istintaq materialları ilə sübuta yetirilmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə, müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2.1-ci maddəsinə görə şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri cinayət prosesində sübut kimi qəbul olunur. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Apellyasiya şikayətində cinayət qanununun normalarına istinad edilsə də, bu normaların müddəaları göstərilsə də məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Zərərçəkmiş şəxs apellyasiya şikayətində Beyləqan Rayon Məhkəməsinin 1(020)- 76/2022 saylı, 10 noyabr 2022-ci il tarixli hökmünün cəza ilə bağlı hissədə dəyişdirilməsini, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan ağır həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etsədə, apellyasiya məhkəməsində çıxışında ona olan borcun 1000 manatın ödənildiyini, qalan hissəsinin yaxın vaxtda ödənildməsi barədə razılığa gəldiklərini, ona görə də Səidə Rzayevanın cəzasının ağırlaşdırılmamasını xahiş etdi. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən toplanmış sübutlar tədqiq olunaraq Təqsirləndirilən şəxs elan edilmiş ittihamın tam sübuta yetirilməsi qənaətinə gəlinərək, cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qadın olmasını nəzərə alaraq ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8-ci maddəsinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beyləqan Rayon Məhkəməsinin 1(020)-76/2022 saylı, 10 noyabr 2022-ci il tarixli hökmündən aydın olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddələrinin sanksiyasında məhkumların törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Buna görə də Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini əsaslı və qanuni hesab edərək, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsas görmür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Beyləqan Rayon Məhkəməsinin 1(020)-76/2022 saylı, 10 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1-ci və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası Q ə r a r a a l d ı : Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Beyləqan Rayon Məhkəməsinin 11(020)-76/2022 saylı, 10 noyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Elşad Əliyev Hakimlər: Məhəmməd Bağırov İsmayıl Əhmədov
Məhkəmə qərarları › İş №1(106)-82/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-82/2023
12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver