Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-82/2025 14.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Xasməmmədov Elçin İsgəndər oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi Hüseynov Pünhan Sübhan oğlunun katibliyi Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X10 üzrə Şöbəsinin prokuroru X11, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(032)-68/2024 nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli 1(032)-68/2024 nömrəli hökmü ilə (hakim Məmmədli Aydan Zakir qızının sədrliyi) xx xxxx 1991-ci il tarixdə Sabirabad rayonu, Çağırğan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sabirabad rayonu, Çağırğan kəndində qeydiyyatda olmaqla faktiki Şirvan şəhəri, L-nt İbrahimov küçəsi, bina 7, mənzil 16da yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir günü hesabı ilə 02 (iki) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq CM-nin 66.5-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 07 yanvar 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclas zalından həbsə alınması qərara alınmışdır. Həmin hökmlə, həmçinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir. İŞİN HALLARİ Məhkəmənin hökmünə görə Zeynalova (Məmmədli) Simuzər Tarıverdi qızı bir qrup şəxs halında təkrarən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan və silah qismində istifadə olunan əşya ilə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, Zeynalova (Məmmədli) Simuzər Tarıverdi qızı tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında 17 oktyabr 2023-cü il tarixdə, saat 00:30 radələrində ictimai yer hesab olunan Şirvan şəhəri, 1 May küçəsində yerləşən “Ümüd” kafesinin içərisində və çölündə Zərərçəkmiş şəxs1 ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə və özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, sonuncunun ünvanına ucadan nalayiq ifadələr işlətməklə, öz şəxsiyyətlərini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş ümumi əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özləri üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib, ətrafdakı şəxslərin gözü qarşısında qrup üzvü olan Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 saçından tutmuş, o isə onun qolundan çəkərək kafenin çölünə çıxarmaqla onu əli ilə itələyib yerə yıxmış, sonra isə hər ikisi Zərərçəkmiş şəxs1 yerdə olan zaman ayaq və bədən nahiyələrinə qəsdən təpik zərbələri vurmaqla sonuncuya “sol bazunun yuxarı-orta 1/3-də, sağ əlin ovuc səthində, sol budun yuxarı 1/3-də, sol dizdə, sol baldırın orta 1/3-də və sağ dizdə qançırlar, sol diz oynağının əzələ-kapsul bağının gərilməsi” kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Bundan başqa o, 05 yanvar 2024-cü il tarixdə, saat 22 radələrində ictimai yer hesab olunan Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “001” kafesində tanışı Təqsirləndirilən şəxs2 ilə kafeni icarə əsasında işlədən Zərərçəkmiş şəxs2 mübahisə etdiyini görüb, onlara yaxınlaşaraq mübahisənin qarşısını almaq əvəzinə heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən və özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş ümumi əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib, ətrafdakı şəxslərin gözü qarşısında kafenin giriş hissəsində yerləşən pəncərə şüşəsini yerdən götürdüyü daş parçası ilə sındıraraq, Zərərçəkmiş şəxs2 150 (yüz əlli) manat məbləğində maddi ziyan vurub, özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə təkrar xuliqanlıq etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Şirvan Şəhər Məhkəməsinin qeyd olunan hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti verərək, hökmün Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi ilə bağlı hissədə dəyişdirilməsini, CM-nin 70-ci maddəsi tətbiq olunmaqla ona şərti cəza təyin edilməsi və ya CM-nin 79-cu maddəsi tətbiq olunmaqla təyin olunmuş cəzanın təxirə salınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Şirvan Şəhər Məhkəməsi tərəfindən hökm çıxarılarkən işin halları, müdafiə tərəfindən təqdim olunmuş yüngülləşdirici hallar kifayət qədər nəzərə alınmamış, nəticə etibarı ilə təqsirləndirilən şəxsin şəxsiyyətinə və ailə həyatına uyğun olmayan ağır həddə cəza təyin olunmuşdur. Cinayət işi üzrə zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslərin hər ikisi ilə barışıq əldə edərək onlara qarşı şikayət və tələblərinin olmadığını bildirmişlər. Bundan başqa, təqsirləndirilən şəxs Zeynalova (Məmmədli) X4 X19 nikaha daxil olmuş və tərəflərin birgə nikahlarından xx.xx.2009-cu ildə X13 və xx.xx.2011-ci ildə X14 dünyaya gəlmişdir. Yəni, təqsirləndirilən şəxsin himayəsində 1 yetkinlik yaşına çatmayan və 1 azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs1 ilə X15 arasındakı nikah Sabirabad Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(056)-649/2016 saylı qətnaməyə əsasən pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar ana Təqsirləndirilən şəxs1 himayəsinə verilmişdir. Hazırda uşaqlara baxan şəxs valideyn olaraq ana Təqsirləndirilən şəxs1dır. Lakin hazırda həmin uşaqlar ana himayəsindən məhruın olmuşlar. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasında göstərilir ki, ailə və uşaqlar Dövlətin xüsusi himayəsindədir. Həmçinin, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin tələblərini pozmamışdır. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətini müdafiə etdilər və şikayətin məzmununa uyğun çıxış edib onun təmin olunmasını kollegiyadan xahiş etdilər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X16 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı və təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olduğunu bildirdi və bu səbəbdən şikayətin təmin edilməməsini, hökmün isə dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, məhkəmənin hökmü isə cinayət qanununun normasının düzgün tətbiq olunmaması əsası ilə dəyişdirilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, müdafiə tərəfi apellyasiya müraciətində işin faktiki hallarını və əməlin hüquqi tövsifini deyil, hökmün məhkum edilmiş şəxsə cəza təyin edilməsi hissəsini mübahisələndirmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəllənin 397-ci maddəsində nəzərdə tutulan vəzifəsindən, yəni apellyasiya şikayətinin və ya protestinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin cinayət və cinayətprosessual qanunvericiliyin tətbiqinin düzgünlüyünü yoxlamaq vəzifəsindən irəli gələrək hər bir halda Təqsirləndirilən şəxs1 əməlinin hüquqi tövsifinin düzgünlüyünü yoxlamışdır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan əməli özünün etirafedici ifadəsi ilə yanaşı, digər Təqsirləndirilən şəxs2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, X1, şahidlər Şahid4, Şahid3 ifadələri, 08 yanvar 2024-cü il tarixli və 27 yanvar 2024-cü il tarixli “ifadələrin yerində yoxlanılması” protokolları, 06 yanvar 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol, “məhkəmə-tibbi ekspertizası”nın 18 noyabr 2023-cü il tarixli, 562 nömrəli rəyi, 19 yanvar 2024-cü il tarixli verilmiş əməliyyat tapşırığına cavab məktubu, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası təqsirliliklə bağlı işin mübahisələndirilməyən faktiki hallarına əsasən əməlin düzgün olaraq CM-in 221.3-cü maddəsi ilə tövsif edildiyini nəzərə alaraq, cəza məsələsinə qiymət verilməsini məqsədəuyğun hesab edir və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını vacib sayır. Azərbaycan Respublikasının cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 14 noyabr 2011ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: -dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir; -cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. Hökmdən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun zərərçəkmiş şəxslərlə barışmasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, dəymiş ziyanı ödəməsini CM-in 59.1.13-cü maddəsinə, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmiş, CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Cəzanı yüngülləşdirən həmin hallarla razılaşan məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 düzgün olaraq azadlıqdan məhrumetmə növündə cəza təyin edilmişdir. Məhkəmə bu cəza növünü seçməklə həm işin faktiki hallarını düzgün qiymətləndirmiş, həm cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almış, həm də Cinayət Qanununun cəzanın məqsədlərindən bəhs edən 41.2-ci maddəsinin tələblərinə əməl etmişdir. Hətta, xüsusilə vurğulamaq lazımdır ki, məhkəmə Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 221.3-cü maddəsinin sanksiyasında 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğu halda bu cəzanın müddətini 2 il həddində müəyyən etməklə təqsirkarın barəsində yetərli dərəcədə ədalətli davranmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin CM-in 70-ci maddəsinin tətbiqi ilə bağlı hissəsini də araşdıraraq hesab edir ki, işin faktiki halları Cinayət Qanununun bu normasının tətbiqinə əsas vermir. Belə ki, CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-in 70.2-ci maddəsində qeyd olunur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Göründüyü kimi, CM-in 70.2-ci maddəsinin tələbinə görə təqsirkarın cəzasını real olaraq çəkməsinə lüzum olmadığı barədə məhkəmədə qənaət hasil olarsa, o cəzasını şərti çəkə bilər. Lakin yuxarıda qeyd edilən işin faktiki halları (cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, habelə cəzanı yüngülləşdirən hallar) təqsirkarın islah olunması barədə qənaət yaratmadığına görə kollegiya bu cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini mümkün hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi və vurulan ziyanı ödəməsi cəzanı yüngülləşdirən hal kimi nəzərə alınan hal olsa da, bu hal istənilən halda cəzanın şərti sayılması üçün əsas ola bilməz. Belə ki, ədalətli cəzanın meyarlarını müəyyən edən CM-in 8.1 və 58.3-cü maddələri, həmçinin cəzanın şərti hesab edilməsini tənzimləyən CM-in 70.2-ci maddəsinin tələbinə görə, cəza təyini zamanı, habelə cəzanın şərti hesab edilməsi zamanı törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi də nəzərə alınmalıdır. Ona görə də kollegiya Təqsirləndirilən şəxs1 barəsində CM-in 70-ci maddəsinin tətbiq olunması üçün əsasların və ya onun cəzanı real çəkmədən islah oluna biləcəyinə dəlalət edən digər halların olmadığı nəticəsinə gəlir. Bundan başqa, kollegiya apellyasiya şikayətinin təqsirəndirilən şəxin barəsində CMin 79-cu maddəsinin tətbiq edilməsi ilə bağlı dəlillərinə də münasibət bildirərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikasının CM-in 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Qanunun normasından da müəyyən olunur ki, hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsinin təxirə salınması imperativ olaraq müəyyən edilməmişdir. Cəza təyini zamanı qanunvericiliklə müəyyən edilmiş prinsip və normalar mütləq mənada nəzərə alınmalıdır. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİ və İİİ hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 28-ci maddəsinin İ hissəsinə, 147-ci maddəsinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 02 mart 2010-cu il tarixli Qərarında da göstərilmişdir ki, “cəzanın çəkilməsinin təxirə salınmasının mümkünlüyünü nəzərdə tutan CM-in 79.1-ci maddəsi dispozitiv xarakter daşıyır və məsələ ilə bağlı məhkəmənin vəzifəsini deyil, məhz hüququnu müəyyənləşdirir”. Cinayət və cinayət-prosessual qanunvericiliyinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxslərin cəzanın təyin edilməsini istisna edən əsaslar olmadığı halda Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələri ilə Ümumi hissənin uyğun normalarının, o cümlədən 8, 58.3-cü maddələrinin tələbləri gözlənilməklə cəzalandırılmalı olmalarının təsbiti ilə yanaşı Azərbaycan Respublikası CM-in 79.1-ci maddəsində azyaşlı uşağı olan məhkumlara təyin olunmuş cəzaların uşağın 14 yaşına çatmasınadək təxirə salınması imkanının nəzərdə tutulması və həmin maddənin dispozitiv xarakter daşıması bu məsələ ilə bağlı məhkəmənin vəzifəsini deyil, məhz hüququnu müəyyənləşdirir. Məhkəmə kollegiyasının qənaətinə görə sözügedən institut, yəni cəzanın icrasının uşaq 14 yaşına çatanadək təxirə salınması işin həqiqi hallarından törəyən bir zərurət kimi meydana gəldikdə tətbiq edilə bilər. Məhkəmə kollegiyası hazırki iş üzrə Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əks etdirən amillər, yəni bir qrup şəxs halında təkrarən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan və silah qismində istifadə olunan əşya ilə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq etməsini, nəzərə alaraq sonuncuya təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının təxirə salmasına dair müdafiə tərəfinin dəlillərini əsaslı və inandırıcı qəbul etmir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Şirvan Şəhər Məhkəməsinin 1(032)-101/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Həmin işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Şirvan şəhəri, T.Ələkbərov küçəsində X6 etibarnamə əsasında idarə etdiyi “Ford Fusion” minik markalı, **-ML-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən 1600 manat qəsdən gizli yolla talayıb oğurluq etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 təkrarən xuliqanlıq etməklə, o cümlədən daha sonra qeyd olunan oğurluq əməlini törətməklə qısa müddət fərqlərlə müxtəlif cinayətlər törətmişdir ki, bu da məhkəmə kollegiyasında onun şəxsiyyətinin daha ictimai təhlükəli olması ilə bağlı qənaət formalaşdırır. Kollegiyanın qənaətinə görə, Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanın yetərli islahedici təsirə malik olması üçün təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı real olaraq çəkməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasına baxmayaraq, bir neçə dəfə cinayət törətməsini, sonuncunun şəxsiyyətini nəzərə alıb qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, cəzanın təxirə salınması və ya təyin edilmiş cəzanın şərti tətbiq edilməsi Təqsirləndirilən şəxs1 ona təyin olunmuş cəzanı real çəkmədən islah oluna biləcəyinə kifayət qədər əsas vermir. Məhkəmə kollegiyası eyni zamanda, Təqsirləndirilən şəxs1 13 yaşlı azyaşlı övladı X14 və 15 yaşı olmaqla, yetkinlik yaşına çatmamış övladı X8 himayə olunmaq hüquqlarına da qiymət verərək belə hesab edir ki, yuxarıda qeyd olunan məqamlar, yəni təqsirkarın şəxsiyyətini xarakterizə edən hallar, onun qısa zaman kəsiyi ərzində ard-arda sözügedən cinayət əməllərini törətməsi sonuncunun azadlıqda qalsa belə, himayəsində olan uşaqların tərbiyə olunmasına, onların cəmiyyətə yaralı vətəndaş kimi böyüməsinə mühüm əhəmiyyət kəsb edən təsir göstərəcəyi ilə bağlı təsəvvür formalaşdırmır. Bundan əlavə, məhkəmə kollegiyası onu da xüsusi vurğulayır ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə qanuni və ədalətli növdə və həddə cəza təyin edilsə də, məhkəmə tərəfindən qəti cəza müddətinin hesablanması zamanı yanlışlığa yol verilmişdir. Belə ki, Şirvan şəhər İcra və Probasiya şöbəsinin 25 sentyabr 2024-cü il tarixli, 242324/10-25 saylı məktubundan görünür ki, Şirvan şəhər Məhkəməsinin 1(032)- 101/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası barədə göstəriş və hökmün surəti xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icraatın adaxil olmuş, xx.xx.2024-cü il tarixdə məhkum Təqsirləndirilən şəxs1 Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə gələrək qeydiyyata düşmüş və cəza müddəti həmin vaxtdan hesablanmağa başlanılmışdır. xx.xx.2024-cü il tarixdə məhkum Təqsirləndirilən şəxs1 ona təyin edilmiş cəzadan 15 gününü çəkmiş, məhkumun çəkilməmiş cəzası 05 ay 13 gün təşkil edir. Hökmdən görünür ki, Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir günü hesabı ilə 02 (iki) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq CM-nin 66.5-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxsə qəti cəza təyin edərkən onun əvvəlki hökmlə təyin edilmiş cəzasının çəkilmiş hissəsini nəzərə almamış, eyni zamanda əvvəlki hökmlə təyin edilmiş 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını yeni hökmlə təyin edilmiş cəza ilə toplayarkən həmin cəzanı tam nəzərə almalı olduğu halda bu hissədə də yanlışlığa yol vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayət Qanununun qeyd olunan normasının məzmunundan da aydın olur ki, cinayətlərin məcmusu üzrə cəzaların toplanılması zamanı hökmlə təyin olunmuş cəzanın toplanılmasından söhbət gedir. İş materiallarında görünür ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən isə Təqsirləndirilən şəxs1 yeni təyin olunmuş cəza ilə əvvəlki hökmlə təyin olunmuş 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası toplanmaq əvəzinə, səhvən 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası toplanılmışdır. Bundan başqa, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Lakin hökmdən görünür ki, Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 15 gününü çəkməsinə baxmayaraq, məhkəmə qəti cəza təyin edərkən bu müddəti nəzərə almamışdır. CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən pozuntulara yol verməklə Cinayət Qanunu normasını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 403-cü maddəsinə əsasən tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi, tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi və cinayət qanunu normasının düzgün şərh edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Azərbaycan Respublikası CPM-in 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-in 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməli, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təyin edilmiş 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası Şirvan Şəhər Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli hökmü ilə CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında 02 (iki) il 01 (bir) ay azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəlki hökm üzrə xx.xx.2024-cü il tarixdə tutulduğu 01 gün, habelə onun əvvəlki hökm üzrə çəkdiyi 15 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 08 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, cəmi 09 (doqquz) gün müddət ona təyin edilmiş 02 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzsından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli 1(032)-68/2024 nömrəli hökmü dəyişdirilsin. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təyin edilmiş 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası Şirvan Şəhər Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli hökmü ilə CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında 02 (iki) il 01 (bir) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 əvvəlki hökm üzrə xx.xx.2024-cü il tarixdə tutulduğu 01 gün, habelə onun əvvəlki hökm üzrə çəkdiyi 15 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 08 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, cəmi 09 (doqquz) gün müddət ona təyin edilmiş 02 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Cinayət Prosessual Məcəlləsinin 410cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-82/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-82/2025
14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver