Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-820/2023 25.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər: Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin, Apellyasiya instansiyası məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakı ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Cinayət Məcəlləsi) 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 1(099)-378/2023 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 1(099)-378/2023 nömrəli hökmü (hakimlər: X6 (sədrlik edən), X7 və X3 ibarət tərkibdə) ilə xx xxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, “Uber” taksi xidmətində sürücü işləmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib və ona həmin maddələr üzrə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 10 yanvar 2023-cü il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji kabinetində qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Həmçinin eyni hökmlə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, Təqsirləndirilən şəxs1 və İran İslam Respublikasının (bundan sonra İİR) ərazisində olan digər şəxs ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması barədə əvvəlcədən ümumi razılığa gəlmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İİR ərazisində olan digər şəxs tərəfindən 01 ədəd ağ rəngli polietilen torbaya yığılaraq üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış 03 (üç) ədəd bükülü halında olan külli miqdarda, yəni ümumi təmiz çəkisi 2140,0 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı, 01 ədəd bükülüdə külli miqdarda, yəni təmiz çəkisi 1050,0 qram olan narkotik vasitə hesab edilən heroini və 01 ədəd bükülüdə külli miqdarda, yəni təmiz çəkisi 12 qram olan, ümumilikdə 300 ədəd tərkibində narkotik vasitə hesab edilən metadon maddəsi olan həbləri qanunsuz olaraq əldə edilib, saxlanılıb daşınaraq Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbəyə gedən yolun sağ tərəfində quraşdırılan “Qarabağ Azərbaycandır!” sözləri yazılmış ağ rəngli lövhənin yanında, əkin sahəsində gizlədilmiş, bu barədə Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs1 məlumat aldıqdan sonra, 10 yanvar 2023-cü il tarixdə saat 14:30 radələrində onun etibarnamə ilə idarə etdiyi “Opel Astra” markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gələrək tanışı Təqsirləndirilən şəxs1 tərəfindən bir ədəd ağ rəngli polietilen torbada, yəni üç ədədi qara rəngli sellofan torbaya yığılmaqla üzəri şəffaf rəngli yapışqan lentlə sarılmış bükülülərdə narkotik vasitə hesab edilən marixuananı, bir ədəd qara rəngli sellofan torbaya yığılmaqla üzəri şəffaf rəngli yapışqan lentlə sarılmış bükülüdə narkotik vasitə hesab edilən heroini və bir ədəd qara rəngli sellofan torbaya yığılmaqla üzəri şəffaf rəngli yapışqan lentlə sarılmış bükülüdə tərkibində narkotik vasitə hesab edilən metadon maddəsi olan həbləri gizlədildiyi Biləsuvar-Bəhrəmtəpə yolunun 53-cü kilometrliyindən Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbəyə gedən yolun sağ tərəfində quraşdırılan “Qarabağ Azərbaycandır!” sözləri yazılmış ağ rəngli lövhənin yanında, əkin sahəsindən götürülməklə qanunsuz olaraq əldə edib avtomobilin yük yerində qanunsuz saxlayaraq Biləsuvar-Bəhrəmtəpə yolu ilə geriyə, yəni Biləsuvar rayonu istiqamətində qanunsuz olaraq daşımışdır. Cəbrayıl rayon polis şöbəsinin əməkdaşları tərəfindən 10 yanvar 2023-cü il tarixdə saat 14:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması barədə əvvəlcədən ümumi razılığa gələrək sonuncunun idarə etdiyi “Opel Astra” markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomobillə daşıyan zaman cinayət əməlini törətdikləri yerdə, Biləsuvar-Bəhrəmtəpə yolunun 53-cü kilometrliyindən Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbəyə gedən yolun sağ tərəfində quraşdırılan “Qarabağ Azərbaycandır!” sözləri yazılmış ağ rəngli lövhənin yanında saxlanılaraq Cəbrayıl rayon polis şöbəsinə gətirilmiş, baxış keçirilən zaman qeyd olunan avtomobilin yük yerində gizlətdiyi 01 ədəd ağ rəngli polietilen torbaya yığılaraq üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış 03 (üç) ədəd bükülü halında olan ayrı-ayrılıqda təmiz çəkisi 985 qram, 625 qram və 530 qram olmaqla ümumi təmiz çəkisi 2140,0 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı, 01 ədəd bükülüdə təmiz çəkisi 1050,0 qram olan narkotik vasitə hesab edilən heroini və 01 ədəd bükülüdə 30 list olmaqla, hər birində 10 ədəd olan üzərində “Methadone 40” sözləri yazılan ümumilikdə 300 ədəd olan və təmiz çəkisi 12 qram olan tərkibində narkotik vasitə hesab edilən metadon maddəsi olan həblər aşkar olunaraq götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş cəzanın daha az cəza ilə əvəz edilməsini xahiş etmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi onun barəsində olan cinayət işi üzrə lazımı qədər araşdırma aparmamışdır. Onun bu cinayətdən əvvəlcədən xəbəri olmamış, yalnız saxlanıldıqdan sonra cinayətin təfərrüatlarından xəbəri olmuşdur. Hadisə yerinə taksi sürücüsü kimi getmişdir. Özünü qismən təqsirli bilir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya instansiyası məhkəməsində dövlət itihamçısı Dövlət ittihamçısı2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 əməlinin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunduğunu, ona bəraət verilməsi və ya əməlinin daha yüngül maddə ilə tövsif edilməsi üçün əsasların olmamasını, məhkum olunmuş şəxs tərəfindən törədilmiş cinayət əməllərinin ictimai təhlükəli xarakteri və dərəcəsi nəzərə alınaraq ona ədalətli və qanuni cəza təyin olunduğunu bildirib, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış etdi və Təqsirləndirilən şəxs2 barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın daha yüngü cəza ilə əvəz olunmasını xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 07 saylı Cəzaçəkmə Müəssisəsindən videokonfrans əlaqə sistemindən istifadə etməklə məhkəmə iclasına qoşulan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi4 cıxışı ilə razı olduğunu bildirib apellyasiya şikayətinin təmin edilərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin, həmçinin müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin təqsirli bilindiyi Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə işin faktiki hallarının, yəni həmin cinayət əməlləri üzrə sübut edilməli olan və məhkəmənin hökmünün qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların düzgün qiymətləndirilməməsinə dair məsələlərin mübahisələndirilməsini nəzərə alıb, Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 əməlinin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunub-olunmamasına, məhkum olunmuş şəxsə həmin maddələrlə bəraət verilməsi üçün əsasların olub-olmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli hökmü dəyişdirilməməlidir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqsirləndirilən şəxslərin tədqiq olunmuş ifadələri ilə yanaşı şahidlər Şahid1, Şahid6 və Şahid5 ifadələrini, Cəbrayıl RPŞ-nin CAB-nin rəisi Şahid1 tərəfindən həmin polis şöbəsinin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raport, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə xx.xx.2023-cü il tarixli qərar, xx.xx.2023-cü il tarixli əməliyyat tədbirinin keçirilməsi və müşahidə etmə protokolu, şəxsi axtarış və götürmə haqqında 10 yanvar 2023-cü il tarixli protokollar və həmin protokollara əlavə edilmiş videoçəkilişlər, 10 yanvar 2023-cü il tarixli baxış keçirilmə və götürmə barədə protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 18/32-18/33 nömrəli məhkəmə bioloji, materialların məhkəmə ekspertizasının rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 yanvar 2023-cü il tarixli 6/145 nömrəli rəyi, "xxxx" Telekom MMC-dən xx.xx.2023-cü il tarixli 2167 nömrəli məktubla göndərilmiş CD diskinə baxış keçirilməsi haqqında protokol, xx.xx.2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokol və fotoşəkillər, xx.xx.2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokol və fotoşəkillər, ambulator məhkəmə-narkoloji ekspertizasının 03 fevral 2023-cü il tarixli 590 nömrəli rəyi, xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokol və işin digər halları ilə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyatı və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddələrlə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Buna görə də məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırkı qərarda təkrar sadalamağa zərurət görmür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrinin dispozisiyalarında əks olunmuş əməlləri törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayətində və müdafiə tərəfinin çıxışlarında göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutlara isə Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə həmin Məcəllənin 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan sübutlara tətbiq olunmalı qanun normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməsi, həmin əməllərə görə təqsirli olması tam sübuta yetirilmişdir. Apellyasiya instansiya məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və 10 oktyabr 2023cü il tarixli hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında birinci instansiya məhkəməsində işə baxan məhkəmə tərkibi əsaslı olaraq Təqsirləndirilən şəxs2 ittiham olunduğu maddələrlə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməllərini Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 müdafiə hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Göründüyü ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 apellyasiya şikayətində göstərdiyi xüsusatlar, yəni onun bu cinayətdən əvvəlcədən xəbəri olmaması, yalnız saxlanıldıqdan sonra cinayətin təfərrüatlarından xəbəri olması, hadisə yerinə taksi sürücüsü kimi getməsi barədə dəlilləri yuxarıda qeyd olunan və birinci instansiya məhkəməsində tədqiq olunmaqla araşdırılmış sübutlarla tam təkzib olunur. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı da ədalətli sayır. Belə ki, İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2; Bakı şəhər Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən 78328 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş xx.xx.2009-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 05 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 09 ay vaxtından əvvəl şərti azad edilib və xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 əvvəlki hökm üzrə təqsirli bilinib məhkum edildiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza baxımından həmin əməl Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 hazırki iş üzrə cinayət əməlini törədən zaman onun Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə yaranmış məhkumluğu Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbləri baxımından ödənilməmiş və götürülməmiş, bununla da onun əməlində cinayətlərin təhlükəli resedivi mövcud olmuşdur. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-ci maddəsinin beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs2 əməlində məsuliyyətini yüngülləşdirən halların olmamasını, əməlində cinayətlərin təhlükəli resedivinin olmasını isə cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Cinayət Məcəlləsinin 65.2-cı maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən, yəni səkkiz ildən az ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs2 əvvəlki cinayət əməlinə görə məhkumluğu ödənilmədən və yaxud götürülmədən yenidən qəsdən cinayət törətməsi onu göstərir ki, onun barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, o, cinayət qanunvericiliyi ilə qadağan olunmuş ictimai təhlükəli əməli yenidən törətməklə islah olunmadığını nümayiş etdirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətlər yaradır və buna görə onun barəsində daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 25 may 2009-cu il tarixli Qərarı)”. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş Təqsirləndirilən şəxs2 şəxsiyyəti, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və əməlində cinayətlərin təhlükəli residivinin olması baxımından ona daha yüngül cəza təyin olunmasını qanunamüvafiq saymır və birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşır. Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 1(099)-378/2023 nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Məhəmməd Bağırov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(106)-820/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-820/2023
25.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver