Məhkəmə qərarları › İş №1(106)-843/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-843/2022

25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-843/2022 25.10.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası - hakimlər Cəfərov Rafiq Musa oğlu (sədrlik edən), Bəşirov Kamil Sücəddin oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə, Səmədov Alim Nadir oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya İnstansiyası Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müvafiq olaraq onların müdafiəçiləri- İmişli rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi4 iştirakı ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 194.1-ci maddələri ilə məhkum olunmalarına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 1(099)265/2022 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X6 (sədrlik edən), X5 və X2 ibarət tərkibdə) 18 avqust 2022-ci il tarixli, 1(099)265/2022 saylı hökmü ilə xx xxxxxx 1995-ci il tarixdə İmişli rayonu, Xoşçobanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, məhkumluğu olmayan, İmişli rayonu, Qaralar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.3, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın başlanğıcının onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 01 noyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş; xx xxxxxx 1992-ci il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, Meliorator qəsəbəsi, ev 13, mənzil 9 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.5 və 194.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-in 194.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən ona həmin Məcəllənin 194.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası müvafiq olaraq iki günə bir gün hesabı ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın başlanğıcının onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 01 noyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İşin halları Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMin 177.2.3, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.5 və 194.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişlər ona görə ki; Təqsirləndirilən şəxs1 22 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs2 İmişli rayonu, Qaralar kəndində yaşadığı evin həyətində saxladığı, sonuncuya məxsus “VAZ-2109” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan 200 manat dəyərində 1 ədəd “Pioneer S105” markalı maqnitafon və 220 manat dəyərində “Pioneer 500W” markalı 4 ədəd səs gücləndiriciləri gizli taladıqdan sonra açarla evin giriş qapısını açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq, qonaq otağında saxlanc yeri hesab olunan dolabdakı əl çantasından Zərərçəkmiş şəxs1 məxsus 1485 manat dəyərində, 16,5 qram çəkidə, 585 əyarlı 1 cüt sırğa, hər biri 1 ədəd qolbaq, boyunbağı və üzükdən ibarət qızıl dəst, 360 manat dəyərində, 4 qram çəkidə, 585 əyarlı 1 ədəd qızıl boyunbağı, 153 manat dəyərində, 1,7 qram çəkidə, 585 əyarlı 1 ədəd qızıl üzük, 110 manat dəyərində, 1,2 qram çəkidə, 585 əyarlı 1 ədəd qızıl üzük və 135 manat dəyərində, 1,5 qram çəkidə, 585 əyarlı 1 ədəd qızıl qolbağı gizli talaması nəticəsində Zərərçəkmiş şəxs2 420 manat və Zərərçəkmiş şəxs1 2243 manat məbləğində maddi ziyan vurmaqla, ümumilikdə 2663 (iki min altı yüz altmış üç) manat dəyərində özgə əmlakını gizli olaraq talamış və ya oğurlamışdır. Təqsirləndirilən şəxs2 qabaqcadan vəd etmədən Təqsirləndirilən şəxs1 22 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 İmişli rayonu, Qaralar kəndində yerləşən yaşadığı evdən oğurlamaqla, cinayət yolu ilə əldə etdiyini bildiyi, sonuncuya məxsus 2 ədəd qızıl üzük, 2 ədəd qızıl qolbaq və 1 ədəd qızıl boyunbağını həmin tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs1 İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Mədəniyyət evi”nin qarşısında əldə etmiş, onlara sahiblik və onlardan istifadə etmiş, saat 13 radələrində onları İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən bazarda qızıl-zinyət əşyalarının alqısatqısı ilə məşğul olan Şahid4 720 (yeddi yüz iyirmi) manat məbləğində pula satmış, həmin pulun 20 manatını özünə qazanc kimi götürüb, qalan 700 manatını Təqsirləndirilən şəxs1 vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 qabaqcadan vəd etmədən Təqsirləndirilən şəxs1 22 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 İmişli rayonu, Qaralar kəndində yerləşən yaşadığı evdən oğurlamaqla, cinayət yolu ilə əldə etdiyini bildiyi, sonuncuya məxsus bir ədəd qızıl üzüyü 24 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Mədəniyyət evi”nin qarşısında təkrarən Təqsirləndirilən şəxs1 əldə etmiş, ona sahiblik və ondan istifadə etmiş, həmin gün saat 11 radələrində İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən bazarda qızıl-zinyət əşyalarının alqısatqısı ilə məşğul olan Şahid3 85 (səksən beş) manat məbləğində pula satmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 31 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs3 500 (beş yüz) manat məbləğində pulunu ələ keçirmək məqsədi ilə bıçaqla hücum edib həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etmək barədə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, bu məqsədlə alkoqol sərxoşluğu halında Zərərçəkmiş şəxs3 övladı Zərərçəkmiş şəxs4 ilə yaşadığı, İmişli şəhəri, Xiyabani küçəsi 14 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gəlib Təqsirləndirilən şəxs1 evin pəncərəsini döyməsinə görə Zərərçəkmiş şəxs3 dəvəti ilə evə daxil olduqdan sonra qabaqcadan aralarında apardıqları vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs4 olduğu yataq otağının qapısı qarşısında dayanıb sonuncu ilə söhbət etməklə fikrini yayındırarkən Təqsirləndirilən şəxs1 evin dəhlizindən sol tərəfdəki yataq otağında Zərərçəkmiş şəxs3 ona pul verməsini tələb etmiş, Zərərçəkmiş şəxs3 pulunun olmadığını bildirdikdə Təqsirləndirilən şəxs1 qəflətən hücum edib sol əli ilə Zərərçəkmiş şəxs3 ağzını tutmuş, gödəkçəsinin cibindən çıxardığı bıçaqla sonuncunun boyun nahiyəsinə bir neçə dəfə qəsdən zərbələr vurmaqla Zərərçəkmiş şəxs3 boynun arxa səthində solda yaralardan ibarət, dərəcəsi təyin edilməyən və boynun sol yan səthində yaralardan ibarət, sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, sonuncu Təqsirləndirilən şəxs1 kənara itələdiyinə və qışqırmaqla oğlu Zərərçəkmiş şəxs4 köməyə çağırdığına görə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 buraxıb dəhlizə keçərkən orada Zərərçəkmiş şəxs4 ilə rastlaşmış, əlindəki bıçaqla sonuncunun boyun nahiyəsinə bir neçə dəfə qəsdən zərbələr vurmaqla, Sadiq Abdullayevə boynun sol yan səthinin yuxarı hissəsində qulaqaltı nahiyə, boynun sol yan səthinin aşağı hissəsi və orta xətt boyunca kürəkarası sahədə yaralardan ibarət, sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Göstərilən hərəkətləri ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında və silah qismində istifadə edilən bıçaq tətbiq etməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qarşı həyat və ya sağlamlıqları üçün təhlükəli zorakılıqla quldurluq etmiş, nəticədə Təqsirləndirilən şəxs1, həmçinin təkrarən quldurluq etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 1(099)265/2022 saylı hökmünün Təqsirləndirilən şəxs1 aid cəza hissəsində dəyişdirilib, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının daha da yüngülləşdirilməsi və həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, «məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs1 evli olmasını, anası, arvadı və iki nəfər azyaşlı uşağı ilə yaşamış olduğunu, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini nəzərə almaqda haqlı olsa da, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, o cümlədən Təqsirləndirilən şəxs1 ailədə yeganə qazanc gətirən şəxs olmasını, iş üzrə vurmuş olduğu ziyanı tam ödəməsini, Zərərçəkmiş şəxs3 quldurluq niyyəti ilə pul tələb etməməsini nəzərə almamışdır. Məhkəmə hökmdə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərinə görə qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkumetmənin tətbiq edilməsi üçün əsas olmadığını göstərsə də, bunu əsaslandıra bilməmiş, qanunla nəzərdə tutulmuş yüngülləşdirici halların tam nəzərə alınmaması əsaslarını müəyyən edə bilmədiyinə görə Təqsirləndirilən şəxs1 ağır cəza təyin etmişdir. Halbuki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir». Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 apellyasiya şikayətində barəsində olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2022-ci il tarixli hökmünün dəyişdirilib, ona daha yüngül cəza təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, «o, hadisə yerində olsa da, cinayət tərkibli heç bir hərəkəti olmamışdır. Ondan şikayət olmamışdır. Zərərçəkmişlə münasibəti çox yaxşıdır. Himayəsində yaşlı və xəstə anası vardır və anasına ondan başqa baxan yoxdur». Apellyasiya məhkəməsinin məhkəmə baxışı başlanmamışdan əvvəl məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 özünün verdiyi apellyasiya şikayətlərinin dəlillərini şifahi olaraq dəqiqləşdirməklə, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə bəraət verilməli, Azərbaycan Respublikası CM-in 194.1-ci maddəsi ilə isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməli olduğunu bildirmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayətində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 1(099)265/2022 saylı hökmünün Təqsirləndirilən şəxs2 münasibətdə ləğv edilib, ona Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə bəraət verilməsi, Azərbaycan Respublikası CM-in 194.1-ci maddəsi ilə isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunması haqqında qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, «Təqsirləndirilən şəxs2 barəsində ibtidai istintaq tərəfindən əsassız olaraq cinayət işi başlanılmışdır. İbtidai istintaq qanunun tələbləri kobud şəkildə pozulmaqla aparılmışdır. Belə ki, iş materialları ilə işin faktiki halları üst-üstə düşmür, sübutlar ittihamın əsasını təşkil etmək üçün yetərli deyildir. Təqsirləndirilən şəxs2 qanunsuz əldə olunmuş sübutlar əsasında CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsi nə cinayət mühakimə icraatının prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydalarına uyğun deyildir və şəxsin təqsirli bilinməsi üçün kifayət etmir. Belə ki, toplanmış sübutların mötəbərliyi şübhə doğurur və cinayət işi üzrə aparılmış istintaq hərəkətlərinin prosessual pozuntularla həyata keçirilməsi həmin şübhələrin mövcudluğunu bir daha təsdiq etməklə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham öz təsdiqini tapmır». Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, şikayətinin təmin olunmasını, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2022-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs1 aid cəza hissəsində dəyişdirilib, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının daha da yüngülləşdirilməsi və həmin cəzanın Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 da müdafiəçisinin verdiyi apellyasiya şikayətini müdafiə edib, müdafiəçisinin çıxışı ilə razı olduğunu bildirmişdir. Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi4 verdikləri apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2022-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs2 münasibətdə ləğv edilib, ona Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə bəraət verilməsini, Azərbaycan Respublikası CM-in 194.1-ci maddəsi ilə isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Dövlət ittihamçısı X3 məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməllərinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq Təqsirləndirilən şəxs1 əməllərini Azərbaycan Respublikası CM-in 177.2.3, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri, Təqsirləndirilən şəxs2 əməllərini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 194.1-ci maddələri ilə tövsif edərək, onları həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilib barələrində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, məhkum edilmiş şəxslərə bəraət verilməsi və ya əməlin hüquqi tövsifinin dəyişdirilməsi, eləcə də onlara təyin edilmiş cəzanın yüngülləşdirilməsi və ya cəzanın şərti olaraq tətbiq edilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətlərinin təmin olunmadan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələri, məhkəmə istintaqı zamanı verdikləri ifadələrinin sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, tədqiq olunmuş ekspert rəyləri, maddi sübut və işdə olan istintaq hərəkətlərinə dair digər sənədlərlə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.3, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 194.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmələri və təqsirliliklərinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxslərə ittiham olunan əməllərin cinayət olmasını aradan qaldıran halların və onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsasların olmamasına görə, həmin maddələr ilə onların təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılmasına dair tələblərinə müvafiq olaraq ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, məhkum edilmiş şəxslərin törətmiş olduqları əməllərin hüquqi tövsifinə və daha sonra isə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə görə, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; hakim qanunu və vicdanını rəhbər tutaraq, sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.3, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.5 və 194.1-ci maddələrində göstərilən cinayət əməllərini törətmələri ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələri, məhkəmə istintaqı zamanı verdikləri ifadələrinin sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, X4, Şahid7, Şahid3 və Şahid4 məhkəmə istintaqında elan edilmiş ifadələri, “Hadisə yerinə baxış keçirilməsi haqqında” və “Baxış keçirilməsi haqqında” 01 noyabr 2021-ci il tarixli protokollar, “Dəftərə baxış keçirilməsi haqqında” 02 və 22 noyabr 2021-ci il tarixli protokollar, “Tədqiqat üçün nümunələrin götürülməsi haqqında” 01 noyabr 2021-ci il tarixli protokollar, məhkəmə-tibbi ekspertizasının 03 noyabr 2021-ci il tarixli, 839 nömrəli və 30 dekabr 2021-ci il tarixli, 1009 nömrəli rəyləri, məhkəmə-tibbi bioloji ekspertizasınınm” 28 dekabr 2021-ci il tarixli, 842/2021-MTBŞ nömrəli rəyi, kompleks məhkəmə-ballistik və məhkəmə-trasoloji ekspertizasının 08 dekabr 2021-ci il tarixli, 3/1865, 3/1866 nömrəli rəyi, "xxxx" ASC tərəfindən verilmiş 23 yanvar 2022-ci il tarixli və "xxxx" MMC tərəfindən verilmiş 24 yanvar 2022-ci il tarixli mütəxəssis rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış predmetlər, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllərini törətmələri ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən yuxarıda sadalanan sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.3, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.5 və 194.1-ci maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də, işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək, məhkum edilmiş şəxslərin ittiham olunduqları cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. İşə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar mövcud deyildir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxslərin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Beləliklə, cinayət hadisəsi baş vermişdir və birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinə öz hökmündə hüquqi qiymət verərək, haqlı olaraq Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.3, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.5 və 194.1-ci maddələri ilə təqsirli bilmişdir. Məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Hökmdən görünür ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iş üzrə bütün zərərçəkmiş şəxslərlə barışıq əldə etmələrini Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə, Təqsirləndirilən şəxs1 himayəsində iki nəfər azyaşlı uşağının olmasını həmin Məcəllənin 59.1.4-ci maddəsinə, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmaması, sonuncu və Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilmələri, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.3-ci maddəsi, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 194.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrini etiraf etmələri və həmin əməllərindən səmimi peşiman olmalarını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən müvafiq qaydada onların cəzalarını yüngülləşdirən hallar kimi qiymətləndirmiş, cəzalarını ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsinin sanksiyasında 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası; 181.2-ci maddəsinin sanksiyasında 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası; 194.1-ci maddəsinin sanksiyasında 3000 manatdan 6000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə 9 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 10 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş; Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə 9 il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-in 194.1-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən ona həmin Məcəllənin 194.1-ci maddəsi ilə təyin edilmiş 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası müvafiq olaraq iki günə bir gün hesabı ilə 9 ay müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 9 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanın məqsədlərini təmin edən həddə azadlıqdan məhrumetmə növündə qanuni və ədalətli cəza təyin etmiş və düzgün olaraq onların cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələrini müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınması baxımından qanuni və ədalətli olmuşdur. Məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının tövsiyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, onların şəxsiyyəti, təyin olunan cəzanın onların islah olmasına və ailələrinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və onlara kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayətləri üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 1(099)265/2022 saylı hökmü həmin apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.3, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.5 və 194.1-ci maddələri ilə məhkum olunmalarına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 1(099)265/2022 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 1(099)265/2022 saylı hökmü həmin apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Rafiq Cəfərov Hakimlər Kamil Bəşirov İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar