Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-854/2022 13.10.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi ilə, hakimlər – Cəfərov Rafiq Musa oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi Eminli Rusif Novruz oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru X6, Təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxsin müdafiəçisi – Şirvan regional vəkil bürosunun vəkili X2 iştirakları ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Şirvan Şəhər Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli hökmündən onun tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli hökmünə əsasən (hakim Ziya Əliyev) xx xxxx 1985-ci ildə Əli-Bayramlı (hazırda – Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Şirvan şəhəri 20 Yanvar küçəsi ev 26A-da qeydiyyatda olan, faktiki olaraq Şirvan şəhəri Ü.Hacıbəyov küçəsi ev 87-də yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsi 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər, maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəza müddəti ərzində üzərinə yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırması vəzifələrini yerinə yetirməsi öhdəlikləri, kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması, cəza çəkməsinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması və barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirmək məqsədi ilə Masallı rayonu, Musaküçə kənd sakini X1 himayəsində böyümüş qardaşı oğlu X3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddəsi ilə beş il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsində baxılan cinayət işi üzrə buna heç bir səlahiyyəti olmadığı halda cəzasını azaltdıracağı adı ilə aldadaraq yalan vədlər verib Nənəxanım Abbasovanın etibarından sui-istifadə edərək, 2018-ci ilin yanvar ayından həmin ilin sentyabr ayına kimi olan müddət ərzində vahid niyyətlə əhatə olunmuş qəsdlə X4 şəhərində 6000 manat, Masallı rayonu Musaküçə kəndində yerləşən sonuncuya məxsus evdə 3500 manat, Bakı şəhəri, Şüvələn qəsəbəsində 1000 manat, poçt vasitəsi ilə 600 manat və sonuncu dəfə isə Şirvan şəhəri, Salyan dairəsi adlanan yerdə 2500 manat pulu, ümumilikdə xeyli miqdar təşkil edən 13600 (on üç min altı yüz) manat məbləğində pulu əldə edib zərərçəkmiş Nənəxanım Abbasovanın əmlakını ələ keçirərək dələduzluq etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs1 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirən halları – zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində ona dəymiş maddi ziyanı könüllü olaraq tamamilə ödəməsini, himayəsində bir nəfər azyaşlı uşağının olmasını kifayət qədər nəzərə almamış və ona ağırlığına görə açıq-aşkar sərt cəza təyin etmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərilənlərə əsasən Şirvan Şəhər Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli hökmünün dəyişdirilməsini, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona məhkum olunduğu maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin olunmasını və ya həmin Məcəllənin 70-ci maddəsinə əsasən cəzasının şərti tətbiq edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkəmə iclasında dövlət ittihamçısı X8 təqsirləndirilən şəxsin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 qanuni və ədalətli cəza təyin edildiyini qeyd etməklə, Şirvan Şəhər Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X5 apellyasiya şikayətini müdafiə edib, Şirvan Şəhər Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs1 barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona məhkum olunduğu maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin olunmasını və ya həmin Məcəllənin 70-ci maddəsinə əsasən cəzasının şərti tətbiq edilməsini xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Təqsirləndirilən şəxs apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq hökmün dəyişdirilməsi, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona məhkum olunduğu maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin olunması və ya həmin Məcəllənin 70-ci maddəsinə əsasən cəzasının şərti tətbiq edilməsi haqqında apellyasiya tələbini Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsində məhkəmə qərarının apellyasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırkı qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs1 əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə tövsif etmişdir. Apellyasiya şikayətinin məzmunundan da görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Təqsirləndirilən şəxs1 təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər müdafiəçi tərəfindən mübahisələndirilməmiş və buna görə də məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə zərurət görmür. Məhkəmə kollegiyası apellyasiya müraciəti ilə əlaqədar Şirvan Şəhər Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. İ dəlilə – Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə ona təqsirli bilindiyi maddədə müəyyən ediləndən daha yüngül növü təyin edilməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında apellyasiya şikayətində qeyd olunan yüngülləşdirici halların təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə əsas verib-verməməsini araşdıraraq məhkəmə kollegiyası qeyd edir ki, CM-in 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-in 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir:
1. cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar;
2. cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar;
3. iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. CM-in 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CM-in 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-in 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-in 62.1-ci maddəsi isə, əksinə, hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini müəyyənləşdirir. Həmçinin məhkəmə kollegiyası vurğulayır ki, CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özü özlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-in 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-in 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-in 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-in 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, CM-in 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi tədbir kimi qəbul edilməsinə yol vermir. Bu normaların tələbləri məhkəmə kollegiyasına belə qənaətə gəlmək üçün əsas verir ki, iş üzrə sübutlar əsasında müəyyən edilmiş hallar – zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində ona dəymiş maddi ziyanı könüllü olaraq tamamilə ödəməsi, himayəsində bir nəfər azyaşlı uşağının olması – onların heç də müstəsna hallar kimi qiymətləndirilməsi, yəni Təqsirləndirilən şəxs1 barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsinin düzgün olması barədə fikir yürütmək üçün kifayət etmir. Belə ki, cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 az ağır cinayətlər kateqoriyasına aid olan cinayəti törətdikdən sonra könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi (cinayət faktı istintaq yolu aşkar edilmişdir) müəyyən olunmur və belə olduqda onun təqsirli bilindiyi cinayəti törətdikdən sonra həmin cinayətin ictimai təhlükəliliyini azaldan hər hansı müsbət davranışından söhbət gedə bilməz. Beləliklə işin faktiki hallarının Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin işığında təhlil edərək məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 münasibətdə həmin maddəni tətbiq etməklə ona törətdiyi cinayət əməlinə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilməz. İİ dəlilə – Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi məsələsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etməni təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Lakin, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların dairəsini isə Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsi müəyyən edir. Azərbaycan Respublikası CPM-in 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir. Yəni, məhkəmə qərarlarında təqsirləndirilənin şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar barədə nəticələr də CPM-in 143-cü maddəsinə uyğun olaraq toplanmış, 144-cü maddəsinə müvafiq qaydada yoxlanılmış və 145, 146-cı maddələrinin tələblərinə əməl olunmaqla qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan (müfaviq sübutlardan irəli gəlməyən) mülahizə xarakteri daşımamalıdır . Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda, cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən apellyasiya şikayətinin şərti məhkum etmənin tətbiqi ilə bağlı dəlilini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, əməlin ictimai təhlükəliliyi, törədilmə üsulu və şəraiti təqsirləndirilən şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair məhkəmə kollegiyasında inam yaratmır. Buna görə də, həmin hissədə apellyasiya dəlili əsaslı sayıla bilməz. Bununla yanaşı qeyd olunan cəzanı yüngülləşdirən halları nəzərə almaqla birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi halları – təqsirləndirilənin şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanın məhkumun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə yaxın, Azərbaycan Respublikası CM-in qeyd olunan normalarının və ədalət prinsipinin (CM maddə 8) tələblərinə cavab verən cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunanlar, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq onları qəbuledilməz sayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Şirvan Şəhər Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli hökmü müdafiəçinin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Şirvan Şəhər Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs1 apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Sədrlik edən: İlkin Abdullayev Hakimlər: Rafiq Cəfərov Elşad Əliyev