Məhkəmə qərarları › İş №1(106)-849/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-849/2023

25.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-849/2023 25.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakimlər: Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X2 Üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 1(099)-752/2023 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 1(099)-752/2023 nömrəli hökmü (hakimlər: X5 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə) ilə xx xxxxxxx 1979-cu ildə Lənkəran rayonu Kərgəlan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 46/6, mənzil 30-da qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilib və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 26 may 2023-cü il il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunması və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona görə təqsirli bilinib məhkum olunmuşdur ki, o, 2023-ci ilin may ayının sonlarında Lənkəran rayonunda satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə külli miqdarda, 18,280 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, bu barədə məlumat almış Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı 26 may 2023-cü il tarixdə saat 02:00 radələrində Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq regional şöbənin inzibati binasına gətirildikdən sonra üzərində şəxsi axtarış keçirilərkən göstərilən sayda və çəkidə narkotik vasitə heroin sellofan kəsiyi bükümündə əynində olmuş şalvarın sol yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətləri verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli dəyişdirilməsini və əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməklə barəsində həmin maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi barəsində olan cinayət işi üzrə ziddiyətli və uyğunsuz halların mövcudluğuna baxmayaraq, məkm edilmiş şəxsin hüquqi savadı olmadığı üçün həmin halları zəruri şəkildə təqdim edə bilmədiyinə görə barəsində bu cür ittiham hökmü çıxarmışdır. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Apellyasiya baxışı zamanı Dövlət ittihamçısı2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini, birinci instansiya məhkəməsinin düzgün olaraq Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edərək, onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib barəsində qanunamüvafiq və ədalətli cəza təyin etdiyini, məhkum edilmiş şəxsə bəraət verilməsi, əməlinin hüquqi tövsifinin dəyişdirilməsi və ya ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını bildirib, apellyasiya şikayətinin təmin olunmamasını və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və həmin dəlillərə uyğun çıxış edərək, Təqsirləndirilən şəxs hər hansı digər şəxsə narkotik vasitə satması barədə iş materiallarında heç bir sübut olmamasını bildirib apellyasiya şikayətinin təmin olunmasını, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli hökmünün dəyişdirilib, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmasını və həmin maddə ilə ona yüngül cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Videokonfrans əlaqə sistemindən istifadə etməklə məhkəmə kollegiyasının iclasına qoşulan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçinin çıxışı ilə razi olduğunu bildirib şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar, yalnız, apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etdi ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Qeyd olunan Qərarında Plenum daha sonra göstərmişdir ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət-prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da eyni hüquqi mövqeyi təkrar edərək göstərmişdir ki, cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Plenum eyni zamanda qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası cinayət işinin materiallarını apellyaisya şikayətlərinin dəlilləri həcmində, həmçinin birinci instasniya məhkəməsi tərfindən cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi vəziyyətini apellyaisya şikayətlərinin dəlillərindən asılı olmadan yoxlayaraq aşağıdakı sübutların müqayisəli şəkildə təhlil edilməsini vacib hesab edir. CİNAYƏT İŞİNDƏ OLAN SÜBUTLAR: İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin baş əməliyyat müvəkkili polis baş leytenanatı Şahid1 tərəfindən 26 may 2023-cü ildə tərtib olunmuş raportun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsinə məlumat daxil olmuşdur. İş materiallarında olan 26 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 may 2023-ci il tarixdə saat 02:00-da Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi 46/6 nömrəli binanın yaxınlığında saxlanılaraq regional polis şöbəsinə gətirilmiş, onun üzərində şəxsi axtarış keçirilən zaman əynində olmuş şalvarın sol yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin olduğunu və özü istifadə etmək üçün əldə etdiyini bildirmişdir. Aşkar olunmuş narkotik vasitə heroin elektron tərəzidə çəkilərək qablaşdırılmış və imzalarla təsdiq olunmuşdur. İş materiallarında olan məhkəmə ekspertizasının 26 may 2023-ci il tarixli, 19/58 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə təmiz çəkisi 18,280 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs verdiyi ifadələridə özünü narkotik vasitəninin istifadəsində təqsirli bilərək göstərmişdir ki, 20 ilə yaxındır ki, narkotik vasitə heroindən zərdə çəkmək yolu ilə istifadə edir. Bu səbəbdən narkotik vasitələrdən asılılığı yaranmışdır. Narkotik vasitələri tanımadığı şəxslərdən alıb qəbul edir. 20 may 2023-cü il tarixdə Lənkəran şəhəri Böyük Bazar ərazisində əvvəllər narkotik vasitə aldığı şəxsi görüb ondan hissə-hissə istifadəsi üçün hər qrammı 10 manatdan olmaqla 200 manat pul müqabilində 20 qram narkotik vasitə heroin almışdır. Saxlanılan günə kimi aldığı həmin heroinin bir hissəsini zərdə çəkmək üsulu ilə istifadə etmişdir. 26 may 2023-cü il tarixdə saat 01 radələrində yaşadığı evdə olan zaman mənzilin havası isti olduğuna və narkotik vasitə heroindən qəbul etmək tələbatı yarandığına görə yaşadığı mənzildən çıxıb binanın qarşısında dayanmış, heroindən qəbul etmək üçün sakit bir yer axtaran zaman ona yaxınlaşan polis işçiləri tərəfindən saxlanılmışdır. Regional polis şöbəsinə dəvət olunmuş, şöbədə üzərində müdafiəçi İntiqam Hüseynovun iştirakı ilə videoçəkilişdən istifadə edilərək şəxsi axtarış aparılarkən ona üzərində qanunla qadağan edilmiş əşya vardırsa, təqdim etməsi təklif olunmuşdur. O, əynində olan şalvarının sol yan cibindən bir bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Heroini öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Heroin tərəzidə çəkilərək qablaşdırılıb götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 06 may 2023-ci il tarixli, 567 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin rəis müavini Səfər Nuriyev tərəfindən Lənkəran şəhər Rayon Polis Şöbəsinin rəisi Elman Quliyevə ünvanlanmış 05 iyul 2023-cü il tarixli məktubun məzmunundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin daşınması, qəbulu və satışı ilə məşğul olması barədə məlumat daxil olsa da onun narkotik vasitə əldə etdiyi və satdığı şəxslərin kimliyini müəyyən etmək mümkün olmamışdır. Bu istiqamətdə əməliyyat tədbirləri dava etdirilir, müsbət nəticə əldə olunacağı təqdirdə əlavə məlumat veriləcəkdir. MƏHKUMUN ƏMƏLİNİN CİNAYƏT MƏCƏLLƏSİNİN 234.4.3-CÜ MADDƏSİ İLƏ TÖVSİF EDİLMƏSİNƏ MƏHKƏMƏ KOLLEGİYASİNİN MÜNASİBƏTİ: Avropa İnsan hüquqları Məhkəməsi Korbelv Macarıstana qarşı işi üzrə 29 sentyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət hüquqi normalarının geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər həmin maddə özündə daha umumi prinsipləri ehtiva edir. Həmin prinsiplərə əsasən yalnız qanun cinayət tərkibi və buna görə cəzanı müəyyən edə bilər, o cümlədən ittiham olunan şəxsin ziyanına cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsinədə mümkündür. Hüquq normalarının məzmununun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan həddlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb ola bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinici instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, yəni satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi tövsif etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, cinayət əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud istehlakçı ilə əvvəlcədən razılıq əldə etmə, narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda satma kimi hərəkətlər edilməlidir. İş materiallarından görünür ki, yuxarıda qeyd edilən halların hər hansı biri müəyyən edilməmiş, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edərkən yalnız aşkar olunan narkotik vasitənin külli miqdarda olmasını əsas götürmüşlər. Bu da onu deməyə əsas verir ki, iş materiallarında Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni satmaq niyyətində olmasını təsdiq edən hər hansı bir sübut mövcud deyil. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəlmiş hərəkətlərdir. Bununla yanaşı «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmin Qərarda həmçinin göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası məhkum olunmuş şəxsin birinci instansiya məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarında olan digər sübutlarla müqayisəli təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində narkotik vasitəni satış niyyəti ilə, yəni əvəzli və yaxud qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə əldə edərək saxlaması və daşıması barədə ona qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsində əsaslı şübhələr mövcuddur və ittiham tərəfindən təqdim olunmuş hər hansı bir sübutla həmin şübhələrin aradan qaldırılması mümkün deyil və iş materiallarında belə bir sübut yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İttihamın sübuta yetirilməsinə dair milli qanunvericiliyin tələbləri həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mötəbər və inandırıcı sübutlar olmadan, yalnız mülahizələrə əsaslanan dəlillərlə təqsirləndirilən şəxsin qanunsuz olaraq külli miqdarda, 18,280 qram narkotik vasitə heroini satış niyyəti ilə əldə edərək üzərində saxlamaqla daşıması barədə nəticəyə gəlmiş, məhkəmənin bu səhvi öz növbəsində əməlin düzgün olmayan tövsifinə, habelə təqsirləndirilən şəxsin barəsində daha ağır cinayət ittihamı üzrə əsassız hökm çıxarılmasına səbəb olmuşdur. Halbuki, Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsində qeyd edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinməklə barəsində ədalətli cəza təyin edilməlidir. İş materiallarında olan 10 avqust 2023-cü il tarixli tələbnaməsindən, məhkəmə hökm və qərarlarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Qaradağ rayon məhkəməsinin hökümə əsasən Cinayət Məcəlləsinin 177.2.4, 29, 177.2.1, 29, 177.2.2-ci maddələri ilə təqsirli bilinib 03 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası 03 il 6 ay müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixdə Nazimi Rayon Məhkəməsinin qərarı ilə CM-nın 76-cı maddəsinə əsasən cəzadan 04 ay 05 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2019-cu il tarixdə cəza müddəti bitmişdir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilir. Görünüdüyü kimi, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş cəzaya münasibətdə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar redivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlində cinayətin resdivi müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə kollegiyası cəza təyini ilə bağlı işin hallarına əsasən hesab edir ki, məhkum Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya şikayətinin təmin edilməsi barədə məhkum edilmiş şəxs və müdafiəçisinin, apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin hökmünün isə dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 1(99)-431/2019 nömrəli hökmü dəyişdirilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398, 399, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 1(099)-752/2023 nömrəli hökmü həmin apellyasiya şikayətinə əsasən dəyişdirilsin. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunsun və o, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Hökmdən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə etməsinə, saxlamasına, daşımasına və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən cəza təyin edilməsinə dair müddəalar xaric edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 1(099)-752/2023 nömrəli hökmü apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Məhəmməd Bağırov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar