Məhkəmə qərarları › İş №1(106)-84/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-84/2025

21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-84/2025 21.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Elşad İbiş oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X2 Üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1ci maddələri ilə məhkum edilməsinə dair Biləsuvar Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 1(022)-94/2024 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 1(022)-94/2024 nömrəli hökmü ilə (hakim Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi) xx xxxxxx 1989-cu il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)- 122/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.2 və 69.3-cü maddələri ilə 03 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkən, Şirvan şəhəri, Vidadi küçəsi, ev 29-da qeydiyyatda olan və tutulanadək orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəzanın müəyyən edilməsi, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona hazırki hökmlə təyin edilmiş 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhər Sabunçu Rayon Məhkəməsənin xx.xx.2024-cü il tarixli hökmünə əsasən ona təyin edilmiş Cinayət Məcəlləsinin 234.2 və 69.3-cü maddələri ilə 03 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanması və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 05 fevral 2024-cü il tarixdən hesablanması, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, ona narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, qanunsuz olaraq İtaliya dövlətində zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, odlu silah hesab edilən, yivli, texniki cəhətdən saz və atəşə yararlı, üzərində zavod nömrəsi və istehsal ili olmayan 1 (bir) ədəd “PİETRO BERETTA” modelli tapança, xarici dövlətdə istehsal olunmuş, 9x19 mm kalibrli, həmin kalibrli “PİETRO BERETTA” modelli tapançalardan, digər tapançapulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı olan 5 (beş) ədəd Parabellum patronları, zavod üsulu ilə istehsal olunmuş, 9 x 19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, həmin kalibrli “PİETRO BERETTA” modelli tapançanın komplekt hissəsi olan bir ədəd darağı əldə edib daşıyaraq üzərində saxlamaqla gəzdirmişdir. Həmçinin o, qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda, 0,972 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar Rayon Polis əməkdaşlarının keçirdiyi əməliyyat- axtarış tədbirləri nəticəsində 05 fevral 2024-cü il tarixdə saat 22:10 radələrində Ələt- Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndi ərazisindən keçən 102-ci kilometrliyində yerləşən “Turist-5” kafesinin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq Biləsuvar Rayon Polis Şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın kəmərinin alt hissəsindən üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamada yuxarıda qeyd edilən İtaliya dövlətində zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, odlu silah hesab edilən, yivli, texniki cəhətdən saz və atəşə yararlı, üzərində zavod nömrəsi və istehsal ili olmayan 1 (bir) ədəd “PİETRO BERETTA” modelli tapança, xarici dövlətdə istehsal olunmuş, 9x19 mm kalibrli, həmin kalibrli “PİETRO BERETTA” modelli tapançalardan, digər tapança-pulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı olan 5 (beş) ədəd Parabellum patronları, zavod üsulu ilə istehsal olunmuş, 9x19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, həmin kalibrli “PİETRO BERETTA” modelli tapançanın komplekt hissəsi olan bir ədəd daraq və əynindəki şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,972 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Biləsuvar Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 1(022)-94/2024 nömrəli hökmünün ləğv edilməsini və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində olan cinayət işi ilə heç bir əlaqəsi yoxdur. İstintaq zamanı o, təzyiq, təsir və işgəncəyə məruz qaldığı üçün, həmçinin yanında olan yoldaşının nahaqdan tutulması ona yalnış ifadə verməyə məcbur etmişdir. Məhkəmə bu faktları nəzərə almamışdir. Məhkəmə hökm çıxarmazdan əvvəl iş materiallarında olan sübutları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Sözügedən cinayət hadisəsi ilə onun hər hansı əlqəsinin olmaması araşdırılmamış həmin hallara hüquqi qiymət verilməmişdir. Biləsuvar Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli 1(022)-68/2024 nömrəli hökmü Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin normalarına ziddir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya instansiyası məhkəməsində: Dövlət itihamçısı Dövlət ittihamçısı2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə düzgün tövsif olunduğunu, ona bəraət verilməsi üçün əsasların olmadığını, məhkum olunmuş şəxs tərəfindən törədilmiş cinayət əməllərinin ictimai təhlükəli xarakteri və dərəcəsi nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu bildirərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış etdi və şikayətin təmin olunmasını xahiş etdi. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 cıxışı ilə razı olduğunu bildirib apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 397.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət Prossesual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin nəticə hissəsində yüngül cəza verilməsini xahiş etsə də, şikayətin təsviri-əsaslandırıcı hissəsində və apellyasiya məhkəmə iclasında çıxışında heç bir cinayət törətmədiyi, ibtidai istintaq zamanı ona qarşı təzyiqlər olduğuna görə narkotik maddə olan heroinin və tapançanın ona məxsus olmasını bildirməsini qeyd etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə məhkum olunmuş şəxsin ittiham olunduğu maddə ilə təqsirsiz olmasına dair məsələlər mübahisələndirildiyindən, ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs bəraət verilməsi üçün əsasların olub-olmamasına, onun törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyib hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, lakin Biləsuvar Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 1(022)-94/2024 saylı hökmü Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi qismən etirafedici ifadəsi, şahidlər Şahid4, Şahid3, Şahid2, Şahid1 ifadələri, Şəxsi axtarış və götürmə barədə 05 fevral 2024-cü il tarixli protokolu, məhkəmə X1 Regional Bölməsinin 06 fevral 2024-cü il tarixli 19/114 №-li ekspert rəyi, ambulator məhkəmənarkoloji ekspertizasının 08 fevral 2024-cü il tarixli 123 nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının 09 fevral 2024-cü il tarixli 54 nömrəli rəyi, kompleks məhkəmə-psixiatrik və məhkəmə psixioloji ekspertizasının 05 mart 2024-cü il tarixli 901 nömrəli rəyi və işdə olan istintaq hərəkətlərinə dair digər protokollarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirli bilinib cəzalandırlmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Belə ki, iş materiallarında olan şəxsi axtarış və götürmə barədə 05 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi videoçəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış zamanı o, əynindəki şalvarın kəmərinin alt hissəsindən üzəri yapışqan lentlə bağlanmış bağlamanı təqdim edərək bağlamanın içərisində 1 (bir) ədəd tapança, həmin tapançanın komplekt hissəsi olan bir ədəd daraq və 5 (beş) ədəd patron olduğunu və əynindəki şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükülünü təqdim edərək bükülüdəki maddənin narkotik vasitə heroin olduğunu demişdir. 03 fevral 2024-cü il tarixdə səhər saatlarında Şirvan şəhərində Şirvan su kanalının kənarında qara sellofana bükülmüş bir ədəd bükülü tapmış, həmin bükülünü açan zaman içərisində bir ədəd gümüşü kağıza bükülmüş narkotik vasitə heroin, bir ədəd də “PİETRO BERETTA” modelli tapança və içərisində 5 ədəd patron olan daraq olduğunu görmüş, həmin narkotik vasitə heroini bədənində ağrıları olanda qəbul edib sakitləşmək üçün üzərində saxlamış, “PİETRO BERETTA” modelli tapançanı isə ona maraqlı gəldiyi üçün götürüb şalvarında olan kəmərin altında gizlətmişdir. Daha sonra onun təqdim etdiyi bağlamaya baxış keçirilərkən bağlamanın içərisində 1 (bir) ədəd “PİETRO BERETTA” modelli tapança, 9x19 mm kalibrli, 5 (beş) ədəd patron və 9x19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, bir ədəd daraq aşkar edilmişdir. Aşkar edilmiş tapança, patronlar və daraq ekspertizaya göndərilməsi üçün müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra onun təqdim etdiyi həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzisində çəkilmiş və bükülü ilə birlikdə 1,01 qram olması məlum olmuşdur. Həmin bükülülər ekspertizaya göndərilməsi üçün müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış zamanı «Samsung» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və toplanmış istintaq materiallarına əlavə edilmişdir. İş materiallarında olan Məhkəmə X1 Regional Bölməsinin 06 fevral 2024-cü il tarixli 19/114 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükülü...» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi- 0,972 qram tiryəkdən kustar üsulla hazırlanmış olan maddə narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,972 qram olmuş, tədqiqata 0,05 qram sərf olunmuş, qalıq 0,922 qram qalmışdır. AR Daxili İşlər Nazirliyi Kriminalist Tədqiqatlar İdarəsinin 06 fevral 2024-cü il tarixli 1600/114 №-li ekspert rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsiz silah zavod üsulu ilə İtaliya dövlətində istehsal olunmuş, 9 mm kalibrli “PİETRO BERETTA” modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararldır. Silahın metal hissə və mexanizlmlərinin üzərində sonradan əlavə düzəlişlər edilməmişdir.Lakin silahın üzərində zavod nömrəsi və istehsal ili müşahidə olunmur, yoxdur. Tədqiqata təqdim edilmiş 05 ədəd patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x19 mm kalibrli Parabellum patronları olmaqla həmin kalibrli “PİETRO BERETTA” modelli tapançalardan, digər tapança-pulemyotlardan və sair silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatlarıdırlar və təyinatı üzrə atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 9x19 kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli PİETRO BERETTA modelli tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,972 qram çəkidə narkotik vasitə heroinin tədqiqatdan sonrakı 0,922 qram qalığı, “PİETRO BERETTA” modelli, 9 mm kalibrli tapança, 05 ədəd 9/19 patron, 01 ədəd “PİETRO BERETTA” modelli tapançanın darağı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 08 fevral 2024-cü il tarixli 123 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan kompleks məhkəmə-psixiatrik və məhkəmə psixioloji ekspertizasının 05 mart 2024-cü il tarixli 901 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və o törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Daş karyeri məhəlləsində ailə üzvlərimlə birlikdə kirayə yaşayır. Evlidir, bir azyaşlı övladı vardır, narkotik vasitə heroindən 2-3 ildir ki, istifadə edir. Heç bir yerdə rəsmi olaraq işləmir, ailəsinin dolanışığını təmin etməkdən ötrü fəhlə işləyir. Tez-tez ünvan 1 ünvanında yerləşən ata evinə gedib-gəlir. 03 fevral 2024-cü il tarixdə səhər saatlarında Şirvan şəhərində Şirvan su kanalının kənarında qara sellofana bükülmüş bir ədəd bükülü tapmış, həmin bükülünü açan zaman içərisində bir ədəd gümüşü kağıza bükülmüş narkotik vasitə heroin, bir ədəd də “PİETRO BERETTA2 modelli tapança və içərisində 5 ədəd patron olan daraq olduğunu görmüşdür. Həmin narkotik vasitə heroini üzərində saxlamışdır ki, bədənində ağrıları olanda qəbul edib sakitləşər. “PİETRO BERETTA” modelli tapançanı isə ona maraqlı gəldiyi üçün götürüb şalvarında olan kəmərin altına gizlətmişdir. 04 fevral 2024- cü il tarixdə Şirvan şəhərindən Bakı şəhərində kirayədə yaşadığı evinə gəlmişdir. Onda narkotik vasitə və silah olması barədə ailə üzvlərinə bir söz deməmişdir. 05 fevral 2024-cü il tarixdə Biləsuvar rayonundan olan Ramin adlı tanışı ilə görüşmək qərarına gəlmişdir. Raminlə o təxminən bir il bundan əvvəl Bakı şəhərində tikintilərdən birində fəhlə işləyərkən tanış olmuşdur. Ramin usta olduğu üçün hər dəfə işləri olduğundan, onun da işsiz olduğuna və ailəsinin dolanışığını təmin edə bilmədiyinə görə qərara gəlmişdir ki, Biləsuvar rayonuna Raminin yanına gəlsin və sonuncunun onun tapaçağı işdə işləsin və çörək pulu qazansın. Raminlə bir il bundan öncə tanış olsa da telefon nömrəsini almamış, indiyə kimi heç bir əlaqəsi olmamış, Raminin yalnız Biləsuvar rayonunda yaxud hər hansısa kəndində yaşaması haqqında məlumatlı imiş. Biləsuvar rayonuna gələrək Raminin usta olduğunu deyib soraqlaşaraq onu tapmağı düşünmüşdür. Şahid4 bir ilə yaxındır ki, tanıyır, münasibətləri bir tanış kimi yaxşı olmuşdur. Biləsuvar rayonuna gəlmək barədə usta yoldaşı Şahid4 məlumat vermiş və ona təklif etmişdir ki, onunla birlikdə yol yoldaşı olub Biləsuvar rayonuna gəlsin. Əgər iş tapacaqları təqdirdə birlikdə işləməyi düşünmüşdür. Əli təklifini qəbul etdiyi üçün 05 fevral 2024-cü il tarixdə onunla birlikdə Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsindən tanımadıqları taksi ilə 40 manata razılaşıb Biləsuvar rayonuna gəlmişlər. Biləsuvar rayonuna gəlməzdən əvvəl 03 fevral 2024-cü il tarixdə Şirvan şəhərində tapmış olduğu silahı və narkotik vasitə heroini də özü ilə götürmüşdür. Üzərində narkotik vasitə heroin və silah olması barədə tanışı Şahid4 bir söz demədiyimdən bu haqda Əlinin heç bir məlumatı və xəbəri olmamışdır. Taksi sürücüsü şəxsi işi ilə bağlı geriyə Bakı şəhərinə qayıtmalı olduğunu deyib onları Biləsuvar rayonunda yolda avtomobildən düşürtmüşdür. O və Əli birlikdə Biləsuvar rayonu istiqamətində piyada hərəkətdə olarkən “Turist-5” kafesinin yaxınlığında polis əməkdaşları onlara yaxınlaşıb gəlişlərinin səbəbini izah etdikdən sonra onu və Şahid4 rayon polis bölməsinə gətirmişlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli kimi saxlanıldığı üçün öz istəyi ilə hüquqlarının müdafiə etmək üçün müdafiəçi X4 dəvət olunmuşdur. Bundan sonra üzərinə video kamera ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Ona təklif olunmuşdur ki, üzərində hər hansı bir narkotik maddə və qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin. O da əynindəki gödəkçənin arxa alt hissəsindən, şalvarının kəmərinə taxdığı yapışqan lentlə sarılmış bir ədəd tapançanı və içərisində 5 ədəd patron olan darağı, əynimdəki şalvarının sağ yan cibində gizlətmiş olduğu siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükülünü çıxarıb stolun üstünə qoymüş və bildirmişdir ki, təqdim etdiyi üzəri yapışkan lentle bağlanılmış bükülüdə olan tapança, bir ədəd daraq və darağın içərisindən 5 ədəd patrondur.Həmçinin siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükülüdəki narkotik vasitə isə heroindir, həm narkotik vasitə heroin, həm də silah ona məxsusdur, silahı və narkotik vasitəni 03 fevral 2024-cü il tarixdə Şirvan şəhərində Şirvan su kanalının kənarında qara sellofana bükülmüş şəkildə bir ədəd bağlamada olmaqla tapmışdır, həmin bağlamanı açan zaman içərisində bir ədəd gümüşü kağıza bükülmüş narkotik vasitə heroin və bir ədəd tapança, ona məxsus daraq və darağın içərisində 5 ədəd patron olduğunu görmüşdür. Həmin narkotik vasitə heroini üzərində saxlamışdır ki, bədənində ağrıları olanda qəbul edib sakitləşər. “BERETTA” modelli tapançanı, ona məxsus darağı və patronları isə maraqlı gəldiyi üçün götürüb belinə taxaraq gizlətmişdir ki uzaq bir yerdə tullayar. Çünki qanunsuz silah əldə etmənin, saxlamanın, gəzdirmənin cinayət olduğunu bilirmiş. Bundan sonra üzərində aşkar olunmuş həmin bükülüyə iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Daha sonra həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırıldı. Zərfin üzərini o, müdafiəçi Səfərəli Baxşiyev və digər iştirakçılar imzalamışlar. Bundan başqa üzərində aşkar olunaraq götürülmüş yapışkan lentlə bağlanılmış bükülüyə baxış keçirilmişdir. Bükülüdə ona məxsus bir ədəd tapança, bir ədəd həmin tapançaya məxsus daraq və 5 ədəd patron aşkar olunmuşdur. Daha sonra həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılmışdır. Zərfin üzərini o, müdafiəçi Səfərəli Baxşiyev və digər iştirakçılar imzalamışlar. 03 fevral 2024-cü il tarixdə narkotik vasitə heroini özü qəbul etmək üçün üzərində saxlamış, ona görə də bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. Həmin nartkotik vasitəni satmaq barədə isə ümumiyyətlə heç bir fikri və niyyəti olmamışdır. 03 fevral 2024-cü il tarixdə tapmış olduğu “BERETTA” modelli tapança, beş ədəd patron və bir ədəd tapançaya aid daraq yaşadığı yerdən uzaqda tanımadığı bir yerdə tullamaq fikri olduğundan üzərində saxlayaraq Biləsuvar rayonuna gətirmişdir.Şahid4 onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroindən və silahdan məlumatı olmamışdır. Nə saxlanılan zaman, nə də ki, üzərinə şəxsi axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən hər hansı təzyiq və təsir olmamış, bütün hərəkətlər öz razılığı ilə olmuşdur. Hazırda səhvini başa düşür, əməlindən səmimi peşmandır. Apellyasiya şikayətində və müdafiə tərəfinin məhkəmə baxışı zamanı çıxışlarında Təqsirləndirilən şəxs Polis Şöbəsinin əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmasını qeyd edilsə də, iş materiallarında olan ambulator məhkəmə-tibbi ekspertizasının 09 fevral 2024-cü il tarixli 54 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xəsarət aşkar olunmamışdır. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işinə baxmış birinci instansiya məhkəməsi Cinayət Prossesual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək Təqsirləndirilən şəxs təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlara düzgün qiymət vermiş və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs isnad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Məhkum edilmiş şəxsin hərəkətlərində qeyd olunan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətlərin törədilməsində təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxsin apellyasiya şikayətində və məhkəmə kollegiyasının iclasında ibtidia istintaq zamanı ona təzyiq və təsirlər edildiyindən təqsirli olduğunu etiraf etməsi, barəsində olan cinayət işi ilə heç bir əlaqəsinin olmaması, məhkəmə hökm çıxarmazdan əvvəl iş materiallarında olan sübutları hərtərəfli, tam və obyektiv araşdırmamması barədə dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər iş materialalrına əlavə edilmiş videoçəkiliş və tibbi müayinə zamanı bədəni üzərində hər hansı bir xəsarət aşkar olnmaması barədə 09 fevral 2024-cü il tarixli 54 nömrəli rəyi ilə təkzib olunan dəlillər olmaqla məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə bəraət verilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdadfiə hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin olunarkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. Belə ki, AR Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı Qərarının 27-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli, 2 nömrəli Qərarının 29-cu bəndinin 2-ci hissəsində deyilir ki, məhkəmələr bu növ cinayətlər törətmiş şəxslərə cəza təyin edərkən onların hərəkətlərinin məqsədi və motivini, talanmış odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatlarının, partlayıcı maddələr və qurğuların əldə edilmə mənbəyini və ələ keçirmə üsulunu, onların növünü, miqdarını, dəyərini və döyüş xüsusiyyətlərini nəzərə almalıdırlar. Bundan əlavə, məhkəmə kollegiyası onu da xüsusi vurğulayır ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə qanuni və ədalətli növdə və həddə cəza təyin edilsə də, qəti cəza müddətinin hesablanması zamanı yanlışlığa yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Məmmədov X5 Ağır Cinayətlər Məhkəməsinin 11 aprel 2013-cü il tarixli, 1(089)-77/2013 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.3.2-ci madəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli, 7(007)-873/2018 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 aprel 2013-cü il tarixli 1(089)-77/2013 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilindiyi əməli həmin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin tarixli qərarla cəzasını çəkmiş hesab edilərək azad olunmuşdur. Məhkumluğu ödənilmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs sonuncu dəfə təqsirli bilinib məhkum edildiyi Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza baxımından həmin əməl Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini törədən zaman Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 aprel 2013-cü il tarixli, 1(089)-77/2013 nömrəli hökmünə münasibətdə onun məhkumluğu ödənilmişdir. Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmadığından Təqsirləndirilən şəxs əməlində cinayətin residivi müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri 05 fevral 2024-cü il tarixdə törətmişdir. İşə əlavə edilmiş Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-122/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən cəza çəkməsinin əvvəli 10 may 2024-cü il tarixdən hesablanmaqla, Azərbaycan Respublikası CM-in 234.2 və 69.3-cü maddələri ilə 03 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən görünür ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il, 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona çəkilməsi üçün 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum etmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona hazırki hökmlə təyin edilmiş 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhər Sabunçu Rayon Məhkəməsənin xx.xx.2024-cü il tarixli hökmünə əsasən təyin edilmiş Cinayət Məcəlləsinin 234.2 və 69.3-cü maddələri ilə 03 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə qəti cəza təyin edərkən onun əvvəlki hökmlə təyin edilmiş cəzasının çəkilmiş hissəsini hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaqla yanlışlığa yol vermişdir. Azərbaycan Respublikası CM-in: 66.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq olabilməz. 66.3. Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. 66.4. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. 66.5. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Göründüyü kimi, CM-in 66.5-ci maddəsinin ikinci cümləsində göstərilmişdir ki, təqsirkara bu maddənin tələblərinə uyğun olaraq cinayətlərin məcmusuna əsasən, cəza təyin edildiyi halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bu isə o deməkdir ki, şəxsə CM-in 66.5-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsinə əsaslar müəyyən edildikdə məhkəmə birinci və ikinci hökm üzrə təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaqla, yaxud da az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edir və bundan sonra onun birinci hökm üzrə təyin olunmuş cəzanın hər hansı hissəsini çəkdiyi müddəti qəti cəza müddətinə hesablamaqla onun yekun olaraq çəkməli cəzanın müddətini müəyyən edir. Belə olan halda məhkəmə təqsirkara cəzaların tamamilə və ya qismən toplamaq yolu qəti cəzanın təyin edilməli olması barədə qənaətə gəldikdə ona sonuncu hökm üzrə təyin edilmiş cəza ilə birinci hökm üzrə təqsirkarın tutulması, həbsdə və ya ev dustaqlığında saxlanılması müddəalar nəzərə alınmaqla üzərində saxlanılmış cəzanı deyil, ilk olaraq təyin edilmiş cəzanı tam və ya qismən toplayır və yalnız bundan sonra qəti cəzaya çəkilmiş (tutulmuş, həbsdə və ya ev dustaqlığında saxlanılmış) müddətləri qəti cəzaya hesablayır. Belə hüquqi mövqe “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarında da əks olunmuşdur. Belə ki, həmin Qərarda göstərilmişdir ki, CM-in 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, CM-in 66.1-66.4-cü maddələrinə uyğun olaraq, cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən, çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Cinayət Qanununun qeyd olunan normasının məzmunundan da aydın olur ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməllərini Sabunçu Rayon Məhkəməsinin 1(008)- 122/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən əvvəl törətmişdir. Ona görə də, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı cinayət işi üzrə təyin edilmiş cəza və Sabunçu Rayon Məhkəməsinin 1(008)-122/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.2 maddəsi ilə təyin edilmiş 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplama yolu ilə ona cəza təyin edilməli, yanız bundan sonra şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət onun cəzasından çıxılaraq üzərində qəti cəza müddəti saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən pozuntulara yol verməklə Cinayət Qanunu normasını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 403-cü maddəsinə əsasən tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi, tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi və cinayət qanunu normasının düzgün şərh edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Azərbaycan Respublikası CPM-in 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-in 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, lakin birinci instansiya məhkəməsinin hökmü Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən dəyişdirilməli, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunmuş cəza ilə Azərbaycan Respublikası CM-in 66.2 və 66.5-ci maddələrinə əsasən qismən toplama yolu ilə üzərində qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, 05 iyul 2023-cü il tarixdən 07 iyul 2023-cü il tarixədək Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) 28 (iyirimi səkkiz) gün müddətə azadılqdan məhrum etmə cəzası saxlanılmalı, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 1(022)-94/2024 nömrəli hökmü Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən dəyişdirilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-122/2024 saylı, 10 may 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Biləsuvar Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 1(022)-94/2024 nömrəli hökmü ilə təyin olunmuş 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla üzərində 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə 05 iyul 2023-cü il tarixdən 07 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirimi səkkiz) gün müddətə azadılqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar ona verildiyi) gündən Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Hakimlər: Elşad Əliyev Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar