Məhkəmə qərarları › İş №1(106)-860/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-860/2022

11.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-860/2022 11.11.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası - hakimlər Cəfərov Rafiq Musa oğlu (sədrlik edən), Bəşirov Kamil Sücəddin oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə, Səmədov Alim Nadir oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya İnstansiyası Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Şirvan Regional Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Hacıqabul Rayon Məhkəməsinin 15 sentyabr 2022ci il tarixli, 1(071)91/2022 saylı hökmündən birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Hacıqabul Rayon Məhkəməsinin (hakim Vahid Hacıyev) 15 sentyabr 2022-ci il tarixli, 1(071)91/2022 saylı hökmü ilə xx.xx.1987-ci ildə Əli-Bayramlı (Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Hacıqabul şəhəri, Şirvan küçəsi, 3 saylı evdə qeydiyyatda olmaqla yaşayan, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi şübhəli şəxs kimi tutulduğu, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi həbsdə saxlandığı, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi ev dustaqlığında olduğu cəmi 3 (üç) ay 21 (iyirmi bir) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, 7 (yeddi) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası, təyin edilən cəzadan çıxılmaqla, üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış; barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, barəsində hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməklə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş; təyin edilmiş cəza müddəti ərzində üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş; cəzanın icrası müddətinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması və cəzanın məhkumun yaşayış yeri üzrə çəkilməsi, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmiş; iş üzrə maddi sübutun taleyi və məhkəmə məsrəfi məsələləri həll olunmuşdur. Hökmdən birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti verilmişdir. İşin halları Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, satış məqsədi olmadan, istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 1,058 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 1 ədəd sellofan kəsiyi bükümdə qablaşdırılmış halda əynində olan qara rəngli şalvarının qabaq sağ cibində daşıyaraq saxlamış, 24 may 2022-ci il tarixdə saat 18 radələrində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, Şirvan küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya protestinin dəlilləri Birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş Dövlət ittihamçısı2 apellyasiya protestində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Hacıqabul Rayon Məhkəməsinin 15 sentyabr 2022ci il tarixli hökmünün ona həmin maddə ilə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, «Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aidddir. Təqsirləndirilən şəxs çəkisi 1,058 qram psixotrop maddə olan metamfetamini əldə edərək saxladığını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pisxatrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Siyahıların İİ siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Onun külli miqdarı 2 qramdan başlanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əldə edərək üzərində saxladığı psixotrop maddə olan metamfetaminin miqdarı şəxsi istehlak miqdarının yuxarı həddindən 7 dəfə çoxdur. CM-in 234.1-ci maddəsinin sanksiyasında 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Lakin məhkəmə Təqsirləndirilən şəxs əldə edərək üzərində saxladığı psixotrop maddə olan metamfetaminin miqdarının şəxsi istehlak miqdarının yuxarı həddindən 7 dəfə çox olmasını nəzərə almadan CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasına alternativ olan azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Bundan başqa, məhkəmə cəza təyin edərkən nəzərə almamışdır ki, bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıq bəşəriyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran ən ağrılı problemlərdən biridir. Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyası”na, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2007-ci il tarixli 2271 saylı sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 2007-2012-ci illər üçün Proqram” təsdiq edilmişdir. Proqramda tövsiyə olunan tədbirlərin icrası ilə əlaqədar son beş ildə Respublika üzrə bu kateqoriyalı işlərlə bağlı cinayətkarlığın dinamikasına dair məhkəmə statistikası təhlil edilmiş, bu sahədə qanunvericiliyin məhkəmələr tərəfindən düzgün və eyni cür tətbiq olunmasına köməklik göstərmək və belə cinayətlərin törədilməsini doğuran səbəb və şəraitin müəyyən edilməsi üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar Respublikanın məhkəmələri tərəfindən baxılmış cinayət işləri üzrə məhkəmə təcrübəsi öyrənilərək ümumiləşdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qərarında məhkəmələrin diqqətini narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə yönəldilən qanunların düzgün tətbiq edilməsi, bu barədə Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarının tələblərindən irəli gələn müddəalarına ciddi əməl olunması, işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması sahəsində fəaliyyətinin təkmilləşdirilməsi zəruriliyinə cəlb edilməsini zəruri hesab etmişdir. Lakin hazırkı iş üzrə məhkəmə qanunvericiliyin cəza təyini ilə bağlı tələblərini nəzərə almamış, bir sözlə, cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları Təqsirləndirilən şəxs məhz ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq, məhkəmə əksinə olaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə sosial ədalət prinsipini pozmuşdur. Belə ki, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar qismində qiymətləndirmiş və bu halları hökmdə əsas tutaraq ona yüngül cəza təyin etmişdir. Sadalanan hallar məhkəmə tərəfindən qanunun tələblərinə əməl edilmədən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 72.1-ci maddəsinə görə şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Eyni zamanda CM-in 72.2-ci maddəsində qeyd olunur ki, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs isə belə hərəkətlər müəyyən edilməmişdir. Onun məsuliyyətini yüngülləşdirmək ücün əməlindən peşman olmasını bildirməsi isə qeyd olunanlara görə cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilməzdi. İş materiallarına əlavə edilmiş ambulator məcburi-narkolorji tibbi yoxlamanın 07 iyul 2022-ci il tarixli 3703 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 76-cı maddəsinə əsasən 2 ay 22 gün vaxtından əvvəl şərti azad olunmuşdur. İşin halları ilə müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə məhkumluğu qısa müddət ərzində ödənilməsinə baxmayaraq, bundan özü üçün nəticə çıxarmayıb yenidən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmişdir. Əvvəlki hökm üzrə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına baxmayaraq təyin olunmuş cəza onun islah olunmasına təsir etməmiş, yenidən narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqla onda asılılıq sindromu, yəni narkomaniya xəstəliyi aşkar edilmiş, göstərilən hallar onun cəmiyyətə adaptasiya olunmasında çətinliklər yaratmışdır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini hərtərəfli təhqiq etməmiş, onun mənfi xüsusiyyətlərini, yəni islah olunmamasını, cinayət törətməyə meyilli şəxs olmasını, ictimai təhlükəlilik dərəcəsini nəzərə almamışdır. Göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxsə yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını nəzərə almamış, faktiki olaraq öz hökmü ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növ zəmin yaratmış olmuşdur. Məhkəmə bütün bunları nəzərə almayaraq Təqsirləndirilən şəxs yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur». Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı X5 apellyasiya protestinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin düzgün olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edərək, onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə almadan, əsassız olaraq yüngül cəza, yəni azadlığın məhdudlaşdırılması cəzası təyin etdiyini göstərib, Hacıqabul Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə dəyişdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 apellyasiya protestinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsi qanuni, əsaslı və ədalətli hökm çıxardığını göstərib, apellyasiya protestinin təmin edilmədən, Hacıqabul Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, istintaq hərəkəti protokolları, tədqiq olunmuş ekspert rəyləri, maddi sübut və işdə olan digər sənədlərlə onun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsi, təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya protesti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya protestinin dəlillərində işin faktiki halları və əməlin hüquqi tövsifi mübahisələndirilməsə də, Azərbaycan Respublikası CPM-in 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılmasına dair tələblərinə müvafiq olaraq ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, məhkum edilmiş şəxsin törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə apellyasiya protestinin dəlillərinə uyğun olaraq təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə görə, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; hakim qanunu və vicdanını rəhbər tutaraq, sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən yuxarıda sadalanan sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2 və 3-cü hissələrində isə qeyd edilir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də, işə baxmış birinci instansiya məhkəməsi CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək, məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. İşə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cinayət hadisəsi baş vermişdir və birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlinə öz hökmündə hüquqi qiymət verərək, onu haqlı olaraq Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə almış, CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə almış, Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Apellyasiya protestinin dəlillərindən biri kimi göstərilmişdir ki, “Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə görə cəzanı yüngülləşdirən hallar sübut edilməli hallar siyahısına daxil edilsə də, məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alarkən belə bir nəticəyə gəlməyinin motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir”. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını ifadələrində göstərməklə öz əməlinə dair şəxsi iradəsini bildirməsini birinci instansiya məhkəməsinin sübut edilmiş hal kimi qəbul etməsini əsaslı hesab edir. Apellyasiya protestinin daha bir dəlili kimi göstərilmişdir ki, “Təqsirləndirilən şəxs əvvəllər Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 76-cı maddəsinə əsasən 2 ay 22 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə məhkumluğu qısa müddət ərzində ödənilməsinə baxmayaraq, bundan özü üçün nəticə çıxarmayıb yenidən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmişdir. Təyin olunmuş cəza onun islah olunmasına təsir etməmiş, yenidən narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqla onda asılılıq sindromu, yəni narkomaniya xəstəliyi aşkar edilmiş, göstərilən hallar onun cəmiyyətə adaptasiya olunmasında çətinliklər yaratmışdır”. Məhkəmə kollegiyası protestin həmin dəlilinə də münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhz qanunun bu tələbini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, məhkumluğu olmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan daha yüngül cəzanın, yəni azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi mümkündür, ədalət və humanizm prinsiplərinə uyğundur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi şübhəli şəxs kimi tutulduğu, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi həbsdə saxlandığı, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi ev dustaqlığında olduğu cəmi 3 ay 21 gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, 7 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzası, təyin edilən cəzadan çıxılmaqla, üzərində qəti olaraq 1 il 10 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Göründüyü kimi, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən hallar Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilməməklə islah olunmasına əsas verir və məhkəmə kollegiyasının fikrincə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzanın məqsədlərini təmin edən azadlığın məhdudlaşdırılması növündə qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınması baxımından qanuni və ədalətli olmuşdur. Protestin dəlillərində göstərildiyi kimi, psixotrop maddə olan metamfetaminin miqdarının şəxsi istehlak miqdarının yuxarı həddindən 7 dəfə çox olması, habelə Təqsirləndirilən şəxs əvvəlki məhkumluğunun yenicə ödənilməsinə baxmayaraq, bundan özü üçün nəticə çıxarmayıb yenidən cinayət əməli törətməsi- ona azadlığın məhdudlaşdırılması cəzasının deyil, məhz daha ağır cəza-azadlıqdan məhrumetmə cəzası təyin edilməsi üçün əsas ola bilməz. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza çəkməklə islah olunmasının mümkünlüyünü şübhə altına alan hallar yoxdur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyinetmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının tövsiyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq, qanuni və ədalətli nəticə çıxarılmışdır. Məhkəmə kollegiyası apellyasiya protestinin məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasına dair dəlillərini əsassız sayır və birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya protesti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilmədən, Hacıqabul Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 1(071)91/2022 saylı hökmü apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Hacıqabul Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 1(071)91/2022 saylı hökmündən birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 1(071)91/2022 saylı hökmü apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Rafiq Cəfərov Hakimlər Kamil Bəşirov İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar