Məhkəmə qərarları › İş №1(106)-83/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-83/2023

25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-83/2023 25.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər: Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən, məruzəçi hakim), Xasməmmədov Elçin İsgəndər oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlu, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum olunmasına dair Ağcabədi Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 1(017)- 139/2022 saylı hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ağcabədi Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 1(017)-139/2022 saylı hökmü ilə (sədrlik edən hakim Nuriyev Rəşad Mövsüm oğlu) xx xxxx 1989-cu il tarixində Ağcəbədi rayonunun Hüsülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, himayəsində üç nəfər azyaşlı uşağı olan, Ağcabədi rayon məhkəməsinin 04 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq iki il on ay iyirmi beş gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq iki il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş iki il on ay iyirmi beş gün müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilmiş, cəzasının çəkib qurtarmamış, Ağcabədi rayonunun Hüsülü kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş iki il sınaq müddətinin ləğv edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş iki il on ay iyirmi beş gün müddətə azadlıqdan məhrumetmə cəzasının hazırkı hökmlə təyin edilmiş iki il üç ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə üzərində qəti olaraq dörd il müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu gündən, yəni 08 iyul 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılması hökm edilmiş, iş üzrə maddi sübutların taleyi məsələsi həll edilmiş, məhkəmə məsrəfi müəyyən edilməmişdir. Ağcabədi Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 1(017)-139/2022 saylı hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs "Xidməti və mülki silah haqqında" 30 dekabr 1997-ci il tarixli, 422-1Q saylı Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələrində xidməti və mülki silahın əldə edilməsi üçün nəzərdə tutulmuş qanuni əsaslar olmadan, yəni istintaqa məlum olmayan vaxtda və mənbədən 1964-cü ildə keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş, OY-9940 nömrəli, 7,62 mm kabirli "AKM" modeli, avtomatik rejimli döyüş silahı hesab edilən, texniki cəhətdən saz və atəş üçün yararlı olan bir ədəd "Kalaşnikov" avtomatını, həmin odlu silahın komplekt hissəsi olmaqla 30 ədəd 7,62x39 mm kalibirli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış texniki cəhətdən saz və istifadəyə yararlı olan iki ədəd darağı və döyüş sursatı hesab edilən 105 ədəd 7,62x39 mm kalibrli “Kalaşnikov” avtomatlarından, əl pulemyotlarından və “SKS" karabinlərindən atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı olan patronları qanunsuz olaraq əldə edib 08 iyul 2022-ci il tarixədək yaşadığı Ağcabədi rayonunun Hüsülü kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki yardımçı tikilidə saxlamış, 08 iyul 2022-ci il tarixdə Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin bir ədəd "Kalaşnikov” avtomatı, iki ədəd daraq və 105 ədəd patronlar aşkar edilərək götürülmüşdür. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək Ağcabədi Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 1(017)-139/2022 saylı hökmününün dəyişdirilərək Təqsirləndirilən şəxs CM-nin 65.3-cü maddəsinin tələblərinə əsasən daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası onun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan ağır cəzadır. Belə ki, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi, CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini cəzanı ağırlaşdıran kimi nəzərə alsa da, cəzanın məqsədinə çatdırılması baxımından məhkəmənin gəldiyi nəticə yetərli olmamış, bu baxımdan CM-nin 8.1, 9 və 58.3-cü maddələrinin tələblərinə tam riayət edilməmiş, ona görə də məhkəmənin təyin etdiyi dörd il müddətə azadlıqdan məhrum etmə cəzası sərt cəza olmuşdur. Halbuki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlardan da görünür ki, məhkəmə hökm çıxararkən cəza təyini zamanı Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İ və İİ hissələrinin, İnsan hüquqları üzrə Ümumi Bəyannaməsinin 3-cü maddəsinin, Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq / Paktın 9-cu maddəsinin, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə riayət etməməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəza təyini ilə bağlı normalarının tələblərini gözləməmiş, Təqsirləndirilən şəxs təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulandan da daha ağır cəza-azadlıqdan məhrum etmə cəzasını təyin etməkdə haqlı olmamışdır. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini, Ağcabədi Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli hökmünü dəyişdirərək Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi Apellyasiya instansiyası məhkəməsində Dövlət ittihamçısı Təqsirləndirilən şəxs müdafiəçisinin apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkəmə tərəfindən düzgün tövsif olunduğunu, ona cəza təyin edilərkən Cinayət Məcəlləsində nəzərdə tutulmuş və həmin Məcəllədə göstərilməyən cəzanı yüngülləşdirən halları, şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanın ailəsinə təsirinin kifayət qədər nəzərə alındığını, birinci instansiya məhkəməsinin hökmünün ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaya görə hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətini müzakirə edərək, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin və dövlət ittihamçısının çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 1(017)-139/2022 saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilməməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni Təqsirləndirilən şəxs verdiyi etirafedici ifadələri ilə yanaşı məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər mötəbər sübutların məcmusu ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, Təqsirləndirilən şəxs ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair qanuni, əsaslı və ədalətli olan yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən normaların tələbi baxımdan birinci instansiya məhkəməsi iş üzrə müəyyən olunmuş sübutları tam, hərtərəfli yoxlayıb hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından düzgün qiymət vermişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı iş üzrə sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə Ağcabədi Rayon Məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən Təqsirləndirilən şəxsnın qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun qeyd edilən cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Ağcabədi Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 1(017)-139/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplamış sübutlar tam, hər tərəfli və obyektiv yoxlanılmaldır. Yoxlama zaman sübutlar təhlil olunur və bir – biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mötəbərliliyi müəyyənləşdirlir. Həmin Məcəllənin 145.1-ci maddəsində birbaşa göstəriş vardır ki, hər bir sübut mənsubiyyəti, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplamış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. "Mahmudovun Rusiyaya qarşı" işi üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq hesab etmək lazımdır ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana" qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqında Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması haqqında hüququ) 1-ci hissəsində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya şikayətində müdafiəçi Təqsirləndirilən şəxs barəsində CM-nin 65.3-cü maddəsinin müddəalarının nəzərə alınaraq ona düzgün tətbiq olunmadığını, yəni təqsirləndirilən şəxsin səmimi peşmançılıq çəkməsinin, himayəsində 3 azyaşlı uşağının olmasının ona CM-nin 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cəza təyin etməsini istisna etdiyini bildirərək daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası müdafiəçinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, CM-nin 65.3-cü maddəsində həmin məcəllənin 65.2-ci maddəsində nəzərdə tutulan qaydalar nəzərə alınmadan cəza təyin edilməsi üçün 2 əsas müəyyən edilmişdir: Cinayət törətmiş şəxsin məhkumluğunun bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərilməsi, bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna halların olması. Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. İş materiallarından, habelə birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində 3 az yaşlı uşağın olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alsa da həmin halları müstəsna hal kimi qiymətləndirmədiyi üçün haqlı olaraq təqsirləndirilən şəxsin şərti məhkum edildiyi, yəni sınaq dövründə törətdiyi cinayətə görə əvvəlki məhkumluğunu CM-nin 18.1 və 65.2-ci maddəsinə əsasən cinayətin sadə residivi kimi nəzərə alıb cəza təyin etmişdir. İş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi rayon məhkəməsinin 04 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq iki il on ay iyirmi beş gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq iki il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş iki il on ay iyirmi beş gün müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilmiş, qeyd olunan cinayəti sınaq müddətində törətmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, işə baxan Ağcabədi rayon məhkəməsi CM-nin 71.5 və 67-cı maddəsinin tələbləri baxımından düzgün olaraq şərti məhkumetməni ləğv edərək Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə azadlıqdan məhrumetmə növündə ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi məhkum edilmiş şəxsə qayğı və diqqətin, mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası həmçinin belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən bütün halları nəzərə almış, apellyasiya məhkəmə baxışı zamanı onun cəzasının yüngülləşdirən hər hansı yeni bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 1(017)-139/2022 saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1, 398.1.1, 407 və 408-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum olunmasına dair Ağcabədi Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 1(017)- 139/2022 saylı hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 1(017)-139/2022 saylı hökmü Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar