Məhkəmə qərarları › İş №1(106)-859/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-859/2024

05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-859/2024 05.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Həşimov Yaşar Xanoğlan oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş prokurorluğu X4 Üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində X4 şöbəsinin prokuroru X7, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2024-cü il tarixli 1(099)-596/2024 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2024-cü il tarixli 1(099)-596/2024 saylı hökmü ilə (sədrlik edən hakim Elxan Süleymanov), xx xxxxxxx 1979-cu ildə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla orada yaşamış, barəsində 07may 2024-cü ildə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 06 may 2024-cü ildən hesablanmaqla 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs məhkum edilmişlər ona görə ki, o, məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda 4,086 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış, 06 may 2024-cü il tarixdə, saat 09:40 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara rayonu, Ərçivan qəsəbəsindəki yaşadığı evin qarşısındakı küçədə piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman satış məqsədi olmadan üzərində daşıdığı 01 ədəd şəffaf sellofan bükümdə qeyd olunan çəkidə psixotrop maddə olan metamfetamin onun əynindəki boz rəngli parça gödəkcənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərmişdir ki, barəsində olan hökümü qanunsuz və ədalətsiz hesab edir. Belə ki, onun üzərinə narkotik vasitəni polislər qoymuş, onun narkotik vasitə ilə heç bir əlaqəsi olmamışdır. Onu qanunsuz olaraq yatdlığı yerdə onu polis şöbsəinə aparmışlar. Ona görə hesab edir ki, bütün göstərdiyi xüsusatlar araşdırılmalıdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsi tam araşdırma aparmamışdır. Ona görə də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(099)-596/2024 saylı hökmünün ləğv edilməsini, ona bəraət verilməsini xahiş edir. Dövlət ittihamçısı məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs vəkili şikayətin təmin edilməsini xahiş etmişdir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası müəyyən edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində olan ittiham hökmünü aşağıdakı sübutlar əsasında çıxarmışdır. Belə ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində ifadə verərkən ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 05 may 2024-cü il tarixdə arvadı onun narkotik vasitələrdən istifadə etməsi barədə DİN-in 102 xidmətinə şikayət etmiş, 06 may 2024-cü ildə saat 09 radələrində mülki geyimli polis əməkdaşları yaşadığıevə gələrək onu polis şöbəsinə aparmış, şöbədə polis əməkdaşları tərəfindən döyülmüş, sonuncular içində psixotrop maddə olan 1 bükümdə metamfetamini qarşısına qoyaraq bunun ona məxsus olması barədə ifadələrə imza etməyəcəyi halda evindən daha çox narkotik vasitələr çıxacağını bildirmiş, polis əməkdaşlarının təsir və təzyiqi nəticəsində məcbur qalaraq istintaq zamanı ifadələrinə imza etmişdir. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs istintaq dövründə vermiş olduğu ifadələri ilə birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün birinci instansiya məhkəməsi onun məhkəməyədək icraat zamanı verdiyi ifadələrini elan etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələrində göstərmişdir ki, 06 may 2024-cü il tarixdə səhər saat 09:40 radələrində Ərçivan qəsəbəsindəki yol kənarı ilə piyada hərəkətdə olarkən mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsiaxtarış zamanı əynində olan gödəkcənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmiş, şəxsi axtarışla bağlı tərtib edilmiş protokol iştirakçılar, eləcə də onun tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini 05 may 2024-cü il tarixdə Astara rayon, Ərçivan qəsəbəsindəki torpaq sahəsindən evə tərəf piyada gedən zaman “Yanar Bulaq” adlanan yerin yaxınlığındakı küçədən tapdığını, nə vaxtsa istifadə etmək məqsədilə götürüb cibinə qoyduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində şahid kimi ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, 06 may 2024-cü il tarixdə Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması barədə icraatına daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 09:40-da saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncu əynində olan gödəkcənin sağ yan cibindəki 01 ədəd bükümdə şəffaf sellofona bükülmüş metamfetaminə bənzər kütləni çıxarıb təqdim etmiş, təqdim edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra protokol iştirakçılar, eləcə də Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə şəffaf sellofona bükülmüş metamfetaminə bənzər kütləni 05 may 2024-cü il tarixdə Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində küçədən tapdığını, istifadə etmək üçün üzərində daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs istər saxlanılaraq polis şöbəsinə gətirilərkən, istərsədə polis şöbəsində ona qarşı təsir və ya təzyiq göstərilməmişdir. İş materiallarında olan “şəxsi axtarış və götürmə haqqında” 06 may 2024-cüil tarixli protokoldan görünür ki, həmin tarixdə saat 10:37-dən saat 10:47-dək Astara Rayon Polis şöbəsində xidməti otaqlarının birində videoçəkiliş vasitəsi, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərində narkotik vasitə və yaxud saxlanılması və gəzdirilməsi, qadağan olunmuş hər hansı bir əşya olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli parça gödəkcənin sağ yan cibindən 01 ədəd bükümdə şəffaf sellofona bükülmüş ağ rəngli, kristal formada psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən hər hansı bir qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet aşkar edilməmiş, həmin büküm elektron tərəzidə ölçülərək çəkisinin 4,2 qram olması müəyyən edilmiş və ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin kütləni öz istifadəsi üçün xx.xx.2024-cü il tarixdə Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yoldan tapdığını, üzərində daşıyaraq saxladığını, ehtiyacı olanda istifadə edəcəyini bildirmişdir. İş materiallarında olan “İfadənin yerində yoxlanılması haqqında” 07 may 2024-cü il tarixli protokoldan görünür ki, Cəfərov X5 qəsəbəsindəki yolkənarını göstərərək 05 may 2024-cü il tarixdə, saat 20 radələrində torpaq sahəsindən evə tərəf gələn zaman yolun sol tərəfindəki qaz xətt borusun yanında 01 ədəd şəffaf sellofon bükümdə psixotrop maddə olan metamfetamini görərək götürdüyünü, cibinə qoyduğunu vəsonra yaşadığı evə getdiyini bildirmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 06 may 2024-cü il tarixli, 19/397 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs təqdim etdiyi 01 bükümdə kütlə...» sözlər və imzalar olan bir ədədzərfdəki 01 ədəd bükümdə təmiz çəkisi-4,086 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 08 may 2024cü il tarixli, 424 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (Toksikomoniya xəstəliyi) aşkar olunur. Məcburimüalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan əməliyyat tapşırığına verilmiş 18 may 2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə istifadəçisi olmağı müəyyən edilmiş, lakin qanunsuz olaraq əldə edib üzərində daşıdığı psixotropmaddə metamfetamini nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, eləcə də onun psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı məlumat və ya digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin olması müəyyən edilməmişdir. İş materiallarında olan Astara Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Astara RPŞ-nin Əməliyyat İşləri üzrə rəis müavini X3 tərəfindən qəbul edilmiş 06 may 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar qanunauyğun hesab edilmişdir. İş materiallarında olan qərardan görünür ki, ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınan təmiz qalıq çəkisi 4,036 qram psixotrop maddə olan metamfetamin Astara Rayon Polis şöbəsində saxlanılır, şəxsi axtarış aparılarkən, eləcə də Təqsirləndirilən şəxs qismində dindirilərkən qeydə alınmış videoçəkilişlərin köçürüldüyü 02 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə işdə ittihamın əsaslılığına dəlalət edən sübutlar olsa da Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün üzərində aşkar olunan psixotrop maddə metamfetaminin ona məxsus olmadığını, psixotrop maddənin üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, polis şöbəsində təzyiqlərə məruz qaldığından məcbur olub psixotrop maddə metamfetaminin özünə məxsus olmasını yalandan etiraf etdiyini, müstəntiqə verdiyi ifadəsini təsdiq etmədiyini göstərmişdir. Birinci instansiya məhkəməsi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi etirafedici ifadəsinə məhkəmədə verdiyi ifadə ilə müqayisədə üstünlük verərək düzgün olaraq hesab etmişdir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın düzgün verildiyinin heasb edilməsinə əsas verir. Məhkəmə kollegiyası müəyyən edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsinin işdə olan digər sübutlara uyğun gəldiyini müəyyən etdiyindən əsaslı olaraq onun istintaq zamanı verdiyi ifadəsini sübut kimi qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsi düzgün olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs apellyasiya şkayətində göstərdiyi, birinci instansiya məhkəməsində işinin ədalətli araşdırılmaması dəlili əsassız hesab edilməli və Azərbaycan Respublikası CM-in 234.1-1ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsi barədə xahişi təmin edilməməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 33-cü bəndinə əsasən Hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hökmü qeyd edilən Plenum qərarının tövsiyyələrinə uyğun olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 45-ci bəndində qeyd edlir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(099)-596/2024 saylı hökmü cəza təyin edilməsi hissəsində də Ali Məhkəmənin Plenum qərarının tövsiyyələrinə uyğun olmuşdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(099)-596/2024 saylı hökmü dəyişdirilməməlidir. Məhkəmə kollegiyası yuxarıda sadalanan halları nəzərə alaraq Təqsirləndirilən şəxs ona birinci nstansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı çəkməsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulan cəzanın məqsədinin əldə edilməsinin mümkün olacağını hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.1-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməməsi barədə qərar qəbul edə bilər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmamaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxsin izahatını, müdafiəçinin çıxışını, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin olunmaması barədə xahişini dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(099)-596/2024 saylı hökmü dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1-ci, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024cü il tarixli 1(099)-596/2024 saylı hökmü, həmin hökmdən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar