Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-849/2022 01.11.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası - hakimlər Cəfərov Rafiq Musa oğlu (sədrlik edən), Bəşirov Kamil Sücəddin oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə, Səmədov Alim Nadir oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya İnstansiyası Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X6, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Şirvan Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə məhkum olunmasına dair Kürdəmir Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 1(041)87/2022 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Kürdəmir Rayon Məhkəməsinin (hakim Müseyib Bayramov) 06 sentyabr 2022-ci il tarixli, 1(041)87/2022 saylı hökmü ilə xx xxxxxx 1969-cu ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Kürdəmir rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 07 iyul 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş; iş üzrə maddi sübutun taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İşin halları Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 2022-ci ilin aprel ayında Kürdəmir rayonu Yenikənd kəndində yaşadığı evin bağ sahəsində, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin siyahısı”na daxil olan, yaş və nəm vəziyyətdə ümumi təmiz çəkisi 6300 qram olan cəmi 8 (səkkiz) ədəd, quru halda təmiz çəkisi 520 qram olan 4 (dörd) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib yetişdirərək kultivasiya etmiş, xx.xx.2022-ci il tarixdə saat 20:20 radələrində Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Kürdəmir rayonu Yenikənd kəndində, onun yaşadığı evin bağ sahəsinə keçirilən baxış zamanı, 05 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 5000 qram, 03 ədəd nəm halda təmiz çəkisi 1300 qram, 04 ədəd quru halda təmiz çəkisi 520 qram olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətini belə əsaslandırmışdır ki, «Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları heç bir qanuni sənədləri icazələri olmadan onun yaşadığı evə gələrək evinin həyətyanı sahəsində öz istifadəsi üçün əkdiyi 5 ədəd çətənə kolunu götürüb polis şöbəsinə aparmışlar və orada ona məxsus olmayan 7 ədəd çətənə kolunu da hədə-qorxu gələrək ona aid olan 5 ədəd kolun üzərinə qoyub məqsədli şəkildə 12 ədəd etmişlər». Apellyasiya məhkəməsinin məhkəmə baxışı başlanmamışdan əvvəl məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərini şifahi olaraq dəqiqləşdirərək, ona təyin olunmuş cəzanın ağır olduğunu göstərib, cəzası yüngülləşdirilməklə, Kürdəmir Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli hökmünün dəyişdirilməli olduğunu bildirmişdir. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, Kürdəmir Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli hökmünün dəyişdirilib, təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etdilər. Dövlət ittihamçısı X6 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə tövsif edərək, onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətinin təmin olunmamasını və Kürdəmir Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, istintaq hərəkəti protokolları, tədqiq olunmuş ekspert rəyləri, maddi sübut və işdə olan digər sənədlərlə onun Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsi, təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və müdafiəçinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərində və müdafiə tərəfinin çıxışında işin faktiki halları mübahisələndirilməsə də, Azərbaycan Respublikası CPM-in 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsə ittiham olunmuş Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum edilmiş şəxsin əməlinin həmin maddə ilə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə məhkum edilmiş şəxsə təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə görə, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; hakim qanunu və vicdanını rəhbər tutaraq, sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsində göstərilən cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 və X4 ifadələr, məhkəməbioloji ekspertizasının ekspertizasının 08 iyul 2022-ci il tarixli, 18/737 nömrəli rəyi və ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1110 nömrəli rəyi, eləcə də istintaq hərəkətlərinə dair digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən yuxarıda sadalanan sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də, işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək, məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. İşə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Beləliklə, cinayət hadisəsi baş vermişdir və birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlinə öz hökmündə hüquqi qiymət verərək, onu haqlı olaraq Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə təqsirli bilmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olubolmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Məhkəmə kollegiyası məhkum edilmiş şəxsin apellyasiya şikayətinin ona Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə təyin edilmiş cəzanın ağır olmasına dair dəlili ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 213-cü maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 1 il müddətə islah işləri cəzasına; Lənkəran Ağır Cinayətlər Məhkməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 237.2.3-cü və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına; Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək,CM-in 66.5-ci maddəsinə əsasən 6 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzasına; Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3 və 83.3.4-cü maddələrinə əsasən, az ağır cinayətlərə münasibətdə şəxsin cəzasını çəkib qurtardığı gündən 2 il keçdikdə, ağır cinayətlərə münasibətdə şəxsin cəzasını çəkib qurtardığı gündən 6 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər iki dəfə qəsdən cinayət törətməyə görə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunması və onun yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi barəsində cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-in 18-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 18.2.2ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Birinci instansiya məhkəməsi cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən etməmiş, onun cinayətlərinin təhlükəli residivini isə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Birinci instansiya məhkəməsinin hökmü çıxarıldıqdan sonra da cəzanı yüngülləşdirən hal yaranmamışdır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsinin sanksiyasında 3000 manatdan 6000 manatadək miqdarda cərimə və ya 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsi ilə 2 il müddətə azadlıqdan məhrumetmə cəzasından az cəza verilə bilməz. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsi ilə 2 il 8 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in yuxarıda qeyd olunan normalarına riayət etməklə və Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilmiş prinsipini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və cəzanı ağırlaşdıran halı, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə cəzanın məqsədlərini təmin edən həddə azadlıqdan məhrumetmə növündə qanuni və ədalətli cəza təyin etmiş və düzgün olaraq onun cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3 və 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının tövsiyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Kürdəmir Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 1(041)87/2022 saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə məhkum olunmasına dair Kürdəmir Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 1(041)87/2022 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 1(041)87/2022 saylı hökmü həmin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Rafiq Cəfərov Hakimlər Kamil Bəşirov İlkin Abdullayev
Məhkəmə qərarları › İş №1(106)-849/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-849/2022
01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver